14 Mart 2025

Cümə, 00:39

"ERMƏNİ GÜCÜ"nün "İŞIĞINI SÖNDÜRDÜLƏR"

Müəllif:

01.03.2011

ABŞ-da Armen Kazaryanın rəhbərlik etdiyi erməni mafiyasının ifşasının üstündən elə də çox vaxt keçməmiş, Amerikanın xüsusi xidmət orqanları ermənilərin mütəşəkkil cinayətkarlıq fəaliyyətinə daha bir zərbə vurdu. "The Los Angeles Times" qəzetinin məlumatına görə, ABŞ hüquq-mühafizə orqanları Ermənistandan olan şəxslərdən təşkil edilmiş cinayətkar qrupa qarşı xüsusi əməliyyat keçiriblər.

"İşığın söndürülməsi" adlı əməliyyatın keçirilməsində məqsəd "erməni gücü" (Armenian Power) cinayəkar qruplaşmasının zərərsizləşdirilməsi idi. Əməliyyatın miqyasını isə oraya polisdən Federal Təhqiqatlar Bürosunadək bir sıra güc strukturlarının yüzlərlə əməkdaşının cəlb olunması göstərir.

"The Wall Street Journal" yazır ki, reketçilik və digər cinayətlərlə bağlı iki ittiham aktı Kaliforniyanın cənubunda düz, 88 nəfərə qarşı irəli sürülüb. Daha 11 nəfər Los-Ancelesdə ştat məhkəməsi tərəfindən ittiham olunub. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, "erməni gücü"nün əməllərinə 102 nəfərin aidiyyəti var. Başqa sözlə, onların hamısını həbs etmək mümkün olmayıb.

İttiham aktına görə, qruplaşmanın 250 tamhüquqlu üzvü, yüzlərlə cinayət ortağı var. Erməni qruplaşması Los-Anceles yaxınlığındakı Qlendeyl şəhərciyində məskunlaşırmış. Buradakı əhalinin 40%-ni ermənilər təşkil edir. Yeri gəlmişkən, Lenta.ru xəbər verir ki, ümumilikdə, 200 min insanın yaşadığı bu şəhərin diasporu artıq Ermənistandan olanlara qarşı şübhəli münasibətin yarana biləcəyindən narahatlığını bildirir.

FTB-dən deyirlər ki, son illər "erməni gücü" digər etnik qruplardan fərqli olaraq, Meksika qruplaşmaları ilə daha həvəslə əməkdaşlıq edib. Bundan baqşqa, təhqiqatlar göstərib ki, Kaliforniya erməniləri Rusiya və Gürcüstanın kriminal dairələri ilə də əlaqələr qurub. Lenta.ru saytı yazır ki, "erməni gücü"nün doğma Ermənistanla əlaqələri haqda isə danışmaq belə artıq olar.

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, fevralın 16-da həyata keçirilmiş əməliyyat 2 ildən artıq müddətdə aparılmış fəaliyyətin nəticəsidir. Saxlanılanların əksəriyyəti bank maxinasiyalarında günahlandırılır. Onların bir hissəsinə qarşı isə daha ağır ittihamlar irəli sürülüb. Məsələn, şantaj, basqın, narkotik maddələrin yayılması, hətta insan oğurluğu.

"Bu qruplaşma yarandığı andan onun üzvləri və bu şəxslərlə əlaqəsi olanlar zorakılıq yolu ilə müxtəlif cinayətlər törədib. Onların arasında qətllər, ölümə cəhdlər, insan oğurluğu, soyğun, şantaj, şahidlərə hədə-qorxu gəlinməsi, həmçinin, narkotik alveri və fırıldaqçılıq var", - deyə ittiham aktında bildirilir.

Analitiklərin fikrincə, "İşıqların söndürülməsi" əməliyyatı ABŞ-ın Avrasiyadan olan kriminal strukturlarına ciddi zərbə olub. Erməni kriminalları üçün isə bu, son ayda "Pzo" ləqəbli Armen Kazaryan qruplaşmasının zərərsizləşdirilməsindən sonra, ikinci güclü zərbədir. Xatırladaq ki, 2010-cu ilin sonunda polis Medicare tibbi sığortasından 163 milyon dollar oğurlamış 73 nəfəri həbs etmişdi. "Pzo"nun bandası digər ağır cinayətlərdə də günahlandırılır.

Amerikanın tibbi sığorta sistemindən oğurlanmış pulların, ilk növbədə, Ermənistana yatırıldığı şübhə doğurmur. "Pzo" özünə yüksəkrütbəli himayəçiləri məhz həmin pullarla tapıb və onların arasında Ermənistan prezidenti Serj Sarqsyanın qardaşı da var. 

İndi isə erməni kriminalı ətrafında hadisələr yenidən qızışır - kriminal Ermənistandan iqtisadi baxımdan inkişaf etimş ölkələrə ixrac olunur. Bu ölkələrdə böyük erməni diasporunun olması kriminal aləmə "inkişaf etmək", Ermənistan rəhbərliyi ilə əlaqələr qurmaq imkanı yaradır.

Bütün bunları nəzərə alaraq, erməni cinayətkar qrupunun ifşasına yalnız kriminal kontekstində yox, həm də siyasi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Faktlar göstərir ki, kriminalitet erməni diaporunun ayrılmaz hissəsidir. Erməni lobbisinin ABŞ-dakı siyasi proseslərə təsir imkanlarını nəzərə alsaq, bu ölkənin xüsusi xidmət orqanlarının düşünməli olduğu çox şey var.

Məsələn, erməni mafiyasının Amerika vergiödəyicilərindən oğurladığı pullar bəzi amerikalı parlamentarilərin seçkiqabağı təbliğatına xərclənə bilər. Söhbət xüsusilə qondarma erməni soyqırımının tanınması uğrunda mübarizə aparan şəxslərdən gedir.

Qeyd edək ki, məhz "erməni gücü"nün 1980-ci ildə əsası qoyulduğu Kaliforniya sonradan "erməni soyqırımı"nı tanıyıb. Amerikanın bu ştatı erməni diasporunun böyüklüyünə görə, dünyada Rusiyadan sonra ikinci yeri turur. 

Bu məsələni Amerikanın öz təhlükəsizlik probleminə də aid etmək olar. Hər halda, dünyada erməni terror şəbəkəsinin mövcudluğu heç kəsə sirr deyil. Odur ki, yalnız konkret kriminal qrupa aid "işıqların söndürülməsi" ilə kifayətlənmək doğru olmazdı. 

ABŞ-da qəbul olunan siyasi qərarlara ermənilərin təsiri də daxil olmaqla, problemə kompleks yanaşılmasına ehtiyac var.


MƏSLƏHƏT GÖR:

492