
365 GÜNƏ 675 MEDAL
Azad Rəhimov: «2010-cu ildə Azərbaycan bayrağı dünyada gündə 2 dəfə idmançılarımızın şərəfinə ucaldılıb»
Müəllif: Sənan ŞƏfizadƏ Bakı
2010-cu il Azərbaycan idmanı və idmançıları üçün uğurlu keçdi. Müxtəlif idman növlərində ölkəmizin şərəfini qoruyan idmançılarımız rekord sayda mükafat qazandılar. 2010-cu ildə qazanılan 675 medal ölkəmizin idman tarixində yeni rekord müəyyənləşdirdi.
Ötən il həm də Olimpiya idman növlərində rəqabətin artması müşahidə olundu. Bəs 2010-cu il daha nə ilə yadda qaldı. İlin idman yekunlarıyla bağlı suallarımızı gənclər və idman naziri Azad Rəhimova ünvanladıq. İşinin çox olmasına baxmayaraq, nazir oxucularımızı maraqlandıran sualları cavabsız qoymadı.
- İlin yekunlarında əldə olunan nailiyyətləri sadaladıqda qürur hissi keçirirəm. İlk dəfə olaraq idmançılarımız müxtəlif yarışlarda 675 medal qazanıb. Bu çox böyük göstəricidir. Təsəvvür edin ki, orta hesabla, 365 günə 675 medal Azərbaycan Bayrağının, ən azı, gündə 2 dəfə müxtəlif ölkələrdə ucaldılması deməkdir. Olimpiya idman növlərində qazandığımız uğurlar çox oldu. Gimnastlar, güləşçilər, cüdoçular, boksçular, avarçəkənlər ümidləri doğrultdular. Eləcə də şahmat, kikboks, sambo və digər növlərdə də idmançılarımız Vətənə medalla qayıtdılar. Deyilən faktlar Azərbaycanda idmanın inkişafda olduğunu göstərir.
- İlin ən böyük idman hadisəsi kimi, yəqin, Olimpiadanı qeyd etmək olar.
- Sizinlə tam razıyam. 2010-cu ildə Sinqapurda yeniyetmələr arasında ilk dəfə Olimpiya Oyunları keçirildi. Bu mötəbər yarışda Azərbaycan idmançıları, sözün əsl mənasında, tarix yazdılar. Qazanılan 8 medal fikrimi təsdiqləyir. 5 qızıl və 3 gümüş medala layiq görülən idmançılarımız bizim gələcəyimizdir. Əvvəllər çempion idmançılar haqqında onların sovet dövründə hazırlıq keçdiyini deyirdilər. Yeniyetmələrin olimpiadasında iştirak edən idmançılarımız isə Müstəqil Azərbaycanda doğulub. Sinqapurdakı uğurumuz,sözsüz, ilin əsas idman hadisəsi oldu.
- Uğurlarla yanaşı, yəqin ki, özümüzü yaxşı tərəfdən göstərə bilmədiyimiz idman növləri də oldu. Bu sahələrdə nə dəyişiklik gözlənilir?
- 2010-cu ildə bir neçə idman Olimpiya kompleksi tikilib istifadəyə verildi. Yeni arenaların inşası bundan sonra da davam edəcək. Cənab prezident İlham Əliyevin idmana qayğısı sayəsində hər bir regionda idmanla yüksək səviyyədə məşğul olmaq mümkün olacaq. Sualınıza gəlincə, bəzi idman növləri barədə düşünəcəyimizi deyə bilərəm. Məsələn, hazırda ölkədə yüksək standartlara cavab verən hovuz yoxdur. Biz yeni hovuz kompleksinin inşasını planlaşdırırıq. Burada eyni zamanda üzgüçülük idman növünü inkişaf etdirmək mümkün olacaq.
- Yəqin, 2010-cu il futbolumuzda da iz buraxdı. Çoxları Türkiyə üzərində qələbəni xüsusi qeyd edir. Sizin fikrinizi bilmək maraqlı olardı.
- Futbolun inkişafı üçün mühüm addımlar atılır. Azarkeşlər səbirli olmalıdırlar. Bəzi idman növlərindən fərqli futbolda uğurları gözləmək üçün vaxt lazımdır. Yəni tez bir zamanda uğur əldə etmək mümkün deyil. Hazırda uşaq futboluna xüsusi qayğı var. Həmin uşaqlar böyüyəndən sonra işimiz asanlaşacaq. Fikrimcə, böyük uğurlar üçün 3-5 il gözləməliyik. Türkiyə millisi üzərində qələbəyə gəlincə, bu böyük sevinc oldu. Yığmamızın belə oyunlarının çox olmasını istərdim.
- Yeri gəlmişkən, 2010-cu ildə, əsasən, futbol azarkeşlərini maraqlandıran idman mərc oyunları rəsmən fəaliyyətə başlamalı idi - yəqin ki, 2011-ci ilə qaldı...
- Mərc oyunlarının işə başlaması üçün bəzi xırda nüanslar qalıb. Həmin məsələlər aradan qaldırılandan sonar, mərc oyunları qaydalara uyğun işə başlayacaq. Çox güman, yanvarın axırlarında rəsmən işləyəcəklər. Fikrimcə, bir qədər gec olsa belə, əsas işin yüksək səviyyədə qurulmasıdır. Azərbaycanda keçirilən yarışlara pul qoyuluşu bir müddət qəbul olunmayacaq.
- London Yay Olimpiya Oyunlarına 2 il vaxt qalır. Bu mənada idmançılarımızın hazırlığı necə gedir?
- Hər bir idmançının arzusu Yay Olimpiya Oyunlarında iştirak etməkdir. Hazırlıq əsas 2011-ci ildən başlayacaq. Yeni ildə bir sıra idman növləri üzrə lisenziya turnirləri keçiriləcək. Əsas məqsəd lisenziya qazanmaqla başlayır. Sonra isə hazırlıq planı üzrə iş gedir. İstərdik ki, Pekin Yay Olimpiya Oyunları ilə müqayisədə bu dəfə çox lisenziya əldə edək.
- 2010-cu il güləşçilərimiz üçün xüsusilə yaddaqalan oldu.
- Güləşçilər artıq bizləri böyük qələbələrə öyrəşdirib. Avropa və dünya çempionatındakı uğurlarımız güləşin Azərbaycanda ən inkişaf edən idman növlərindən biri olduğunu təsdiqləyir. Bakıdakı Avropa çempionatında komandamız bütün ümidləri doğrultdu. Ardınca isə Moskvadakı dünya çempionatında nailiyyətlərimizi təkrarladıq. Elə ona görə də ilin laureatları sırasında güləşçilərin adı çoxluq təşkil edirdi.
- İlin ən yaxşı 10 idmançısı sırasında gimnastımız Aliyə Qarayeva da var idi.
- Gimnastika Federasiyası idmanın bu növünün ölkədə populyarlaşması sahəsində böyük işlər görüb. Cari ildə Aliyə Qarayeva böyük uğurlar qazandı. Bilirsiniz ki, Rusiya, Ukrayna kimi ölkələr gimnastika da söz sahibidirlər. Amma Azərbaycan gimnastları artıq həmkarlarını özlərinə ciddi rəqib kimi baxmağa məcbur ediblər. Gimnastlarımıza Olimpiya Oyunlarında da medal qazanmağı arzulayıram. Dünya və Avropa çempionatlarında nəticələrimiz sevindiricidir. İnşallah, Londonda gimnastikada da ilk medalımızı qazanarıq. Hazırda federasiya inzibatı binanın inşasıyla ciddi məşğul olur. Yeni tikiləcək binada gimnastika yarışları üçün xüsusi zal olacaq. Müəyyən yarışları orada keçirmək mümkündür.
- Qeyri-olimpiya növlərində vəziyyət necədir?
- Olimpiya idman növləriylə yanaşı, qeyri-olimpiya növlərinin də nəticələri sevindiricidir. Kikboksçular, karate, sambo və digər növləri də çoxlu sayda medal qazanmışıq. Əvvəlcədən qeyd edirdik ki, biz ölkədə idmanın kompleks halında inkişafında maraqlıyıq. Təkcə Olimpiya növləriylə kifayətlənmək olmaz. Ona görə bütün sahələrə xüsusi diqqət ayrılır. İlin ən yaxşı 10 idmançısı sırasında qeyri-olimpiya növlərinin təmsilçilərinin olması fikrimi sübut edir.
- 2011-ci il Azərbaycan idmanı üçün məsuliyyətli il olacaq. Məhz bu ildən Londona lisenziyalar uğrunda mübarizə başlayır. Sizin yeni illə bağlı arzularınızı bilmək istərdik...
- İlk olaraq Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün xalqımızı təbrik edirəm, cansağlığı və xoşbəxçılarımıza uğurlar diləyirəm. Çünki bu əksər idman növlərində Londona yollanacaq idmançıların adı müəyyənləşəcək. Məşqçilərə uğurlar arzulayıram. Uğurlarımız onların işindən çox asılıdır. Yeni ildə Bakı bir sıra mötəbər yarışlara ev sahibliyi edəcək. Əminəm ki, həmin yarışlar yüksək səviyyədə keçiriləcək.
MƏSLƏHƏT GÖR: