14 Mart 2025

Cümə, 21:00

«QARA QİTƏ»də «AĞ İNQİLAB»

Mübarək getdi. növbə kimindir?

Müəllif:

15.02.2011

Qahirənin Təhrir meydanında 2 milyon misirli prezident Hüsnü Mübarəkin istefasını birağızdan tələb etməyə başlarkən, artıq onun hakimiyyətdən gedəcəyi şübhə doğurmurdu. Mübarəki devirmək ideyası Misirin bütün müxalifət qüvvələrini birləşdirmişdi - qərbpərəst liberallardan tutmuş, radikal fundamentalistlərədək.

Mübarəkin sentyabrda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürməyəcəyini söyləyərək, səlahiyyətlərinin əhəmiyyətli hissəsini vitse-prezident Ömər Süleymana verməklə hakimiyyətdə qalmağa etdiyi cəhdlər isə heç bir nəticə vermədi. Əksinə, bu addımlar Mübarəki 30 illik hakimiyyəti dövründə avtoritar və korrupsiyalaşmış rejim qurmaqda günahlandıran etirazçı kütləni daha da hiddətləndirdi.

Mübarəkin gözlənilmədən Təhrir meydanının həndəvərində peyda olmuş tərəfdarlarının aktivləşməsi sayəsində hakimiyyətdə qalmaq cəhdləri də nəticəsiz qaldı. Toqquşmalar zamanı yüzlərlə insanın ölümü Mübarəki qaçılmaz qərar qəbul etmək məcburiyyətində qoydu.

Nəhayət, təşəbbüsü, Mübarəkin əsas dayağı sayılan ordu öz əlinə aldı. Daha böyük tələfatlardan qaçmaq istəyi və Mübarəkin hakimiyyəti Ömər Süleymana ötürmək planının yaratdığı narazılıq isə Misir Silahlı Qüvvələrinin rəhbərliyini də  Mübarək idarəçiliyinə son qoymağa vadar etdi. 

Beləliklə, Hüsnü Mübarək istefa verərək, Qahirədən Şarm əş-Şeyxə getdi. Bundan əvvəl isə o, hakimiyyəti Silahlı Qüvvələrin Ali Şurasına təhvil verdi. 

Qeyd edək ki, bu quruma müdafiə naziri, feldmarşal Məhəmməd Hüseyn Tantauiyə rəhbərlik edir.

Feldmarşal, öz növbəsində, bəyanatla çıxış edərək, «ölkə vətəndaşlarının marağı xatirinə» postunu tərk etdiyi üçün, Mübarəki alqışlayıb. O, kütləvi toqquşmalar zamanı həlak olanları da alqışlayıb və hakimiyyəti qəsb etməyəcəyinə söz verib. «Silahlı Qüvvələrin Ali Şurası Misir xalqını qane edən qanuni hakimiyyətə alternativ deyil», - deyə Tantaui bildirib.

Beləliklə, Misir tarixində Hüsnü Mübarək erası bitdi. Amma əminliklə söyləmək olar ki, bu siyasətçinin gec-tez iflasa məhkum olacağı, onun hətta öz ölkəsinin siyasi Olimpində peyda olduğu gündən aydın idi. Və hətta, belə demək mümkünsə, bu iflasın əsası ondan qat-qat əvvəl - 1952-ci ildə bir qrup hərbçinin dövlət çevrilişi edərək, kral Faruqu devirdiyi dövrlərə gedib çıxırdı.

O zaman Camal Əbdül Nasir sosialist quruluş yaratmağa başladı, faktik olaraq, «soyuq müharibə»də SSRİ-nin tərəfinə keçdi (hərçənd, rəsmən Misir neytrallıq nümayiş etdirirdi). O, ərəb millətçiliyi şüarını əsas götürdü. Əsas hədəf isə ABŞ-ın Yaxın Şərqdəki  müttəfiqi olan İsrail idi.

Nasirin ölümündən sonra hakimiyyətə gəlmiş Ənvər Sadat Misir siyasətində sərt dönüş etdi. Qahirə Vaşinqtona tərəf meyilləndi, hadisələrin belə gedişindən narazı olan Misir vətəndaşları isə repressiyalarla üzləşməyə başladı. Amma bu, «dünya demokratiyasının dayağı» olan ABŞ-ın vecinə deyildi. Birləşmiş Ştatların ozamankı prezidenti Riçard Nikson Misirin siyasətindəki dönüşə görə minnətdarlıq olaraq, Qahirəyə birdəfəlik yardım ayırdı. Yardım 250 milyon dollar dəyərində silah-sursatı da nəzərdə tuturdu. 

O vaxtdan ABŞ regionda amerikapərəst siyasətin mərkəzinə çevrilmiş Misir hökumətinə daim dəstək olub.

Bu siyasəti Sadatın radikal islamçılar tərəfindən qətlə yetirilməsindən sonra hakimiyyətə gələn Hüsnü Mübarək də davam etdirdi. 

Qeyd edək ki, Sadatın öldürülməsinə səbəb onun İsraillə Kemp-Devid sülh razılaşmasının imzalanması idi. Mübarək isə ABŞ və «sionist rejimi» ilə münasibətləri nəinki inkişaf etdirdi, həm də Vaşinqtonun «etibarlı strateji tərəfdaşı»na çevrildi. Öz növbəsində, ABŞ Misirdə islamçıların və ya SSRİ-yə meyilli solçu qüvvələrin hakimiyyətə mümkün gəlişindən sığortalanmaq üçün Mübarəkin tətbiq etdiyi fövqəladə vəziyyəti dəstəklədi. 

Qeyd edək ki, «fironlar ölkəsi»ndə həmin fövqəladə vəziyyət bugünədək qüvvədədir. 

Mövcud rejimin demokratiyaya kökündən zidd olması, digər Qərb dövlətləri kimi, Vaşinqtonda da heç zaman müzakirə obyekti olmayıb. Beləliklə, 3 onillik ərzində Mübarək hakimiyyəti, sanki, süngü üzərində qoruyub-saxlayıb. Amma hər şeyin bir sonu var: 2011-ci ilin yanvarında Tunisdəki inqilabdan ruhlanan 80 milyonluq Misirdə etirazçı kütlənin ayağa qalxması ilə, Mübarəkin 30 il «butulkada» saxladığı və nə vaxtsa oradan azad olacağını ağlına belə gətirmədiyi «cin» «azad olmağı» bacardı.

 

Beləliklə, Mübarək getdi 

Amma bundan dərhal sonra yalnız Misir yox, bütünlükdə dünya qarşısında bir sual yarandı - indi bu ölkədə nələr baş verəcək? Misirdə yaşananlar bütün İslam Dünyasına, dünyanın ən problemli bölgəsi olan Yaxın Şərqə necə təsir göstərəcək?

İndi əsas məsələ, ordunun özünü necə aparacağındadır. Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin ABŞ-la münasibətləri yalnız siyasi deyil, həm də maddi dəstəklə xarakterizə olunur. 

Müxalifət daxilində işlərin gedişi də həlledici olacaq. Artıq Misir inqilabının başında təşkilatlanmış gənclərin dayandığı heç kəsdə şübhə doğurmur. Onların böyük əksəriyyəti hansısa ideologiyanın girovunda deyilər və sadəcə, korrupsiyalaşmış avtoritar rejimə qarşı birləşməklə, demokratiya, azadlıq və sosial-iqtisadi islahatlar tələb edirlər. Odur ki, indi çox şey, əsasən də, Misirdə dünyəvi dövlətin qalıb-qalmayacağı, virtual İnternet məkanından Təhrir meydanına axışmış intellektualların aktivliyinin bundan sonra hansı təşkilati forma alacağından (təbii ki, alsa) asılıdır. 

Ölkədə, ilk növbədə, «Müsəlman qardaşlar» hərəkatı olmaqla, radikal islamçıların hakimiyyətə gəlməsi ehtimalı real olduğundan, bu qüvvələrin də  bundan sonrakı taktikası Misir inqilabının taleyində az rol oynamayacaq. Hazırda islamçıların mövqeyi nə qədər dumanlı görünsə də, Misir hadisələrində məhz onların rolunun artmaqda olması üzündən bir çox maraqlı qüvvələr Mübarəkin mümkün gedişinə ehtiyatla yanaşırdı. Dünya ictimaiyyətinin Misirdə yaşananlara reaksiyası məhz burda sonrakı hadisələrin perspektivi ilə bağlı  narahatlıqla  əlaqədar  idi.

Bu mənada, Qərbin mövqeyi maraqlıdır. Mübarəkin Yaxın Şərqdə avroatlantik dünyanın maraqlarını ifadə etməsinə baxmayaraq, Qərb əvvəlcə Misirdə dəyişikliklərin vacib olduğunu bəyan etdi. ABŞ və Avropa misirlilərin, həmçinin, bütünlükdə dünyanın gözündə diktaturanı dəstəkləyən qüvvə kimi görünmək istəmirdi. 

Amma digər yandan, Qərb bu dəyişikliklərin  sakit tərzdə  baş verməsinə israr edirdi və indi də edir.

Məsələn, ABŞ prezidenti Barak Obama Misirdə hadisələrin cərəyan etdiyi vaxt bir neçə dəfə bu haqda suala birbaşa cavab verməkdən yayınmışdı. O, hər dəfə dolayısı ilə göstərirdi ki, ABŞ Mübarəkin gedişinə razılaşsa da, islamçıların onun yerini tutmasını qətiyyən arzulamır. Vaşinqtonun Misirin yeni hökumətinə indidən onlardan İsraillə mövcud razılaşmaya əməl edilməsini gözlədiklərinə dair mesaj göndərməsi də bununla bağlıdır.

Bu məsələnin aktuallığı, əlbəttə ki, ABŞ-ın və bütünlükdə dünya qarşısında dayanmış daha bir məqamla bağlıdır: İslam Dünyası «passionar partlayış» yaşayır. Yəni, regionun bir sıra ölkələrində islamçıların hakimiyyətə gəlmə perspektivi kifayət qədər real görünür.

Tunis və Misirdə baş vermiş inqilab kabusu artıq Əlcəzair, Yəmən və İordaniyanı da bürüməkdədir. Növbədə Fars körfəzindəki monarxiyaların olduğu istisna deyil. Çünki İslam Dünyasının bir çox hərəkatları bu monarxiyalara yalnız «islam və ərəb dünyasının düşmənləri”nin maraqlarına cavab verən, cah-cəlal içində itib-batan rejimlər kimi yanaşır.

Bu ölkələrdən bəzilərinin rəhbərlərinin Misirdəki təlatümlərə reaksiyası da diqqətəlayiqdir. Küveytdə hakimiyyət cümə ibadətindən sonra istənilən yığıncaq və yürüşü qadağan edib, vətəndaşları «ümummilli maraqları hər şeydən üstün tutmağa» çağırıb.

Bəhreyn monarxı Həmad Bin İsa əl-Xəlifə isə krallığının hər bir ailəsinə 2700 dollar hədiyyə edib. Onun əleyhdarları monarxın bu addımını, ölkədə baş qaldırmaqda olan narazılığın qarşısını  almaq cəhdi kimi qiymətləndiriblər.

Nəhayət, İsrailin mövqeyini də Misirdəki vəziyyətin gələcək inkişafı üçün lakmus kağızı saymaq olar. Prezident Şimon Peres, yəqin ki, misirlilərin hakimiyyətə qarşı qalxdığı ilk anlarda Hüsnü Mübarəkə açıq dəstək verən yeganə dövlət başçısı oldu. Peres ABŞ-ı da Mübarəki müdafiə etməyə çağırıb, Misirdə hakimiyyətə islamçıların gələ biləcəyilə bağlı xəbərdarlıq bəyanatı səsləndirib. Fransanın «Lib?ration» qəzeti yazır ki, «İsrail Mübarəki açıq şəkildə dəstəkləməklə riyakar demokratiya  maskasını çıxarmış oldu».

Mübarəkin istefaya getməsindən sonra isə Təl-Əvivin baş verənlərə rəsmi mövqeyi hələ də açıqlanmayıb. Yalnız İsrailin dövlət radiosu baş nazir Benyamin Netanyahunun dəftərxanasının mövqeyini açıqlayıb: «Hazırda vəziyyət çox mürəkkəbdir  və nəyin baş verəcəyi bəlli deyil».

İsrail KİV hesab edir ki, Mübarək rejiminin devrilməsi Təl-Əvivin ona qarşı mülayim mövqedə olan ərəb rejimləri ilə əməkdaşlığının əsasındakı konsepsiyanın iflasıdır. 

Mətbuat yazır ki, İsrail həmin dövlətlərin İranla qarşıdurmada həmrəyliyinə ümid edirdi.

Yəhudi ekspertlərin fikrincə, Yaxın Şərqin müsəlman ölkələrində demokratikləşmə yalnız islamlaşma deməkdir.

Beləliklə, əksər insanlar üçün qədim sivilizasiyasının sirləri ilə maraq doğuran Misir, həm də dünya ictimaiyyəti üçün haqqında düşünüləcək çox şeylər verdi. Amma şübhə yoxdur ki, yalnız keçmişin «ağ ləkələri»nin açılması deyil, həm də Yaxın Şərqin və bəlkə də, ümumilikdə, beynəxalq sabitliyin taleyi də, bu gün Misirdə yaşanan hadisələrin sonrakı inkişafından asılı olacaq.



MƏSLƏHƏT GÖR:

459