24 Noyabr 2024

Bazar, 16:30

BÖYÜK ŞİRİNLƏŞDİRMƏ

2011-ci ildə azərbaycanda dəniz suyunun şirinləşdirilməsi üzrə ilk layihə gerçəkləşdiriləcək

Müəllif:

01.02.2011

Yer planetində həddindən çox olan duzlu suyu şirinləşdirmək lazımdır! Azərbaycanda  da duzlu su çoxdur. Çünki bizim ölkə dünyanın ən böyük gölünün - Xəzər dənizinin suları ilə yuyulur. Şirinləşdirmə ideyası həm də ona görə yaxşıdır ki, dünyada, demək olar ki, içməli su çatmır. Təsadüfi deyil ki, yanvarın 26-da İsveçrənin Davos şəhərində açılmış Dünya iqtisadi forumunda əsas mövzulardan biri də içməli suyun çatışmazlığı problemidir. 2011-ci ildə Azərbaycan, ilk növbədə, Xəzər dənizinin suyunun şirinləşdirilməsi ideyasını diqqət mərkəzinə gətirmək fikrindədir. Bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən ötən ilin yekunları ilə bağlı hökumətdə keçirilən iclasda irəli sürülüb. "Hesab edirəm, 2011-ci ildə biz Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı ilk layihəni gerçəkləşdirməliyik", - deyə prezident hökumətə təklif edib. 

 

Dəniz köməyə gəlir 

Dövlət başçısı hesab edir ki, içməli su  ilə təminat məsələsi həmişə hakimiyyətin diqqət mərkəzində olmalıdır. "Oğuz - Qəbələ - Bakı su kəməri bu sahədə tarixi uğurdur. 2010-ci ildə Samur-Abşeron kanalının, Taxtakörpü su anbarının  tikintisi başa çatdırılacaq. Bu, bizə əlavə imkanlar verəcək. Amma bizim Xəzər dənizi kimi çox iri su mənbəyimiz var və onun suyu elə də duzlu deyil. Biz Yaxın Şərq ölkələrinin təcrübəsini öyrənmişik. Onlar şirinləşdirilmiş suyu həm suvarma üçün, həm də içməli su kimi işlədirlər. Biz də bu layihələrə başlamalıyıq - 2011-ci ilə biz Xəzər suyunun istifadəsi üzrə ilk pilot layihəni gerçəkləşdirməliyik və ilk növbədə, bunu suvarma üçün istifadə etməliyik. Bu layihənin uğurlu olacağına şübhə etmirəm. Ona görə də sonrakı illərdə konkret proqram çərçivəsində irimiqyaslı tədbirlər qəbul etmək lazımdır", - deyə  prezident vurğulayıb.

Etiraf etmək lazımdır ki, bizim planetin sakinləri insanların günahı üzündən ətraf mühitin dəyişməsi ilə bağlı yaranmış problemlərlə üz-üzə qalır. Belə problemlərdən biri təmiz və həm də içməli su çatışmazlığıdır. Çox ölkələrdə su çatışmadığından dəfələrlə, o cümlədən, jurnalımızın keçən nömrəsində də yazmışıq. İçməli su ehtiyatları hər yerdə azalmaqdadır. Məhz buna görə də istənilən üsullarla suyun təmizlənməsi avadanlığı bazarı sürətlə inkişaf edir. 

Varlı ərəb ölkələrində  neft çoxdur, amma su yoxdur. Çinin - bu gün öz iqtisadi uğurları ilə dünyanı heyrətləndirən ölkənin sahil vilayətlərinin sakinlərinə də içməli su çatmır. İçməli su üzrə kəskin çatışmazlıq problemi İsraildə, Şimali Amerikada, Avropanın cənubunda da mövcuddur. Bu zaman bütün bu coğrafi vilayətlər birbaşa böyük dəniz suyu ehtiyatlarının yaxınlığında yerləşirlər. Amma bəlli olduğu kimi, o içmək və suvarmaq üçün yararlı deyil. Buna görə də həmin ərazilərdə su hazırlığı üçün şirinləşdirmə kimi bir üsul geniş tətbiq sahəsi əldə edib. Amma bunu da qeyd etmək lazımdır ki, sənaye miqyasında iri şirinləşdirmə qurğuları vasitəsilə dəniz suyunun saflaşdırılması yüksək enerji tutarlılığı üzündən elə də ucuz başa gəlmir. Qurğuların özünün tikilməsinə də az pul getmir. Amma bununla yanaşı, artıq 2007-ci ildə dünya üzrə şirinləşdirici qurğular vasitəsilə 50 mln kubm.-dən çox təmiz su istehsal edilib.

 

Onu necə şirinləşdirirlər? 

Bu gün dünyada dəniz suyunun şirinləşdirilməsi üçün geniş miqyasda müxtəlif metodlardan istifadə edilir. Belə ki, içməli su əldə etmək üçün onun tərkibində duzun payını 1 q /litrə salmaq lazımdır. Bəllidir ki, bu gün təmiz içməli su almaq üçün distilə, əks osmosis, elektrodializ, dondurma və ion mübadiləsi üsullarındən istifadə edilir.  

Distiləedilmənin yardımı ilə dəniz suyu eyni zamanda bir neçə kamerada qaynadılır, orada təzyiq mütəmadi olaraq aşağı düşür. Membran distiləsi dəniz suyunun hidrofon membranın bir tərəfində qızdırılmasını nəzərdə tutur. 

Belə  membran yalnız buxarı buraxır və o da o biri tərəfdə soyuyur və kondensə edilir. Çoxkolonlu distilə üsulu ilə dəniz suyu birinci kolonda qızdırılır, yaranmış buxar başqa kolonlarda qızdırılmağa gedir. Dəniz suyu dondurulma yolu ilə də təmizlənir. Maye  kristallaşmaya qədər soyudulur və ondan kristallar ayrılır. Həmin   kristallardan isə içməli su alınır. 

Əks osmosda isə yarımkeçirici membranlar istifadə edilir, onlar təzyiq atında suyu buraxırlar və aşqarların molekullarını saxlayırlar. Elektrodializ üçün 2 membran istifadə edilir, onlar yalnız kationları və  anionları buraxırlar, onlar isə tətbiq edilən sabit cərəyan gərginliyi altında yaranır. 

Hazırda dünyada dəniz suyunun şirinləşdirilməsi üçün daha çox distilə qurğuları və əks-osmotik süzgəclərdən istifadə edilir. Daha az elektrodializ, dondurulmadan və ion mübadiləsindən istifadə edilir. Bütövlükdə, hazırda dünyada 800 iri şirinləşdirici qurğu fəaliyyət göstərir, şirin suyun ən iri istehsalçısı isə Küveytdir. Dəniz suyunun şirinləşdirilməsi  kiçik ada dövlətlərində - Seyşel adalarında, Mavrikidə və çay şəbəkəsinin olmadığı başqa ölkələrdə içməli su alınmasının ən önəmli yoludur. Ən iri su şirinləşdirici qurğu isə İsraildə Aşkelon şəhəri yaxınlığındadır. İldə 108 milyon kubmetr şirin su stehsal edir. 

Böyük ehtimalla, Azərbaycanda dəniz suyunun şirinləşdirilməsi və istifadəsi, ilk növbədə, Çilov adasında və Neft Daşlarında gerçəkləşdiriliəcək. Məhz bu ərazilərdə əhalinin keyfiyyətli su ilə təmin edilməsi problemi var. Şirin sudan adanın və "dirəklər üzərində şəhər"in sakinləri, həmçinin, orada yerləşən müəssisələr istifadə edəcək. 

Gələcəkdə pilot layihənin gerçəkləşdirilməsindən asılı olaraq, onun geniş tətbiqi və dəniz suyunun şirinləşdirilməsi nəticəsində əldə edilmiş su ilə əhalinin təchiz edilməsi məsələsi də həll ediləcək. Şirinləşdirməyə ehtiyac o vaxt artacaq ki,  bu və ya başqa region da özünü təmiz su ilə təmin edə bilməsin. 

Bununla yanaşı, Səudiyyə Ərəbistanında və BƏƏ-də əhalinin tələbatı üçün dəniz suyunun təmizlənməsi texnologiyası çox sayda yanacaq enerjisi tələb edir ki, bu da həmin ölkələri  enerji sərfini azaltmaq və ya bərpa olunan enerjilərdən istfadə etmək barədə araşdırmalar aparmaq zorunda qoyur. Hazırda BƏƏ-nin Əbu-Dəbi şəhərinin ətraf mühitin mühafizəsi üzrə agentlik günəş enerjisi ilə işləyən şirinləşdirici qurğunu sınaqdan keçirir. 

Bu, yanacaqla işləyən və atmosferə  karbon qazı atan ənənəvi şirinləşdirici qurğular üçün əla alternativ ola bilər. Hazırda pilot layihələr Hamim və Sveyhan səhra rayonlarında işləyir. Hər bir qurğu saatda 35 kilovat enerji istehsal edir, bütün sınaqdan keçirilmiş qurğular isə ümumilikdə, saatda 1050 kilovat enerji istehsal edə bilər. Əgər sınaq uğurla gedərsə, onda bölgənin başqa ölkələri də onu öz suşirinləşdirmə zavodlarında istifadə edəcəklər. Günəş batareyası ilə işləyən yeni suşirinləşdirici qurğunun əsas fərqi ondadır ki, havaya karbon qazı tullaması sıfır vəziyyətindədir, yəni atmosferi kirlətməsi istisnadır. Bununla yanaşı, layihəçilər bildirir ki, proses içməli su istehsalı xərclərini azaltmağa imkan verir. 

Yeri gəlmişkən,  dəniz suyunun şirinləşdirilməsi ilə bağlı hökumətin iclasında Prezident İlham Əliyev bərpa olunan enerji mənbələrinin istifadəsi barədə daha ciddi tədbirlərin görülməsinin vacibliyini vur-ğulayıb. Onun fikrincə, 2011-ci ildə Azərbaycan günəş batareyalarının quraşdırılması üzrə işlərə başlamalıdır, bununla bağlı dövlət başçısı lazımi avadanlığın xaricdən gətirilməsi ilə yanaşı, ölkə daxilində istehsalın da vacibliyini qeyd edib. O həmçinin bildirib ki, bərpa olunan enerji qurğuları - günəş batareyaları və külək qurğuları kənd təsərrüfatı üçün yararsız yerlərdə quraşdırılmalıdır.

 

Müsbət və mənfilər

Ancaq elə ekspertlər var ki, dəniz suyundan şirin su alınması praktikasının geniş yayılmasından ehtiyat edirlər. Onların fikrincə, bu dəniz və okeanlarda duzluluğun artmasına və kövrək dəniz ekosistemlərinin pozulmasına gətirə bilər ki, bu da planetin qlobal ekosistemində qarşısıalınmaz  dəyişikliklərlə nəticələnər. Başqa ekspertlər isə bildirirlər ki, Yaxın Şərqdə və başqa ölkələrdə şirinləşdirilmiş dəniz suyunu çoxdan içirlər. Bahalığından başqa onun bir sıra çatışmazlıqları da var. İlk öncə şirinləşdirilmiş suyun xoşagəlməz tamı var. Buna görə də onu adi kəmər suyu ilə qarışdırır və ya İsraildə planlaşdırılan kimi, təbii mineralizatordan  -  əhəng suxurundan buraxırlar. Bu zaman su Sa+ ionları ilə qarışır, bu da ona codluq və dad verir. 

İstənilən halda dəniz suyunun şirinləşdirilməsi yaşamağa hüququ olan layihədir. Düşünülür ki, elmi-texniki layihələrn sürətli inkişaf tempi onun çatışmazlıqlarını aradan qaldırar. Çünki bu cür su əldə etmək üsulu hazırda bütün dünya üzrə  içməli su çatışmazlığı kimi kəskin problemin həlli yollarından biridir.


MƏSLƏHƏT GÖR:

663