5 Dekabr 2025

Cümə, 22:26

"İNTER" ƏSAS MÜKAFATLA QAYITDI

Bununla da Azərbaycan klubları «Birlik Kuboku»nu üç dəfə qazanan Rusiya təmsilçilərinin rekordunu təkrarladı

Müəllif:

01.02.2011

Sayca 19-cu dəfə keçirilən MDB və Baltikyanı ölkələrin futbol üzrə ölkə çempionlarının «Birlik Kuboku» cari mövsüm də Azərbaycan üçün uğurlu oldu. İndiyə qədər «Neftçi» və «Xəzər-Lənkəran»la «Birlik Kuboku»nu qazanan futbolumuz 3-cü dəfə əsas mükafata sahib çıxdı. Bununla da Azərbaycan klubları «Birlik Kuboku»nu 3 dəfə qazanan Rusiya təmsilçilərinin rekordunu təkrarladı.

Sirr deyil ki, son illər «Birlik Kuboku»na münasibət dəyişib. Rusiya və Ukraynanın yarışa çempionlarını göndərməməsi və ya əvəzedici heyətlə qatılması turnirin imicinə böyük zərbə vurub. Hətta Belarusun belə yarışda çempion deyil, gümüş mükafatçıyla təmsil olunması səslənən iradları artırıb. Bəs bu turnirə belə biganə münasibət nədən irəli gəlir?

İlk olaraq, hər il yanvarda keçirilən «Birlik Kuboku»nun əksər klubların planlarını pozması qeyd olunmalıdır; məsələn: Belarus çempionu BATE «Birlik Kuboku»na gəlməkdənsə Avropa Liqasına hazırlaşmağı daha vacib sayır. Çünki beynəlxalq turnirdə mükafat fondu yoxdur. Üstəlik, oyunlar süniörtüklü meydançada keçirilir. Bu isə həm zədəalma ehtimalını artırır, həm də oyunçuları daha tez yorur. 

Yarışa marağı olmayan Rusiya və Ukrayna klubları Çempionlar Liqası və Avropa Liqası kimi nüfuzlu turnirlərdə mübarizə aparır. Bizim komandalarımız üçün isə bu hələlik əlçatmaz olduğundan, «Birlik Kuboku»na böyük önəm verməkdə davam edirik. Bu yarış qələbələri çox olmayan futbolumuza və azarkeşlərimizə əlavə inam verir. 

Eyni zamanda, futbol adi idman növü deyil. İdmanın şahı olan futbol böyük nüfuza malikdir. Elə buna görə də postsovet məkanında keçirilən turnirdə qazanılan qələbə həm də ölkənin idman imicini yüksəldir.

Rusiya premyer-liqasında son mövsüm Sankt-Peterburqun «Zenit» komandası çempion olduğundan, «Birlik Kuboku» məhz Piterdə baş tutdu. Yarışın əsas favoritlərindən sayılan Azərbaycan çempionu «İnter» qrup mərhələsindəki oyunları birnəfəsə keçdi. Qrup mərhələsində Qırğızıstanın «Neftçi» və Tacikistanın «İstiqlal» klublarını eyni - 3:0, Moldova «İskra-Stal»ını 1:0 hesabıyla məğlub edən bakılılar, 14 finala maksimum nəticə göstərməklə yüksələn ilk Azərbaycan klubu oldu. 1993-cü ildən təşkil olunan yarışda heç bir Azərbaycan klubu qrupda 9 xal toplamamışdı. Hərçənd, 2005-ci ildə «Neftçi» 100 faizlik nəticə göstərmişdi. Amma o zaman qrupda 4 deyil, 3 komanda yarışırdı. 

14 finalda Ermənistanın MİKA klubu «İnter»ə rəqib oldu. Son çempionatda 4-cü yeri tutan MİKA komandamızla görüşdə biabırçı hesabla məğlubiyyətə üzüldü. İki ölkə arasında görüşlərin prinsipial xarakter daşımasını nəzərə alan təşkilatçıların təhlükəsizlik tədbirlərinə diqqətlə yanaşması vurğulanmalıdır. Oyun zamanı yalnız bir kiçik insident baş verdi. Məğlubiyyəti həzm edə bilməyən rəqib komandanın azarkeşləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını çıxartmaqla insidentin səbəbkarına çevrildi. Fanatlarımızın kəskin etirazından sonar, mühafizəçilər bayrağı yığışdırmağa nail oldular. 

«İnter»-MİKA görüşü azərbaycanlıların daim Vətən uğrunda birləşməyə hazır olduğunu da göstərdi. Oyun günü Peterburq İdman Konsert Kompleksinə cari mövsüm üçün rekord sayıla biləcək 4 000 azarkeş toplaşdı. Həmin tamaşaçıların 3500 «İnter»in fanatı idi. Sevindirici məqam «İnter»i dəstəkləyənlər arasında «Xəzər-Lənkəran» azarkeşlərinin olması idi. Ürəyi daim cənub komandasıyla döyünən fanatlar çətin oyunda «İnter»i yalqız buraxmamaqla, daha bir gözəl ənənənin əsasını qoydular. 

Ermənilərlə oyuna gəlincə, Azərbaycan çempionu həmin çətin sınaqdan möhtəşəm qələbəylə çıxdı. «İnter» MİKA-nın qapısından 4 cavabsız top keçirməklə «Birlik Kuboku»nda növbəti zəfər tarixini yazdı. Xatırladaq ki, 2005 və 2006-cı illərdə «Neftçi» Ermənistanın «Pünik» komandasını məğlub etmişdi. Bakılılar əvvəlcə 2:0 hesabıyla qalib gəlmişdilər. Bir il sonra isə «Pünik» yarışın keçirildiyi Moskva şəhərini gecə saatlarında tərk etməklə «Neftçi» ilə oynamaqdan imtina etmişdi. 

«İnter»in zəfəri 3-cü qələbəni rəsmiləşdirdi. Bu qələbəylə təmsilçimiz turnirin əhəmiyyətindən də böyük uğura imza atmağı bacardı. Ermənilərin qələbəyə görə mükafat qoyması onların matça, istənilən halda ciddi yanaşdığının, nəticənin düşmən ölkədə ciddi əks-səda doğuracağının göstəricisi idi. Ermənistan mətbuatının yazdığına görə, «İnter»lə matçda qələbəyə görə hər bir futbolçuya 50 min dollar mükafat söz verilmişdi. Bu isə onların Azərbaycan çempionu ilə oyuna ciddi yanaşdığını göstərir. Müsahibələrində idmanın siyasətə aid olmadığını deyən ermənilər, gizlincə oyunçulara xüsusi mükafat söz verməklə nəticənin onlar üçün nə qədər önəmli olduğunu göstərib. Elə buna görə də məğlubiyyət rəqib düşərgəyə ağır zərbə oldu.

Təsadüfi deyil ki, «İnter»in qələbəsindən sonra, Ermənistan prezidenti Serj Sarqsyan «Mika» rəhbərliyini kəskin tənqid edib. Dövlət başçısı Azərbaycan komandasına məğlubiyyəti klubun güclü heyətə malik olmamasıyla əlaqələndirib. 

Xatırladaq ki, «Mika» klubunun sahibi Mixail Baqdasarov Bakıda keçmiş erməni məhəlləsində dünyaya gəlib. Klub prezidenti səlahiyyətlərini Vigen Xaçatryan icra etsə də, maliyyəni Baqdasarov ayırır. 

Ermənistan komandasının məğlubiyyəti yerli mətbuatda da böyük əks-səda yaratdı. Media 0:4 hesablı məğlubiyyətə görə komandanı və futbolçuları kəskin tənqid atəşinə tutdu. Tənqid olunanlar arasında “Mika”nın rəhbərliyi xüsusi qeyd olundu. 

Yarımfinalda «İnter» Rusiya çempionu «Zenit»i əzdi. Piterlilərin əsas heyəti Dubayda beynəlxalq turnirdə iştirak etdiyindən, «Zenit» «Birlik Kuboku»nda əvəzedici heyətlə təmsil olundu. Kaxaber Sxadadzenin yetirmələri piterlilərin qapısından 5 top keçirdi. Bu, «Zenit» üçün biabırçı məğlubiyyət oldu. Meydana əvəzedici heyətlə çıxsa belə, Rusiya çempionu adına yaraşmayan hesabı tarixinə yazdı. 

Və nəhayət final Azərbaycan çempionu finalda Belarus çempionatının gümüş mükafatçısı «Şaxtyor»la mübarizə apardı. 90, üstəlik, əlavə olunan 20 dəqiqə (reqlamentə əsasən əsas vaxtda qol vurulmadıqda, hər biri 10 dəqiqə olmaqla 2 hissə oynanılır) qapılara qol vurulmadı. İnsafən, «Şaxtyor»un layiqli rəqib olduğu qeyd edilməlidir. Komanda həm müdafiə, həm də hücumda kifayət qədər əla oyun göstərdi. «İnter»də isə Rövşən Əmiraslanovla Qirt Karlsons qol vurmağa yaxın oldu. 110 dəqiqəlik mübarizənin taleyi penaltilərdə müəyyənləşdi. Hər iki qapıçı 11 metrlik zərbələrdə fəal oldu. «Şaxtyor»un futbolçusu Qrenkov zərbəni əyri vurmaqla «Birlik Kuboku»nu «İnter»ə bağışladı. Bununla da möhtəşəm oyunlar Azərbaycan çempionunun yarışın qalibi olması ilə başa çatdı. «Birlik Kuboku» tarixində 3-cü dəfə ölkəmizə gətirildi. 

«İnter»in qapıçısı Georgi Lomaya yarışın ən yaxşı qolkiperi seçildi. Gürcü qapıçı 6 oyunda qapısından bir qol belə buraxmadığına görə, yeni rekord müəyyənləşdirdi. Bankirlərin Latviyadan olan forvardı Qirt Karlsons 6 qolla bombardir seçildi. O həm də cari mövsüm «Birlik Kuboku»nda yeganə het-trikin müəllifi oldu. Karlsons «Zenit»in qapısına 3 qol vurmaqla tarixə düşdü. Sankt-Peterburq 2-ci dəfə üzümüzə güldü. 2008-ci ildə bu şəhərdə keçirilən «Birlik Kuboku» «Xəzər-Lənkəran»a qismət olmuşdu. 

İndi isə «İnter» kuboka sahib çıxdı.

Mükafatlandırma mərasimində FİFA prezidenti Yozef Blatter, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədov iştirak etdilər. Azərbaycanlı azarkeşlərin alqış sədaları altında FİFA prezidenti Yozef Blatter «Birlik Kubok»unu «İnter»in kapitanı Vladimir Levinə təqdim etdi. Ali futbol qurumunun rəhbəri qələbə münasibətilə komandanı və azarkeşləri təbrik etdi, onlara gələcəkdə də uğurlar arzuladı. Sonda isə qalib komandanın şərəfinə Azərbaycan Respublikasının əzəmətli Dövlət Himni səsləndirildi.

Finaldan sonra Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri, «İnter» klubunun fəxri prezidenti Cahangir Hacıyev komandanı təbrik etdi. Dövlət başçısı İlham Əliyevin komandanın uğurlarına sevindiyini deyən klubun sahibi xüsusilə «Mika» üzərində qələbəni vurğuladı. 

Tam əminliklə söyləmək olar ki, «Birlik Kuboku»nda qələbə Azərbaycan futbolunun inkişafına təkan olacaq. Yarışboyu gözəl qələbələrlə azarkeşləri sevindirən «İnter» tarixinə daha bir mükafatı əlavə etdi. Bu qələbə həm də Sankt-Peterburqda yaşayan soydaşlarımızı birləşdirdi. 10 gün ərzində «İnter»i dəstəkləyən, Peterburq Konsert Kompleksinə Azərbaycan Bayrağıyla gələn hər bir həmyerlimizə təşəkkür düşür. 

O ki qaldı «İnter»ə, yeni çempionluğun mübarək!



MƏSLƏHƏT GÖR:

456