Müəllif: Nərminə VƏLİYEVA Bakı
Azərbaycanın əməkdar rəssamı Hüseyn Haqverdi adi daşdan əsl incəsənət əsərinin yaradılması, ona ruh verilməsinin yollarını yaxşı bilir. Bunun üçün daşa ruh vermək, xarakter vermək kifayətdir. Rəssam müxtəlif janrlarda, müxtəlif materiallarla işləyir. Buraya heykəl, rəsm, şəkil, monumental sənət, böyük formalarla iş daxildir. H.Haqverdi Bakı katolik kilsəsində quraşdırılmış Müqəddəs Məryəm heykəlinin müəllifidir. Səngəçal terminalındakı epik süjetli mozaik panel də onun əl işidir.
- Hər şey nədən başladı?
- Mən rəssam Həsən Haqverdinin ailəsində böyümüşəm. İnşaatçılar prospektindəki rəssamlar evində yaşayırdıq. Evin birinci mərtəbəsində emalatxanalar var idi və biz - mən, qardaşım Ucal, bacılarım Səidə və Aidə yaradıcı atmosferdə böyümüşük. Şəkil çəkməyi, plastilindən müxtəlif fiqurlar yaratmağı çox sevirdim. Yadımdadır, uşaqlıq dövrümdə təsadüfən əlimə düşmüş Amerika jurnallarından birində dostumla birlikdə qeyri-adi avtomobil modelləri görmüşdük. Plastilindən onların surətini hazırlamaq qərarına gəldik. Bu modellər üzərində çox işlədik - hər bir detalı nəzərə alır, dəqiqliklə işləyirdik. Onlar sadəcə statik fiqurlar deyildi: plastilindən hazırladığımız maşınların qapıları, yük yeri açılır, salonda sükan, oturacaqlar var idi. Daha sonra plastilindən atlı ordusu hazırlamaq qərarına gəldik - Napoleonun və Suvorovun arzularını. Hər bir orduda, təxminən, 20 atlı var idi. Bütün günü bu işlə məşğul olur, düşünür, hazır fiqurlara yenidən əl gəzdirirdik. Uşaqlıqda ya multiplikator, ya da rejissor olmağı arzulayırdım. 12 yaşım olarkən qardaşım və dostlarımla birlikdə həvəskar kamera ilə cizgi filmləri çəkirdik. Onların qəhrəmanı plastilindən hazırlanmış fiqurlar və ya çəkilmiş şəkillər olurdu. Məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil oldum. Orada heykəltəraşlıq fakültəsində təhsil aldıqdan sonra daha 5 il V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbinin memarlıq-dekorativ plastika fakültəsində oxudum.
- Heykəlləriniz necə ərsəyə gəlir? Müasir incəsənətdə heykəllərin yerini harada görürsünüz?
- Konseptual, zehni sənət maraqlıdır. Amma texnika yoxdursa, öz ideyalarını insanlara uğurlu şəkildə çatdırmaq çətin olur. Heykəllər mənim üçün, ilk növbədə, forma ilə birlikdə ideyadır. Bu, forma ilə əlaqəli bir təbiət hadisəsi, hisslər məkanıdır. Bu, sanki, qədim bir dildir və o, hər birimizin daxilində yaşayır, hər bir insan onu başa düşür. Heykəllərin hazırlanması prosesi necə baş verir? Mən əvvəlcə beynimdə bir obraz yaradır, daha sonra onu daşa və ya taxtaya köçürürəm. Müxtəlif materiallarla eksperiment etməyi, oynamağı çox sevirəm. Bu, mənə işimi davam etdirmək üçün əlavə təkan verir. Hər şey bir-birilə əlaqəlidir. Daşdan qrafikaya, qrafikadan rəsmə, oradan yenidən daşa keçə bilərəm. Müxtəlif üslublarda və texnikada işləyirəm. Özümə heç bir məhdudiyyət qoymadan, ən müxtəlif eksperimentlərə əl atıram. Daşla, ağacla, parça ilə və MDV ilə işləməyi çox sevirəm.
- Amma daşa xüsusi məhəbbətiniz var. Bu yaxınlarda Müasir İncəsənət Muzeyində "Daş" adlı fərdi sərginiz keçirildi. Bu materiala həvəsiniz haradan qaynaqlanır?
- Bəli, daşı sevirəm. Bu, təbii fiqura, müxtəlif çalarlara malik möhkəm, uzunömürlü materialdır. Xüsusilə bizim Abşeron daşımızı, qum daşını çox sevirəm. Mənim üçün onun xüsusi rəmzi mənası var. O, özündə keçmişə dair informasiyaları qoruyub saxlayır. Daş ölkəmizin, onun memarlığının tarixi, sanki keçmişin donub qalmış musiqisidir. Sərgiyə 45 hekəltəraşlıq işi təqdim etmişdim və onların 7-si - relyef lövhələrindən, 9-u dairəvi heykəllərdən ibarət silsilə, 11-i "Rekviyem", 8-i "Totemlər", 10-u "Portretlər" siklindən, 7-si isə qrafik iş idi.
- Əl işləriniz arasında çox parlaq işlər də var və onlar rəngarəngliyi ilə seçilir. Həyatda nikbin insansınızmı?
- (gülümsəyir) Görünür, həmin an məndə parlaqlıq olub. Həyatda isə fərqli əhvallarda oluram. Onları rənglərlə ifadə etmək olar: tünd, tutqun qaralmış rənglərdən tutmuş, nikbin parlaq və aydın rənglərədək. Hər şey əhvalımdan, işdə qarşıma qoyduğum vəzifələrdən asılıdır. Rənglərlə və formalarla eksperiment etməyi xoşlayıram. Bəzən bir müddət keçdikdən sonra artıq hazır işə əlavə ştrixlər vermək qərarına gəlirəm. Nəticədə, əsər sanki yeni əhvala bürünür.
- Hansı rəssamların yaradıcılığından təsirlənmisiniz?
- İlk növbədə, atamın adını çəkərdim. O, mənim üçün nümunə olub. Yaradıcı ailədə doğulmaqda bəxtim gətirib. Fuad Bakıxanov, Sənan Qurbanov və bir sıra digər Azərbaycan rəssamları ilə qarşılaşdığım üçün taleyimə minnətdaram. İncəsənətə baxışımın formalaşmasına isə Pikassonun, Henri Murun, Van Qoqun, Arxipenkonun, Maleviçin, Kandinskinin, Elya Lisiskinin, Cakomettinin, Brankuzinin, Rodenin yaradıcılıqları təsir edib. Bu siyahını uzatmaq da olar. Bizim vaxtımızda Avropa incəsənətində nələrin baş verdiyindən nadir hallarda xəbər tuturduq. Bu, təsadüfən əlimizə keçən Almaniya Demokratik Respublikasından gətirilmiş jurnallar sayəsində mümkün olurdu. Sanki qaynamaqda olan dünyaya qapalı olan qapının arxasında idik. Qapının o biri tərəfində isə sərgilər açılır, müxtəlif festivallar, yaradıcılıq axşamları keçirilirdi. Bu gün isə hər şey çox asan və sadədir: internetə daxil ol, maraqlandığın mövzunu axtarışa ver, vəssalam - otur bax, oxu, öyrən.
- Demək olar ki, bütün materialları sınaqdan keçirmisiniz. Daha nədən məmnuniyyətlə heykəl yaradardınız?
- (gülür) Marsdan gətirilmiş daşdan. Yaradıcılıqda məşhur olan bütün materiallarla tanışam, onların hər biri ilə eksperiment aparmışam. Düşünürəm ki, çətin material yoxdur. Hər bir materialdan incəsənət əsəri yaratmaq mümkündür. İstək, istedad və əlbəttə ki, texniki imkanlar varsa. Təəssüf ki, texnologiyalar baxımından hələ çox geridəyik. Yadımdadır, Bayılda paslanmayan metaldan fəvvarənin hazırlanması üzərində işləyirdik. Bu işə o qədər vaxt və güc sərf etdik ki! Ən primitiv üsullarla işləyirdik. Halbuki dünyada daha sürətli və məhsuldar işləməyə imkan verən texnologiyalardan çoxdan istifadə olunur. Təsəvvür edin ki, şəhərdə ucaldılacaq heykəlin necə görünəcəyini kağız üzərində çəkirsən, lakin işə gəldikdə saysız-hesabsız çətinliklərlə qarşılaşırsan. Odur ki, texniki baza, emalatxanalar olmalıdır ki, rəssam bütün ideya və planlarını həyata keçirə bilsin.
- Fikrinizcə, bizdə istedadlı gənc heykəltəraşlar və rəssamlar varmı?
- Bizdə istedadlı uşaqlar həddindən artıq çoxdur. Ən başlıcası isə indi onlar üçün ölkədə yaxşı yaradıcılıq mühiti formalaşdırılır. Gənc istedadlara belə dəstəyin verilməsi çox vacibdir. Çünki istedadlı gənclik ölkəmizin gələcəyidir.
MƏSLƏHƏT GÖR: