"ÜMİD EDİRƏM Kİ, KAĞIZ KİTABLAR HƏLƏ BƏŞƏRİYYƏTƏ ÇOX KÖMƏK EDƏCƏK…"
Xalq yazıçısı Çingiz Abdullayev jurnalımıza hansı sirləri açdı?
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Çingiz Abdullayevin birinci kitabı «Mavi mələklər» 1988-ci ildə Bakıda «Yazıçı» nəşriyyatı tərəfindən 30 min tirajla çap olunmuşdu. Bu əsərin çapı qadağan edilmişdi, üç ildən çox «KQB»nin və nəşriyyatın arxivlərində saxlanan əsərdə guya məxfi sayılan məlumatlar varmış. Hazırda Çingiz Abdullaev - hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar İttifaqının katibidir. Onun əsərləri, təxminən, 30 dilə tərcümə edilib və dünyanın müxtəlif ölkələrində toplam 20 milyon tirajla çap olunub.
Çingiz Abdullayev bir vaxtlar Müdafiə Nazirliyinin xətti ilə xaricdə tapşırıqlar yerinə yetirib, xüsusitəyinatlı şöbəyə rəhbərlik edib. Belçiki, Almaniya, Polşa, Rumıniya, Anqola, Əfqanıstanda işləyib. Çoxları bilmir ki, 1986-cı ildə Abdullayev Çauşeskunun güllələnməsində əli olması ittihamı Rumıniyadan çıxarılıb. Sən demə, o, məsələnin bütün detallarından xəbərdar imiş, amma baş verənlərə birbaşa heç bir dəxli yox imiş. Namibiya ərazisində o, əsir düşmüş Anqola komandirlərini qurtarmaq üçün ağır əməliyyatın iştirakçısı olub. Bu əməliyyatdan cəmi dörd nəfər sağ qayıdıb. Buna görə də həyat və qan bahasının nə olduğunu çox yaxşı bilir. Boş yerə deyil ki, Amerikanın «Christian Science Monitor» jurnalı Abdullayevi siyasi detektiv üzrə ən yaxşı çağdaş müəlliflərdən biri adlandırıb. Və bu gün Çingiz ABDULLAYEV «Region plus»un suallarına cavab verir.
- Çingiz müəllim, siz hüquq fakültəsini qurtarmısınız, amma yazıçı oldunuz. Dövlət xidmətini atıb, yazıçılığa meyillənməyiniz nə ilə bağlıdır?
- Demək olar ki, bu, taleyin işidir. Əslində isə hər şey daha gerçək və sadədir. Mən kitab yazmağa hələ partiya işində olanda başlamışdım, onda inzibati orqanların kuratoru idim, məni Mərkəzi Komitəyə təsdiq edəndə qərara aldılar ki, Yazıçılar İttifaqına katib göndərsinlər. Bu təyinata çox sevindim, amma düşünürdüm, uzun çəkməz və yenidən dövlət qulluğuna qayıdaram. Amma özünüz də bilirsiniz nələr baş verdi. 90-cı illərin «Qara Yanvar»ı oldu, 91-də SSRİ dağıldı və 92-də Xocalı faciəsi törədildi. Belə şəraitdə hara qayıdaydım və qayıtmaq da istəmirdim.
- Keçən ilin payızında sonuncu kitabınız - «Qələbə mehrabı» çapdan çıxıb. Maraqlıdır, detektivin baş qəhrəmanı Füzuli Hüseynovun prototipi kimdir?
- Əslində, «Qələbə mehrabı»ndan sonra «Uzanan sözardı» və «Alqışlar altında ölüm» kitablarım çapdan çıxıb. Yetirəncə çox kitabım işıq üzü görür. Qəhrəmanlarımı konkret insanlardan götürürəm. Onların bəzilərini açıqlamaq olar, bəzilərini isə yox. Bəziləri özlərini tanıyır və inciyirlər. Məsələn, mənim yaxın yoldaşlarımdan biri görəndə ki atasını “KQB” generalı kimi yox, polkovnik kimi təsvir eləmişəm, incimişdi. «Dədəmin vəzifəsini niyə alçatlmısan?» - demişdi.
- Əsərləriniz üçün süjeti necə tapırsınız?
- Həyatdan götürürəm. Bəzən elə işlər baş verir ki, onu heç bir yaradıcı məllif belə düşünə bilməz. Məsələn, faciəli 11 Sentyabr hadisələrini götürək. Kimin ağlına gələrdi ki, Amerikada eyni vaxtda bir neçə layner oğurlayacaqlar və onu Ticarət Mərkəzinin qoşa qülləsinə çırpacaqlar? Yeri gəlmişkən, həmin binanın ən üst mərtəbəsindəki restoranda yemək yeməyi çox sevirdim və orada tez-tez olurdum. Həyat o qədər gözlənilməz və heyrətli olur ki, heç bir müəllif onunla yarışa çıxa bilməz.
- Sizin Dronqonu çox vaxt müəlliflə eyniləşdirirlər. Amma o, müəyyən qədər ideallaşdırılmış personajdır. Qəhrəmanınızın hansı cəhətlərinin sizdə olmasını istərdiniz?
- Ümid edirəm ki, o, insanların xoşuna gəlir. Amma düşünürəm, o elə də ideallaşdırılmayıb. O da bütün kişilər kimi hərdən arvadına xəyanət edir, yaxşı üzə bilmir, maşın sürməyi sevmir, təyyarə ilə uçmağı xoşlamır. Mən də onun kimi ağıllı, həssas və xoşxasiyyət olmaq istərdim. Həm də qadınların xoşuna gəlir. Bəzən qısqanclıqla görürəm ki, o, müəllifdən çox sevilir. Əməlli-başlı pisikirəm.
- Kitab oxumağa vaxtınız varmı? Ədəbiyyatın hansı janrına üstünlük verirsiniz? Sizin fikrinizcə, hansı müəllifi dahi adlandırmaq olar?
- Mən hər şeydən öncə oxu-cuyam. Uşaqlıqdan kitab oxumağı sevirəm. Müəllimlər dərs vaxtı kitabları məndən alırdılar. Ən çox keçən əsrin 60-cı illərinin fantastikasını sevirəm. Onda parlaq müəlliflərin bütöv bir toplusu var idi. Bredberi, Azimov, Şekli, Saymak, Anderson - bütün həyatımboyu sevdiyim müəlliflərdir. Müəlliflər baxımından mən elə də orijinal deyiləm. Əlbəttə, Şekspir məndən ötrü mütləq dahidir. Həm də Tolstoy, Dostoyevski, Dikkens, Balzak. Onların çoxdan heç bir qiymətə ehtiyacı yoxdur. Sadəcə, dahidirlər! Və əlbəttə ki, ata Düma. O, sizə bütün zamanların hekayəçisinin parlaq nümunəsidir.
- Elə bir kitab varmı ki, hər bir insan oxumalıdır. Gənclərə hansı əsərləri oxumağı məsləhət görərdiniz?
- Şəksiz ki, «Robinzon Kruzo», «Qulliverin macəraları», «Xəzinələr adası», «Don-Kixot», Jül Vern və Mayn Ridin kitablarını; Aleksandr Düma və Herbert Uells mütləq oxunmalıdır. Onlarsız insan özünü ziyalı saya bilməz. Daha yaşlı insanlar Heminquey, Remark və Folkneri oxumalıdırlar. Ümumiyyətlə isə kitablar yetərincə fərdi məşğuliyyətdir. Gənclərə gözəl şahzadə qıza aşiq olmağı, qızlara əfsanəvi şahzadəni sevməyi məsləhət görmək olar. Amma hərənin öz şahzadəsi olacaq. Kimlərsə Prustu xoşlayır, kimlərsə də Kamyudan ötrü ölür, bəziləri də Çexovu bəyənir. Bütün zövqləri eyniləşdirmək mümkün deyil. Bir neçə kitabı mütləq oxumaq lazımdır, qalanları zövq işidir. Əsas odur, xoşa gəlsin.
- İnternetə necə baxırsınız, o, getdikcə kinoteatrları, kitabxanaları, televiziyanı və qəzetləri əvəz edir. Sizə elə gəlmirmi ki, zaman keçdikcə, elektron kitablar insanların ənənəvi kağız kitablara münasibətini dəyişəcək?
- İnternetə müsbət yanaşıram, o, bəşəriyyətin ən böyük ixtiralarından biridir. Biz, hətta təsəvvür edə bilmirik ki, o, gələcəkdə həyatımızı necə dəyişəcək. Mənə elə gəlir, yalnız Ayzek Azimov hələ 50 il qabaq bizim sivilizasiyanın başına gələcəklərini görə bilmişdi. Ola bilər, kitablara qarşı münasibət doğrudan da dəyişə bilər. Mən elektron kitabların və İnternetdə əsər satışının necə artdığından xəbərdaram. Amma ümid edirəm, kağız kitablar hələ bəşəriyyətə xidmət edəcək. Sonrasına baxarıq... Sivilizasiyanın inkişafını dayandırmaq mümkün deyil, biz yalnız öz axmaqlığımız üzündən bu prosesi dayandıra bilərik.
- Çox səyahət edirsiniz, tanınmış yazıçılardan kimlərlə görüşmüsünüz? Hansı görüş xüsusilə yadınızda qalıb?
- Kimlərlə görüşdüyümü, hətta sadalayıb-qurtarmaq mümkün deyil. Bu baxımdan gerçəkdən xoşbəxt insanam. Kamilo Xose Selanın villasında olmuşam, Joze Saramaqo və Dario Fo ilə görüşmüşəm, Sergey Mixalkovla dost olmuşam, bir neçə dəfə evinə getmişəm. Orxan Pamuk qonağım olub. Çağdaş Nobel mükafatı laureatlarından, demək olar ki, hamısını tanıyıram, o cümlədən, sonuncü laureat Mario Varqasa Losu ilə də tanışam; o özünün «Müharibə dünyanın sonudur» kitabını mənə bağışlayıb. Onlardan hər biri barədə danışmağa başlasam, bütöv bir kitab yazmaq olar. Onların hər biri, demək olar ki, oturuşmuş görüş sahibi idi və heç nə ilə onların fikrini dəyişmək mümkün deyildi. Hələ səksəninci illərin sonlarında Yulian Semyonovla görüşmüşdüm. Yəqin ki, mənə ən çox təsir edən «Məsih İncili» əsərinin müəllifi Joze Saramaqo olub. O, əyilməz iradə və kişilik sahibi idi, heç vaxt öz baxışlarından geri çəkilməzdi. Mənim Azərbaycanda da bəxtim gətirib. Burada indi dünyada olmayan Mirzə İbrahimov, Süleyman Rüstəm, İsmayıl Şıxlı kimi görkəmli yazıçılarla görüşmüşəm.
- Siz artıq 50 yaşınızı keçmisiniz. Bu müddət ərzində nə qazandınız, nə itirdiniz?
- Mizantroplaşdım. Optimizmi xeyli itirdim. Ümid edirəm, tam transformasiya baş verməz. Amma incidir. İnsanlar dəyişmirlər. Başqalarının səhvləri üzərində öyrənmirlər. Bu çox incidir. Üstəlik, mən ata və anamı itirmişəm. Atam üç il qabaq, anam isə iki ay qabaq məni tərk elədi. İkisinin bir yerdə yüz yetmiş yaşları var idi. Anam, hətta dünyasını 87 yaşında dəyişsə belə, bu, yenə də ağırdır. Onlar həyatda olanda elə bilirsən ki, onlar əbədidirlər. Amma bununla belə mən düşünürəm ki, bəxtim gətirib. Əlli il valideynlərlə birgə yaşamaq böyük xoşbəxtlikdir və heç kim bu əlli ili məndən əsla ala bilməz. Heç zaman.
- Siz artıq dünyada məşhur yazıçı şöhrətini qazanmısınız, həyatda daha nələri əldə etmək istərdiniz?
- İstərdim ki, kitablarımı daha çox insanlar oxusunlar. Frankfurt mükafatını artıq qazanmışam, Nobel istəyirəm, amma onu verməyə də bilərlər. Əgər ciddi danışsaq, bütün normal insanlar, o cümlədən, «dünyaşöhrətli yazıçılar» nə istəyirlərsə, mən də onu - doğma və yaxınların sağlığını istəyirəm. İnanın, ən önəmlisi budur.
- Çingiz Abdullayevin bacarmadığı və öyrənmək istədiyi nəsə varmı?
- Fransız dilini bilmirəm. Uşaqlarım sərbəst şəkildə bir neçə dildə, o cümlədən, fransızca da danışırlar. Mən onu həmişə gözəl saymışam. Yəqin, öyrənmək lazımdır. Bir də kosmosa uçmaq istərdim. İstərdim ki, Yerə kənardan baxım. Təyyarləri sevməsəm də, ildə 40-50 dəfə uçmalı oluram. Kosmosun xatirinə raketlə də risk etmək istərdim.
- Son ənənəvi sual. Öz yaradıcılıq planlarınızdan danışın. Hazırda hansı əsər üzərində işləyirsiniz və növbəti kitabınız nə vaxt işıq üzü görəcək?
- Yaxın bir neçə ayda «Bumeranq zərbəsi», «Qurban sindromu», «Vicdanın adaptasiyası» trilogiyam işıq üzü görəcək. Sonra otuzbeşyaşlı gənc bakılı qadının dili ilə yazılmış «Bakı bulvarı» kitabım çap olunacaq. Artıq «Yeni amazonlar tayfası» kitabım hazırdır. Görürsünüz, dayanmıram. Martda isə Ənvər Əbluc tərəfindən çəkilmiş «Toran işıq» filmimin premyerası olacaq. Planlarım çoxdur, yaşayarıq, görərik...
MƏSLƏHƏT GÖR:

573

