14 Mart 2025

Cümə, 00:27

«İLLƏR KEÇƏCƏK və…»

Azərbaycanın Xalq Artisti Rasim Balayevin «Region plus»a müsahibəsı yalnız milli kinematoqrafiyanın gələcəyi barədə söhbətlərlə məhdudlaşmayıb

Müəllif:

01.03.2011

Hər bir aktyorun yaradıcılığında elə bir rol olur ki, tamamilə onun həyatını dəyişir. Bizim hər birimiz bir anın içində gerçək ulduza çevrilmiş Hollivud qəhrəmanları haqqında əhvalatları çox eşitmişik. Məlum olur ki, Azərbaycanda da belə «xoşbəxtlər» var. «Nəsimi» filmindəki baş rol Rasim Balayevə xalq sevgisi gətirməklə yanaşı, həm də onun taleyini tam dəyişdi. O, Azərbaycanın ən məşhur kinoaktyorlarından birinə çevrildi. O, haralarda filmlərə çəkilməyib ki?! Bu, xarizmatik aktyoru Almaniya, Orta Asiya, Türkiyə, İran, Rusiya, Litva, Osetiya, Çeçenistan və başqa ölkələrin kinostudiyalarına da çəkilmək üçün dəvət ediblər. 

Azərbaycanın xalq artisti, Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev «Region plus»un oxucularına milli kinematoqrafiyanın gələcəyi, özünün ulduz taleyi, nəvələri və başqa mətləblər barədə  də danışdı. 

- Sizcə, Azərbaycan kinematoqrafiyasını necə dirçəltmək olar?

- Sovet illərində kinematoqrafiyanın inkişafı üçün Dövlət Proqramı fəaliyyətdə idi. Hər il ölkənin kinematoqrafları qarşısında tapşırıqlar qoyulurdu və istər pis, istərsə də yaxşı olsun, bunlar yerinə yetirilirdi. SSRİ-nin dağılması ərəfəsində Bakı studiyasında ildə altıya yaxın bədii film və üçdən-beşə qədər televiziya filmi çəkilirdi. Hər respublika öz kinematoqrafiyasının dəstəklənməsi üçün bu səviyyədə qrant əldə edə bilmirdi. Müstəqillik qazandıqdan sonra, bizim kinematoqrafiya hər şeyi sıfırdan başlamalı oldu. Bir neçə il ərzində, ümumiyyətlə, kino çəkilişlərini  unutmalı olduq. Bir vaxtlar möhkəm olan zəncir də qırıldı: istedadlı rejissorların köhnə nəsli dünyadan getdi, yeni nəsil isə təzə-təzə peyda olmağa başlayır.

Gənclər arasında da  istedadlı və perspektivliləri çoxdur, onlar vaxtında öz istiqamətlərini müəyyənləşdiriblər və televiziyaya işə gediblər. Kliplər və müxtəlif verilişlər çəkməyə başlayıblar. Düşünürəm ki, indən belə onların kinoya qayıdışı çətindir. Klip çəkmək gəlirli və sadə işdir. Bu gün bizim kinematoqrafiya çətin günlər yaşayır. Gənc ssenariçilər, rejissorlar, aktyorlar çatmır. Kinoprokat sistemi məhv olub. Nə qədər ki, prokat sistemi qurulmayacaq, nə xərclənən pullar geri qaytarılacaq, nə də ki kino əsərləri tamaşaçılara çatdırılacaq. Çünki hamının evdə yeni kino əsərlərə baxmaq imkanı yoxdur. 

Televizor da böyük ekranı heç zaman əvəz edə bilməz. Evdə ekran qabağında oturmuş insanla, ailəsini və ya dostlarını götürərək, məhz kinoteatra gedən insan arasında böyük fərq var - bunlar fərqli tamaşaçılardır və hissləri də fərqlidir. 

Mən düşünürəm ki, zaman hər şeyi öz yerinə qoyacaq. İllər keçəcək və bizdə də yeni istedadlar peyda olacaq, kinematoqrafiyamız yeni dirçəliş dövrünə qədəm  qoyacaq. Düşünürəm, rejissorluq və ya operatorluq peşəsinə yiyələnmək üçün oxumaq lazımdır. 

Əlbəttə, Tanrının verdiyi istedadın da böyük önəmi var, amma bununla yanaşı, çəkiliş və montaj proseslərinin də sirlərinə yiyələnmək önəmlidir. Buna görə də mənim gənclərə əsas məsləhətim budur ki, oxusunlar, təcrübə toplasınlar və müəyyən müddət sonra uğur qazanacaqlar. 

- Rasim müəllim, sizin həyatınızda elə məqamlar olubmu ki, aktyor peşəsini seçdiyinizə görə təəssüf edəsiniz? 

- Etiraf edirəm ki, olub. Bu, o dövr idi ki, iş yox idi və filmlər çəkilmirdi. Onda qorxurdum ki, bir daha filmə çəkilə bilməyəcəm. Düşünürdüm ki,  artıq heç kimə lazım deyiləm. Əlbəttə, bu və ya başqa səhnələrdə çəkilmək təklifləri olurdu. Amma çox təəssüf ki, onlara çəkilməyə, sadəcə, kamera üçün darıxdığıma görə razılıq verirdim. 

- Sizin kinokaryeranız Vitautas Jalakyaviçyusun «Bu şirin söz - azadlıq» filmindəki epizordik roldan başlayıb. Yeni başlamış 21 yaşlı artist Reqimantas Adomaytis, İrina Miroşniçenko, Yuozas Budraytis, Rodion Naxapetovla birlikdə çəkilərkən nə hiss edirdi?     

- Bu film məndən ötrü əsl kino məktəbi idi. Litva kinostudiyasının iştirakı ilə «Mosfilm»də çəkilirdim. Bu film hansısa Latın Amerikası ölkəsində bir neçə senatoru türmədən çıxarmağa çalışan  bir qrup patriotun hərbi rejimə qarşı durmasından bəhs edir.   

Rejissor bir sıra epizodları Xızıda çəkməyi qərara almışdı. Xatırladıram ki, bir dəfə  Jalakyaviçyusdan soruşmuşdum ki, niyə məhz azərbaycanlı aktyorları çəkməyi qərara alıb? O isə bildirdi ki, erməni və gürcülərdən fərqli olaraq, azərbaycanlılar, nədənsə, cənubi amerikalıları xatırladırlar. Saatlarla aktyorların oyununa tamaşa eləmişəm. Görürdüm ki, onlar uzun monoloqları çox rahatlıqla ifa edirlər, özlərini kamera qarşısında çox rahat aparırlar. Bütün bunları müşahidə edirdim və öyrənirdim.

Heç də hamı bilmir ki, aktyorluq fəaliyyətimin ilk illər elə də uğurlu olmayıb. Müxtəlif filmlərin kino sınaqlarına qatılmışam, amma hər dəfə də əliboş qaytmışam. «Yeddi oğul istərəm» filmində Cəlal roluna, «Dəli Kür» filmində Cahandar bəyin oğlu roluna çəkilmək istəmişəm. 

Ən maraqlısı da odur ki, hətta fotosınaqları belə keçə bilmirdim. Rejissorlar da  məni görəndə heç də öz qəhrəmanlarını təsəvür edə bilmirdilər. Xatırlayıram ki, məni kinostudiyaya işə götürəndə demişdilər ki, əgər bir il ərzində  kinoya çəkilməsəm, məni işdən çıxaracaqlar; çox narahat idim. Elə həmin vaxt məni «Üç qərənfil» filmində Oqtay - Müslüm  Maqomayevin dostu  roluna təsdiq elədilər. Amma film böyük ekrana çıxa bilmədi, çəkilişləröncəsi layihə «donduruldu». Onda narahatlıq içində düşünürdüm bəlkə  kino mənim taleyim deyil. 

Elə həmin vaxt da hər şey dəyişdi. «Üç qərənfil»ə cəlb edilmiş operator Rasim İsmayılov Azərbaycanın şair-mütəfəkkiri Nəsimi haqqında film çəkməyə hazırlaşırdı. Məni baş rolda sınamağı Həsən Seyidbəyliyə də o demişdi. Sonra söhbət zamanı Həsən Seyidbəyli mənə demişdi ki, filmin ssenari müəllifi İsa Hüseynovla birlikdə məni televizorda şeir oxuyan zaman görüblər və çox xoşlarına gəlib. Deyim ki, onlar elə bəri başdan filmdə baş rola tanınmış aktyor götürmək istəməyiblər. «Nəsimi»nin ssenarisini 1972-ci ildə xəstəxanada yatarkən görmüşdüm. Sonra da çox vaxt aparan məşqlər başladı, yeri gəlmişkən, həmin məşqləri indi oturduğum otaqda da aparırdım. 

- Həsən Seyidbəyli sizə Nəsimi rolunu təqdim edəndə cəmi 24 yaşınız var idi. Gənc aktyor üçün dahi Azərbaycan şairini oynamaq çətin deyildi ki? 

- Çox mürəkkəb idi. Böyük məsuliyyət hiss edirdim. Amma bu 2 ay məşq ərzində öz gücümə inam hiss yarandı. Bilirdim ki, bu film ya yenicə başlamış kinokaryeramı «dəfn edəcək», ya da məni tanıdacaq və uğur gətirəcək. Kinodebütüm uğurlu oldu. Beləliklə, «Nəsimi» mənim kinematoqrafiyaya yolumu açdı. Artıq 40 ildir, müxtəlif nəsillərdən olan tamaşaçılar bu filmə baxırlar və teleekranda daim onu göstərirlər. 

- «Nəsimi» filminin ekranlara çıxmasından sonra siz əsl ulduza çevrildiniz. Yəqin, sizə çox sayda məktublar gəlirdi...

- (Gülür) Məktub doğrudan da çox idi! İlk vaxtlar  onlara cavab verməyə çalışırdım, amma buna vaxtım yox idi. Bir neçə il əvvəl başıma qəribə əhvalat da gəlib. Rusiyanın Arxangelsk şəhərində keçirilən bir film festivalına məni münsif kimi dəvət etmişdilər. Xatırlayıram ki, oteldən kinoteatra tərəf gedirdim və birdən yaşlı bir qadın məni saxladı və aktyor olub-olmadığımı soruşdu. Dedim ki, hə, keçmiş aktyoram. Qadın dedi ki, sizi gözlərinizdən tanıdım, sən filmdəki Nəsimisən. Yolda qadın danışdı ki, gənclikdə rəfiqələri ilə onlarca məktub yollayıb və mənimlə görüşmək istəyib. Mənim üçün çox xoş idi ki, uzaq Arxangelskdə məni tanıyır və xatırlayırlar. 

- Bəs necə oldu ki, Ağsudan olan gənc Rasim Balayev aktyor olmaq qərarına gəldi? Açığını desək, həmin dövrlərdə bu peşə yaşlı nəslin elə də xoşuna gəlmirdi...

- Bizim nəsildə aktyor olmayıb. Məktəbdə də yaxşı oxuyurdum. Valideynlərim düşü-nürdülər ki, məktəbdən sonra ya tarix, ya da hüquq fakültəsinə girəcəm. Amma 9-cu sinifdə özüm səhnə ilə maraqlanmağa başladım. Buraxılış imtahanları öncəsi isə valideynlərimə bildirdim ki, aktyor olmaq istəyirəm. 

Valideynlərim razı deyildi, amma mübahisə eləmədilər. Həmin vaxt İncəsənət İnstitutuna qəbul başqa ali məktəblərdən tez aparılırdı. Validenylərim qərara aldılar ki, əgər ora daxil olmasam, sənədlərimi başqa instituta verərəm. Amma iş elə gətirdi ki, qəbul olundum. İmtahan vaxtı bütün abituriyentlər partiya və komsomol haqqında patetik şeirlər oxuyurdular. Mən isə Mikayıl Müşviqin lirikasını seçdim. Yadımdadır, mən ilk misranı - «Xoşladığım bir gecə yerlər, göylər işıqlı, ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı» sözlərini ifadə edəndən sonra auditoriya rahat nəfəs aldı. 

Sonradan müəllimlərim etiraf edirdilər ki, lirik çıxşım qalanlarından şuxluğu və ruhu ilə çox fərqlənirmiş. İxtisas üzrə imtahan aktyorluq sənəti, səhnə nitqi, ritmika və musiqi ilə üç qiymət nəzərdə tuturdu. Mən üç əla aldım və bu, başqa imtahanlara da öz təsirini göstərdi. Yeri gəlmişkən, indiki test sistemi ilə imtahanlardan heç də tam razı deyiləm. 

İndi, hətta teatral ali məktəblərə də daxil olan zaman mütləq test imtahanları vermək lazım gəlir. Nəticədə, oraya riyaziyyat, tarix, dəqiq elmləri yaxşı bilən, amma aktyorluq istedadı olmayanlar daxil olur. Buna görə də teatral institutlara, xareoqrafiya fakültələrinə daxil olanları qiymətləndirmə zamanı xüsusi yanaşma lazımdır. Biliyin test yolu ilə qiymətləndirilməsi çox yaxşıdır, amma teatr ixtisaslarına qəbul zamanı xüsusi yanaşma lazımdır və test yox, xüsusi qəbul imtahanları aparmaq gərəkdir. 

- Uşaqlarınız sizin yolunuzla getdilərmi?  

- Yox. İki oğlum var, amma onlar başqa sənət seçdilər. Mənim iki nəvəm böüyür. Böyüyü Sevilin 10 yaşı var və kiçik Ülviyyə yalnız ikiaylıqdır. 

- Əgər nəvəsi Sevil  aktrisa olmaq istəsə, məşhur baba Rasim Balayev buna necə yanaşar? 

- Bu qərarın əleyhinə olaram, çünki aktyor sənətinin nə qədər mürəkkəb oluğunu bilirəm. Aktrisa qadının problemlərini həll etməsi çətindir, ailə və iş həyatını bir arada tutması mürəkkəbdir. Tez-tez görürəm ki, aktrisaların ərləri onların çox məşğul olmasından və axşamlar evə gec gəlmələrindən narazılıq edirlər. Aktyor sənəti kənarda göründüyü kimi rahat iş deyil. Səhnə arxasındakı həyat ekranda görünəndən çox fərqlidir. 

Bununla yanaşı, aktyor sənəti sabit də deyil. Kinoda və tamaşalarda rolun olanda dolanşıq üçün vəsaitin də olur. Yadımdadır, bir dəfə Türkiyədə filmə çəkilərkən, bir yaşlı aktyor məni restoranda yeməyə dəvət elədi. Bəlli oldu ki, bu onun öz restorandır, açıb ki, sabahına ümidi olsun. Türkiyəli həmkarımızın öz peşəsindən asılılığı yox idi, o, təklif olunan ssenariləri və rolları seçə bilirdi. Bizim ölkədə isə çox az aktyor ona gəlir gətirən iş aça bilib.


MƏSLƏHƏT GÖR:

570