14 Mart 2025

Cümə, 21:00

SƏKKİZ GÖRÜŞ - SƏKKİZ QƏLƏBƏ

«Baku Fıres» pley-offun astanasında. Baş Məşqçi Həmzət Ağayev öz proqnozlarını «Region plus»la bölüşdü

Müəllif:

15.02.2011

Azərbaycanın «Baku Fires» («Bakı atəşi») komandası Dünya Boks Liqasında (WSB) rekord müəyyənləşdirib. İndiyə qədər keçirdiyi görüşlərin hamısında qələbə qazanmaqla maksimum xal toplayan komanda hazırda öz qrupunda ilk pilləni tutur.

Xatırladaq ki, Beynəlxalq Boks Assosiasiyasının təşəbbüsü olan Dünya Boks Liqası bu idman növündə yeni bir eranın başlanğıcı sayılır. Qurum həvəskar və peşəkar boks dünyasının ən güclülərini bir araya gətirməklə ilboyu möhtəşəm görüşlər keçirir. WSB Asiya, Amerika və Avropada keçirilən 3 regional qrupp çərçivəsində 12 şəhəri əhatə edir. İlk mərhələdə komandalar ev-səfər prinsipiylə bir-birləriylə mübarizə aparır. Hər qrupda qalib gələn və ümumilikdə üç qrup üzrə ən yaxşı göstəricilərə malik ikinci yerin sahibi Çinin Makao şəhərində keçiriləcək pley-off mərhələsində çempionluq uğrunda mübarizə aparacaq. 

Turnirin ən böyük üstünlüyü peşəkar rinqdə mübarizə aparan boksçuların 2012-ci ildə London Olimpiya Oyunlarına lisenziya qazanmaq şansının olmasıdı. Hər çəkidə ən yüksək reytinqə malik iki boksçu sonda bir-birləriylə mübarizə apararaq lisenziyanın sahibini müəyyən edəcək. 

Azərbaycanı yarışda təmsil edən «Baku Fires» komandasının baş məşqçisi Həmzət Ağayevlə Dünya Boks Liqasında keçirilən görüşlər və qarşıya qoyulan məqsəd barədə söhbətləşdik. Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti olan Həmzət Ağayev dünyada məşhur ağır çəkili dünya çempionu Sultan İbrahimovun meneceri kimi tanınıb.

- «Baku Fires» keçirdiyi bütün görüşlərdə qələbə qazanıb. Yarışdan əvvəl belə nəticə gözlənilirdimi?

- Görüş başlamamışdan əvvəl heç kim deyə bilməz ki rinqdə kim qalib gələcək. Amma komandamızın 8 görüşdə maksimum nəticə toplamasına sevinirəm və bunu ədalətli nəticə sayıram. Çünki Azərbaycan təmsilçisi güclü heyətə malikdi. Buna görə də qələbələrimiz heç kim də təəccüb yaratmasın. Kifayət qədər səviyyəli boksçularımız var və biz yarışda sona qədər mübarizə aparmaq əzmindəyik.

- Artıq komandanın qrupda ilk pilləni tutacağı dəqiqdi. Pley-off mərhələsində hansı komandayla qarşılaşmaq istərdiniz? 

- Qrup mərhələsinin sonuna 4 görüş var. İndidən pley-off barədə danışmaq düzgün olmaz. Əlbəttə, maksimum nəticədən sonra «Baku Fires»in qrupdan çıxacağı dəqiqləşib. Amma biz qrup oyunları başa çatandan sonra növbəti rəqib haqda düşünəcəyik.

- Hansı mərhələyə qədər irəliləmək komanda üçün uğur sayılacaq?

- Düzünü desəm, qarşımıza qələbə qazanmağı məqsəd qoymuşuq. Yəni finala qədər irəliləmək və orada da qələbə qazanmaq vacib şərtdi. Yarışın ən güclü komandalarından biri Qazaxıstanın «Astana Arlans» kollektividi. Biz onları 3 görüşdə məğlub etmişiksə, deməli, finalı arzulaya bilərik. Məhz buna görə proqnoz vermək istəməzdim. Rəhbərlik maksimum nəticəyə nail olmağı tələb edib.

- İstənilən halda «Baku Fires» pley-offda daha çətin rəqiblərlə qarşılaşacaq. Digər komandaların çıxışını izləyirsinizmi?

- Əlbəttə, rəqiblərimizə baxırıq. Məncə Los-Anceles şəhərini təmsil edən komanda çox güclüdü. Onlar yarımfinala qədər irəliləyəcək. Ümumilikdə, zəif rəqib yoxdu. Hər bir komanda rinqə qələbə üçün çıxır. Biz rəqiblərimizdən çəkinmirik. Qoy onlar bizdən çəkinsin. 

- Bu yarışın özəlliyi Olimpiadaya lisenziya qazanmağın mümkün olmasıdı. Bizim komandadan hələlik 2 boksçu lisenziya qazanmağa yaxındır.

- Dəqiqləşdirsək bu, 54 kq və 91 kq.-dan yuxarı çəkilərdə yarışan boksçulardı. Amma ağırçəkili Məhəmmədrəsul Məcidovun şansları daha yüksəkdi. O, keçirdiyi bütün görüşlərdə qələbə qazanmaqla reytinqdə birinci yerdə qərarlaşıb. Ona ümidlərimiz çox böyükdü. İnanıram ki, Londona ilk lisenziyanı o qazanacaq.

- Sentyabrda Bakıda boks üzrə Dünya çempionatı keçiriləcək. Federasiya bu yarışda mümkün qədər çox lisenziya qazanmağı əsas məqsəd sayır. Fikrinizcə millinin potensialı məqsədə çatmağa imkan verir?

- Dünya Boks Liqasında mübarizə başa çatandan sonra, «Baku Fires» 3-4 boksçunu milliyə cəlb etmək fikrindəyik. Ad çəkməyəcəm, amma Azərbaycan yığmasının şərəfini qoruya biləcək güclü boksçularımız var. Onlar dünya çempionatında lisenziya qazanmağa qadirdi. Federasiya rəhbərliyi millidən Londona 10 lisenziya qazanmağı tələb edir və fikrimcə bu realdı. Azərbaycan yığması hazırda təlim-məşq toplanışındadı. Sentyabra qədər vaxtımız var. Ümid edirəm ki, Londona əsas vəsiqələri məhz Bakıda qazanacağıq. Sonra isə Olimpiada barədə düşünə bilərik. 

- Siz həm də məşhur Sultan İbrahimovun meneceri kimi tanınırsınız. Gələcəkdə Bakıda peşəkar görüş təşkil etmək planlaşdırılır?

- Amerika Birləşmiş Ştatlarında Azərbaycanın adından yarışan güclü boksçu Məhəmməd Əbdülsalamov var. O, yaxınlarda növbəti qələbəsini qazanıb. Gələcəkdə onu Bakıya dəvət edərək azarkeşlərlə yaxından tanış etməyi planlaşdırırıq. Görüşlərə gəlincə, hər şey ola bilər. Bəlkə də Əbdülsalamovun peşəkar döyüşlərindən biri paytaxtınızda keçirildi. 


MƏSLƏHƏT GÖR:

413