24 Noyabr 2024

Bazar, 16:13

5 YAŞIMIZ OLDU!

"Region Plus" jurnalı - beş il çoxdur, yoxsa az?

Müəllif:

15.02.2011

Budur, 2006-cı il fevralın 21-dən nəşr olunan "Region plus" analitik jurnalının 120-ci sayı çapdan çıxdı. Biz öz beşillik yubileyimizi artıq gurultu olmadan, amma xoş duyğularla qeyd edirik. Görülən işdən həzz alırıq və keçən illərin hədər olmadığını düşünürük. Bizim jurnal Azərbaycanda Rusiya İlindən,  Rusiyanın odövrkü  prezidenti Vladimir Putinin ölkəmizə səfərindən, Rambuyedə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlardan və tanınmış rusiyalı telejurnalist Sergey Brilevin Bakı haqqında oçerkindən başlayıb. Bu gün jurnalın birinci sayını vərəqləyərkən, onun görkəmcə müəyyən primitivliyini görür və öz-özünə sual verirsən: bir jurnal üçün beş il çoxdur, yoxsa az? Niyə görə? Nə ilə müqayisədə?  Həmin vaxtdan çox şey dəyişib, amma bir şey dəyişməyib: bu jurnala həmişə tələbat var, "Region plus" daimi auditoriyada öz yerini tutub.

Nə var idi - indi nə var,  nə istəyirdik - alındı. Bu  müddət ərzində jurnal öz sifətini, xarakterini, üslubunu qazandı. Biz oxucuları qərəzli mətnlər və ya ucuz sensasiyalarla cəlb etmirik, biz özümüzü psevdovətənpərvərlər kimi aparmırıq və ucuz yollar axtarmırıq, çünki hər şeydən öncə, Azərbaycanda və regionda baş verən hadisələrə obyektiv nəzərlərlə baxmağa üstünlük veririk. Və zaman göstərir ki, biz öz adımızı, təyinatımızı və şüarımızı doğrulda bildik: "İnformasiya məkanının təmizliyi uğrunda!". 

 

Əsas məsələ 

Misir prezidenti Hüsnü Müğarəkin istefasından sonra, Misirin başına nə gələcək, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyi nə ilə nəticələnəcək, Türkiyənin Avropa Birliyinə (AB) girməsi məsələsi nə yerdə qaldı, ərzağın bahalaşması dünyaya necə təsir edəcək və s.?  Bütün bunlar bizim kollektivin və jurnalın müəlliflərinin gündəlik iş qayğılarıdır. Etiraf etməyə dəyər ki, "Region plus"un indiki nömrələri jurnalın 2006-cı ildə işıq üzü görmüş "ilk qaranquşları" ilə nə dizayn, nə materialların mövzuları, əhatə dairəsinin genişliyi, nə də yanaşmanın orjinallığı və problemin məğzini dəqiq tutmaq baxımından müqayisəyə belə gəlmir. 

Şözsuz ki, müəlliflərimizin gündəmə gətirdiyi sosial problemlərin aradan qaldırılması üçün hökumətin dəfələrlə lazımi qərarlar qəbul etdiyini yazmaq da bir qədər təvazökarlıqdan uzaq olardı. Amma belə gündə yazmaq istəyirsən, çünki bu qərarların verilməsində, az da olsa, bizim də zəhmət payımız var.     

Dəfələrlə olub ki, bu və ya digər problem haqqında məhz "Region plus" tərəfindən materail hazırlandıqdan sonra müvafiq qurumlar vəziyyəti düzəltmək üçün dərhal qərarlar veriblər. Hələ beynəlxalq siyasi hadisələr barədə bizim müəlliflərin analitik proqnozlarının dəfələrlə özünü doğrultduğunu demirik. Bu gün bizə yazırlar, bizə zəng edirlər, bizi tərifləyir və tənqild edirlər. Bu, hətta oxucunu maraqlandıran material altı ay qabaq çapdan çıxsa belə, baş verir. Bu isə çox şeylərdən xəbər verir.

 

Suallarımız var və olacaq 

Biz böyüyürük. Böyüdükcə də yetkinləşirik. Yerli və xarici ekspertlər, dövlət və hökumət başçıları, nazirlər, müxtəlif səviyyəli və vəzifəli dövlət məmurları, beynəlxalq toplumun önəmli şəxsləri bizə həvəslə müsahibə verirlər. Yəqin ki, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əlinin dilindən islam bank sisteminin sirlərini dinləmək və ya ABŞ-ın keçmiş müdafiə naziri Uilyam Ceyms Perrinin özündən ABŞ-ın Azərbaycandan nələri öyrənməli olduğu barədə eşitmək oxucularımız üçün də maraqlı idi. Əgər bütün bunlar da sizi maraqlandırmasa, o zaman jurnalımızı vərəqləməkdə davam edin və bu zaman, hətta ən tələbkar oxucu belə onu maraqlandıran çox şey tapa bilər. 

Biz yazdığımız və dərc etdirdiyimiz kimi varıq. Bu bizim işimizdir və gələn rəylərdən görünür ki, oxucuların rəğbətini qazana bilirik. Və biz oxuculara həm də ona görə minnətdarıq ki, onlar bizə yalnız tərifləmək üçün deyil, həm də yanlışlıqlarımızı göstərmək üçün zəng edirlər. Əlbəttə, belə hallar da olur, necə deyərlər, iş olan yerdə səhv də olar. Bax, gerçək qarşılıqlı əlaqə də belə olur. 

 

Öz adamımız 

Beş ildən sonra ilk dəfədir ki, özümüz haqqında yazmaq qərarına gəldik - hər halda, 5 yaş əlamətdar tarixdir. Fikrimizi jurnalın direktoru Vəfa xanım Axundovaya da bildirdik. Hər zaman olduğu kimi, bizi dəstəklədi. Buna görə də oxucuları bizim kollektivlə tanış etməyə məhz ondan başlayacağıq. "Direktor" sözü yetərincə rəsmi səslənsə də, Vəfa xanım bizim adamdır. Onunla birgə işləmək, əhatəsində olmaq xoş və maraqlıdır. Jurnalın əməkdaşlarına o, öz doğmaları kimi yanaşır: hardasa tərifləyir, hardasa isə yanlışlıqları göstərir. Əməkdaşların problemlərinə də laqeyd deyil - həmişə dinləyir, yardım etməyə və dəstəkləməyə çalışır. Vəfa xanım zövqlü insandır. Hər şeyi gözəl və zövqlə etməyi xoşlayır. "Gözəl və əzəmətli şam ağacı bəzədilmədən nə Yeni il; hərarət olmayan ofisdə necə işləmək mümkündür?" - bu onun düşündükləridir. Buna görə kollektiv də onun ümidlərini doğ-rultmağa səy göstərir. 

 

Xüsusi əhval 

"Salam, Valya xala!". Bizim çoxumuz üçün jurnalda iş məhz bu sözlərlə başlayır. Biz gələndə ofisdə dünən qoyub-getdiyimiz işgüzar nizamsızlığı görmürük. Valya xala, adəti üzrə, artıq mətbəxdə oturub və "krossvord doldurur". Bizi mehriban, xoş təbəssümlə qarşılayır, təzə dəmlənmiş çaya qonaq edir. Bizim hər birimiz üçün Valya xalanın ayrıca xoş sözləri, məntiqli qeydləri və xüsusilə də sağlamlığa aid məsləhətləri var. Çay içməyə bir şey tapmayanda biz ondan konfet götürürük. Redaksiyanın qadın əməkdaşlarının ailə həyatında adi çətinliklər olanda və ya onlar daha ciddi yaşantılarla üz-üzə qalanda belə Valya xala onların  göz yaşlarını silməyə, dərdlərini bölüşməyə həmişə hazırdır. 

Artıq "Region plus" jurnalının ilk sayından beş il keçdiyi bu günlərdə anlamağa başlayırsan ki, Valya xala redaksiya üçün sadə əməkdaş deyil, nəsə başqa bir dəyərdir. Şişirtmədən demək olar ki, Valya xala bizim redaksiyanın rahatlığı və isti oğacıdır. Əgər o, adi vaxtından azacıq tez gedərsə, nəsə bir yalqızlıq və boşluq  hiss edilir, insan sanki öz valideynindən ayrı düşür.

 

 "Çalışın, onu hirsləndirməyin..."

16 dekabr 2010-cu il. Dünən jurnalın növbəti sayı işıq üzü görüb. Təbii ki, biz bu gün jurnalın gələn sayını planlaşdırırıq. Baş redaktor Namiq Mayılov həmişə sakit və yumşaq danışır. Onu dinləyirlər, onunla razılaşırlar, çünki Mayılovun istənilən iradı məntiqli və nəzakətli şəkildə deyilir. O, işlə bağlı bütün təklifləri dinləməyə hazırdır. Özü də bu cümlələr, sadəcə, gözəl söz xatirinə yazılmır. Bu dəfə baş redaktor şöbə müdirlərinə öz fəaliyyətlərini aktivləşdirməyi, müəlliflərlə daha çox işləməyi, maraqlı müsahibələrə diqqəti artırmağı məsləhət görür. Bizim hamımızın əhvalımız yüksəkdir, çünki tezliklə Yeni ildir və təbii ki, nömrə bayrama həsr ediləcək. Sosial bölməyə yeniilqabağı xalqı problemlərlə çox "yükləməmək", bayramsayağı ruhlanaraq müsbət şeylərdən yazmaq tapşırılır. 

Oxucuları çox da "yükləməmək" ideyası baş redaktorun xoşuna gəlir. O, demək olar ki, heç zaman əsəbiləşmir və adama elə gəlir, heç nə bu adamı özündən çıxara bilməz. Doğrusu, Mayılovu özündən çıxarmaq üçün həddindən çox səy göstərmək lazımdır. Bu, baş verən zaman isə o, ilk öncə əsəbi addımlarla balkona çıxır və ürəyini siqaretə boşaldır, geri döndükdə isə heç kimin üzünə baxmamağa çalışır; bu isə o deməkdir ki, artıq "hirsi başa vurub". Biz həmin an susuruq - hər birimiz öz səhvimizi anlayırıq. Amma bununla da rahatlıq tapmaq olmur. Burası yəqindir ki, bu səhnənin şahidi olanlar həmin an öz-özlərinə deyirlər: "Gərək çalışıb, onu hirsləndirməyək".

 

İlham mənbəyi və sair haqqında 

Bizim jurnalın ofisində iki hissə var və biz kollektivdə onları bölmələr adlandırırıq. Adətən, bu sözü işlədəndə sualtı qayığın bölmələri yada düşür. Sualtı qayığın sakinləri öz yerlərini tərk edə bilmirlər, çünki suyun altındadırlar. Bizim isə öz gəmimizi tərk etməyə imkanımız var, amma buna getmirik, çünki jurnalın kollektivi bir ailəyə bənzəyir, kiminsə işə gəlməməsi həmin an gözə çarpır. Hər bir bölmənin öz rolu var: birinci - bizim redaksiyanın yaradıcı və texniki bölməsidir; ikincidə isə direktorumuz Vəfa xanım Axundova, inzibati bölmə və "Region plus" veb-saytının əməkdaşları oturur. Sayt demişkən, bu şöbəyə redaksiyanın sevimlisi, el arasında Türkiyə KİV-in əvəzedilməz xüsusi müxbiri kimi tanınan Ramin Abdullayev rəhbərlik edir. 

Ramin böyükdür. Yaxşı adamın həm də böyük olması bir ayrı məsələdir. Raminin zəif yeri isə şirin bulkalardır. Məhz bu bulkalar onu bizim  ədəbi redaktor Rauf Məmmədovla dostlaşdırıb (xalq arasında onu “Rauf dayı” çağırırlar). Ramin qəlbitəmiz insandır, özü haqqında mahnılar oxumağı, qafiyələr qoşmağı sevir: "Ramin, Ramin, sən azmansan, buludları qovansan!". Deyir ki, onun öz ilham mənbəyi də var - Rauf dayı. O özünə iki bulka alanda, birini mütləq Raminlə bölüşməldir, baxmayaraq ki, Ramin artıq özünün dörd bulkasını yeyib. Rauf dayı da tez-tez Raminin yaradıcılığının qəhrəmanına çevrilir, ona mahnılar qoşur, onun ifşaedici şəkillərini çəkir. Adətən, bizim ədəbi redaktor bu şəkillərdə ya ciddi-cəhdlə işləyir, ya yemək yeyir, ya iş masasının arxasında mürgü vurur, ya da ki həyatın mənası haqqında dərin düşüncələrə dalır. Sadiq dost olan bu iki personaj tez-tez bizim zarafatların da  mövzusuna çevrilir. Onlar olmasaydı, bizim redaksiyada həyatın nə qədər darıxdırıcı olacağını düşünmək belə istəməzdik.

Bizim böyük ailənin maraqlı personajlarından biri də informasiya texnologiyaları mütəxəssisi, Rauf dayının və Raminin dostu İlqardır. O, həm filoloq, həm musiqiçi, keçən yüzilliyin 60-70-ci illərinin filmlərinin kinomanı, ən nəhayət, yetərincə səliqəli və maraqlı insandır. 

Texnika məsələsində İlqar ən qabaqcıl olanlara üstünlük verir, proqram təminatı (PT) məsələsində də elədir. O, adətən, ən son kompüter proqramlarını yükləyir və hesab edir ki, az qala, hər yeni çıxan PT üçün kompüter yenidən formatlanmalıdır. Biz isə  mühafizəkarlar kimi bu yeniliklərə qarşı çıxırıq, qabaqcıl kompyuter texnologiyalarının ənginliklərində əlləşmək istəmirik, ən yaxşı yeniliyin çoxdan unudulmuş köhnəlik olduğunu sanırıq. Buna görə də Ramin İlqarı "mister Format" adlandırır. O isə buna qarşı çıxmır. Onlar - Ramin, Rauf dayı və İlqar ümumi maraqları olan bir tandemdir və bu, redaksiya üzvlərinin heyranlığına səbəb olur. 

Bizim əməkdaşların hər biri haqqında və onların ad gününü ayrıca qeyd etmək adətimiz barədə çox yazmaq olar. Bununla bağlı təşkil etdiyimiz qonaqlıqlar şən, səs-küylü və gözəl keçir, zarafatların sayı bitmir. Belə qonaqlıqların birində baş redaktorun reklam üzrə müavini, eyni zamanda, istedadlı "masabəyi" olan Rəsmiyyə xanım Qəmbərova hər birimiz üçün yüz faiz özümüzə bənzər ikinci ad fikirləşdi. Özünü "miss Dollar" adlandırdı - baxmayaraq ki, tamahsız insandır, amma bir reklam peşəkarı kimi fikirləşir ki, müftə pendir ancaq siçan tələsində olur. 

Jurnalın məsul katibi, zarafat həvəskarı Emin Ələkbərovu "mister Zarafat", iqtisadiyyat şöbəsinin müdiri, cavan olmasına rəğmən müdrik və az danışan insan olan  Nurlanə Quliyevanı "missis Dərrakə", sosial şöbənin həmişə mövcud problemlərinin həll yolunu axtaran müdiri Sabirə Mustafayevanı "missis Ədalət", web-saytın daim arıqlayan əməkdaşı Nailəni "miss Pəhriz", web-saytın üç sakin əməkdaşı - Ruslan, Sənan və Hüseyn barədə "görünməz cəbhənin döyüşçüləri", jurnalın baş müsahibi, keçmiş barədə söhbətləri çox sevən Nazim müəllimi "ser Nostalgiya", gülüşü ilə insanlara xoş ovqat bəxş edən kassir Sevda xanımı "missis Təbəssüm", bizim dizayner Kəmaləni isə biz "baş hərflə yazılan Dizayner" adlandırırıq. 

"Region plus" redaksiyasının ən gənc əməkdaşlarından biri də rəssam və dizayner Kübra Salamovadır. Kübranı ailəmizin həm yaşca, həm də boyca balaca üzvü kimi bəsləyir və əzizləyirik. 

Bizim jurnalı gözəl korrektorlar Aybəniz xanım, Gülarə Məmmədova və Rəna Həsrətovasız təsəvvür etmək olarmı? İş öz yerində, amma onların hər biri gözəl insanlardırlar. Aybəniz xanım öz növbəsində, bizi özü bişirdiyi piroqlara qonaq etməyi çox sevir, Gülarə isə həmişə bizə müxtəlif biskvitlər, tortlar və konfetlər gətirir. 

Və nəhayət, bizim jurnal direktor müavini Arzu Daşdəmirovun başçılıq etdiyi yayım bölməsinin əməyi sayəsində sizə gəlib çatır. Köməkçisi Ariflə o, bizim istehsal cərgəsinin əvəzedilməz bəndləridir. 

Ümid edirik ki, bu məqaləni oxuduqdan sonra, siz bizim jurnala qoyduğumuz ürək hərarətini və xoş duyğuları hiss etdiniz. Bizim özümüz üçün də "Region plus" jurnalında işləmək, sözün birbaşa mənasında xoşdur, çünki bizim sizin kimi əziz oxucularımız var! 



MƏSLƏHƏT GÖR:

453