İSTİRAHƏT ÜÇÜN AZƏRBAYCANA
Hökumət Turizm Ili çərçivəsində tədbirlər planına başlayıb
Müəllif: Alyona MOROZ Bakı
Türkiyə, Misir, BƏƏ, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa, Çexiya, Rusiya, Ukrayna, Gür-cüstan/. Bu, Azərbaycan vətəndaşlarının istirahət üçün üstünlük verdiyi ölkələrin tam siyahısı deyil. Şəksiz ki, Azərbaycandan belə turizm axınının olması heç də sevindirməyə bilməz, çünki əhalinin rifahının qalxdığını göstərir. Amma istənilən halda burada təzad da var: başqa ölkələrə baş çəkən bizim turistlər onsuz da tanınmış olan yerlərin inkişafına bir az da dəstək verirlər. Yəni «yad» turizm sənayesinin inkişafına öz töhfələrini bəxş edirlər. Bəllidir ki, turizm sənayesi dünya üzrə ən gəlirli sahələrdən biri sayılır. Məlumdur ki, SSRİ dövrü artıq arxada qalıb və xarici turizm səyahətlərini qadağan edən daha yoxdur. Bu gün diqqət mərkəzində duran əsas məsələ Azərbaycanın turizm sahəsinin populyarlaşmasıdır; o cümlədən xaricdə də.
İnkişaf impulsu
Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ili Turizm ili elan etməsini nəzərə alsaq, tezliklə bu sahədə önəmli inkişaf gözləmək olar. Ümumiyyətlə, dövlət başçısı Nazirlər Kabinetində 2010-cu ilin yekunları və 2011-ci ilin planları barədə keçirilən iclasda ən önəmli hadisələrdən danışıb: «2011-ci ildə Bakıda beş ədəd 5 ulduzlu mehmanxana açılacaq, yəqin ki, bu hadisənin dünyada analoqu yoxdur. Eyni vaxtda Bakıda 4 ulduzlu və 3 ulduzlu otellər də tikilir. Regionlarda da mehmanxana işi ilə bağlı böyük işlər görülür, Azərbaycanda turizmin inkişafı artıq gerçəklikdir». Həmçinin İlham Əliyev qeyd edib ki, turizm infrastrukturunun yaradılması üçün dövlətdən iri vəsaitlər tələb edilir, otellər isə özəl bölmə tərəfindən tikilir. «Deməli, Azərbaycanın inkişafına inam o qədər yüksəkdir ki, bu otellərə milyonlarla, yüz milyonlarla ölçülən vəsait yatırılır. İnvestorlar əmindirlər ki, bu vəsaitlər onlara dividend gətirəcək», - deyə dövlət başçısı vurğulayıb.
Ümumiyyətlə, artıq ölkə prezidentinin göstəriş və sərəncamları çərçivəsində daha müfəssəl planın hazırlanmasına başlanılıb. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov «Region plus»a bildirib ki, bu günlərdə Mədəniyyət və Turizm Naziriyinin təşəbbüsü ilə keçirilmiş iclasda qərara alınıb ki, ən qısa zaman üçün konkret fəaliyyət planı nəzərdə tutulub və onun gerçəkləşdirilməsinə başlanır. Azərbaycanın aparıcı turizm şirkətlri və otellər də öz təkliflərini assosiasiyaya təqdim edəcək və o da baxılmaq üçün nazirliyə göndəriləcək.
Başqa sözlə, 2011-ci ildə turizm sektoru inkişaf üçün böyük impuls əldə edəcək. Praktika göstərir ki, dövlət tərəfindən nəzərdə tutulan tədbirlərin gerçəkləşdirilməsi üçün ciddi nəzarət olacaq. Az vəsait sərf edilməyəcək. Perspektivli layihələrə maksimum dəstək, o cümlədən ciddi maliyyə təminatı da olacaq.
Bu kontekstdə qeyd etmək lazımdır ki, bu sahədə durumun yaxşılaşdırılması üzrə fəal işlər hələ 2010-ci ildə 2010-2014-ci illər üzrə turizmin inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi ilə başlayıb. Azərbaycanın mədəniyət və turizm nazirinin sözlərinə görə, yeni Dövlət Proqramı şəksiz, «turizm sahəsində mövcud problemlərin həllinə xidmət edir» və həm də Azərbaycanın beynəlxalq bazarda turizm profilli ölkə kimi irəliləməsinə imkan yaradır. Nazir qeyd edib ki, bu proqramın gerçəkləşdirilməsi çərçivəsində «ölkənin turizm sahəsinin təkmilləşdirilməsi üzrə böyük potensialın nəzərə alınması ilə önəmli işlərin görülməsi planlaşdırılır».
Bununla yanaşı, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov hesab edir ki, əgər 2011-ci il Turizm ili elan edilibsə, deməli, Azərbaycan bir ölkə kimi buna artıq hazırdır. «Hazırda əsas məsələ Azərbaycanın turizm üçün maraqlı ölkəyə çevirməkdir. Bizdə çox gözəl təbiət zonaları, mədəniyət və tarix abidələri var, onları bərpa etmək lazımdır. Bununla yanaşı, Azərbaycanda elə yerlər var ki, həqiqətən də gözəldir, amma yolların pis olması və infrastrukturun lazımi səviyyədə qurulmaması üzündən bu gözəlliyi nümayiş etdirmək mümkün deyil. Bunun parlaq nümunəsi kimi, Kür və Araz çayları boyunca əraziləri göstərmək mümkündür. Bir vaxt oralarda böyük tarixi hadisələr baş verib və bu, tarixdə də öz əksini tapıb», - deyə Cəfərov vurğulayıb.
Bəs potensial necədir?
Heç kimdən gizli deyil ki, bu gün turizm Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biridir. Yeni otel və mehmanxanaların, turbazaların genişmiqyaslı tikintsi, ölkədə Turizm İnstitutunun açılması, ölkəyə gələn turistlərin sayının daim artması bundan xəbər verir.
Nazir Qarayevin sözlərinə görə, «Son üç ildə Azərbaycan turizmi sürətli templərlə inkişaf edir». «Şəksiz, hər il fərqli olur. Biz bir il 40%, başqa il isə 5% irəli gedirik. Amma planlaşdırdığımız inkişaf tempindən geri qalmırıq», - deyə nazir bildirib.
«Odlar Yurdunun elə də böyük olmayan ərazisi Avropa və Asiyanın qovşağında yerləşib ki, bu da onu turizm biznesi üçün əlverişli edir. Planetin mövcud 11 iqlim qurşağından subtropiklərdən tutmuş, yüksək dağlıq alp çəmənliklərinə qədər 9-u Azərbaycan ərazisində təmsil olunub», - deyə «Vikipediya» elektron ensiklopediyasında bildirilir.
«Azad ensiklopediya»nın müəllifləri alp çəmənliklərindən danışarkən, yəqin ki, bu gün - Azərbaycan üçün yeni olan «qış turizmi» və «xizək kurortu» termini ortaya çıxdıqdan sonra, bu söz birləşməsinin hansı anlam qazanacağını ehtimal etməyiblər. Özü də turizm sənayesi üçün yeni olan bu sahə ən yüksək dövlət səviyyəsində inkişaf etdirilir.
Azərbaycanın Qusar rayonunda «Şahdağ» qış-yay turizm kompleksinin yaradılması elan ediləndə, çox az adam bu layihənin gerçəkləşdiriləcəyinə inanırdı. Amma bu gün layihə tamamilə real cizgilər qazanır.
Bundan başqa, Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, «Şahdağ» kurortu dünyasəviyyəli mərkəzə çevriləcək. «O, dünyanın ən qabaqcıl, ən populyar kurortlarından geri qalmayacaq və qalmamalıdır. Beləliklə, bu bizim ölkəyə yeni investisiyalar gətirməli, ölkənin şimalında yaşayan əhali üçün əlavə şərait yaratmalıdır; minlərlə, bəlkə də on minlərlə iş yeri açılacaq. Azərbaycana gələn turistlər daha da artacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcək», - deyə dövlət başçısı vurğulayıb.
Mədəniyyət və turizm naziri isə bildirib ki, layihə çərçivəsində tikinti işləri «çox sürətlə irəliləyir». Ə.Qarayev vurğulayıb ki, bu qışın sonuna kimi süni qar sisteminin, beş liftdən birinin quraşdırılmasının başa çatdırılması düşünülür, yayda isə birinci otel istismara açılacaq. «Biz bu ilə eksperiment ili kimi baxırıq, gələn qış isə ilk turistlər burada vaxt keçirə bilərlər», - deyə A.Qarayev vurğulayıb.
Yada salaq ki, ümumi sahəsi 2 hektardan çox olan kompleksin tikintisi dörd mərhələdə gerçəkləşdiriləcək. Birinci mərhələdə önəmli kommunikasiya xətləri, xizək trassı çəkiləcək, 11 qaldırıcı, süni qar avadanlığı quraşdırılacaq, süni göl yaradılacaq. 312 yerlik 5 ulduzlu, 346 yerlik 4 ulduzlu və 282 yerlik 3 ulduzlu otellər, kiçik yaylaq evləri və kotteclərin tikilməsi düşünülür.
İkinci mərhələdə isə qaldırıcılar şəbəkəsi, mədəniyyət-idman qurğuları, kotteclərin inşaası və bağlar salınması düşünülür.
Üçüncü mərhələ isə əlavə xizək trasının çəkilməsini və yaşayış zonasının genişləndirilməsini nəzərdə tutur. Avstriya mütəxəssislərinin layihəsi ilə burada xüsusi «süni qar» aparatı və su anbarı yaradılacaq. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə 5 min adam çalışacaq.
Mədəniyyət və turizm naziri Qusar rayonunda Şahdağın ətəklərində yaradılan qış-yay turizm kompleksini «turizm incilərindən biri» sayır. Hazırda işlərin birinci fazası 50%-ə qədər yerinə yetirilib. Hər gün 10 minə qədər turistə xidmət etməyə qadir kommunikasiya, su, qaz və s. xətlərin çəkilməsi işləri gerçəkləşdirilib. Layihədə Avstriyanın, İsveçin, Türkiyənin, ABŞ-ın, İtaliyanın və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri iştirak edirlər. «Bu ilin mart ayında ilk pilotlu xizək enişi trassının sınağı nəzərdə tutulub, 2011-2012-ci illər qış mövsümündə daha 4 xizək enişi trassı istismara veriləcək», - deyə nazir vurğulayıb.
Əlbəttə, bu irimiqyaslı layihənin gerçəkləşdirilməsindən hansı dividendlər əldə ediləcəyini indidən hesablamaq çətindir. Layihənin tikintisnin ən yüksək dünya standartları ilə aparıldığı, burada istirahət qiymətlərinin Avstriya və İsveçrənin xizək kurortları da daxil olmaqla, dünyanın bütün tanınmış kurortlarının qiymətlərindən aşağı olacağı nəzərə alınarsa, «Şahdağ» istirahət üçün yetərincə cəlbedici yer olmalıdır; o cümlədən, Azərbaycan vətəndaşları üçün də.
MƏSLƏHƏT GÖR:






580

