24 Noyabr 2024

Bazar, 16:08

QEYRİ-TƏBİİ SEÇİM

və ya yaxın gələcəkdə gəlinləri harada axtarmalı?

Müəllif:

15.02.2011

Son zamanlarda müxtəlif yerli KİV artıq dəfələrdir, Azərbaycanda abortlar problemini gündəmə gətirir ki, bu da adətən qız uşaqlarının doğulmasının «arzu edilməməsi» ilə bağlıdır. Hər il ölkə üzrə abortların sayı mindən yuxarı artmaqdadır. Son 12 il üzrə  doğulan qızların sayı  doğulan oğlanların sayına nisbətən 1/3 təşkil edir, halbuki mütləq ifadədə 100/105 nisbəti normal sayılır. 

Bütünlükdə, Çinlə müqayisə  aparmaq olar, orada «rəqəmlə» əks  olunan  durum daha pis vəziyyətdədir. Amma məsələ bundadır ki, Çində «qızlardan imtina”ya ailədə uşaqların məhdudlaşdırılması üzrə sərt dövlət siyasəti səbəb olub. Bizdə isə cinslərin nisbətinin pozulmasının səbəbkarı ailələrin özüdür.  İndi məktəblərin 1-6 siniflərində hər 16 oğlana 6 qız düşür. Dövlət Statistika Komitəsinin məlumatları isə ölkədə abortların sayının artmasını təsdiq edir: ölkə üzrə 2006-cı ildə 20867,  2007-ci ildə  22325, 2008-ci ildə isə  25256 abort gerçəkləşdirilib. 

Psixologiya ensiklopediyasında körpə qatilliyini nəzərdə tutan infantisid anlayışı var. Bu termin bir sıra konserpativ üsullarla öz nəslini kəsməyi nəzərdə tutur. Aslanlar, gəmiricilər və primatlar da daxil olmaqla, bir sıra canlı ailələrində belə hallara rast gəlinib. Məsələn, Hindistanın lanqur meymunları qrup lideri olduqdan sonra, dişi meymunların yalnız onun körpələrini doğması və böyütməsi üçün südəmər körpələrin hamısını öldürməyə çalışırlar. Hər kəsə bəlli olan anlamlarla yanaşanda bəhs edilən hadisəyə,  sözün birbaşa mənasında, təbii seçim halı kimi baxmaq olar. 

  

Gender? Ayrı-seçkilik? E.Giddens yanlış fikirlər barədə 

Yəqin ki, abortların sayı barədə məlumatla tanış olan hər bir kəsin ağlına indi populyar olan  gender sözü gəlir. Baxmayaraq ki, bu sözün nə ilə bağlı olduğunu çoxları hələ anlamır. Gerçəklikdə gender anlayışı qadının və kişinin sosial rolu əsasında müəyyən edilməsini əhatə edir, yəni cinsi əlamətdən söhbət getmir. 

Gender qadın və kişiyə ictimai və şəxsi həyatlarında ictimaiyyət tərəfindən təyin edilən  öhdəlik, funksiya və rolla müəyyən edilir. Buna görə də gender bərabərliyi hər iki cinsin sosial dəyərli rifaha, imkanlara, ehtiyat və mükafatlara eyni səviyyəli sahibliyi deməkdir. Bu cür yozum heç də kişi və qadının eyniliyindən bəhs etmir, sadəcə, onların imkanlarının və yaşam şanslarının bərabərliyini ifadə edir. 

Gender araşdırmalarında mərkəzi yeri cinsi sosial bərabərsizlik tutur, çox vaxt bu, ayrı-seçkilik adlandırılır. Tanınmış ingilis sosioloqu Entoni Giddensin fikrincə, bu anlayış «bir qrup üzvlərinin başqa qruplar üçün açıq olan imkanlardan məhrum  edilməsini» nəzərdə tutur. Söhbət, şəksiz ki, yetkin insanlardan gedir. Bəs valideynlər tərəfindən yeni insanın dünyaya gəlmə imkanından məhrum edilməsinə necə baxılmalıdır? Bu, "perspektiv"ə ayrı-seçkilikdir? Bunun səbəbi nədir? 

E.Giddensin fikrincə, «yetkin» bərabərsizliyin qaynaqlarından biri yanlış düşüncələrdir və çox vaxt bu, ayrı-seçkilik üçün əsas olaraq götürülür. Ancaq «bu iki halın bir-birindən asılı olmadan da mövcudluğu mümkündür». Başqa sözlə, insanın münasibətlərində yer almış yanlış düşüncələrin işə keçməsi vacib deyil. Razılaşaq ki, bütövlükdə yanlış düşüncələrə nəsə duyğu-hissiyyat kimi baxılır, heç də həmişə rasional seçilmiş sayılmır və müəyyən ənənələrin yerinə yetirilməsi göstəricisi hesab edilir.

E.Giddens sanır ki, yanlış düşüncələr bir qayda olaraq, «stereotip  təfəkkür» hesabına mövcud olur, belə təfəkkürün təcrübəsi uzunmüddətli, nəsildən-nəslə ötürülən olsa da, çox vaxt yanlış və səhvdir. Amma bu cür təfəkkür yalnız insanın özünün maraqlarına toxunmadığı və emosional planda mənfi təsir etmədiyi halda ziyansız olur. Gələcək uşağın cinsiyyətinin vaxtından qabaq bilinməsi halında hamiləliyin süni yolla dayandırılmasının təkcə bir ailə cütlüyü üçün deyil, bütövlükdə cəmiyyət üçün faydalı olub-olmamasını araşdırmaq üçün sosioloqun son qeydlərindən uzaqlaşmağa cəhd edək. 

 

Bu, gender baxışıdırmı?

Yuxarıda təsvir edilən meyilə istisna olaraq, çağdaş anlamda gender məsələsi kimi baxmaq, istənilən halda, alınmır. Burada söhbət hər şeydən öncə, gələcəyin demoqrafik problemindən gedir. Özü də yaxın gələcəyin problemindən. Demoqrafik proqnoz həm sosial, həm də iqtisadi müstəvinin orqanik təşkiledicisidir, çünki əhalinin demoqrafik potensialı təkcə ümumdünya önəmi qazanmasına görə deyil, həm də cəmiyyətdəki durumun təhlili və proqnozu nəticəsində strateji önəm qazanmış məsələdir. 

Son illərdə Azərbaycanda cinslərin bərabərliyi  məsələsinə böyük diqqət yetirilir, qadınların «xeyrinə» müxtəlif aksiyalar keçilir. Məsələn, keçən il   Bakıda Avropa Şurasının  «Gender bərabərliyi: de-yuro və de-fakto gender bərabərliyi arasında fərqlərin ləğv edilməsi» konfransı keçirilib. Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2010-cu ildə bu mövzuda araşdırma aparılıb. Regionlarda qadınlara və uşaqlara qarşı zorakılıq problemlərinə diqqətin artırılması məqsədilə «Ailə daxilində zorakılığa qarşı mübarizə üzrə tədbirlər» layihəsi gerçəkləşdirilir. Həmçinin, «XXI yüzillikdə zorakılığa qarşı əsas amil kimi daxili mədəniyyətin möhkəmlənməsi» gündəliyi ilə görüşlər keçirilib. 

Sadalananların əsasında birmənalı şəkildə «gender» istiqamətində önəmli addımların olmasını etiraf etmək olar. Amma burası da var ki, onların hamısı formalaşmış «yaş senzi» istiqamətinə yönəlib.  Amma bu gün daha çox «yetkinliyə qədər» dövrü daha çox problemli görünür. Yeri gəlmişkən, 2010-cu ildə  ATƏT-in İnsan ticarətinə qarşı mübarizə üzrə alt komitəsinin təmsilçisi Lidi Err hamilə qadınlar arasında selektiv abortların Azərbaycan üçün mənfi nəticələrini proqnozlaşdırıb, doğulan oğlan uşaqlarının sayının doğulan qızlardan dəfələrlə çox olmasına səbəb olan bu meyil perspektivdə bizim cəmiyyət üçün bərpaedilməz itkilərə gətirib çıxara bilər. 

Bütövlükdə, proses anlaşılandır. Keçən il Azərbaycan Respulbikasının «Reproduktiv sağlamlıq və ailə planlaşdırılması» qanun layihəsi hazırlanıb. Qanun layihəsinə görə, erkən hamiləlik dövrlərindən həkimlərə uşağın cinsini söyləmək qadağan edilir. Tutaq ki, qadağan edildi. Amma vəziyət «Qızıl buzov»un personajlarından birinin dediyi kimi olacaq: «Əgər yumurta varsa, deməli, onu kimsə yeməlidir».  Bu deyimi aşağıdakı kimi dəyişdirmək olar: «Əgər ultrasəs müayinə (USM) gələcək uşağın cinsiyyətini görməyə imkan verirsə, deməli, kimsə onu müəyyən etməlidir». 

Amma bu, texniki məsələdir. Təəssüf ki, durumun bu rakursda inkişafı başqa yeri doldurulmaz itkilərə gətirə bilər. 

Beləliklə, bir sıra sosioloqların söylədiyinə görə, gənc subay kişilərin cəmiyyətdə çox olması sosial baxımdan gərginliyin artmasına səbəb olur: gənclərin quldur dəstələrinə qoşulma təhlükəsi artır. Bu da simptomatikdir ki, zorakılıq xarakterli cinayətlər qızların təmsilçiliyinin minimum olduğu yerlərdə qeydə alınır. Mümkündür ki, qarşı cinsə maraq yerində oğlanlarda daxili çağırışın başqa istiqamətlərə yönəlməsi baş verir (burada söhbət eynicinsli sevgidən yox, başqa yaş maraqlarından gedir).  Başqa sözlə deyilsə, özünə qadın rəfiqə tapmayan gənc həyatın təbii axınında fəaliyyətdən məhrum olur. Axı istənilən halda qızlarla görüş və ünsiyyət gec-tez onda "liberal" görüşlər formalaşdırır. 

Bəhs olunanların konteksində xüsusi təsəvvürə ehtiyacı olmayan  Frensis Fukuyama göstərib ki, istənilən cəmiyyətin mərkəzi problemi «gənc üzvlərin təcavüzkarlığı, qüruru və potensial zorakılığı üzərində nəzarət, onları təhlükəsizlik və produktiv axına yönəltməkdir». Analitikin sözlərinə görə, bu məsələni, əsasən, «təcavüzü rituallaşdırmağa» çalışan yaşlı kişilər həll edirlər. Amma bu halda qadın amilinin də önəmi az deyil. Bunun bir cəhəti yuxarıda təsvir edilib, həmçinin, oğlanın bacısının və bacısının rəfiqələrinin olması da onda müəyyən xasiyyət yumşaqlığı yarada bilir. 

Qadın müəllimələri də unutmaq olmaz, onlar kişilərdən fərqli olaraq, gənc nəsli tamamilə fərqli tonda tərbiyə edirlər. Dolayısı ilə cəmiyyətdə qadının təmsilçiliyinin azalması başqa cür problemlərə də səbəb olur. Beləliklə, oğlanlar artıq məktəbdən, sonra isə yetkin həyatında qız çatışmazlığı ilə üz-üzə qalacaqlar.  Bu nəyə səbəb olacaq? Onlar dostlarının və qonşularının əlindən qızları (sonra da nişanlıları və qadınları) alacaqlar? Cəmiyyətdə yeni daxili münaqişə elementləri formalaşacaq? 

 

Yekun 

Beləliklə, uşağın doğulması zamanı ilk baxışdan təhlükəsiz görünən «qeyri-təbii cinsiyyət seçimi» ciddi fəsadlara yol aça bilər. Uyğun olaraq,  əhalinin təbii cinsi strukturunun saxlanması cəmiyyətin sabitliyini formalaşdıran vacib amillərdən birinə çevrilir. Şəksiz, siyasi, iqtisadi və sosial törəmə prosesindən danışarkən biz ruhani məsələni ən başlıca saymasaq da,  unutmuruq. Çünki «yaradılmışın hamısı cütdür» amili dini prinsipdir. Yəni Yaradan tərəfindən nəzərdə tutulan törəniş ahəngi həm də bir-birini sevən qadın və kişinin ailə qurmasını nəzərdə tutur, özü də bu yalnız nəsil artımını yox, həm də toplumun  mehribanlığını təmin edir. Doğulmağa hüququ olan uşağın süni şəkildə valideynlər tərəfindən «cinsi əlamət”ə görə müəyyən edilməsi Tanrının törəniş balansını pozur. 

İslam alimləri arasında hər iki valideynin fikrinin qəti olduğu zaman doğum üzərində nəzarətin (kontresaptiv vasitələrin istifadəsinin) yolverilən olub-olmaması haqqında fikri birmənalı deyil. Bəziləri bunu yolverilən sayır, başqaları bunu tənqid etməsə də,  fikir bildirmək istəmirlər. Ümumiyyətlə, belə bir fikir var ki, əgər bətndəki körpənin döl müddəti 40 gündən aşağıdırsa, ər və həkim də buna razıdırsa, həmçinin, sağlamlığa ziyan vurmursa, evli qadın hamiləliyini dayandıra bilər. Əgər hamiləlik qadının sağlamlığı və fiziki durumu üçün mənfi təsir göstərəndə hamiləliyin süni yolla dayandırılmasına icazə verilmir. 

Bütövlükdə, İslamda hamiləliyin dayandırılmasına məhz həyatın müqəddəsliyi və toxunulmazlığı bucağından baxılır. Bir tərəfdən də Quranda belə bir ayə var: «Yoxsulluq üzündən uşaqlarınızı öldürməyin" («Ənam» surəsi, 151-ci ayə). Başqa tərəfdən, bir qədər fərqli düşünməyə vadar edən ayə də var: «Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə (“İmtahana çəkilən qadın” surəsi, 12-ci ayə). 

Şəksiz, bu problemi direktiv üsullarla həll etmək mümkün deyil. Bu və ya başqa qanundan yan keçmək üçün həddindən artıq pozuntular tətbiq etmək mümkündür. Amma əhalinin maarifləndirilməsi də vacibdir. Özü də təxirəsalmadan. Etiraf edilməlidir ki, bu cür mənfi durum çox toplumlara xasdır. 

Bir qədər öncə, Rusiyada demoqrafik böhranın olduğunu qeyd edən prezident Dmitri Medvedev ekspert rəylərinə istinad edərək bildirib ki, bunun əsas həll yolu «ailələrdə uşaq sayını radikal şəkildə üç və daha artıq etməkdir». Bu problem bir sıra Avropa ölkələrində ciddi müzakirə edilib. Yəni insanlar süni şəkildə öz ölkələri üçün demoqrafik problem yaratmalı deyillər. Özü də bu problem sabah üçün bugünkündən qat-qat yüksəkdir. 


MƏSLƏHƏT GÖR:

478