14 Mart 2025

Cümə, 00:00

TACIN İKİ ADDIMLIĞINDA

Dünya çempionluğu uğrunda iddiaçıların yarışına Azərbaycan ilk dəfə olaraq iki şahmatçı ilə qatılacaq

Müəllif:

01.03.2011

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilin ən vacib yarışı sayılan iddiaçıların turnirinə hazırlığa başlayıb. Mayda Kazanda təşkil olunacaq mötəbər yarışda planetin ən güclü qrossmeysterləri iştirak edəcək. Dünya çempionluğu uğrunda iddiaçıların yarışına ilk dəfə olaraq Azərbaycan 2 şahmatçıyla qatılajaq. Dünya reytinqində ilk onluqda qərarlaşan Şəhriyar Məmmədyarov ilk pley-off görüşündə İsrail şahmatçısı Boris Gelfandla görüşəcək. Rəqibi həmyerlimiz üçün arzuolunmaz qrossmeyster adlandırmaq olar. Belə ki, şəxsi görüşlərin nisbəti Gelfandın xeyrinədir. Ötən il Bolqarıstanda keçirilən klubların Avropa çempionatında Şəhriyarın son turda Gelfand üzərində parlaq qələbə qazanmasına baxmayaraq, rəqibi qiymətləndirməmək olmaz. 2010-cu ilin son yarışında Mixail Talın xatirə turnirinin həllediji turunda yenidən Məmmədyarovla Gelfand üz-üzə gəldi. İsrail şahmatçısından fərqli olaraq, görüş Şəhriyar üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, Gelfand üzərində qələbəylə şahmatçımız nüfuzlu turnirin qalibi olacaqdı. Partiyanın əvvəlində üstünlük qazanan şahmatçımız sonradan ardıcıl iki gedişdə səhvə yol verdi. Buna görə də yekunda Şəhriyar məğlub olmaqla çempionluğu əldən buraxdı. Əvəzində isə Məmmədyarov ilk üçlükdə qərarlaşmaqla kifayətləndi. Boris Gelfand kifayət qədər təjrübəli və dünya şahmatında sözünü demiş şahmatçıdı. İsrailin ən güclü qrossmeysteri sayılan Gelfand klassik şahmatda istənilən rəqibə qarşı açıq mübarizə apara bilir. Ona görə də Şəhriyar üçün onunla mübarizənin asan olmayacağı indidən məlumdu. 

 Digər təmsilçimiz Teymur Rəcəbov rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniklə qarşılaşacaq. Kramnikin təqdimata ehtiyacı yoxdu. Müasir şahmatda özünəməxsus dəst-xətti ilə seçilən Kramnik uzun müddət FİDE-nin reytinq cədvəlində yuxarı sıralarda qərarlaşıb. Hazırkı dövrdə də Kramnik iddiaçıların turnirində favoritlərdən sayılır. Amma Rəcəbovun güclü şahmatçılarla görüşdə qələbə qazanmaq təcrübəsi var. Müxtəlif turnirlərdə dünya çempionları Harri Kasparov, Veselin Topalov və Vladimir Kramniki məğlub edən Rəcəbov indi Kazanda vacib qələbə qazanmalıdı. Kramnikin açıq mübarizəyə meyilli şahmatçı olması hamıya məlumdu. Rus qrossmeyster, adətən, rəqibin səhvlərini bağışlamır. Onunla görüşdə adi səhv matla nəticələnə bilər. Maraqlıdır ki, Şəhriyardan fərqli olaraq, Teymur Rəcəbov cari il maya qədər heç bir yarışda iştirak etməyi planlaşdırmır. Rəcəbov bütün diqqətini iddiaçıların turnirinə yönəltmək istəyir. Məmmədyarov isə yanvarda “Aeroflot Open” turnirində birinci yerə çıxmaqla əhvalını yüksəldib. Sürətli şahmat üzrə dünya çempionatına seçmə xarakteri daşıyan yarışda qələbə qazanan Şəhriyar həm 10 min dollar, həm də turnirin final mərhələsinə vəsiqə əldə etdi.

 Hazırda həm Şəhriyar, həm də Teymur öz məşqçiləri ilə iddiaçıların turnirinə hazırlaşır. Mötəbər yarış ərəfəsində hər iki qrossmeysterin hazırlıq planı sirr saxlanılır. Çünki rəqiblər şahmatçılarımıza qarşı hazırlaşmaqdan ötrü müxtəlif vasitələrlə onların məşqləri barədə məlumat toplamağa çalışır. Buna görə də Şəhriyarla Teymur mətbuata da hazırlıqla bağlı məlumat vermir. Yalnız o məlumdur ki, hər iki qrossmeyster əcnəbi mütəxəssislərlə çalışır. Hazırlığın aprelin sonlarında başa çatacağı gözlənilir. 

Qeyd edək ki, iddiaçıların turnirində digər cütlüklərdə Veselin Topalovla Qata Kamski və Levon Aronyanla Aleksandr Qrişuk mübarizə aparacaq. İlk mərhələdə şahmatçılar 4 görüş keçirəcəklər. 8 şahmatçının iştirak etdiyi iddiaçılar turnirinin qalibi 2012-ci ildə şahmat tacı uğrunda hazırkı dünya çempionu Vişvanatan Anandla görüşəjək. Əvvəlcə şahmat tacı uğrunda matçın Londonda təşkili gözlənilsə də, Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək ingilislər bu yarışdan imtina edib. Belə də hələlik Anandla görüşün harada baş tutacağı məlum deyil. Azərbaycan Şahmat Federasiyası isə təmsilçilərimizdən birinin iddiaçılar turnirinin qalibi olacağı təqdirdə Bakının namizədliyini irəli sürəcəyini bildirib. Yəni əgər Şəhriyarla Teymurdan biri turnirdə mübarizəni sona qədər davam etdirsə və yekunda birinci yeri tutsa, çempionluq matçı doğma paytaxtımızda baş tuta bilər. 

Vişvanatan Anandla şahmat tacı uğrunda görüş uzun illər əsas hədəfimiz olub. Hər birimiz nə vaxtsa şahmat tacının Bakıya qayıdacağına inanırıq.



MƏSLƏHƏT GÖR:

547