Müəllif: Nadir XOSROVOĞLU Bakı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi, Bakı çempionatı, həmçinin ilk dəfə olaraq Bölgələrarası Kubok keçirilib. Sevindirici məqamdır ki, bu il yarışlarda rekord sayda - 112 nəfər gimnast iştirak edib. Medallar uğrunda Göyçay, Kürdəmir və Qusardan olan gimnastlar da mübarizə aparıb. 1999-2001, 2002-2003, 2002-2006-cı il təvəllüdlü gimnastlar iki gün ərzində lent, gürzlər, top və halqa ilə, həmçinin alətsiz çıxışlar ediblər.
2004-cü il təvəllüdlü gimnastlar arasında "Neftçi" klubunun üzvü Arzu Cəlilova birinci olub. Nərminə Səmədovayla Zərifə Bəşirova müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər. 2005-ci il təvəllüdlü qızların turnirində Bakı Gimnastika Məktəbinin yetirməsi Elnarə Cabbarova üçüncü yeri tutub. Cüzi xal fərqiylə geridə qalan Nərmin Bayramova gümüş medalla kifayətlənib. Selcan Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışda 8 yaşlı gimnastların mübarizəsində də ciddi rəqabət müşahidə olunub. Fidan Yusifzadə 28.05 xalla bürünc medal qazandığı halda, Elmira Məmmədova 28.65 balla ikinci olub. Bütün həmkarlarını qabaqlayan "Neftçi" İSM-nin üzvü Cahan Əsədova qələbə sevinci yaşayıb.
1999-2001-ci il təvəllüdlü gimnastların yarışında Bakı Gimnastika Məktəbinin yetirməsi Mədinə Mustafayeva bürünc medal əldə edib. "Spartak"ın üzvü Leyli İbrahimova ikinci yeri tutub. Bu kateqoriyada favorit hesab edilən Jalə Piriyeva sürprizə imkan verməyib və yarışı qələbəylə başa vurub.
2002-2003-cü il təvəllüdlü qızların turnirində Vəfa Həsənzadə fəxri kürsüdə son pilləni tutub. İlk iki yeri "Ocaq" məktəbinin üzvləri bölüşdürüb. Luzan Yelizaveta birinci, Narın Qurbanova isə ikinci olub. İlk dəfə keçirilən "Bölgələrarası Kubok" yarışında Qusar təmsilçisi Asiman Orduxanova bürünc, Qusarın daha bir nümayəndəsi Lətifə Sultaliyeva gümüş medal qazanıb. Nərmin Bayramova 28.2 balla turnirin qalibi olub.
Yarışın nəticələri barədə "R+"a danışan bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva nəticələr barədə bunları dedi: "Regionların yarışında rəqabət görmək çox sevindirici haldır. İki gün ərzində azarkeşlər maraqlı və rəngarəng kompozisiyalar izlədi. İştirakçıların sayı əvvəlki illərə nisbətən artıb. Bu Azərbaycanda gimnastikaya olan marağı göstərir. Sözsüz bu sahədə regionlarda aparılan iş xüsusi vurğulanmalıdır. Valideynlər uşaqlarını böyük sevgiylə gimnastikaya gətirir. Eyni zamanda Azərbaycan Gimnastika Federasiyası tərəfindən yaradılan yüksək şərait bizi daha həvəslə çalışmağa vadar edir. Belə gözəl Milli Gimnastika Arenasında yarış keçirmək hər bir idmançı üçün stimuldur".
İştirakçıların sayının artmasıyla yanaşı, bölgələrin turnirdə təmsil olunması yeniyetmələrin gimnastikaya olan marağını göstərir. Bakı Gimnastika Məktəbiylə yanaşı, digər klubların təmsilçilərinin də medallar uğrunda yarışması məşqçiləri sevindirməyə bilməz. Bu yeniyetmələr gələcəkdə müxtəlif yaş qrupları üzrə yığma komandalarda beynəlxalq yarışlarda Azərbaycanın şərəfini qoruyacaq.
İLK MƏNBƏDƏN
"Regionların yarışında rəqabət görmək çox sevindirici haldır. Bu Azərbaycanda gimnastikaya olan marağı göstərir. Valideynlər uşaqlarını böyük sevgiylə gimnastikaya gətirirlər. Eyni zamanda Azərbaycan Gimnastika Federasiyası tərəfindən yaradılan yüksək şərait bizi daha həvəslə çalışmağa vadar edir".
Mariana VASİLEVA, bədii gimnastika üzrə
Azərbaycan millisinin baş məşqçisi
MƏSLƏHƏT GÖR: