24 Noyabr 2024

Bazar, 02:48

GİZLİ TƏHDİDLƏR

İnsani dəyərlərin ucuzlaşdırılması dünya əhalisinin azaldılmasına xidmət edir

Müəllif:

16.12.2014

Müasir dünya çox sürətlə dəyişir. Bir tərəfdən bu, tamamilə təbiidir - texnologiyalar inkişaf edir. Amma həqiqətənmi elmi-texniki inkişaf bizim şüurumuza bu qədər təsir göstərir? Niyə bünövrəmizi təşkil edən milli-mənəvi dəyərlərdən belə asanlıqla imtina edirik? Vəziyyət o yerə gəlib çıxıb ki, indi populyar musiqi müsabiqəsində qadın paltarında olan saqqallı bir məxluq qalib gəlir, dövrümüzün qəhrəmanına çevrilir, onunla hətta BMT-nin baş katibi foto çəkdirir, bu "qəhrəmanın" gecə təşvişləri isə Avropa liderlərini narahat etməyə başlayır. Nədən bu yaxınlaradək "ağlasığmaz" adlandırdığımız məfhumlar bu gün sürətlə həyatımıza daxil olur?! Nədənsə insanlığı xas olmayan hannibalizm (insanların bir-birini yeməsi), evtanaziya (intihar), eyni cinsdən olan insanların nikahı qəflətən normal hala çevrilməyə başlayıb.

Bir neçə misal çəkək. Litvanın səhiyyə naziri Rimante Şalaşyavyaçyute yoxsul insanlara çox qəribə məsləhət verib: yoxsul olduqları üçün tibbi xidmətlərə müraciət edə bilmirlərsə, intihar etsinlər. O, KİV-ə müsahibəsində Litvanın sosialist dövləti olmadığını, buna görə də hər kəsə palliativ yardımın göstərilmədiyini bildirib. O, "pediatriya evtanaziyası" məsələsini də qaldırıb. Söhbət xəstə uşaqların öldürülməsindən gedir. Nazir Litva ictimaiyyətinə artıq Belçikada uşaqların belə "hüquqa" malik olduqlarını xatırladıb. Necədir? Sən demə, xəstə uşaqların öldürülmək "haqqı" var imiş! Bu, qədim Spartada və ya nasist Almaniyasında istifadə olunmuş təcrübədir. Amma bu gün onu bəziləri tamamilə sakit qarşılayır, üstəlik onu "şəxsiyyətin azadlığı" hesab edir.

Bir neçə il əvvəl Hollandiyada "Təcrübə donuzları" ("Proefkonijnen") verilişinin aparıcıları Dennis Storm və Valerio Zeno BNN telekanalının canlı efirində naharda bir-birlərinin ətini yemişdilər. Onların hər ikisi verilişdən əvvəl əməliyyata məruz qalmış, hər bir aparıcıdan bir tikə ət kəsilmişdi. "The Daily Mail" xəbər verir ki, "nahar" Stormun ombasından, Zenonun isə qarnından hazırlanıbmış.

Daha sonra aşpaz həmin ətləri yağda qızardıb, bu zaman oraya heç nə əlavə etməyib ki, aparıcılar insan ətinin əsl dadını bilsinlər. Eksperimentin məqsədi də məhz bu olub.

Nəticədə, Storm və Zeno elə studiyadaca bir-birinin dadına baxıblar. Dequstasiya prosesi şamlarla bəzədilmiş masada baş tutub. Bir-birinin ətini yeyən aparıcıların hər ikisi insan ətində xüsusi heç nəyin olmadığını, həmçinin əməllərindən peşmanlıq keçirmədiklərini söyləyiblər. Bununla yanaşı, onlar dadına baxdıqları əti xarakterizə etməyiblər. Və bütün bu şeytani ziyafət canlı efirdə "teleşou" adı ilə təqdim edilib.

Bundan başqa, eyni cinsdən olan şəxslərin nikahına və onların övladlığa uşaq götürmələrinə icazə vermiş Avropa indi də insest və pedofiliya kimi başqa belə iyrəncliklərin leqallaşdırılmasına başlayıb. Söhbət, ailə üzvlərilə və azyaşlı uşaqlarla qanunvericiliyə əsasən yaxınlıq etməkdən gedir. Məsələn, isveçli deputat Monika Qrenn və onun danimarkalı həmkarı Pernille Şkipper insestin "gender norması" sayılmasını lazım bilirlər. Üstəlik, onlar bu ideyaya qarşı çıxanları insestofob adlandırır, belə şəxslərlə mübarizənin "Avropa neoliberallarının proqramının vacib istiqaməti" sayırlar. Onların fikrincə, insestin leqallaşdırılması "Skandinaviyada qələbə çalmış liberal inqilabın nailiyyətidir". Bu fikirlər Skandinaviya liberallarının "Metrobloggen.se" nəşrində yer almış proqram məqaləsində əksini tapıb.

Amerikalılar da bu məsələlərdə avropalılardan geri qalmırlar. Hələ 2012-ci ilin sonlarında ABŞ Konqresi insest, nekrofiliya, zoofiliya, pedofiliya kimi "seksual oriyentasiyalar"a hüquqi və federal toxunulmazlıq statusunun verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Ondan bir il əvvəl - 2011-ci ilin dekabrında isə Barak Obama Vaşinqtonun xarici siyasi kursunun prioritet istiqamətlərindən birinin xaricdə seksual azlıqların hüquqları uğrunda mübarizə olduğunu açıqlamışdı. 

 

Bu, necə baş verir?

Bütün yuxarıda sadalananlar, yəni, ən müxtəlif qeyri-insani əməllərə qanuni don geydirilməsi, bunlara qarşı mübarizə aparanların cinayət məsuliyyətinə cəlb edilməsi illərlə aparılmış ciddi işlərin nəticəsidir. Bütün bunların insan inkişafının, xüsusilə də onun mənəvi inkişafının nəticəsi olduğuna inanmaq mümkün deyil. Axı, insanın yenidən öz ilkin vəziyyətinə - onun heyvandan fərqlənmədiyi dövrə - dönüşünü necə inkişaf adlandırasan? Beləliklə, bütün bu proseslərin sinxronluğu və idarə olunduğu şübhə doğurmur. Lakin bunların kimlərə lazım olduğu haqda danışmazdan əvvəl bütün bu prosseslərin necə həyata keçirildiyinə diqqət yetirilməlidir. Necə olur ki, şüurla bağlı manipulyasiyaların köməyi ilə əxlaqsızlıq həyat normasına çevrilir?

Bu manipulyasiya üsullarından birini, amerikalı elektrik mühəndisi, hüquqşünas, Makinak İctimai Siyasət Mərkəzinin vitse-prezidenti Cozef Overton açıqlayıb. O, insanlığa yad, qəbuledilməz ideyaların bu kateqoriyadan ayrılmasının, "təmizlənməsi"nin, qanunvericiliklə möhkəmləndirilməsinin və onlarla mübarizənin qadağan olunmasının yollarından birini müəyyənləşdirib. Bu nəzəriyyə, 2003-cü ildə aviaqəza nəticəsində dünyasını dəyişmiş Cozef Overtonun şərəfinə "Overton pəncərəsi" və ya "Overtonun imkanlar pəncərəsi" adlandırılıb. Nəzəriyyəyə əsasən, cəmiyyətdə istənilən ideya üçün imkanlar pəncərəsi mövcuddur. Bu pəncərə çərçivəsində istənilən nəzəriyyə geniş müzakirə, dəstək, təbliğat, nəhayət, qanunvericiliklə təsdiqlənmək imkanına malikdir. Adi insan mənəviyyatına zidd olan məsələlər əvvəlcə diskussiya mövzusu olur, bir qədər sonra aktuallığa, daha sonra reallığa çevrilərək, kütləvi şəkildə qəbul edilir və həyat norması olur. Bu, sadəcə şuur manipulyasiyası, sadəcə "beyinlərin yuyulub təmizlənməsi" deyil. Bu, çox zərif, incə bir nəzəriyyədir. Bu nəzəriyyənin ardıcıl və cəmiyyətin diqqətini cəlb etmədən həyata keçirilməsi onu çox effektiv edir.

Bu cür yasaq əməllərə nümunə kimi yuxarıda sadalananlardan birini göstərmək olar - hannibalizm, insest, evtanaziya və s. Bu mövzular cəmiyyət üçün iyrənc və yolverilməzdir. Onların mətbuatda və ya digər yerlərdə müzakirəsi isə daha da arzulanmazdır. Beləliklə, "pəncərə"də ilk hərəkət bu mövzuların mümkünsüzlər sırasından "radikallar" sırasına keçirilməsidir. Necə? Çox sadə. Axı, biz söz azadlığına malikik, elə deyil? Yəni müzakirəsi qadağan olunmuş mövzular ola bilməz. Nədən bu mövzuların öyrənilməsi üçün elmi konfrans və ya simpozium təşkil olunmasın?! Alimlər üçün isə ümumiyyətlə, müzakirəsi qadağan mövzu olmamalıdır. Demək, "pəncərə" artıq bir qədər açıldı. Daha sonra adıçəkilən iyrənclikləri dəstəkləyən qrup ortaya çıxır. Bu cəmiyyət yalnız virtual olsa belə, lazımi KİV dərhal onları "görür" və qrupun bəyanatlarını dərc etməyə başlayır. Daha sonra, belə insanları və onlarla eyni mövqedə olanları ən radikal yollarla məhv etməyə çağıran insanlar qrupu yaranır. Maraqlıdır ki, bu cür "mühafizəkarlar" dərhal bədheybət, faşist, dini fanatik, geridə qalmış, qeyri-tolerant insan kimi təqdim olunurlar. Yəni onların fonunda pozğunluq edənlər günahsız fağırlar kimi görünürlər. "Pəncərə" bir qədər də açılır və növbəti addım bu pozğunluqlara yeni, daha gözəl adın ortaya atılmasıdır. İntihar - "evtanaziya", homoseksuallıq - "həmcins sevgi" və ya "gender problemi", hannibalizm - "antropofagiya" və s. "Pəncərə"də həlledici məqamlardan biri gözəl evfemizmin - yəni yeni adın düşünülməsidir. Çünki bu yolla istənilən tabu bizim şüurlarımızda leqallaşmağa başlayır. Yeni adlar düşünməklə, məsələnin mahiyyətindən yayınmaq və onun mahiyyətini belə dəyişmək mümkündür. "Pəncərə" isə açılmaqda davam edir - bu dəfə tarixi zəmində. Məgər, tarixdə insan insanı yeməyib? Ailənin iki üzvü arasında nikah olmayıb və s.? Artıq yolun yarısı qət olundu. Mövzular artıq geniş müzakirələrə çıxarılır, beləcə, təbliğat üçün ən yaxşı an yetişir. Bu məqamda işə pop-mədəniyyət və yenidən mass-media müdaxilə edir. Müzakirələr tok-şoularda aparılır, populyar filmlərdə, mahnıların sözlərində, videokliplərdə ortaya çıxır. Bir-birinin ardınca həmcins nikahlara girən məşhurları görməyə başlayırıq. Görürük ki, sevdiyimiz personajlar adları sadalanan iyrəncliklərə yol verir, onları anlamayan ətrafın münasibətindən əziyyət çəkirlər.

Əxlaqsızlıqların leqallaşdırılmasına tərəfdar olanlara haqq qazandırılması üçün isə cinayətkarın müsbət simasının təbliğinə başlanılır, halbuki bu sima onun törətdiyi cinayətlərlə heç uyğunlaşmır. Mövzu "qızışdıqda" isə artıq onu populyar mövzu kateqoriyasından "aktual" kateqoriyasına keçirmək olar. Bu, "pəncərə"nin açılmasında son mərhələdir. Artıq qanunverici bazanın hazırlanması ilə məşğul oluna bilər. Bu an səhnəyə hakimiyyət strukturlarındakı lobbiçilər çıxır, ictimai rəy sorğuları aparılır, əksəriyyətin bu kimi halların leqallaşdırılmasına tərəfdar olduğu ortaya qoyulur. Siyasətçilər leqallaşmaya dəstək olaraq pilot bəyanatlar səsləndirir, cəmiyyətə bir ideya zorla qəbul etdirilir: buna icazə varsa, onun qadağan edilməsi mənasızdır. Çünki müasir dünyada liberalizmin məğzi məhz budur - tolerantlıq, tabulara qadağa.

"Overton pəncərəsi" nəzəriyyəsinin iş prinsipi qısa olaraq, belədir. Qeyd etmək lazımdır ki, Cozef Overton bu sxemi ixtira etməyib, sadəcə izah edib. Bu prinsip müxtəlif variasiyalarda artıq kifayət qədər uzun müddətdir ki, işləyir. Bu prinsipdə əsas sirr tədricilik və ardıcıllıqdır. "Overton pəncərəsi"nin köməyilə nəinki müxtəlif cinsi və ya məişət pozuntularını, hətta ən müxtəlif dağıdıcı siyasi və sosial ideyaları leqallaşdırmaq, populyarlaşdırmaq olar. 

 

Bu, kimə və nə üçün lazımdır?

"Overton pəncərəsi" şüurla manipulyasiya etmənin üsullarından biridir. Belə üsullar onlarla, hətta yüzlərlədir. Onlar birdən-birə peyda olmur. Belə üsullar illərlə ən yaxşı psixoanalitiklərin, sosial psixoloqların və digər mütəxəssislərin köməyilə işlənib hazırlanır. Artıq qeyd etdiyimiz kimi, Overton, Makinak İctimai Siyasət Mərkəzinin vitse-prezidenti idi. Bu mərkəz ictimai-siyasi məsələlərin araşdırılması ilə məşğul olur. Onu da xatırladaq ki, belə üsulların və təşəbbüslərin hazırlanması ilə də Tavistok İnsan Münasibətləri İnstitutu, Stenford Elmi Araşdırmalar İnstitutu, Massaçusets Texnologiya İnstitutunun Qrup Dinamikası Araşdırma Mərkəzi və s. məşğul olurlar.

Onların arasında Tavistok İnstitutunun layihələrini ayrıca qeyd etmək lazımdır. O, 1946-cı ildə Rokfeller Fondu tərəfindən yaradılıb. Böyük Britaniyada xeyriyyə fondu kimi qeydiyyatdan keçmiş qurum ictimai davranış texnologiyalarının əsas yaradıcılarından birinə çevrilib. Bu institutun mütəxəssisləri tərəfindən mass-medianın köməkliyilə ictimai rəyin formalaşdırılması üsulları hazırlanaraq ortaya qoyulub. İnstitut məhz bu layihəsinə görə, dünyada məşhurluq qazanıb. Mütəxəssislərin fikrincə, bu metodla kütləvi mədəniyyətin bütləri formalaşır və yeni mentallıq yaradılır.

Bu cür qlobal miqyaslı texnologiyalar sayəsində müasir dünyada sağlam düşüncəli insanlar belə, ənənəvi mentallığın daşıyıcısı olmaqdan imtina edir, sanki başqaları tərəfindən idarə olunan robota çevrilirlər. Nəticədə, onların şüurları ilə manipulyasiya etmək elə də çətin olmur. Bundan başqa, daha bir məqam nəzərdən qaçırılmamalıdır. Bütün sadalanan əxlaqsızlıqlar və evtanaziya sonda bir nəticəyə aparıb çıxarır: planetdə əhalinin sayı azalır. Bəşəriyyətin reproduktivliyi azalır, doğum sayı aşağı düşür, nəticədə, bütün bunlar qlobal dünyanın yenidən qurulmasına xidmət edir. Qərb dövlətlərində nəhəng biznes və siyasi elita təmsilçilərinin dünyada əhalinin sayının həddini aşmasından narahatlıqlarını dilə gətirmələri, əhalinin sayının azalmasının vacibliyini bildirmələri əbəs yerə deyil. Məsələn, İngiltərə kraliçasının mərhum həyat yoldaşı şahzadə Filipp "əhalinin sayının azalması üçün dünyaya ölümcül virus olaraq qayıtmaq istədiyini" dəfələrlə dilə gətirmişdi. ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton isə ABŞ hökumətinin "ailə planlaşdırılması və bütün dünyada reproduktiv sağlamlıq proqramlarına  yarım milyard dollardan artıq xarici yardım ayırmasından" fəxrlə danışırdı.

Qlobal biznes nümayəndələri də bu işdə siyasətçilərdən geri qalmırlar. "Microsoft"un yaradıcısı Bill Qeyts vaxtilə dünyada əhalinin sayının 10-15% azaldılması üçün mümkün variantları dilə gətirmişdi. Nəhayət, dünyanın ən zəngin şəxslərindən olan və yuxarıda qeyd edilmiş Tavistok İnstitutunun sposnsoru Devid Rokfeller, BMT-nin iclasındakı çıxışı zamanı demişdi: "Əhalinin sayının artımının bizim bütün planetar ekosistemimizə mənfi təsiri göz qarşısındadır".

Əslində isə əhalinin sayı ilə bağlı problem süni şəkildə şişirdilir. Məqsəd dünyanı məhv etməkdə olan texnologiyalara görə məsuliyyəti, məsələn, sürətlə "artan" somalililərin üzərinə qoymaqdır.

Dünyada insanların yaşaması üçün ərzaq məhsulları, yaşayış üçün əlverişli ərazilər də daxil olmaqla, digər vacib resurslar kifayət qədərdir. Bu gün dünyada silahlanmaya çəkilən xərclər bütün dünyada aclıq və ya susuzluğun aradan qaldırılması üçün tələb olunan məbləğdən dəfələrlə artıqdır. Ayrı-ayrı inkişaf etmiş regionlarda insanlar tonlarla ərzaq məhsullarını absurd tədbirlərdə "xərcləyirlər". Bəzi hallarda qida, geyim, məişət əşyaları sadəcə zibilliyə atılır. Ortaya sual çıxır: ümumiyyətlə, aclıq və ya hansısa resursun çatışmazlığı problemi varmı? Fikrimizcə, sadəcə ağıllı yaşam, ağıllı texnologiya, planetimizə diqqətlə yanaşma problemləri var. Deyəsən, dünyada əhalinin sayının azaldılmasının vacibliyini belə cidd-cəhdlə sübut etməyə çalışanlar bu dəfə də sadəcə dünya üzərində öz hakimiyyətlərini qoruyub saxlamaq məqsədi güdürlər.

Beləliklə, şüurumuzda, mədəniyyətimizdə əmələ gələn və tədricən normaya çevrilən insanlığa yad elementlərin haradan, necə yarandığını anlamaq çətin deyil.



MƏSLƏHƏT GÖR:

581