Müəllif: Flora XƏLİLZADƏ, yazıçı-publisist Bakı
Bu, hər şairə nəsib olan xoşbəxtlik və tale payı deyil ki, sağlığında da, ölümündən sonra da dərin məhəbbətlə sevilsin, anılsın, şeirləri dillər əzbərinə çevrilsin. Bu sırada əzəmətlə dayanan Məmməd Araz ömrüboyu Azərbaycanda yaşayıb-yaratsa da, yazdıqları dünya poeziyasının inciləri sayıldı.
Məmməd Araz 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirdikdən sonra, Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsində təhsil alıb. Bir müddət Şahbuz rayonunda müəllimlik edib. «Sevgi nəğməsi» adlı ilk şeirlər kitabı 1959-cu ildə oxuculara çatdırılıb. Həmin il Moskvada Ali Ədəbiyyat kursuna daxil olan Məmməd Araz təhsilini başa çatdırdıqdan sonra, «Maarif» nəşriyyatında redaktor vəzifəsində çalışıb. Sonralar müxtəlif qəzet, jurnal redaksiyalarında, nəşriyyatda məsul katib, redaktor müavini, direktor müavini işləyib. 1975-ci ildən ömrünün sonuna kimi (2004-cü il) «Azərbaycan təbiəti» jurnalının baş redaktoru olub. 20-dən artıq kitabın müəllifidir, respublikanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairidir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra, Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycanın ən yüksək mükafatı - «İstiqlal» ordeni alan ilk üç şairdən biri olub.
Azərbaycan poeziyasının Məmməd Araz zirvəsi. Misralarla göyərən bu ucalığın ətəklərinə çatmağa çoxu həsrət qaldı. Məmməd Araz haqqında yazanlar bu möhtəşəm ucalığın kökünü həmişə təbii ilham və istedadla bağlayırlar. Mənə elə gəlir ki, bu sözləri bütün şairlər haqqında demək mümkündür. Çünki əsl şairlik elə ilhamdan, istedaddan doğulur. Məmməd Araz bütün bu ziddiyyətlərlədolu dünyadan, elə öz şair dostlarının arasından bir ox kimi sıyrılaraq elə bir ucalıqda dayandı ki, biz bu zirvədə ancaq onu gördük. Məmməd Araz son dərəcə təvazökar, səmimi, kövrək, həm də zahirən çox fağır, solğun təsir bağışladığından, bəlkə də çoxumuz dərk edə bilmirdik ki, ətrafımızı bürümüş adiliyin içində necə böyük bir dahi ilə üz-üzəyik. Çəkdiyi ağrılara da, cəfaya və səfaya da özü daha yaxşı bələd idi. Uzun illər ağır xəstəlikdən əziyyət çəkdi. Amma ilhamı da, istedadı da həmişə təzə və saf idi. Qələmini çox dərindən işlədirdi. Ölümün qara üzünə şeirləri ilə meydan oxuyurdu. Öz inkarında özünü təsdiqləyirdi:
Qələm var əlimdə,
Gör neçə ildir?
Bir nəğməm dillərə nə
vaxt düşəcək?
Mənim gəlişimlə nə dəyişildi,
Mənim gedişimlə nə dəyişəcək?
Bu bənzərsiz şairin poeziyası ilə bağlı Azərbaycanın xalq yazıçısı Anarın çox dəqiq, ədəbi ölçüləri var: «Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burda, nə də darısqal dil köynəyində çırpınan düşüncələr. Məmməd Araz poeziyasının mehvəri Vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında, kürreyi-ərzimiz haqqında həm nikbin, həm də nigaran qənaətlərdir».
Azərbaycan - mayası nur, qayəsi nur ki.
Hər daşından alovdilli ox ola bilər.
«Azərbaycan» deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər”.
Böyük Azərbaycan şairi Füzuliyə hörmət və onu sevmək Azərbaycanı sevmək deməkdir. Bu iki doğmanın arasında şairin çox ustalıqla yaratdığı vəhdət təbiidir. Məmməd Araz bədii sözün rəssamı idi. Sözlə elə tablolar yaradırdı ki, onun misraları gözümüzün önündə heyrətli bir mənzərəyə çevrilirdi.
“Azərbaycan - qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində bir qaya”.
Bu, adicə şeir, tablo deyil. Bu, Azərbaycanın əzəmətli heykəlidir, sadəcə qranitdən, mərmərdən deyil, sözdən yoğrulub, sözdən qurulub.
Dünya ədəbiyyatı seriyasında gördüyüm, duyduğum Məmməd Arazı, demək olar ki, müntəzəm oxuyuram. Onun poeziyasında doqquz planetin doqquzu da görünür. Orada həyatı, onun mənasını, fəlsəfəsini görürəm. Onunla ünsiyyətdə olmaq bir səadət idi. Yaxşı ki, o günləri indi kədər və xiffətlə xatırlasam da, qəlbimdə bir təsəlli var: uzun müddət Məmməd Arazla bir redaksiyada çalışmışam. Ondan dəfələrlə müsahibə almışam. Həmişə dünyanın təzadlarına, qəribəliklərinə, ümumiyyətlə, dünyanın özünə poetik baxışı olan şairin bu mövzuda çoxlu şeiri dillər əzbərinə çevrilib. Çox təzadlar yükünü çəkən bu dünyamızda nələr görməmişdi?! Bir narahtlıq keçirirdi ki, ağıllı azdıqca ağılsız artır. Ona görə də şeirlərində haray çəkirdi: «Qoruyun dünyanı «ağıllı»lardan». Bəzən də inciyəndə üzünü Tanrıya tutub deyirdi:
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Fəzada yerini dəyiş dünyanın
Ya rəbbim, bu dünya sən quran deyil!
Bu sərhədli, sədli dünyada ən çətin olanı nə idi görən? Bir dəfə belə bir sualla ona üz tutdum. Cavabı indi də xəyalımdan çəkilmir: «Min taleyin dərdinin bir qəlbi göynətməməsi, hər ocağın üstündə özünə aş dəmləyən biganələrin çoxluğu».
Məmməd Arazın oxucu ürəyində yaratdığı çox qəribə bir portreti var. Hər dəfə onun haqqında fikirləşəndə aşağıdakı misraları yada düşür:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
Uşaqlığı sovet rejiminin Azərbaycanda həyata keçirdiyi ağır repressiya illərinə təsadüf edib. 1945-ci ildə atası İnfil kişini «siyasi dustaq» kimi həbs edərək 1955-ci ilə qədər Qazaxıstanda həbs düşərgəsində saxlayıblar. 1981-ci ildə 105 yaşında dünyasını dəyişən İnfil kişinin həbs edilməsində qonşu ermənilərin əli olmuşdu. Həyatın amansızlığı, insanların riyakarlığı qarşısında çox əzab çəkən, lakin heç vaxt sınmayan, əyilməyən İnfil kişi ömrüboyu el üçün çalışıb, millət üçün xeyirxahlıq etmişdi. Yaşadığı kənddə bağ saldırdı, körpü tikdirdi, su çəkdirdi. Ondan aldığı həyat dərslərinə görə də Məmməd Araz nəinki Azərbaycan ədəbiyyatının, dünya poeziyasının şedevri olan «Atamın kitabı» adlı poemasını yazdı. Bu poema, əslində, bir ibrət dərsidi. Bəlkə də daha çox bir millətin, bir xalqın bədii ensiklopediyasıdır.
Zamanın, bəxtin hökmü qarşısında insan heç nəyi dəyişməyə qadir deyil. Nə geriyə boylanmaq, nə xəyala dalmaq yenilik gətirmir. İnsanın yeganə tapınacağı bir şey var - haqq! Məmməd Araz bütün ömrü-boyu haqqa sarılmaq istəyi ilə yazıb- yaradırdı. Sözünü elə məqamda, elə tərzdə təsirli söyləyirdi ki, insan onun şeirlərinə qoşulub, dünyanın gözəlliklərinə damcı-damcı hopmaq istəyirdi. İlhamının və istedadının gücünə, öz ömrünün əbədiliyinə imza atan əsərlər yazıb-yaratdı. Ən ağır, ən üzüntülü anlarında belə, dünyanın faniliyini hamıdan çox duyduğuna baxmayaraq, ölümün qara kabusunu, caynaqlarını özünə yaxın qoymurdu. Hər dəfə üzləşdiyi qəfil itkilərdən sarsıldıqca heyrətə gəlirdi:
İnana bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda!
Ana dəfn oluna, gözəl qocala.
Bəlkə bir səhnədir, əsərdir bu da.
Bir insan beşaddımlıq ömür yolunda nə qədər dərdlə, kədərlə, bəd xəbərlə üzləşərmiş? Amma nə gileyə dəyər, nə şikayətlənməyə. Çünki verən də Allahdır, alan da! Pozulmaz yazıları məhz Ulu Tanrı yazır! Məmməd Araz heç vaxt naşükür olmayıb. Dilindən həmişə xoş sözlər eşidilib, baxışlarından mehribanlıq duyulub. Gileydən, şikayətdən çox uzaq idi. Ən qəmli şeirində də insanı düşündürürdü, həyatın qədrini bilməyə, mənəvi kamilliyə, ucaldıqca kökünü görməyə, barlandıqca harınlaşmamağa səsləyirdi:
Birdən qəfil qada gəlsə: Dahilik!
İçimdən bir səda gəlsə: Dahilik!
Vay odu ki, əda gəlsə: Dahilik!
Tanrım, məni məndən qoru bu yaşda.
Belə təvazökar, sadə və böyük bir ürək sahibi idi Məmməd Araz! Şeirlərindən hansı misranı çəksən, heyrətlidir, atalar sözü kimi müdrik və mənalıdır: «Vicdanımı ovuclara sığmadım», «Su olur yandıran, su tapmır yanan», «Boz dumanla həmdil oldum, qatarım itdi, hansı qəlbə qıfıl asdım, açarım itdi», «İki itə para sümük atdılar; Qarabaşda, Alabaşda nə günah», «Yüz də çevir, min də ələ torpağı, namərdinən mərd yanaşı göyərdi», «Alçağa da alçalan gör alçağı», «Əbədiyə qəhqəhə çəkər əbədi dünya», «Gedir milyonçunun qəpik davası» və s.
Otuz ilə yaxın dərdin ən ağırı ilə mücadilədə olan «ölə-ölə yazmıram, yaza-yaza ölürəm» deyən, əyilməyən, sınmayan, ilhamının qüdrətinə söykənərək öz mənəviyyatını, şəxsiyyətini qeyri-adi ucalıqda tutmağı bacardı Məmməd Araz! Gəlimli-gedimli dünyanın son hökmünün ağrılarını ürəyindən keçirə-keçirə duyğularımızı bir xəbərdarlıq üstündə köklədi: «Dünya mənim, dünya sənin, dünya heç kimin!». Poetik duyğularını misra-misra kağızlara köçürən şairi insan kimi tanımaq üçün şeirlərini dönə-dönə oxumaq, poeziyasından çəkilən nümunələrə diqqətlə yanaşmaq gərəkdir. Biz canlı klassiklə və bənzərsiz bir şairlə eyni bir səmanın altında, eyni məmləkətdə və nəhayət, eyni şəhərdə yaşadıq. İndi anlayıram ki, nə xoşbəxtimişik? Azərbaycan poeziyasında Məmməd Araz zirvəsinin şahidi olduq. Şeirimizdə Məmməd Araz dilinin yaratdığı ucalığın ətəklərinə çoxunun əli çatmadı.
Məmmədin anası - mənim doğma bibim Cahan sinəsi bayatılı, bədahətən qafiyəli sözlər deyən bir qadın olub. Hərdən mənə elə gəlir ki, Məmməd Arazın ilk kitablarının və sonrakı nəşrlərdə bəzi şeirlərin əsl müəllifi Cahan bibimin özüdür. Çünki o şeiriyyət məhz anasının laylaları, südü və deyimləri ilə Məmmədin ruhuna hopmuşdu. Anaya qismət olmayan şairlik oğlun nəsibi imiş. Bəlkə də bu səbəbdən Məmməd Araz qəlbən əmin olmaq istəyirdi ki, bir ana ürəyi nəğmə deyəndə buludlar yerə enməlidir! Bir ana ürəyi hökm eləyəndə qranit qayalar muma dönməlidir! Ona görə də Məmməd Araz bir dəhşəti uzun müddət ürəyinə yaxın qoymayıb - «Ana dəfn oluna!». Günlərin birindəcə
“Üzümə dəyməyir ana nəfəsi,
Nə bərk yuxudayam, nə bərk yuxuda”,
- deyərək üzüntülü dumanların içində yuxuların yalanına inanıb:
“Mənə bir dərd olur, dərd olur neçin,
Anamı sinəmdə dəfn etməmişəm!”.
Məmməd Araz bütün yaradıcılığıboyu sözə bir varlıq kimi baxıb. Kimliyi, şəxsiyyəti, əqidəsi, həqiqəti olduğu kimi, şeirlərində görünüb. Gözlərimin önündəcə ayrı-ayrı misralardan boylanan qüdrətli şairimizin canlı obrazı, şəxsiyyəti canlanır. Hisslər, duyğular şairi idi Məmməd Araz! Və bütün bunlardan öncə vətəndaş şair idi! Ya bəlkə də daha çox bir o qədər diqqət çəkməyən üsyankar idi.
Məmməd Araz poeziyası onun bütün pərəstişkarları üçün bir mənəvi işıq, bir mənəviyyat dərsidir. İlahinin yazısına və öz şairlik istedadına söykənərək qüdrətli şeirləri ilə qolumuzdan tutan, ovqatımızı təzələyən, bizi təklənməyə, əyilməyə qoymayan Məmməd Araz şeiri oxucuya vətənpərvərlik ruhu verir. Ömrün karvan yükünü sənətin elə incilərindən tutdu ki, Gündoğandan Günbatana qədər olan biraddımlıq yoldakı şərafətin fəxrini, iftixarını hələ neçə nəsil yaşayacaq, deyəcək, öyünəcək. Dillər əzbəri olan misraları var ki, ahəngindəki cəngavər gücünə və qüdrətinə görə bir orduya istiqamət verir, bütöv bir elin ürəyinə mübarizə əzmi səpir, qolumuzdan tutaraq səfərbər edir:
Ayağa dur, Azərbaycan!
Nə yatmısan qoca vulkan,
Səninliyəm?!
Ayağa dur, Azərbaycan!
Səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Yaradıcılığı ilə nəinki doğma yurdunun, bütün dünyanın əbədiyyətidir Məmməd Araz! Poeziyası doyulmaz bir çeşmədir. Şeirləri dünya ədəbiyyatında əbədi qeydiyyatda olan bir ustaddır. Bununla yanaşı, şairin poeziyasında Azərbaycanın vüqarlı dağları və vətən sevgisi sirli-sehrli bir qüdrətə dönərək görün, bizi hansı məqama çağırır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim...
Bəşərə, dünyaya məhəbbət məhz Vətən sevgisindən, yurd eşqindən qidalanır. Öz kəndinin bulağına, çəməninə vurğun kəsilməyən dünyanın gözəllikləri qarşısında biganə olar. Nə yaxşı ki, Məmməd Araz poeziyasında bu başıbəlalı dünyanın təzadları da var, gözəllikləri də.
Məmməd Araz bütün varlığı, ağrı-acıları ilə birlikdə Azərbaycanın özü demək idi. Şeirlərində yurdumuzun portretini çox sərrast və təsirli yaradan şairimizin özü də torpağımıza çox bənzəyirdi. O qədər müqəddəs, o qədər nəcib insan idi ki, dünyanın bütün yaxşılıqlarını onun adına bağlamaq, dünyanın bütün günahlarını ona görə keçmək olardı.
MƏSLƏHƏT GÖR: