13 Mart 2025

Cümə axşamı, 02:20

QONŞULAR SAATLARI TUTUŞDURDU

Gürcüstan Xin başçısı Azərbaycanda apardığı danışıqların nəticələri haqqında «Region Plus»a danışdı

Müəllif:

01.02.2011

Birgə enerji və nəqliyyat layihələri, oxşar separatizm  problemləri və sadəcə,  mehriban qonşu münasibətləri. Azərbaycan-Gürcüstan əlaqələrinin indiki səviyyəsini səciyyələndirən qarşılıqlı maraqlar toplusu, ümumilikdə, demək olar, bunlardan ibarətdir. Lakin qonşu ölkələr arasında müzakirə predmeti və əməkdaşlıq sahələri çoxdur və bu da tərəflərin mütəmadi əlaqə saxlamasını zəruri edir. 

Bu baxımdan, Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzenin yanvarın 18 -19-da Azərbaycana etdiyi səfər «saatların tutuşdurulması» kimi də qiymətləndirilə bilər. Qonşu dövlətin XİN başçısını qəbul edən Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında enerji layihələrinin uğurla həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı, həmçinin, Gürcüstanla siyasi və iqtisadi əlaqələrin inkişafının vacib olduğunu vurğulayıb. Daha ətraflı danışıqlar iki ölkənin xarici işlər nazirləri arasında davam etdirilib. 

Jurnalımıza blis-müsahibəsində Q. Vaşadze Bakıya səfərinin məhsuldar keçdiyini deyib və qarşılıqlı əlaqələrin indiki səviyyəsindən razılığını bildirib.

- Cənab nazir, Bakıya səfərinizin nəticələrini necə qiymətləndirirsiniz?

- Mənim azərbaycanlı həmkarım Elmar Məmmədyarovla  görüşlərim,  bir növ, ənənə halını alıb və bu, təqdirəlayiq haldır. Bakıda olmağımdan məmnunam. Biz ilk siyasi danışıqlarımızı apardıq və müzakirələrimiz əhəmiyyətli, səmərəli oldu. Hazırda Gürcüstan-Azərbaycan münasibətlərinin indiki durumunu qiymətləndiririk. Qərara almışıq ki, əlaqələrimizi daha da dərinləşdirək. Cənubi Qafqazda stabillik məsələlərinə, iqtisadi la-yihələrə xüsusi  toxunduq. Onu da qeyd edim ki, birgə həyata keçirilən iqtisadi layihələr Azərbaycan-Gürcüstan münasibətlərində  böyük gücə malikdir. Biz bu vacib məsələlərlə bağlı qərar qəbul etdik. Bununla yanaşı, iki ölkənin beynəlxalq təşkilatlarda bir sıra qarşılıqlı maraq doğuran məsələlərdə birgə mövqedən çıxış edilməsi, xüsusilə də Avropa İttifaqı ilə əlaqədə birgə layihələrin həyata keçirilməsi məsələlərinin mümkün-lüyünü də  müzakirə etdik. 

 - Otən ilin sonunda Polşa öz vətəndaşlarını Azərbaycanın müvafiq dövlət qurumlarının rəsmi icazəsi olmadan Dağlıq Qarabağa getməməyə çağırdı. Gürcüstan da Polşa kimi dövlətlərin bu addımına qoşula bilərmi? 

- Biz kimlərinsə atdığı addımlara qoşulmuruq. Yaxşısı budur, onlar bizə qoşulsunlar. Bizim gürcülər üçün ciddi qayda-qanunlarımız var. Göstəriş var ki, konflikt olan ərazilərə gedilməsin, o cümlədən, Dağlıq Qarabağa Azərbaycan hökumətinin icazəsi olmadan getmək olmaz. Yadıma gəlmir ki, bu qanuna əməl olunmasın. Axırıncı dəfə, məncə,  bu qayda 2009-cu ildə pozulub. 

- Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın gürcü və azərbaycanlı ekspertlərindən ibarət işçi qrupunun görüşlərində indiyədək elə də müsbət bir nəticə əldə edilməyib. Razılaşmanın əldə olunmamasının kökündə nə durur? 

- Biz bu məsələni də müzakirə etdik. Bu istiqamətdə işlər gedir, komissiya görüşür, danışıqlar aparır.  Onu deyim ki, bu, çox həssas və ciddi bir məsələ olduğu üçün şərh verə bilmərəm. Ekspertlərin işləri başa çatanadan sonra rəy bildirəcəyik.

- Azərbaycanın enerji sektorunun inkişafının Gürcüstan iqtisadiyyatına nə kimi təsiri var? 

- Çox böyük, yaxşı təsiri var. Bildiyiniz kimi, bu situasiyanı biz özümüz - həm Gürcüstan, həm də Azərbaycan yaradıb. Azərbaycan və Gürcüstan enerji baxımından özünü təmin edir, heç kimdən asılı deyil. Müstəqillik məsələsinə gələndə, müstəqilliyi qorumaq üçün enerji asılılığının olmaması çox vacibdir. İqtisadi cəhətdən heç kimdən asılı deyilik.  Bizim ölkə başçılarımız, hökumətlərimiz bu istiqamətdə çox böyük işlər görüblər. Özü də qiyməti, dəyəri olmayan işlər. Azərbaycanda enerji sektorunun inkişafında sizin ölkə rəhbərinizin xidmətləri qiymətsizdir. Biz birgə işlərimiz nəticəsində bunu yaratmışıq. Bizim hökumətlərimiz bu sahədə böyük işlər görüb. Mən bunu qiymətləndirməyə bilmərəm.  Azərbaycan kimi qonşumuzdan çox razıyıq. 


MƏSLƏHƏT GÖR:

482