
YENİDƏN BAKIDA
Rostropoviç adına iv Beynəlxalq Festival melomanlar üçün əsl hədiyyədir
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Dekabrın 12-dən 19-na kimi Bakıda dünya üzrə dahi violonçel ustası və dirijor Mstislav Rostropoviçin adını daşıyan yeganə beynəlxalq musiqi festivalı keçirilib. Bu musiqi forumunun təşkili ideyası musiqiçi ilə dostluq edən və onun yaradıcılığını sevən ?mummilli Lider Heydər Əliyevə məxsusdur. Qeyd edək ki, paytaxtımız bu beynəlxalq foruma 2007-ci ildən ev sahibliyi edir. Bu dəfə isə görkəmli ifaçıların yer aldığı və gənc istedadlı musiqçilərlə tanışlıq imkan yaradan festival ilin ən parlaq hadisələrindən biri kimi yadda qaldı. Rostropoviç adına IV Beynəlxalq festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmişdi.
İndiki festival ulduz qonaqlarla zəngin idi. Bizim ölkə də layiqli təmsil edilmişdi, elə festivalın təntənəli açılışı olan ilk konsert də bunu göstərdi. Bu il o, dekabrın 12-nə- Heydər Əliyevin anım gününə həsr edilmişdi. Mstislav Rostropoviç Fondunun başçısı, maestronun qızı Olqa Rostropoviç bildirib ki, bununla eyni zamanda iki görkəmli şəxsin xatirəsini anmağı qərara alıblar. Konsertdə həmçinin Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestri də yer alıb. O.Rostropoviçin sözlərinə görə, bu cür orkestrin yaradılması onun atasının istəyi olub. Öz növbəsində, gənc musiqiçilər sübut ediblər ki, bu cür şərəfə həqiqətən də layiqdirlər.
Festival çərçivəsində bakılılar və paytaxtın qonaqları dünya kinosunun canlı əfsanələrindən birini - tanınmış fransız aktyoru Jerar Depardyeni də görə biliblər. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Karmen" tamaşasından öncə çıxış edib və Prosper Morimenin "Karmen" novellasından seçilmiş hissələri oxuyub. J.Bizenin "Karmen" tamaşası isə rejissor İvan Popovskinin tammiqyaslı quruluşunda Qalina Vişnevskaya Opera Mərkəzinin solistlərinin iştirakı ilə keçirilib. Əsas partiyaları tanınmış müğənnilər, vokalçıların beynəlxalq müsabiqələrinin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xoze), Anastasiya Privoznova (Mikaella), həmçinin bizim həmyerlimiz, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov (Eskamilio) ifa ediblər. Dirijor pultunu isə tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edib. Burada İspaniyanın çılğın və qaynar ehtirasları, qeyri-adi qəhrəmanları, çılğınlıq gözə dəymirdi, hər şey təmkinli və ziyalı idi, qəhrəmanların dramı daha çox ekstraordinar üslubla deyil, həyatın özünün gözlənilməzliyinin hansısa etirafı kimi göstərilirdi.
Yeri gəlmişkən, festival çərçivəsində Jerar Depardye gənclər və idman naziri Əbülfəs Qarayevlə görüşüb və görüşdə Azərbaycanla Fransa arasında kinematoqrafiya sahəsinə əməkdaşlıq perspektivləri müzakirə edilib. Nazir tanınmış aktyora böyük fransız yazıçısı Aleksandr Düma haqqında Azərbaycanda çəkiləcək filmdə baş rollardan birinə çəkilməyi təklif edib.
Rostropoviçin Bakı ilə əlaqəsini festivalda Azərbaycan musiqiçilərinin çıxışı rəmziləşdirirdi, onların arasında gənc musiqiçilərin çıxışı xüsusi yer tuturdu. Yuri Başmet və Nataliya Qutmanın canlı ifasının onlar üçün necə bir dərs olduğunu təsəvvür etmək mümkündür, Rostropoviçin şagirdi Maksim Venqerovun master-klassını isə heç unutmaq olmaz. Dekabrın 17-də filarmonik konsertin ikinci şöbəsində uşaqların çıxışı özünəməxsus şəkildə festivalın incisinə çevrildi və bir növ nəsillərin əlaqəsinin simvolu oldu. İspan simfoniyasını skripka və Eduard Lalonun orkestri üçün hissəsinin beş uşaq arasında bölüşdürmək barədə Venqerovun möhtəşəm ideyası onu bir növ gənc istedadlara baxışa çevirib. Yeri gəlmişkən, uşaqlardan hər biri əsl artistizm və böyük istedad nümayiş etdirib.
Festivalın üçüncü günü "Moskva solistləri" kamera ansamblının bədii rəhbəri Yuri Başmet ilə görüş olub; yeri gəlmişkən, o, hər il bu musiqi bayramında iştirak edir. Birinci şöbədə Motsart tərəfindən 1779-cu ildə Zalsburqda yaradılmış orkestrlə skripka və alt üçün "Konsert simfoniyası" səslənib. Simfoniyanın hər üç hissəsi Motsartsayağı canlandırılmışdı, üzvi vəhdət son detalına qədər təşkilatlı və fitri idi. F. Şubertin "Arpecione" sonatası Bakıda ilk dəfə alt və R.Balaşovun simli orkestrinin ifasında ifa edilib. Şubert arpecione ilə fortepianoya sonata yazmışdı, bu, hərdən "qəribə" adlandırılan alət üçün yazılmış və bizim günlərə qədər gəlib-çıxmış yeganə əsərdir. Hazırda sonata violonçeldə və ya altda fortepiano ilə birgə ifa edilir.
Konsertin ikinci bölməsi isə F.Şubert və Q.Malerin "Ölüm və Qız" əsərinin ifası ilə başlayıb. Əsərin tarixi göstərir ki, musiqi incəsənəti bütün tarixi inkişaf dövründə zamandan və milliyyətdən kənar olan unikal və vahid prosesdir. Əsərin dörd hissəsi vahid inkişaf xətti ilə birləşib, inkişafın özəlliyi ilkin mənbənin - Matius Klaudiusun dialoq şəklinə salınmış "Ölüm və Qız" şeirinin proqram əsasından gəlir. Bu əsərin ideya yönümünü insan və tale kimi müəyyən etmək olar.
Optimist konsepsiya majorun bərqərar olması, insan ruhunun ölüm üzərində qələbə çalması ilə vurğulanır. Heyran qalmış tamaşaçıların gur alqışları uzun müddət orkestr ifaçılarını səhnədən buraxmayıb. Növbəti dəfə alqışlar önünə çıxan Yuri Başmet zala müraciət edib: "İndi biz çalışırıq ki, eyni mövzuya tanınmış bəstəkarların necə "reaksiya verdiyini" sizə göstərək". Bundan sonra orkestr məşhur "Happy birthday" mahnısını Bax səsləndirməsinə yaxın ciddi akkordlu xor üslubunda ifa edib.
Rostropoviç adına IV Beynəlxalq festival Zubin Metanın dirijoluq etdiyi İsrail filarmoniya orkestrinin (İFO), həmçinin çağdaş dünyanın görkəmli pianoçusu Rudolf Buxbinderin çıxışı ilə başa çatıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, piaonçu Murad Adıgözəlzadənin, kinorejissor Eldar Quliyevin və bizim ölkənin bir çox tanınmış insanlarının da iştirak etdiyi qapanış mərasimi dekabrın 19-da Heydər Əliyev Sarayında olub.
Öz çıxışında maestro bildirib ki, uzun illər dostluq etdiyi "böyük Slava Rostropoviçdən çox şey öyrənib". Bramsın skripka konsertinin Pinxas Tsukkerman - Zubin Meta tandemi tərəfindən ifası solistlə orkestrin elə vəhdətinə nümunə olub ki, onda artıq interpretasiya barədə düşünmürsən, sadəcə, musiqiyə qulaq asırsan, ilk səsindən son səsinə kimi ona köklənirsən.
Orkestr pianoçu R.Buxbinderin akkompanementi altında Lüdviq van Bethovenin əsərlərini - "Eqmont" uvertürasını və 5 saylı orkestrlə fortepiano üçün konsertini ifa edib. Qeyd edək ki, R.Buxbinder Berlin, Vyana filarmoniyalarının tanınmış orkestrləri ilə, Fransa milli orkestri, London filarmoniya orkestri ilə və çox sayda başqa orkestrlərlə əməkdaşlıq edir. O, musiqi qaynaqlarının ciddi öyrənilməsinə xüsusi önəm verir. Zal pianoçunun çıxışını uzun müddət alqışlayıb, hətta dirijorun özündən də zaman-zaman "Bravo!" sədaları gəlirdi. Konsertin ikinci hissəsində İsrail filarmoniya orkestri İqor Stravinskinin "Müqəddəs yaz. Bütpərəst Rusun mənzərələri" baletindən musiqi ifa edib.
MƏSLƏHƏT GÖR: