
QAFQAZDA İLK DƏFƏ
Regionun ən möhtəşəm stadionu bakıda olacaq
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Son illər Bakıda, eləcə də regionlarda çoxlu sayda Olimpiya kompleksləri və digər idman qurğuları tikilərək idmançıların ixtiyarına verilir. Həmin arenalar ən son standartlara cavab verməklə həm də yerləşdiyi regionun inkişafında mühüm rol oynayır, özəlliklə də burada idman turizminin inkişafına şərait yaradır.
Lakin digər növlərdən fərqli olaraq, futbolda vəziyyət bir qədər başqadır. İnfrastrukturun zəif olması AFFA rəhbərliyini əməli işə keçməyə vadar edib. Bu işdə futbol qurumuna dövlətdə yaxından yardımçı olacaq. Belə ki, yaxın zamanlarda Bakıda Olimpiya stadionunun tikintisinə başlancaq. Bu arena Cənubi Qafqazda ən möhtəşəm futbol arenası sayılacaq. Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa olunajaq stadion Böyükşor qəsəbəsində yerləşəcək. Stadionun 2015-ci ildə hazır olacağı deyilir. Hələlik arenanın neçəyə başa gələcəyi dəqiq məlum deyil. Türkiyənin TOCA şirkətinin stadionun 1 milyard dollara başa gələcəyini bəyan etməsi tez bir zamanda təkzib olundu. Türkiyə şirkəti rəsmi saytında arenanın tikintisi ilə bir neçə qurumun məşğul olacağını bəyan etməklə yanaşı, hələlik xərclənəcək məbləği açıqlamağı qeyri-ciddi addım adlandırdı. Ona görə indidən nə qədər vəsait xərclənəcəyini demək düzgün deyil. Fakt odur ki, Bakıda daha bir möhtəşəm arena olacaq.
Azərbaycanın futbol sahəsində belə böyük layihənı reallaşdırması ölkədə bu idman növünə marağı artıracaq və Olimpiya hərəkatına təkan olacaq. Olimpiya idman növlərinə xüsusi marağın olduğu Azərbaycanda hələ də Olimpiya stadionunun olmaması başadüşülən deyil. Ən azından, bu amilə görə də belə bir arenanın tikintisi yalnız müsbət qarşılanmalıdı. Stadion texniki jəhətdən ən yeni qurğu olacaq və bütün müasir texniki imkanlarla təchiz ediləcək.
Yeni stadion Azərbaycanın Olimpiya oyunlarını keçirmək iddialarını əsaslandırmaq üçün güclü arqumentlərdən birinə çevriləcək. Hərçənd, layihənin bilavasitə Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək istəyi ilə əlaqəsi yoxdur. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, Azərbaycanda uzun müddətdi dünya standartlarına cavab verən stadiona ehtiyac var: "Azərbaycanda futbolun inkişaf etməsi, komandaların sayının artması yeni stadionların tikintisini vacib edir. Hazırda əsas oyunlar mərkəzi arena - Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. Bu stadion şəhərin mərkəzində yerləşdiyindən, onu genişləndirməyə imkan azdı. Buna görə də yeni stadionun tikilməsinə yalnız sevinməliyik. Fikrimcə, Olimpiadanın Bakıda keçirilib-keçirilməməsindən asılı olmayaraq, müasir idman qurğularının inşası davam etdirilməlidir".
Çingiz Hüseynzadə arenanın bütün müasir tələblərə cavab verəcəyini bildirdi: "Məndə olan məlumata görə, stadionun inşasında müasir texniki imkanlardan istifadə ediləcək. Orada irəli-geri hərəkət edən tribunalar olacaq. Həm sırf futbol stadionu, həm də digər idman növləri üzrə, xüsusən, atletika yarışları keçirməyə yararlı olacaq. Yəqin ki, əlavə futbol meydançaları da ola-caq. Bu arena ən yaxşı infrastruklardan birinə çevriləcək. Fikrimjə, orada böyük işlər görüləcək. Böyükşor qəsəbəsindəki neft gölməçələrinin qurulması, yolların salınması da lazım olacaq. Təkcə stadionla iş bitmir. Həmin ərazidə infrastruktur yaradılacaq".
Arenanın 65 min tamaşaçı tutumuna malik olajağını nəzərə alsaq, deməli, sözügedən layihə Azərbaycanın idman imicini daha da yüksəldəcək. Gənclər və idman naziri Azad Rəhimov ilkin layihənin tam başqa formada olduğunu söyləməklə yanaşı, stadionun tikintisinə xərjlənəcək məbləğə də aydınlıq gətirdi: "Yeni stadion layihəsi tezliklə həyata keçiriləcək. Stadionun 65 min azarkeş üçün nəzərdə tutulacağı dəqiqdir. İlkin layihədə stadion Parisdəki "Stad de Frans" arenasına bənzəyirdi. Həmin layihə 300 milyon manata başa gələcəkdi. Yeni layihə bir qədər ucuz olacaq. Əsas məsələ stadionun 65 min azarkeşi qəbul etmək imkanına malik olması, eləcə də bütün standartlara cavab verməsidir. Qazonun ətrafında qaçış çığırı olajaq. Hər hansı bir yarışa həddən artıq maraq olacağı təqdirdə, həmin qaçış zolağının yerində oturajaqların qurulması mümkün olacaq. Bir sözlə, bu çox möhtəşəm layihədir. Ümid edirik, biz bunu yüksək səviyyədə başa vura biləcəyik".
Hələlik layihənin son variantı təsdiqlənməyib. Amma stadionun yaxınlığında otel, park və müxtəlif dükanların olacağı gözlənilir. Arenanın yaxın ərazilərində kompleks infrastruktur yaradılacaq. Həmin yer kiçik Olimpiya şəhərciyi kimi hazırlanacaq. Azarkeşlərin yarışları rahat izləməsi üçün bütün tədbirlər görüləcək.
Son illər Ukrayna və Türkiyədə ən müasir standartlara cavab verən arenalar tikilib. Hazırda 2018-ci ildəki dünya çempionatına hazırlaşan qonşu Rusiya da yeni stadionların inşasına başlamağı planlaşdırır. Ona görə Azərbaycanda Olimpiya stadionunun tikintisinin ölkə idmanına böyük kömək edəcəyini indidən söyləmək olar. Stadion hazır olandan sonra, güclü yığmaları həmin arenada layiqincə qəbul etmək müm-kündür. Hələliksə bizə səbirsizliklə 2015-ci ili gözləmək qalır.
MƏSLƏHƏT GÖR: