14 Mart 2025

Cümə, 20:58

DAHA BİR DUET

«Eurovision-2011»də Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edəcəklər

Müəllif:

15.02.2011

Bu ilin mayında Düsseldorfda (Almaniya) keçiriləcək «Eurovision-2011» müsabiqəsində Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edəcəklər. Fevralın 11-də Azərbaycan Dram Teatrının zalında keçirilmiş milli seçim turunun finalında münsiflər heyəti belə qərar qəbul edib. Üç ay davam edən musiqi telemarafonunun nəticəsini finişə hələ 1 ay qalmış proqnozlaşdırmaq mümkün idi. 

Amma gəlin, hər şeyi təfsilatı ilə danışaq.

Bu il Avropa ölkələrinin təcrübəsinə əsaslanan İctimai Televiziya milli seçim turunu “Pop star” teleşou formatında keçirmək qərarına gəlmişdi. Xatırladaq ki, ötənilki yarışın qalibi Lena Mayer Almaniyada məhz bu üsulla seçilmişdi.

Azərbaycanın «Eurovision» layihəsinin 77 iştirakçısı 7 qrupa bölünmüş, onların hər birinə nəyə qadir olduğunu göstərmək üçün 1 həftə ayrılmışdı. Həftə ərzində gənc ifaçılar Azərbaycan və xarici dildə mahnılar ifa edib, seçim isə tamaşaçıların SMS-ləri və münsiflərin rəyi əsasında müəyyənləşib. 7 nəfərin yüksəlməli olduğu yarımfinala 10 iştirakçı adlamışdı. 

Telemarafonun üçüncü həftəsinə Günay İbrahimli ilə yanaşı, 26 yaşlı şotlandiyalı, idman müəllimi Nikola Barkley də çıxmışdı. Sonuncu - yeddinci həftə isə İlhamə Qasımlı və Nigar Camal üçün uğurlu oldu. Amma sonrakı mərhələdə əcnəbi iştirakçı - Nikola səhhəti ilə əlaqədar olaraq, yarımfinalda iştirakdan imtina etdi. 

Yerdə qalan doqquzluqda Çin-giz Mustafayev, Nurlan Növrəsli, Aynişan Quliyeva, İlqarə İbrahimova və Eldar Qasımov da var idilər. 

Beləliklə, «Eurovision»da ölkəmizi təmsil etmək üçün yarışda 9 nəfər qalmışdı/.

Son həftə 9 finalçı üçün ən «qanlı» mərhələ idi. Göndərilən SMS-lərin sayı artırdı, vəziyyət münsiflər üçün müəyyən mənada gözlənilməz axarda inkişaf etməyə başlamışdı. İlk 5 sıranı İlhamə Qasımova, İlqarə İbrahimova, Nurlan Növrəsli, Aynişan Quliyeva və Arzum Xəlilova tuturdular. Elan edilmiş qaydalara əsasən, məhz onlar finala yüksəlməli idilər. 

Amma münsiflərin öz planı var idi. Onların müdaxiləsi ilə «doqquzluq»un 731 SMS toplamış autsayderi Nigar Camal 18 750 SMS yığmış Nurlan Növrəslini siyahıdan çıxardı. 

Nigar, eyni zamanda, Günay İsgəndərli və Çingiz Mustafayevi də arxada qoydu. Onun gözlənilmədən «beşlik»ə düşməsi söz-söhbətə də səbəb oldu - Cennifer Lopesin azərbaycanlı oxşarı siyahıya təsadüfən salınmamışdı.

Qala-konsertin finalı Azərbaycan Dövlət Dram Teatrının bərpa edilmiş zalında keçirildi. 5 finalçının hər biri 4 mahnı ifa etdi: Avropa və eurovision hitləri, Azərbaycan musiqisi və yeni kompozisiya . Qeyd edək ki, zaldakı tamaşaçıların favoriti Eldar Qasımov və İlhamə Quliyeva idi.

Eldar həqiqətən də milli seçim turunun kəşfi oldu. Gözəl səsə və qəmgin təbəssümə malik istedadlı oğlan çoxsaylı bloggerlərin ürəyini fəth edə bildi.

Möhtəşəm vokala sahib İlhamə Quliyeva isə tamaşaçılar qarşısına gözlənilmədən qamətli və zərif xanım simasında çıxmaqla, çoxlarını təəccübləndirməyi bacardı.

3 saat davam edən bayram şousunda səhnəyə qonaq qismində «Eurovision» iştirakçıları olmuş Səfurə Əlizadə, həmçinin, Gürcüstan təmsilçisi Sofiya Nijaradze, San-Marinodan Senit və İsveçrəni turnirdə təmsil etmiş Anna Rossinel də çıxdılar. Bundan sonra İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov, Beynəlxalq Musiqi Şurasının prezidenti Lalə Kazımova, xalq artistləri - «Qaya» qrupunun rəhbəri Rauf Babayev, bəstəkar Faiq Sücəddinov və müğənni Zülfiyyə Xanbabayeva, həmçinin, «Eurovision»un Azərbaycandakı koordinatoru Zöhrə Bədəlbəyli, Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Mənzər Nurəliyevdən ibarət münsiflər heyəti müşavirəyə ayrıldılar. Üzücü gözləntilərdən sonra, münsiflər heyətinin rəhbəri İ.Ömərov səhnəyə çıxdı və bu il Azərbaycanı «Eurovision»da duetin təmsil edəcəyini açıqladı. O, bu qərarı vaxtilə məhz Aysel Teymurzadə-Araş duetinin Azərbaycana 3-cü yeri qazandırması ilə əsaslandırdı.

Məlum olduğu kimi, 5 finalçı arasında yeganə kişi Eldar Qasımov idi. İndi qızlardan hansının münsiflərin daha çox xoşuna gəldiyini tapmaq lazım idi. 

Gözlənildiyi kimi, bu, Nigar Camal oldu.


MƏSLƏHƏT GÖR:

347