26 Dekabr 2024

Cümə axşamı, 05:42

İLK QIZIL

Güləş üzrə Azərbaycan birinciliyində yeddi gənc yeni çempion oldu

Müəllif:

25.12.2014

Hər il olduğu kimi, 2014-cü ildə də güləş üzrə son yarış Azərbaycan çempionatı oldu. Bütün idmançıların iştirak etdiyi turnirə olimpiya çempionları Toğrul Əsgərov ilə Şərif Şərifov qatılmadı. Hər iki idmançının bərpa dövründə olduğunu nəzərə alan Azərbaycan Güləş Federasiyasının rəhbərliyi onlara istirahət etməyə icazə verdi.

Sərbəst güləşçilərin mübarizəsi hər zaman olduğu kimi, güclü rəqabətlə yadda qaldı. 57 kq-da Yaşar Əliyev ilk dəfə çempion oldu. Finalda Mircəlal Həsənzadə üzərində 4:3 hesablı qələbə qazanan Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bürünc medallar Etibar Hacıyevlə Mahmud Məhəmmədova qismət oldu. Hər iki güləşçi yüksək texnika nümayiş etdirməklə məşqçilərin rəğbətini qazandı. 

61 kq-da özünün ilk qızıl medalını Cəlal Süleymanov qazanıb. Ardıcıl qələbələrdən sonra finala çıxan Süleymanov həlledici görüşdə Ruhlan Məmmədova qalib gəldi. Böyük ümid bəslənilən Əhmədnəbi Qvarzatilov bürünc medalla yadda qaldı. 

Məhəmməd Müslümov 65 kq-da çempionluq sevinci yaşadı. Finalda Ağahüseyn Mustafayevdən güclü olan Məhəmməd Müslümov haqlı olaraq 65 kq-da ən güclü hesab edildi. M.Müslümov ilk dəfə Azərbaycan çempionu oldu. 

Ruslan Dibirhacıyev 70 kq-da hegemonluğunu davam etdirdi. Finala qədər məğlubiyyətsiz irəliləyən Ruslan həlledici görüşdə Murad Süleymanovla üz-üzə gəldi. Final bərabər hesabla başa çatsa da, son xalı qazanan Avropa çempionu qalib hesab edildi. Bu çəkidə Hacımurad Ömərovla Kamran Yunusov bürünc medalla kifayətləndi. 

74 kq-da finalda iki güclü və təcrübəli pəhləvan Əşrəf Əliyevlə Cəbrayıl Həsənov mübarizə apardı. Hər ikisi millinin üzvü olduğundan, görüş prinsipial xarakter daşıyırdı. Duelin qalibi olan Cəbrayıl Həsənov növbəti dəfə liderlik keyfiyyətlərini sübut etdi. Mircəfər Murtuzlu ilə Kənan Əliyev bürünc medal qazandı. 

Nisbətən ağır çəkilərdə gözlənilən nəticələr qeydə alındı. 86 kq-da Aleksandr Qostiyev bərabər keçən finalda qalib olmaqla çempion oldu. Məhəmmədhacı Xatiyev gümüş, İbrahim Yusifovla Həmzət Osmanov bürünc medalla yadda qaldılar. 97 kq-da yarışan millimizin kapitanı Xetyaq Qazyumov növbəti dəfə ölkədə ona rəqib olmadığını göstərdi. Finalda Nurməhəmməd Hacıyevi 6:0 hesabı ilə üstələyən Avropa və dünya çempionu kolleksiyasına növbəti qızıl medalı əlavə etdi. Bu çəkidə Elcan Usubovun bürünc qazanması böyük uğurdu. Aslanbek Alborov isə bu yarışda zəif çıxışı ilə yadda qaldı. Bürünc medal uğrunda görüşdə belə özünü göstərə bilmədi. Xal hesabında geri olmasına baxmayaraq, rəqibi zədələndiyi üçün bürünc medal Alborova qismət oldu. 

Ən ağır çəkidə Cəmaləddin Məhəmmədov uğur qazandı. Finala qədər bütün görüşlərdə asanlıqla qələbə qazanan Məhəmmədov həlledici görüşdə mübarizəsiz qələbə qazandı. Zədə ucbatından Səid Həmidov final görüşündən imtina etməli oldu. 

Yunan-Roma güləşində də titullu idmançılar məşqçilərin ümidini doğrultdular. 59 kq-da Elman Muxtarov bütün görüşləri yüksək səviyyədə keçirməklə qızıl medala layiq görüldü. Bu onun Azərbaycan birinciliyində qazandığı ilk qızıl medal idi. Ona qarşı finalda layiqli mübarizə aparan Murad Məmmədov ikinci yeri tutdu. Dünya və Avropa çempionu Həsən Əliyev 66 kq-da birincilik qazandı. Finalda Ruhin Mikayılovu 2:0 hesabı  üstələyən Həsən bu uğurla yığmadakı yerini möhkəmlətdi. Kamran Məmmədovla Azad Əliyev bu çəkidə bürünc medal qazandı. 71 kq-da Rüstəm Əliyev bütün həmkarlarından güclü oldu. Finalda Ceyhun Əliyevi 8-0 hesabı ilə məğlub etməsi bu çəkidə Rüstəmin layiqli qələbə qazandığını göstərir.

Çempionatın son günündə daha 5 çəkidə qaliblər məlum oldu. 75 kq-da Niyaməddin İbrahimov ardıcıl 4 qələbədən sonra finala adladı. Son görüşdə İbrahimov Samran Nəsibovdan güclü oldu 9:0. Avropa çempionatının mükafatçısı Elvin Mürsəliyev 80 kq-da çempionluğa sevindi. Finalda Avropa çempionu Rafiq Hüseynovla üz-üzə gələn Mürsəliyev bərabər səviyyəli mübarizənin iştirakçısı oldu. 2:2 hesabı ilə başa çatan finalda son xalı qazanan Mürsəliyev qalib elan edildi. Bu çəkidə Emil Həmidovla Emin Əhmədov bürünc medala layiq görüldülər.

85 kq-da Azərbaycan güləşinin gənc, amma yetərincə istedadlı təmsilçisi İslam Abbasov layiqli olaraq çempion oldu. Finalda Şəhriyar Məmmədovu 5:0 hesabıyla üstələyən gənclər arasında dünya və Avropa çempionu böyüklərin yarışında mübarizə aparmağa hazır olduğunu göstərdi. 98 kq-da Türmən Əyyubov, 130 kq-da isə Sabah Şəriəti Azərbaycan çempionu oldu. Hər ikisi ilk dəfə Azərbaycan çempionu oldu. 

Qadınlar arasında yetərincə idmançı olmadığından, zərif cinsin nümayəndələri arasında Azərbaycan çempionatı keçirilmədi. Bununla belə, 3 gün ərzində "Sərhədçi" İdman Mərkəzində anşlaq olması xüsusi vurğulanmalıdır. Bütün bunların güləşin ölkədə sevimli, həm də nəticə qazanan azsaylı idman növlərindən biri olmasını təsdiqləyir. Beləliklə, yeddi güləşçi ilk dəfə Azərbaycan çempionu oldu, bu da cavan nəslin yaxşı hazırlanmasının təzahürüdür. 

Yola salmaqda olduğumuz 2014-cü il Azərbaycan Güləş Federasiyası üçün növbəti uğurlu illərdən biri olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Ümumilikdə, 2014-cü ildə güləşçilərimiz 102 qızıl, 81 gümüş və 111 bürünc medal qazanıblar. Yeniyetmə güləşçilərimiz Avropa və Dünya çempionatlarında, II Olimpiya Oyunlarında 13 qızıl, 9 gümüş, 6 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər. Bu nəticə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə, ötənilki nəticədən üstündür. Gənc güləşçilərimizin  rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa və Dünya çempionatında 10 qızıl, 5 gümüş, 5 bürünc medal qazanmaqla ötənildəki uğurlu nəticələrini davam etdiriblər. Gənc güləşçilərin nailiyyətində bu ilki qızıl medalların sayında müşahidə edilən ikiqat artım xüsusilə diqqəti cəlb edir. Böyüklərdən ibarət yığma komandalarımız isə  4-ü qızıl, 8-i gümüş, 5-i bürünc olmaqla 17 medal qazanıb.

Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 229 medal qazanıb. Bu medalların 75-nin əyarı qızıl, 59-u gümüş və 95-nin əyarı isə bürünc olub.

İlə yekun vuran AGF Hacı Əliyev (Böyüklər arasında Dünya və Avropa çempionu), İslam Abbasov (gənclər arasında Dünya və Avropa çempionu), Səbirə Əliyevanı (gənclər arasında Dünya çempionu) 2014-cü ilin ən yaxşı güləşçisi kimi mükafatlandırdı. Yeniyetmələrin Olimpiya Oyunlarında ədalət təmsilçisi olan Sədi Quliyev ilin ən yaxşı hakimi seçildi. Əsgərxan Novruzovla (sərbəst güləş üzrə gənclərdən ibarət yığmanın böyük məşqçisi) Şaban Donat (yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmanın böyük məşqçisi) federasiya tərəfindən ən yaxşı məşqçi elan edildi.

Qarşıdan gələn 2015-ci il idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Çünki qarşıdan gələn ildə tarixdə ilk dəfə keçiriləcək, həm də ölkəmizdə baş tutacaq I Avropa Oyunları, eyni zamanda, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Çempionatı kimi mühüm əhəmiyyətli yarışlarda güləşçilərimizi ciddi sınaq gözləyir. 



MƏSLƏHƏT GÖR:

740