
SUMQAYIT, XOCALI, MOSKVA
Ermənistanın beynəlxalq aləmdəki təxribatları Azərbaycanla məhdudlaşmır
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Bu ilin fevralında Azərbaycan xalqı erməni silahlı birləşmələri və beynəlxalq erməni terror qruplaşmalarının Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə törətdiyi Xocalı faciəsinin 19-cu ildönümünü qeyd etdi. Xatırladaq ki, Azərbaycanın dinc sakinlərinə qarşı aparılmış bu əməliyyat nəticəsində, Xocalı şəhəri yer üzündən silinib, 600-dən artıq insan, həmçinin, 150-dən artıq uşaq, qadın və qoca həlak olub, 1200-dən çox insan yaralanıb, 4 minədək sakin girov götürülüb və itkin düşüb. Onların bir hissəsinin taleyi haqda hələ də məlumat yoxdur.
Məqsədyönlü xarakter daşıyan bu cinayət xüsusi qəddarlıqla həyata keçirilib. Öldürülənlərin cəsədləri tanınmaz hala salınıb. Onların başının dərisi soyulub, gözləri çıxarılıb, qolları və ayaqları kəsilib və ya sındırılıb, qarınları cırılıb.
Xocalı faciəsi bütün paramentrlərinə görə, ermənilər və himayədarları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımdır. Azərbaycan Hərbi Prokurorluğu həmin hadisələrlə bağlı ciddi istintaq aparıb, İnterpol vasitəsilə Xocalı soyqırımının əsas təşkilatçıları və onu həyata keçirmiş şəxslərlə bağlı beynəlxalq axtarış elan edib. Həmin şəxslərin cinayətləri inkarolunmaz sübutlarla təsdiqlənib.
Siyahıda 38 cinayətkarın ad və soyadı var. Onların arasında Ermənistanın hazırkı hakimiyyətində yüksək postlar tutan şəxslərə də rast gəlinir.
Azərbaycan rəhbərliyi və ictimaiyyəti günahkarların beynəlxalq hüququn ən sərt tələbləri əsasında cəzalandırılması, Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi tanınması üçün əlindən gələni edir.
Hələ ki ikili standartlar və bəzi nəhəng dövlətlərin qeyri-obyektivliyi Azərbaycanın ədalətli tələbinin yerinə yetirilməsi yolunda əsas maneələrdən biridir.
Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla Əliyevanın bir neçə il bündan əvvəl irəli sürdüyü təşəbbüsü «Xocalıya ədalət» kampaniyasına qoşulan ölkələrin sayı ilbəil artır. İslam Konfransı Təşkilatının Gənclər Forumu da dünyanın bir sıra ölkələrində bu layihə çərçivəsində genişmiqyaslı aksiyalar keçirməklə əhatəsini genişləndirir.
Bu kampaniya nəticəsində bir müddət əvvəl Moskvada erməni jurnalist Robert Arakelovun «Erməni ziyalısının etirafı» kitabı çapdan çıxıb. Orada jurnalistin bilavasitə şahidi olduğu Xocalı hadisələlərinin bütün dəhşətləri yer alıb.
Bu ilin yanvarında isə İslam Konfransı Təşkilatı Parlament İttifaqı Şurasının qəbul etdiyi Əbu-Dabi Bəyannaməsində quruma üzv 51 ölkənin parlamentləri Xocalı faciəsinin bəşəriyyət əleyhinə cinayət kimi tanınmasına çağırılıb.
Hadisələrini bu cür inkişafı, təbii ki, Ermənistan və bütünlükdə ermənilik üçün ciddi narahatlıq yaradır. Ermənistan rəhbərliyi və ermənilik dünya ictimaiyyətini yanıltmaq üçün növbəti absurd addımlarını atır. Xocalı faciəsinin bilavasitə iştirakçılarından olan Ermənistan prezidenti Serj Sarqsyanın britaniyalı jurnalist T. de Vall qarşısında bu «qəhrəmanlığı» ilə öyünməsi kimi.
Ermənilik Xocalıda törətdiyi cinayətlərə hansısa formada haqq qazandırmaq üçün çox tez-tez 26 erməni və 6 azərbaycanlının ölümü ilə nəticələnmiş Sumqayıt hadisələrini yada salır. Əlbəttə ki, Ermənistanda bu gün həmin hadisələrin təşkilatçılarını, təxribatçıları «xatırlayan» zaman «erməni ziyalıları»nın təmsilçisi Z.Balayanın ermənilərin adamı olan SSRİ prezidenti Mixail Qorbaçovla ilk görüşündəki sözlərini «unutmağa» çalışırlar. M.Qorbaçovun «Bəs siz 207 min Bakı ermənisinin ailəsi haqda düşünmüsünüzmü?» sualına Balayanın verdiyi cavab təsdiqləyir ki, ermənilik məkrli məqsədinə çatmaq üçün heç bir təxribatdan çəkinmir: «Bakıdakı 207 min erməninin taleyi haqda niyə düşünməliyik? Axı biz dövlətik».
Ermənilərin ən «məşhur» rus himayədarlarından biri olan Qalina Starovoytovanın bəyanatı da çox həyasız səslənir: «Onları məcbur edəcəyik ki, bizi güllələsinlər».
Bu bəyanatlar ermənilərin dünyada Azərbaycan xalqının imicinə ciddi zərbə vurmağa əvvəlcədən əməlli-başlı hazırlaşdıqlarını açıq şəkildə göstərir. Bu işdə zəif bənd kimi sosial durum və kriminogen vəziyyətin digər şəhərlərlə müqayisədə daha pis olduğu Sumqayıt seçildi. Üstəlik, həmin vaxt artıq Sumqayıtda Ermənistandan olan çoxsaylı qaçqınlar yerləşdirilmişdi və şəhərdə qırğının başlanması üçün kiçik bir qığılcım da kifayət idi. Bu qığılcımı yaratmaq isə erməni E.Qriqoryana tapşırıldı. Sumqayıt hadisələrinin tədqiqi, şəhərdə qırğınların təşkilində əsas rolu məhz Qriqoryanın oynadığını sübut etsə də, hadisələrin ssenarisini yazanlar günahı azərbaycanlıların boynuna qoymaq üçün əllərindən gələni etdilər. Amma bununla yanaşı, E.Qriqoryanın günahı o zaman zorakılığa məruz qalmış ermənilərin ifadələri ilə də təsdiqlənib. Buna baxmayaraq, sonradan hadisələrin şərhi qəflətən, sanki sehrli çubuğun təsiri ilə tam fərqli istiqamət aldı. Keçmiş SSRİ-nin Baş Prokurorluq yanında xüsusilə vacib məsələlər üzrə tədqiqatçısı Vladimir Kaliniçenko jurnalist S.Pereslə söhbətində bunu açıq-aydın etiraf edib: «Səncə, Sumqayıt hadisələri ilə bağlı proses niyə ilişib-qalır? Çünki məhkəmədə zərərçəkmişlər Qriqoryanın erməni olduğunu anlayan zaman, onların hamısı bir nəfər kimi ifadələrindən imtina etdi. Videofilm varmı? Bəli, var. Yeri gəlmişkən, yalnız videoda o, 6 nəfəri öldürür. Amma video məhkəmə üçün boş şeydir. CM-nə görə tam sübut sayılmır. Odur ki, ona 14 il iş verdilər. Və çox güman ki, bir azdan daha da azaldacaqlar. Əhmədovu isə bir meyidə görə güllələdilər. Odur ki, daha olmaz. Bir nəfəri də. Ümumiyyətlə, sən heç fikirləşmisən ki, görəsən, binaların üstündə operatorlar haradan peyda olmuşdular? Onlar marşrutu haradan bilirdilər? Heç fikirləşmisən bu haqda?».
Bu da SSRİ Baş Prokurorluğunun Sumqayıt hadisələrini araşdıran istintaq qrupunun aparıcı kriminalistlərindən birinin ifadəsi. O zaman M.Qorbaçov istintaqın məntiqi sonluğa çatdırılmasına imkan vermədi. Buna baxmayaraq, bu hadisələrdə erməniliyin rolu, Rusiya da daxil olmaqla, çoxları üçün sirr deyil.
Bu fikri Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasının «Ədalətli Rusiya» partiyasından olan deputatı Semyon Baqdasarova ünvanladığı ittihamda da təsdiqləyib. «Söz azadlığı hər kəs üçündür. Baqdasarovlar, baqdasaryanlar üçün yox. Sumqayıtda qətliamı sizin kimilər törətdilər. Qoy Mironov partiyasında kimlərin olduğunu bilsin», - deyə Jirinovski bildirib. Qeyd edək ki, etnik erməni olan Baqdasarov Duma Şurasından Jirinovskinin bu bəyanatını milli hisslərə təhqir kimi pisləməsini istəmişdi.
Rusiya hüquq-mühafizə orqanları, həmçinin, siyasi dairələri ötən ilin dekabrında Moskvada baş vermiş millətlərarası toqquşmada ermənliyin rolunu daha dərindən araşdırmalıdır. Xatırladaq ki, həmin hadisələr rusiyalı futbol fanatları arasında toqquşma ilə başlamışdı. Onların arasında Şimali Qafqazdan olan şəxslərlə yanaşı, nə qədər qəribə görünsə də, erməni Sergey Qasparyan da var idi. Həmin dava zamanı pnevmatik tapançadan atılan atəşlə fanat Yeqor Sviridov qətlə yetirilmişdi. Faktla əlaqədar yalnız atəş açmış A.Çerkesov deyil, Şimali Qafqaz respublikalarının sakinləri olan və toqquşmada iştirak etmiş digər şəxslər də saxlamadılar. Ədalətli istintaq hər şeyi yerbəyer etməli idi. Amma nədənsə hələ də toqquşmaya kimin səbəbkar olduğuna dair sualın cavabı yoxdur. Erməniliyin təxribatlara meyilliliyi və bu işdəki təcrübəsini nəzərə alsaq, S.Qasparyanın şəxsiyyəti və onun hadisələrdəki rolu diqqətlə araşdırılmalı idi. Üstəlik, onun həmvətəni, Levon Arzumanyan adlı şəxs Moskvada «Yevropeyski» Ticarət Mərkəzinin qarşısında baş vermiş hadisələrdə fəal iştirak edib. O zaman hüquq-mühafizə orqanları milli zəmində toqquşmanın qarşısını ala bildi. Dekabrın 17-də internetdə yerləşdirilmiş videomaterialda L.Arzumanyanın Manej və Kiyev meydanlarında millətçi şüarları digərlərindən daha həvəslə qışqırdığı açıq görünür. Üstəlik, o, bu zaman fotoqraf və telerepartyorlara həvəslə poza verir. Daha bir qəribəlik ondadır ki, Kiyev meydanındakı qarışıqlıq zamanı təxribatçı kifayət qədər uzun müddət Dövlət Daxili İşlər İdarəsinin mətbuat katibi Viktor Biryukovun yanında dayanır, hətta onunla qeyri-formal söhbət aparır. Şəkillərdən o də görünür ki, mülki geyimli şəxs onu, belə demək mümkünsə, bir qədər «qucaqlayıb». Müəyyən vaxtdan sonra xüsusitəyinatlılar onu həddindən artıq fəallıq göstərdiyi üçün saxlayır. Lakin erməni hansısa gizli xəstəliyinin tutduğunu əsas gətirərək, milisə aparılmaqdan canını qurtara bilir.
Bundan başqa, Arzumanyanın xüsusitəyinatlılara hansısa vəsiqə göstərdiyi də görünür. Amma qəribəliklər bununla da bitmir. Xüsusitəyinatlılardan aralanan Arzumanyan dərhal kameralar qarşısında bir nəfər gənc qafqazlı ilə qucaqlaşaraq poza verməyə başlayır. Hər şey aydındır - təxribatçının əsas məqsədi o idi ki, kütləvi iğtişaş təəssüratı yaratsın.
L. Arzumanyanın tərcümeyi-halından da görünür ki, o, bir neçə il əvvəl Kremlin dəstəklədiyi «Naşi» gənclər hərəkatının Soçi (ermənilərin çox sevdiyi və saylarının çox olduğu şəhər) bölməsinin üzvü olub. Moskva hadisələrindən sonra L.Arzumanyan «Komsomolskaya pravda»ya onlayn müsahibəsində müəmmalı şəkildə deyib: «Dostum, yeni başlanğıc olacaq! Bütün baş verənlər kütlənin özbaşınalığının məhsuludur. Fəaliyyətsizlik çox şeylərə səbəb olur və buna xeyli səbəb var».
Görəsən, Arzumanyan hansı «yeni başlanğıc»a işarə edir? Yəqin ki, Rusiyanın hüquq-mühafizə orqanları bu məsələni ciddi şəkildə araşdırmalıdır.
Ermənilərin sonradan siyasi dividend əldə etmək məqsədilə millətlərarası düşmənçiliyin qızışdırılmasındakı misilsiz ustalığını nəzərə alsaq, onların xüsusilə Rusiyada bu əməlləri törətməkdə maraqlı olduqları istisna deyil. Sağlam düşünə bilən bütün ruslar anlayır ki, «Rusiya ruslar üçün» şüarı birbaşa çoxmillətli Rusiya Federasiyasının dağılmasına aparan yoldur. Rusiyanın parçalanması isə bu ölkənin cənubunu çoxdan ələ keçirmək niyyətində olan erməniliyin maraqlarına uyğundur. Ermənilik həmin əraziləri «Böyük Ermənistan»ın yaradılmasında əsas məqamlardan biri hesab edir. Sübut üçün o qədər də uzağa getməyə ehtiyac yoxdur. Bütün ermənilərin katolikosu II Vazgenin 1988-ci ilin iyununda öz dindarlarına etdiyi müraciətini də xatırlamaq kifayətdir. O zaman katolikos erməniliyin məqsədlərindən danışaraq, Stavropol və Krasnodar vilayətlərinin, həmçinin, Rostovun ələ keçirilməli olduğunu bildirmişdi.
Üstəlik, yerli əhali arasında bu ərazilərdə sayı artan ermənilərdən narazılığın çoxalması, burada məskunlaşmış ermənilərdə isə yerli kazaklara qarşı nifrət hissinin artmasını da nəzərə alsaq, çox şey aydınlaşar.
Amma öz ənənələrinə sadiq olan ermənilik bu dəfə də hər şeyi ört-basdır etmək və diqqəti əsas məsələlərdən yayındırmağa çalışır. Yanvarın ortalarında «Milli birlik» partiyasının lideri Artaşes Geqamyan «Rusiyanın parçalanması ən qaynar fazasına qədəm qoyur?» başlıqlı məqaləsində «doğma» Rusiyaya görə keçirdiyi «ağrılar»dan danışıb. Dekabr hadisələri ilə əlaqədar olaraq «Regnum» agentliyində dərc olunmuş məqalədə o, Qərbin Rusiyanın parçalanması planının hazırkı dövrdə nəinki bərpa olunduğunu, hətta daha qaynar fazasına qədəm qoyduğunu bildirir və buna «qəzəbləndiyini» bildirir. Məhz milli qarşıdurmanın SSRİ-nin dağılmasına aparıb- çıxardığına diqqət çəkən A.Geqamyan, nədənsə, erməniliyin və dünyadakı erməni diasporunun bu hadisələrdəki iştirakı haqda susur. Axı, Geqamyanı bu qədər «məyus edən» SSRİ-nin dağılması məhz Dağlıq Qarabağ münaqişəsindən, ermənilərin «Ermənistan ermənilər üçün» şüarından başlamışdı.
MƏSLƏHƏT GÖR: