SOYUQ DAVOS AZƏRBAYCANI İSTİ QARŞILADI
Müəllif: Redaksiya
Budəfəki Davos forumunun iştirakçıları, yəqin ki, 41-ci Dünya İqtisadi Forumunun açılışına gecikməmək üçün xeyli tələsməli olublar. İsveçrədən verilən reportajlardan məlum olub ki, soyuq qış fəslinin şıltaqlığı və ciddi təhlükəsizlik tədbirləri qonaqları Konqres-Mərkəzə gedən yolda xeyli ləngidib.
Amma necə deyərlər, gec olsun, güc olmasın. Görünməmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, sammitin keçirildiyi məkanın cəmi 2 kilometrliyində yerləşən mehmanxanaların birində partlayış baş verib: “Posthotel Morosani” mehmanxanasının anbarında quraşdırılmış zəif partlayıcı işə düşüb. Partlayış nəticəsində mehmanxananın 2 pəncərəsi sınıb, xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Üstəlik, postböhran dövrünün sayca ikinci forumunun iştirakçıları bir neçə faciəvi xəbərdən də məyus olublar. Belə ki, tədbir Moskvanın «Domodedovo» aeroportunda törədilmiş terror aktı nəticəsində həlak olmuş insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Forumun sonunda isə iştirakçıların diqqəti Misirdə 100-dən artıq insan həyatına son qoymuş inqilaba yönəlib.
Xatırladaq ki, dünya siyasi elitasının toplaşdığı Davosda son illər daha çox dünya iqtisadiyyatının böhrandansonrakı bərpa yolları müzakirə edilib. Və budəfəki forum da istisna olmadı.
Tədbir iştirakçıları, adəti üzrə, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi artımdan, Avropanı bürümüş borclardan, ABŞ dollarının devalvasiyasından, Amerika inflyasiyasının ixracından və s. danışıblar. Amma Davosun çağırışları, yəqin ki, elə çağırış olaraq da qalacaq. İnkişaf etmiş dövlətlərin başı öz problemlərinə o qədər qarışıb ki, onlar digərləri haqqında düşünmək belə halında deyillər. İnkişaf etməkdə olan dövlətlər isə digərləri ilə müqayisədə elə sürətlə irəli gedirlər ki, kənardan kimlərinsə məsləhətlərinə qulaq asmaq niyyətində deyillər.
Bu rabitəsizlik fonunda Azərbaycan forumun işgüzar atmosferinin ayrılmaz hissəsinə çevrilə bildi - həm dövlətlər, həm də nəhəng təşkilatlarla bilavasitə danışıqlara üstünlük verməklə.
Ümumilikdə, Davos forumu Azərbaycana olan böyük maraqla yadda qaldı. Ölkə başçısı İlham Əliyevin sıx görüşlər qrafiki də bunun göstəricisidir.
Konkret razılaşmalar da əldə edildi. Məsələn, İlham Əliyev və Viktor Yanukoviçin iştirakı ilə keçirilmiş Azərbaycan-Ukrayna danışıqlarından sonra 2 sənəd imzalanıb: Ukrayna ərazisi ilə neft nəqli sahəsində əməkdaşlığın inkişafını nəzərldə tutan tədbirlər haqqında razılaşma və Ukraynaya mayeləşdirilmiş qaz nəqlinin təşkili sahəsində əməkdaşlıq memorandumu.
İmzalama mərasimində İlham Əliyevə müraciət edən Viktor Yanukoviç Ukrayna xalqına dəstəyə görə, Azərbaycana minnətdarlığını bildirib: «Ukrayna xalqı bizim üçün çətin anlarda atanız Heydər Əliyevin hansı tarixi qərar verdiyini, sizin Ukraynanı yanacaq-sürtkü materialları, neft destillə edən zavodlarımıza neft nəqli haqqında qərarlarınızı heç zaman unutmayacaq. Bu, həmin dövrdə Ukrayna üçün sanki oksigen idi və Heydər Əliyevin tapşırığı ilə Azərbaycan bunu etdi. Siz xeyirxah ənənələri davam etdirirsiniz».
Davos görüşlərinin təhlili göstərir ki, dövlət və hökumət başçıları ilə yanaşı, Azərbaycan prezidenti ilə görüşənlər arasında, ənənəvi olaraq, neft-qaz şirkətlərinin, onlara xidmət göstərən qurumların rəhbərləri də üstünlük təşkil edir. Bu forum çərçivəsində İ.Əliyev “Statoil” ASA, “Edison”, “LUKoil”, “TOTAL”, “bp”, RWE şirkətlərinin rəhbərləri ilə də görüşərək, əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bununla yanaşı, Azərbaycana qeyri-neft bazarları iştirakçılarının da marağı böyükdür. Söhbət xüsusilə informasiya-kommunikasiya texnologiyaları sahəsindən gedir. İ.Əliyevin “SK Group” şirkətlər qrupunun rəhbəri Tae-Van, “Huawei Technologies” korporasiyasının rəhbəri Sun Yafanq, “TeliaSonera Eurasia” şirkətinin prezidenti Tero Kivisari, həmçinin, “Microsoft International” şirkətinin prezidenti Jan-Filipp Kurtua ilə görüşləri də bunun göstəricisidir.
Dünyaca məşhur olan bu şirkətlərin hamısının Azərbaycanla əməkdaşlıq təcrübəsi var və İ.Əliyevlə görüşdə onların rəhbərləri əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Bu şəxslər Azərbaycanın özünü investisiya yatırılması baxımından cəlbedici ölkə kimi göstərdiyini vurğulayıblar.
Görüşlərdə Azərbaycan prezidentinin neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətindəki siyasətinin əhəmiyyəti vurğulanıb. Həm də yalnız insan resurslarına yox. Davos forumu göstərdi ki, enerji resurslarından düzgün istifadə Azərbaycanın neft-qaz kapitalını həm də siyasi kapitala çevirə bilər. Bu, Bakı üçün məqsəd olmasa da, enerji resursları nəqlinin diversifikasiyası siyasətinə müsbət nəticələr verməkdədir: Azərbaycan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirir. Prezident İ.Əliyevin isveçrəli həmkarı Mişlin Kalmi-Rey, Avstriyanın Avropa və beynəlxalq məsələlər naziri Mixail Şpindelegger, Polşa prezidenti Bronislav Komorovski, Britaniya şahzadəsi Endrü, hersoq Yorkski ilə görüşləri də bunu bir daha sübut edir.
Bu fakt Avstriya - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzvlərinin birgə naharında Azərbaycana göstərilən yüksək diqqətlə də təsdiqlənir.
Prezident İ.Əliyev isə öz növbəsində, Bakının dünya bazarlarına enerjidaşıyıcılarının nəqli yollarının diversifikasiyası siyasətinə sadiqliyini bildirib. O, əlverişli coğrafi mövqeyi ilə əlaqədar olaraq, Azərbaycanın böyük nəql imkanlarının olduğunu nəzərə çatdırıb. Dövlət başçısı hazırda Azərbaycanın Mərkəzi Asiya ilə ənənəvi əlaqələrinin bərpası haqqında düşündüyünü də söyləyib və bunun regiondakı layihələrin effektivliyinin artırılması üçün lazım olduğunu bildirib. «Hazırda biz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində işləyirik. Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi, əslində, yalnız bu iki ölkəni deyil, Avropa ilə Asiyanı birləşdirir. Çünki o, Çindən başlayaraq Avropayadək uzanır. Bu, yeni, etibarlı alternativlərin yaradılmasına imkan yaradacaq, bütün tərəflər üçün xeyirli, effektiv marşrut olacaq», - deyə prezident qeyd edib.
Yeri gəlmişkən, 41-ci Dünya İqtisadi Forumunda Azərbaycanın deməyə sözü, tərəfdaş ölkə və şirkətlərə təqdim etməyə təklifləri də var idi. İ.Əliyev Davosdakı çıxışında deyib: «Siyasi və iqtisadi baxımdan bu gün Azərbaycan müstəqil ölkədir. O, müstəqil siyasət aparır, regionda yaxşı mövqelərə malikdir və gələcəyə böyük ümidlərlə baxır».
İlham Əliyev Davosun qonaqlarını bu gün Bakını narahat edən, regionun tamhəcmli inkişafına mane olan yeganə problemin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hələ də işğal altında olması haqqında da məlumatlandırıb.
Yeri gəlmişkən, budəfəki forumda Ermənistandan heç kəs yox idi. «Ermənistan hakimiyyətinin ölkəni regionun mərkəzinə çevirmək niyyəti haqqında bəyanatlarının fonunda bu, ən azı, qəribədir», - deyə Ermənistanın lragir.am portalı yazır. - «Amma əslində, burada qəribə nəsə yoxdur. Regional liderliyə iddiasını dilə gətirən Ermənistan özü də başa düşür ki, bu, yalnız əhalinin «qidalandırılması»nda daxili istifadə üçündür. Ermənistan hakimiyyəti də bunu xarici investorlar qədər yaxşı anlayır».
MƏSLƏHƏT GÖR:

517

