Müəllif: Redaksiya
İlin sonunda nəticələr çıxarmaq, keçmiş 365 günü qiymətləndirmək, növbəti 12 ay üçün planlar qurmaq qəbul edilmiş ənənədir. Çoxları ili sevincli hadisələrlə bitirməyə çalışır. Axı, inanca görə, köhnə ili necə yola salsan, yeni ili də o cür yaşayacaqsan.
Bu inancdan çıxış etsək, onda qarşıdan gələn Dovşan ili Azərbaycan üçün ən yaxşı illərdən biri olacaq - yaxşı hadisələrlə zəngin, firavan, gəlirli... Axı 2010-cu ilin sonlarında Azərbaycan tarixinin ən nəhəng layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi reallaşdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin kəmərin açılış mərasimindəki çıxışında söylədiyi kimi, "Bu gün tarixdə qalacaq".
Etiraf edək ki, bu nəhəng layihənin 3 ilə reallaşdırılacağına inananlar çox az idi. Məlum olduğu kimi, Bakıda əsrlərdir su problemi olub. Ötən əsrin əvvəlində şəhərdə içməli su ilə bağlı yaranmış problem məşhur azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin Şollar su kəmərini çəkdirməsi ilə aradan qaldırılmışdı.
1970-ci illərdə şəhərdə içməli suya tələbatın artması ilə meydana çıxmış problem ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin çəkilişilə aradan qaldırıldı.
Növbəti belə hadisə isə XXI əsrin əvvəlində İlham Əliyevin rəhbərliyi ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi oldu.
Qeyd edək ki, bundanəvvəlki bütün layihələr miqyasına görə, yeni su kəmərindən geri qalır. Oğuz-Qəbələ zonasından Bakıya təmiz suyun çəkilməsi ideyası ?mummilli Lider Heydər Əliyevə məxsusdur. Lakin həmin illərdə bu, sadəcə arzu idi. Yalnız 2005-ci ildə Prezident İlham Əliyevin tapşırığı ilə layihənin detallarının işlənməsindən sonra onun real cizgiləri müəyyənləşdi. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində layihənin təməli qoyuldu və inşaat işlərinə başlandı. Bu 3 ildə 262 kilometr uzunluğunda borunun su ilə doldurulması üçün çoxsaylı artezian quyuları qazıldı, "podstansiyalar" yaradıldı. Oğuz rayonunun ərazisində dəniz səviyyəsindən 417 metr hündürlükdə su qəbul edən əsas kompleks tikildi. Suyun boru xətti boyunca tənzimlənməsi üçün çoxsaylı tənzimləyici qurğular da yaradıldı.
Beləliklə, indiyədək paytaxt əhalisinin yalnız 40%-i fasiləsiz, 60%-i isə müəyyən qrafik üzrə su ilə təmin olunurdusa, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi ilə Bakı əhalisinin, təxminən, 75%-i Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz və keyfiyyətli su ilə fasiləsiz təmin ediləcək.
Suyun verilməsi qrafiki, təxminən, 2 dəfə artırılacaq. Gələcəkdə paytaxtda yeni xətlər çəkiləcək, kiçik diametrli borular daha böyükləri ilə əvəzlənəcək. Bütün bunlar yaxın bir neçə ildə şəhərə qrafiklə su verilişinin tamamilə ləğvinə aparıb-çıxaracaq. Bakıya bitişik yaşayış məntəqələrində isə bu problem yeni su təchizatı sistemlərinin yaradılması ilə aradan qaldırılacaq.
Ən vacib olanı odur ki, görülmüş işlərin hamısı daxili vəsaitlər hesabına reallaşdırılıb. Konkret desək, layihəni Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirib. Yəqin ki, bu layihə neft gəlirlərinən əhalinin rifahının yaxşılaşdırılmasına düzgün transformasiyasının aydın göstəricisidir.
"Həqiqətən də çox rəmzi xarakter daşıyan bu hadisə bir daha Azərbaycanın uğurlu siyasətinin göstəricisidir. Bu, həm də o deməkdir ki, bizim üçün ən böyük sərvət, ən böyük nailiyyət Azərbaycan vətəndaşlarıdır", - deyə Prezident İlham Əliyev bu haqda deyib.
Bütün bunlarla yanaşı, qeyd olunmalıdır ki, bu layihə ən nəhəng layihələr zəncirinin yalnız bir bəndidir. O, hökumətin əhalini təmiz, keyfiyyətli su ilə təmin etmək istiqamətində gördüyü son iş deyil. Hazırda çaylarda quraşdırılmış sutəmizləyici qurğular Azərbaycanın 300 mindən artıq əhalisinin ÜST-nin standartlarına cavab verən içməli su ilə təmininə şərait yaradıb.
"Bütün rayonlarımız üçün ağır, çətin və təəssüf ki, ənənəvi olan bu problem həll olunacaq. Bunun üçün bizim bütün imkanlarımız var - güclü siyasi iradə, düşünülmüş siyasət, konkret proqramlar, peşəkar kadrlar, güclü yerli təşkilatlar", - deyə dövlət başçısı bildirib: "Təmiz içməli su, təmiz hava, təmiz ekologiya - bütün bunlar həm də sağlamlıq deməkdir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsun, dünyada mövcud olan ən öncül meyarlar ölkənin bütün sahələrində tətbiq edilsin və bu, insan sağlamlığı üçün ıvacib oaln içməli su məsələsinə də aiddir".
Bir sözlə, su həmişə həyat mənbəyi sayılıb. İnsanların içməli su ilə təmini isə dünyada ən xeyriyyəçi işlərdən biridir. Su kəməri çəkdirmiş insanların adlarının bütün xalqların tarixində qalması təsadüf deyil. Bakılılar hələ də H.Z.Tağıyev və H.Əliyevin xatirəsinə dərin hörmətlə yanaşır.
2011-ci il ərəfəsində İ.Əliyevin etdiyi bu hədiyyə də tarixin ən parlaq səhifələrindən biri olacaq.
MƏSLƏHƏT GÖR: