14 Mart 2025

Cümə, 21:49

LİSENZİYA İLİ

2011-ci ildə azərbaycan paytaxtı bir sıra mötəbər yarışlara ev sahibliyi edəcək

Müəllif:

15.01.2011

Yenicə həyatımıza qədəm qoyan 2011-ci il Azərbaycan idmanı üçün həm vacib, həm də məsuliyyətli mövsüm olacaq. Bu ildən etibarən, 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə başlayır. Eyni zamanda, məhz bu il paytaxtımız Bakı bir sıra mötəbər yarışlara ev sahibliyi edəcək. 

2011-ci ilin Bakıda keçiriləcək ilk böyük yarışı cüdo ilə bağlı olacaq. Dünya cüdosunun ən güclü simaları London Olimpiadasına lisenziya xalları uğrunda mübarizəyə məhz bizim doğma şəhərdə başlayacaq. «Dünya ustaları»nın turnirində qələbəyə görə 400 lisenziya xalı veriləcək. Mötəbər yarışda ölkəmiz ən güclü heyətlə təmsil olunacaq. Yığmanın lideri Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli də iştirakçılar sırasında olacaq. 400 xalı qazanan cüdoçu böyük ölçüdə Londona yollanacaq heyətə daxil ediləcək. Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyasının yeni qaydalarına əsasən, Olimpiadaya lisenziyalar reytinq sıralamasına uyğun veriləcək. Yəni olimpiadanın startına 2 ay qalmış reytinqdə ilk 8-də qərarlaşan cüdoçular (Avropa üzrə, hər çəki dərəcəsində) 4 illiyin ən böyük yarışına vəsiqə alacaq.

Digər mötəbər yarış taekvondoçulaların lisenziya xarakterli turniridi. Qaydalara əsasən taekvondo üzrə olimpiadaya lisenziyalar 2 yarışda verilir. Bu mötəbər turnirlərdən biri məhz Bakıda keçiriləcək. Taekvondoçularımız Londona yollanmaqdan ötrü əsl güclərini göstərməlidi. Qaydalara əsasən hər ölkə olimpiadaya yalnız 4 idmançı (2 qadın və 2 kişi) yollaya bilər. Ona görə rəqabətin yüksək olacağını indidən əminliklə söyləmək olar. Qeyd edək ki, indiyə qədər Azərbaycan xanım taekvondoçularla Olimpiadada təmsil olunmayıb. Məhz buna görə də cari mövsüm federasiya maksimum nəticə əldə etməyi qarşıya məqsəd qoyub. Taekvondoçularımız Olimpiadaya maksimum heyətlə yollanmaq arzusundadı. 

2011-ci ildə Bakıda keçiriləcək ən böyük yarış boks üzrə böyüklərin dünya çempionatı olacaq. Bu, Azərbaycan idmanı tarixində boks üzrə ən böyük turnir olacaq. İndiyə qədər Bakıda bədii gimnastika və güləş üzrə dünya çempionatları keçirilib. Boksçuların dünya çempionatı həm də lisenziya uğrunda mübarizəylə yadda qalacaq. Planetin ən güclü boksçuları Londona vəsiqəni Bakıda qazanmalı olacaq. Ona görə millimizin ciddi sınaqla üzləşdiyi dəqiqdi. Azərbaycan yığması doğma divarlar arasında maksimum lisenziya qazanmağa iddialıdı. 

Bundan başqa, 2011-ci il ərzində Bakıda bir sıra beynəlxalq turnirlər təşkil ediləcək. Futbol üzrə yığmamız eləcə də qadın voleybolçulardan ibarət klublarımız beynəlxalq görüşlər keçirəcək. Futbolçularımız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Almaniya və Belçikanı qəbul edəcək. Voleybolçularımız isə Çağırış Kuboku və Çempionlar Liqasında vacib görüşlər keçirəcək. Üstəlik «Rabitə» voleybol klubu artıq Liqada əsas mərhələyə vəsiqə qazanıb. Bu isə o deməkdir ki, Bakı daha bir mötəbər yarışa ev sahibliyi edə bilər. Söhbət Çempionlar Liqasının «dördlər finalı»ndan gedir. Qitənin ən güclü 4 voleybol klubu məhz paytaxtımızda mübarizə apara bilər. Federasiya artıq lazımi sənədləri toplayıb. Qaydalara əsasən, «dördlər finalı»na vəsiqə qazanan klublardan biri əsas mərhələnin görüşlərinə ev sahibliyi etmək imkanı qazanır.

Bakıda WSB silsiləsindən olan dünya boks seriyasının görüşləri təşkil ediləcək. «Bakı atəşi» komandası rəqiblərini Sərhədçi Olimpiya İdman Mərkəzində qəbul edəcək. Hazırda komandamız 5 görüşdə maksimum xalla qrupda liderdi. Bu isə boksçularımızın pley-off mərhələsinə çıxmaq şansını artırır. 2011-ci ildə Peşəkar Boks Liqasının 3 görüşü Bakıda baş tutacaq. Martda «İpək Yolu» beynəlxalq boks turniri keçiriləcək. Mayda isə yeniyetmə boksçuların ənənəvi «Heydər Əliyev kuboku» uğrunda beynəlxalq turniri təşkil olunacaq. 

Mayda, həmçinin, şahmatçıların «Prezident kuboku» turniri olacaq. Federasiya həmin yarışda dünyanın aparıcı qrossmeysterlərini payxtamıza dəvət edəcək. Qeyd edək ki, ötən il «Prezident kuboku»nda dünya çempionu Vladimir Kramnik və bir sıra məşhur şahmatçılar iştirak ediblər.

Göründüyü kimi, 2011-ci il Azərbaycan idmanında mötəbər yarışlar və əlamətdar hadisələrlə zəngindi. Ölkə idmanı hər il mühüm yarışlara ev sahibliyi etməklə dünyanın diqqət mərkəzində olur. 

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşdə söylədiyi kimi, dünya artıq Azərbaycanı idman ölkəsi kimi qəbul edib. Bakı indi istənilən mötəbər yarışa ev sahibliyi etmək imkanına malikdir. Üstəlik ölkəmizin dünya və Avropa çempionatlarını yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. İndi beynəlxalq federasiyalar Azərbaycan təşkilatçılığını bütün dünya ölkələrinə nümunə kimi göstərir. 


MƏSLƏHƏT GÖR:

392