24 Noyabr 2024

Bazar, 19:41

Yeni şans

Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan AGRİ layihəsi aktuallığını itirməyib

Müəllif:

16.12.2014

Rusiyanın Qara dənizin dibi ilə Bolqarıstana çəkilməsi nəzərdə tutulan "Cənub axını" qaz boru kəmərini bağlamaq qərarı, Cənubi Avropa ölkələrinin "mavi yanacaq" la təmin olunmasında alternativ yolların axtarışları üçün Avropa strukturlarını fəallaşdırıb. AB əvvəlcə "Cənub axını"nın Avropaya alternativ qaz mənbəyi verməyəcəyini, ancaq Rusiyadan asılılığı gücləndirəcəyini qeyd edərək, layihəyə mənfi yanaşırdı. Bununla bərabər, RF Avropa bazarından imtina etmək niyyətində deyil və Qara dənizdən keçərək Türkiyəyə çıxmaqla və qazın türk-yunan sərhədinə tədarük olunması ilə bağlı yeni qaz kəmərinin tikintisi haqda açıqlama verdi. Bu layihə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri çərçivəsində məlum oldu.

Bu layihə Cənub Qaz Dəhlizi layihəsini reallaşdıran Azərbaycanda müəyyən narahatlıq doğurdu. Lakin SOCAR-da (Dövlət Neft Şirkəti) hesab edirlər ki, narahatlıq üçün heç bir əsas yoxdur. SOCAR prezidenti Rövnəq Abdullayevin bəyan etdiyi kimi, "Cənub axını" və Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının nəqlinə istiqamətlənmiş layihələr heç vaxt rəqib olmayıblar. Çünki onların hər birinin öz bazarı var. Bu o deməkdir ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması yolunda heç bir problem yoxdur. Öz növbəsində Rusiyanın "Cənub axını" layihəsindən imtina etməsi o deməkdir ki, layihənin iştirakçı ölkələri - Bolqarıstan, Macarıstan, Avstriya, Xorvatiya, İtaliya, Yunanıstan və Rumıniya qazın tədarükü üçün alternativ variantlar axtarmalı olacaqlar. 

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin prioritetliyi haqda artıq həm Türkiyə, həm də AB bəyan edib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun sözlərinə görə, TANAP layihəsi Türkiyə üçün Rusiyanın birgə layihəsi haqda sonuncu təklifindən daha öncül əhəmiyyətə malikdir. O, qeyd edib ki, Türkiyə Rusiya ilə qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalasa da, bu, TANAP-ın arxa plana atılması anlamına gəlməməlidir. 

"Biz TANAP-ın Gürcüstan və Avropa üçün önəmini bilirik. Biz layihə üçün artıq borular sifariş vermişik. Bu layihə neftin qiymətinin aşağı düşməsindən asılı olmayacaq və yekunlaşacaq. Biz hər yerdə TANAP-ın əhəmiyyətini qeyd edirik", - deyə M. Çavuşoğlu bildirib. 

Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviçin bəyanatına görə, AB Xəzər dənizinin yataqlarından Avropaya qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin tikintisinin sürətlənməsinə çalışacaq. 

"Xəzər qazının AB-yə tədarükü enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi üçün labüddür", - deyə o, Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasının yekunlarına dair çıxış edərkən bildirib. 

"Mən Cənub Qaz Dəhlizinin tikintisinin sürətləndirilməsi məqsədilə Bakı və Astanada keçirdiyim görüşlər haqda nazirləri məlumatlandırmışam", - deyə M. Şefçoviç məlumat verib - Azərbaycan tərəfindən işlərin qrafik üzrə gedəcəyinə dair aydın vədlər aldım, Azərbaycan Xəzər dənizi qazının AB sərhədlərinə kimi tədarük olunması layihəsinin vaxtında reallaşdırılmasında olduqca maraqlıdır. Həmsöhbətlərim bu qaz dəhlizinin Avropa hissəsinin koordinasiya işində yardım etməyimizi istədilər". 

"Azərbaycan və Türkiyə bu layihənin onlar üçün mühüm olması və bu layihəni vaxtında yerinə yetirmək istədiklərini təsdiqləyiblər", - deyə M. Şefçoviç qeyd edib.

Xatırlatmaq lazımdır ki, planlaşdırıldığı kimi, Rusiya qazının Türkiyə və Yunanıstana tədarükü üçün Türkiyənin şərqindən qərbinə uzanan Transanadolu (TANAP) qaz boru kəmərindən istifadə imkanları göstərilib. Bu məsələdə TANAP-ın əsas səhmdarı olan SOCAR da öz mövqeyini bildirib. Şirkət rəhbəri Rövnəq Abdullayevin sözlərinə görə, "layihə hesablamalarında bu (Rusiya qazının TANAP-la nəqli) nəzərə alınmayıb. Müraciət daxil olarsa, bu təklif nəzərdən keçirilə bilər".

Xatırladaq ki, 17 dekabr 2013-cü ildə Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının hasilatının ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul edilib. Layihənin ikinci mərhələsi çərçivəsində qaz Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi və Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz boru kəmərinin tikintisi yolu ilə Türkiyə və Avropa bazarlarına tədarük olunacaq. İlk qaz Türkiyəyə - 2018-ci ildə, Avropaya isə 2020-ci ilin əvvəlində nəql olunacaq.

 

İlk təkan 

Təsadüfdür ya yox, amma bu günlərdə o da məlum oldu ki, Böyük Britaniyanın "Penspen" mühəndis şirkəti AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) səhmdarlarına layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) yekun variantını təqdim edib. 2011-ci ilin fevral ayında tərəflər SC AGRI LNG Project Company SRL layihəsinin reallaşdırılması üçün xüsusi layihə hazırladı. TİƏ-nin yekun variantına Şuranın iştirakçıları tərəfindən baxılıb, daha sonra 2015-ci ilin yanvar-fevral aylarında keçirilməsi planlaşdırılan səhmdarların ümumi yığıncağında baxılması üçün tövsiyə olunub.

AGRİ-nin iştirakçıları ARDNŞ, Gürcüstanın Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın "Romgaz" şirkətlərinin olması da xüsusi önəm kəsb edir. AGRİ layihəsi Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək. Gələcəkdə Azərbaycan qazının Avropa Birliyi ölkələrinə ixracı üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrıca qaz boru kəmərinin çəkilməsi nəzərdə tutulub. Planlaşdırılır ki, hər il AGRİ çərçivəsində ildə 8 mlrd. kubmetrə qədər ildə maye qaz ixrac olunacaq. İlkin qiymətləndirilmələrə görə, layihənin reallaşdırılması tərəflərə 1,2-dən 4,5 mlrd. avroyadək (terminalın gücündən asılı olaraq) başa gələcək. 

AGRİ layihəsinin canlanması bu son dərəcə gərgin rəqabət şərtlərində Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün yeni qaz mənbələrinin axtarışları üzrə işlərin başlanması yolunda ilk təkan ola bilər. Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Ölkənin iri qaz ehtiyatları var (təkcə sübut edilmiş ehtiyatları 2,55 trln. kubmetr təşkil edir), ona görə də onların dünya bazarlarına tədarükü üçün müxtəlif marşrut və variantlar labüddür. R. Abdullayevin sözlərinə görə, bütün layihələrin reallaşmaq haqqı var: "Azərbaycanın böyük qaz ehtiyatları var və indi əsasən "Abşeron" yatağında yeni tədqiqat işləri aparılır və BP ilə birgə "Şəfəq-Asiman" perspektivli strukturun tədqiqinə hazırlıq işləri görülür". Həmçinin "Ümid-Babək" blokunun işlənməsi üçün tədbillər görülür. Və onların bazarlara çıxarılması üçün infrastruktur olmalıdır ki, gələcək bu rolu AGRİ də oynaya bilər". Bununla yanaşı, Dövlət Neft Şirkətinin rəhbəri qeyd edib ki, bu gün, ilk növbədə, genişlənmə üçün böyük imkanlara malik olan Cənub Qaz Dəhlizi çərçivəsində olan layihələr üzrə işlər aparılır. "Zərurət yaranarsa, o cümlədən bazarda vəziyyətdən asılı olaraq, biz AGRİ layihəsinə də qayıda bilərik", - deyə R. Abdullayev qeyd edib.

Azərbaycan hər zaman enerji resurslarının ixrac marşrutlarının şaxələndirilməsinin tərəfdarı olub və olacaq. Avropa Birliyi və Azərbaycan enerji bazarlarının inteqrasiyasından xeyir əldə edə bilər və bununla da, öz enerji təhlükəsizliyini möhkəmləndirər. Lakin hazırda ən iri beynəlxalq şirkətlərdən birinə çevrilmə astanasında olan SOCAR, bu və ya digər layihələrdə iştirak və onların ölkənin iqtisadi maraqlarında reallaşdırılmasına uyğunluq prinsipinin tərəfdarıdır. Yekun nəticədə həmişə bütün tərəflərin maraqlarına cavab verməlidir. Amma əmtəəni almaq istəyənlər çox ola bilər, lakin son söz yenə də onu satanındır.



MƏSLƏHƏT GÖR:

637