14 Mart 2025

Cümə, 21:51

YOL BİZNESİNDİR - KORRUPSİYAYA SAVAŞ ELAN OLUNDU

Müəllif:

15.02.2011

Bu ay Azərbaycanın Qərb bölgəsi ali qonağı qarşılayıb. Prezident İlham Əliyev Tovuz, Qazax, Samux, Gəncə, Naftalan və Goranboyda səfərdə olub. Dövlət başçısının səfər proqramı çox sıx idi - onun baş çəkdiyi hər bir şəhər və rayonda bir sıra obyektlərin açılışı  keçirilib - sənaye müəssisələri, avtomobil yolları, məcburi köçkünlər üçün evlər, səhiyyə, mədəniyyət  və s. obyektlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti mütəmadi olaraq regionlara baş çəkir, orada regionların inkişaf proqramının reallaşdırılması vəziyyəti ilə tanış olur, problemləri yerindəcə  öyrənir. Bu səfər də istisna olmayıb və bir sıra vacib məqamlarla yadda qalıb.

Səfər proqramının detallarına getmədən qeyd edək ki, elə təkcə prezidentin açdığı obyektlərin sayı regionların sosial-iqtisadi inkişaf səviyyəsinin göstəricisidir. 

Bu o deməkdir ki, iqtisadiyyatın regionlar və sahələr üzrə diversifikasiyası siyasətinin nəticələri göz qabağındadır.

Statistika göstərir ki, ötən il ərzində qeyri-neft ÜDM-in artımı 7,9% təşkil edib. Ümumilikdə, qeyri-neft ÜDM-in ümumi artımı isə 44,4%-dir. Bir məqama diqqət etmək lazımdır ki, qeyri-neft sektorunun bu inkişafı neft-qaz sahəsinin davam etməkdə olan inkişafı fonunda baş verir - hasilat sənayesi hələ də ölkədə istehsal olunan məhsulların əsas hissəsini təşkil edir - 75,8%.

Əlbəttə ki, qeyri-neft sektorunun inkişafında özəl sektor böyük rol oynayır. Amma dövlətin dəstəyi olmadan biznes dağılmış iqtisadiyyatdan, müstəqilliyin ilk dövrlərindəki xaos və müharibədən miras qalmış problemlərə qalib gələ bilməzdi. Biznes üçün mövcud olan güzəştli şərtlər, dövlət xətti ilə reallaşdırılan infrastruktur layihələri - bütün bunlar qeyri-neft iqtisadiyyatının investisiyaya cəlbediciliyini artırır.

2010-cu ildə ölkənin iqtisadi və sosial inkişafına bütün mənbələr hesabına, təxminən, 10 milyard manat investisiya qoyulub. Onun əsas hissəsi (66,3%) tikinti-montaj işlərinə xərclənib. Maraqlıdır ki, Azərbaycan iqtisadiyyatına qoyulmuş daxili və xarici investisiyaların nisbəti 75,2%-in 24,8%-ə - daxili mənbələrin xeyrinədir. 

Bununla yanaşı, əvvəlkitək kapital qoyuluşu, əsasən, sənayenin inkişafına yönəlib - 42,5%. Kənd təsərrüfatı sahəsinə cəmi 4,6% investisiya qoyulub, amma görünən odur ki, cari il bu  göstərici xeyli artacaq. Prezidentin qərb regionunda səsləndirdiyi bəyanat da bunu göstərir.

«Bu yaxınlarda verdiyim tapşırıqlar əsasında, indi Azərbaycanda taxılçılığın inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasından ötrü boş torpaq sahələri axtarılır. Yaxın vaxtlarda o torpaqlar müəyyə ediləcək və dövlət tərəfindən bütün infrastruktur təminatı - elektrik enerjisi, su təminatı təşkil ediləcək ki, Azərbaycanda kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsində daha da böyük uğurlara nail olaq», - deyə İ.Əliyev bildirib. O deyib ki, ölkənin heyvandarlıq, üzümçülük sahələrində də çox işlər görmək olar.

Əsas hədəf xüsusilə dünyada qlobal ərzaq böhranı təhlükəsi şəraitində, ölkənin ərzaq təhlükəsizliyinin daxili resurslar hesabına təminidir. Hazırda Azərbaycan bitkiçilik və quşçuluq sahəsində daxili təlabatın təxminən 70%-ni öz hesabına ödəyir. Ət və süd məhsulları, bitki yağı, qənd və digər ərzaqlara olan tələbatın daxili imkanlar hesabına ödənilməsi isə az qala, 100% səviyyəsindədir.

Digər hədəf xarici bazarlara çıxışdır. Bu, biznes şəraitinin daha da yaxşılaşdırılmasını, sahibkarlığın inkişafındakı maneələrin aradan qaldırılmasını zəruri edir. Prezident də bu məsələ üzərində xüsusi dayanıb. «Bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır», - deyən İ.Əliyev biznesə tam siyasi dəstək verib.

Bu konteksdə İlham Əliyev dövlətin rüşvətxorluq və korrupsiya ilə mübarizəni gücləndirmək niyyətinin qəti olduğunu bildirib. Prezident bu haqda tapşırığı hökumətə hələ ilin əvvəlində keçirilmiş iclasda verib. Korrupsiya ilə mübarizənin effektivliyi sahəsində konkret tədbirlər özünü çox gözlətməyib - dövlət orqanları çatışmazlıqların aradan qaldırılması istiqamətində operativ addımlar atmağa başlayıb.

İctimaiyyət arasında bu işin ilk nəticələri fəal şəkildə müzakirə olunur. İndi isə dövlət başçısı ictimai nəzarətin gücləndirilməsi üçün vətəndaşlardan da dəstək gözləyir:  «Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər barədə,  əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verilsin ki, biz bu nöqsanları daha  da tezliklə aradan qaldıraq», - deyə İ.Əliyev bildirib.

Ümumilikdə, Azərbaycan Prezidentinin ölkənin qərb bölgəsinə səfəri dövlətin həm iqtisadi, sosial sahədə, həm də cəmiyyətdə mövcud problemləri operativ şəkildə həll etmək niyyətini göstərib.

Son hədəf inkişaf etmiş ölkələr səviyyəsinə qalxmaqdır. Beynəlxalq ekspertlərin fikrincə, bir sıra parametrlərə görə, Azərbaycan buna çox yaxınlaşıb. Amma prezidentin söylədiyi kimi, hələ çox iş görülməlidir. İ.Əliyev bunun üçün bütün imkanların olduğunu da söyləyib: həm siyasi iradə, həm iqtisadi və siyasi müstəqillik, həm də istedadlı xalq.


MƏSLƏHƏT GÖR:

335