14 Mart 2025

Cümə, 21:00

YENİ İL ÖNCƏSİ MÖCÜZƏ

Emin Ağalarov Bakıda yeni albomu - "Wonder"i ("Möcüzə") təqdim edib

Müəllif:

01.01.2011

Dekabrın 25-də Heydər Əliyev Sarayında Emin Ağalarovun tamamilə Yeni il ruhunda  olan "Wonder"  ("Möcüzə") adlı  qeyri-adi konserti keçirilib. Konsertdə gənc müğənninin artıq Rusiya və MDB ölkələrində satışa çıxarılmış sayca beşinci diskinin təqdimatı olub. Emin şouya hələ bu ilin yayından hazırlaşıb. Xoreoqrafla, vokal üzrə pedaqoq, quruluşçu rejissor və musiqiçilərlə məşqlər edilib və nəhayət  bu gərgin işin nəticəsini Moskva, Sankt-Peterburq, Kiyev izləyiciləri yüksək qiymətləndiriblər,  sonra isə  növbə Bakının olub. 

Proqramın gedişində Eminin bu il İngiltərədə yazdırdığı yeni "Wonder" adlı albomundan kompozisiyalar səsləndirilib. Müğənni yeni repertuarının böyük bölümünü dünya sonqraytinq nəhəngləri - Enrike İqlesiasın hitlərinin yarıdan çoxunun müəllifi olan Pol Berri, həmçinin, Ceymi Skott, Ueyn Hektor və başqaları ilə həmmüəlliflikdə yazıb. Diskin prodüseri isə Böyük Britaniynın ən nüfuzlu beş prodüserinin sırasına daxil olan Brayan Roullinq olub; o, Lara Fabian, Enrike İqlesias, Ceyms Morrison, Şer və başqa tanınmış dünya ulduzları üçün gördüyü  işlərindən tanınır. 

Amma albomun iki əsas mahnısı -  "Wonder" və "Obvious" bütünlüklə Emin tərəfindən yazılıb. Yeri gəlmişkən, Eminin yeni albomundan olan "Obvious", demək olar ki, işıq üzü görməsi ilə tanınmış Britaniya hit-paradına çıxıb. "Bu, ölkəmizdən kənara getmək üçün bizim şansımızdır!" - deyə istedadlı azərbaycanlı ifaçı və uğurlu biznesmen öz müvəffəqiyyəti barədə bildirib

Onun sözlərinə görə, "hər iki trek sevdiyiniz, amma yanınızda olmayan və ayrılığından kədərləndiyiniz şəxs barədə hisslər və duyğular barədədir". 

Melodik, yanıqlı və yaddaqalandır - bu sözləri "Wonder" albomundan olan bütün treklərə aid eləmək olar, istər emosional ballada, istərsə də enerjili rəqs kompozisiyası olsun. Yeni mahnılardan biri - "Just for one night" artıq "Love Radio" və "Dfm" dinləyicilərinin sevimlisinə çevrilib. Ancaq Emin yeni mahnılardan əlavə, öz köhnə hitlərini də, məsələn, müğənninin beş il qabaq yazdığı və oxuduğu  ilk mahnısını - "Still" kompozisiyasını da ifa edib. 

Emin Ağalarovu dinləməyə bütün yaşlardan olan tamaşaçılar gəlmişdilər. Həmin axşam Heydər Əliyev Sarayında yalnız gəncləri deyil, həm də bütün yaşların təmsilçilərini görmək olardı. Həmin gün tamaşaçılar sırasında mərhum dahi müğənni Müslüm Maqomayevin xanımı  Tamara Sinyavskaya və Eminin həyat yoldaşı - Leyla Əliyeva da var idi. Ekranda 3D formatlı kompyuter effektləri ilə müşayiət edilən şou zalda heyrətamiz atmosfer yaradırdı. Ekranda su damlaları parlaq alovla, şam şöləsi sonsuz ulduzlu səma və səmada uçan qartallarla, ahəngdar meqapolis mənzərəsi "Bremen musiqçiləri"ndəki cizgi filmi həyətləri ilə əvəz edilirdi. 

Emin tamaşaçılarla həvəslə ünsiyyət qururdu. Tələskənliklə avtoqraf paylayırdı və çiçəkləri alırdı, konsertdən sonra isə fanklubdan olan uşaqlarla uzun müddət şəkil çəkdirdi. Pərəstişkarların diqqətinə sayğısız yanaşan loğva ulduzlar ondan çox şey öyrənməlidirlər! 

Məşhur Frenk Sinatranın "My Way" mahnısının kaver versiyasının ifasından öncə Emin səhnədən bildirdi ki, bu mahnını həyatının ən önəmli şəxsiyyətlərindən birinə həsr etmək istəyir. Ekranda "Yaşıl əbədiyyət" kompozisiyasını ifa edən Müslüm Maqomayev peyda oldu. Emin Ağalarovun heç bir konserti onsuz ötüşmür. Bu, demək olar ki, axşamın ən həyəcanlı anı idi. Müslüm Maqomayev Eminin müəllimlərindən biri olub, ona öz ifaçılıq ustalığını təkmilləşdirməkdə yardım edib. 

Yeri gəlmişkən, təsadüfi deyil ki, 2007-ci ildə Rusiya KİV sensasion yenilik yaymışdı - Müslüm Maqomayev onillik susqunluqdan sonra, müğənni və "Crocus Group"un kommersiya direktoru Emin Ağalarov ilə duet oxumaq üçün səhnəyə qayıdır. Bu önəmli hadisə əfsanəvi müğənninin 17 sentyabr 2007-ci ildə keçirilmiş yubileyi axşamında baş vermişdi. Onda Müslüm Maqomayev Emini qonaqlara öz varisi kimi təqdim etmişdi və onunla birgə Frenk Sinatranın məşhur "My Way" mahnısını oxumuşdu. Bu kompozisiyanın ifası zamanı SSRİ xalq artistinin mikrofonu simvolik olaraq, istedadlı ifaçı Emin Ağalarova ötürməsi də gerçəkləşmişdi. 

Bakı konsertində lirik blüz mahnıları çox tezliklə klassik rok-n-roll standartları ilə əvəzləndi. Emin daha bir sevimli müğənnisinin - Elvis Preslinin kaverlərini ifa etdi. XX yüzilliyin ən tirajlı şlyageri, "Ruh" filmindən tanınan "Unchained Melody" mahnısını müğənni əllərində qızılgül ifa etdi və həmin gülləri Leyla Əliyevaya təqdim elədi. Sevgi haqqında bu kompozisiyanı həmişə olduğu kimi o, Leyla üçün oxudu. 

Saatyarımlıq şou başa çatdıqdan sonra, Emin qonaqlara bildirdi ki, bu axşam konsertə gələnlərin hər birinə onun yeni "Wonder" albomu təqdim ediləcək; bu, bir növ, Yeni il hədiyyəsi olacaq. Konsertdən yığılmış bütün vəsait isə əvvəldə deyildiyi kimi, xeyriyyəyə sərf ediləcək. Qeyd edək ki, Bakıda müxtəlif vaxtlarda verdiyi üç konsertdə Emin $250 min yığa bilib və bu vəsait Azərbaycanın uşaq evlərinə keçirilib. Yeniilqabağı bundan yaxşı möcüzə ola bilməzdi.


MƏSLƏHƏT GÖR:

525