14 Mart 2025

Cümə, 21:47

GÜCLÜLƏRİN GÜCLÜSÜ

Elnur Məmmədli «Olimpiya sevincinə bərabər» sevincini bizimlə bölüşdü

Müəllif:

15.02.2011

Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli uzun fasilədən sonra, yenidən Azərbaycan azarkeşlərinə sevinc bəxş etdi. Cüdoçu Bakıda təşkil edilən Olimpiya lisenziyalı WORLD Masters turnirinin qalibi olmaqla Londona yollanmaq üçün vacib 400 lisenziya xalını qazandı. Olimpiadadan sonra zədələnən, 18 ay idmandan kənarda qalan Məmmədli bütün tənqidlərə gözəl qələbələriylə cavab verdi. Bakıdakı turnirdə rəqiblərini bir-bir sıradan çıxaran Məmmədli ona hədər yerə «ippon» ləqəbinin verilmədiyini sübut etdi. Pekin Olimpiadasında olduğu kimi, Elnur yenə bütün rəqiblərini «ippon»la (vaxtın əvvəl təmiz qələbə) üstələməklə yığmanın lideri olduğunu isbatladı. Elnur Məmmədli ilə söhbət zamanı Olimpiya çempionu Bakı turnirindəki qələbənin nə qədər vacib olduğunu anlatmağa çalışdı.

- Uzun fasilədən sonra yenidən Bakıda mübarizə aparmalı oldun. Yəqin ki, doğma divarlar arasında mübarizə aparmaq daha çətindi...

- Psixoloji cəhətdən Bakıda tatami üzərinə çıxmaq həmişə çətin olub. Azarkeşlər zala gələrək idmançılarımızdan yalnız qələbə gözləyir. Ona görə idmançının üzərində ikiqat məsuliyyət olur. Uzun müddətdi Bakıda mötəbər yarışlarda yarışmamışam. Buna görə də 2011-ci ili qələbəylə başlamaq istəyirdim. Çox sevinirəm, hər şey istədiyim kimi alındı. İlk görüşdən finala qədər məni dəstəkləyən hər bir azarkeşə təşəkkürümü bildirirəm. Onlar mənə əlavə güc verdi.

- Hər halda, yarışa çətin qələbəylə başladın. İlk rəqibinin güclü olması sənə çətin anlar yaşatdı...

- İlk görüşdə rəqib Avropa çempionu Siracutdin Maqomedov oldu. Turnirdə ən güclü cüdoçular iştirak etdiyindən, ilk görüşdən çətin olacağını başa düşürdüm. Əgər qalib gəlmək istəyirsənsə hamını məğlub etməlisən. Ona görə Siracutdin Maqomedovla görüşdə də yalnız qələbə haqda düşünürdüm. Biz bir-birimizi yaxşı tanıyırıq, ona görə hər ikimizə çətin oldu. Sonuncu dəfə Tokiodakı dünya çempionatında onu məğlub etmişdim. Bakıda da Siracutdin revanş ala bilmədi.

- Pekində 73 kq.-da Olimpiya çempionu oldun. Bakıdakı yarışda isə 81 kq-da qələbə qazandın. Demək olar ki, yeni çəkiyə artıq öyrəşmisən.

- Dünya çempionatından başlayaraq, yeni çəkidəki olan rəqiblərə öyrəşmişəm. Dünya çempionatı ardınca isə Bakıdakı turnirdə bu çəkidə ən güclü cüdoçularla mübarizə aparmışam. Hər bir rəqiblə açıq mübarizə apararaq gücümü göstərdim və sübut etdim ki, hələ çox şeyə qadirəm. 81 kq.-da möhkəmlənərək yeni qələbələr qazanmaq istəyirəm. 

- Maqomedov üzərində qələbədən sonra, yenidən ifanda «ippon» fəndini izləmək çox sevindirici oldu.

- Təşəkkür edirəm. Vaxtından əvvəl qələbə qazanmağıma baxmayaraq rəqiblərimi qeyd etmək istərdim. İngilis Euan Bartonla görüş yaddaqalan oldu. O, dünya çempionatında bürünc medal qazanmaqla səviyyəsini sübut edib. Onunla hər bir görüş çox çətin olur. Finalda Leandro Qulxeyro üzərində qələbəyə də çox sevindim. Həlledici görüş həmişə ağır keçir. Braziliyalı cüdoçu hələ 73 kq.-da mübarizə apardığım vaxtlarda mənə uduzmuşdu. Bakıda yeni çəkidə də ondan güclü olduğumu göstərdim. 

- Finaldakı qələbədən sonra çox sevinirdin. Sanki Olimpiadadakı sevinci yenidən yaşadın.

- Düz deyirsiniz, möhtəşəm azarkeşlərin dəstəyi altında qələbə qazanmaqdan yaxşı nə ola bilər. Azərbaycan azarkeşi yalnız qələbəyə layiqdi. Uzun müddət zədəli olduğumdan, istədiyim kimi güləşə bilmirdim. Bilirəm ki, hamı məndən qələbə gözləyir. Ona görə gözlərini yolda qoyduğum üçün pis olurdum. Şükür olsun ki, hər şey yaxşı oldu. Dövlət himnimiz səslənəndə olimpiada yadıma düşdü. Sanki, yenidən olimpiadada qələbə qazandım. Bakıdakı turnir hər bir cüdoçu üçün çox vacib idi. Birinci yerə 400 lisenziya xalı verilirdi. Ona görə hamı sona qədər yarışırdı. Bu turnir nüfuzuna görə olimpiada və dünya çempionatından sonra 3-cü güclü yarış sayılır.

- Beləliklə, artıq Londona yollanmaq uğrunda mübarizəyə qoşuldun.

- İndi milli komandayla birlikdə Norveçə təlim-məşqə yollanırıq. Orada beynəlxalq turnirdə də iştirakımız gözlənilir. 2011-ci il Olimpiada üçün önəmli mövsümdü. Qarşıda idmançılarımızı lisenziya xarakterli yarışlar gözləyir. Gərək hamımız Londona yollanmaqdan ötrü bu sınaqlardan alnıaçıq çıxaq. 

- Yəqin ki, ən böyük ümidlər London Yay Olimpiya Oyunlarıyla bağlıdı.

- Əlbəttə, hər bir idmançının arzusu olimpiadayla bağlıdı. Amma Londona qədər bir sıra beynəlxalq turnirlərdə qələbə qazanmalıyam. Üstəlik, bu il dünya çempionatı olacaq. Orada da qızıl medal qazanmaq istərdim. Avropa çempionu olmuşam, olimpiadada qızıl medal qazanmışam. Kolleksiyamda dünya çempionluğu yoxdu. Ona görə bu titula da sahib çıxmaq istəyirəm. Gələn il isə bütün fikrim olimpiadada olacaq.


MƏSLƏHƏT GÖR:

377