Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Futbol üzrə Avropa Liqasında uğurlu çıxış edən Azərbaycan çempionu "Qarabağ"ı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi. "Qarabağ"ın Avroliqadakı çıxışına toxunan dövlət başçısı İlham Əliyev Ağdam təmsilçisinin "İnter"lə son oyunda hakimlərin haqsızlığı ilə üzləşdiyini deyib. Prezident Azərbaycan çempionunun avrokuboklarda ölkəmizi layiqli təmsil etdiyini vurğulayıb: "Siz xalqımıza qələbə sevinci də bəxş edirsiniz. Xüsusilə son yarışlarda, Avroliqadakı yarışlarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda yarışan klubların büdcəsi sizinkindən qat-qat böyükdür, bəlkə 10 dəfədən çoxdur. Ancaq həyatda, idmanda, siyasətdə maliyyə vəsaiti hər şeyi həll etmir. Sizdə vətənə olan bağlılıq, vətənpərvərlik, peşəkarlıq və iradə bax, bu qələbələri şərtləndirib. Siz bütün komandalarla çox uğurlu yarışmısınız, qələbələr qazanmısınız. Hər kəs - həm Azərbaycanda, həm də dünyada futbolla maraqlanan hər bir insan yaxşı görür və bilir ki, siz böyük qələbələrə layiq idiniz. Ancaq bu qələbələr sizin əlinizdən vicdansızcasına alınıb. Bütün dünyanın gözü qarşısında bu qədər ədalətsizlik, bu qədər vicdansızlıq bəlkə də futbol tarixində nadir hallarda baş verir. Əlbəttə, bilirəm ki, siz də məyus olmusunuz, azarkeşlər də, Azərbaycan xalqı da. İlk növbədə, ona görə ki, siz bu qələbəyə layiq idiniz".
Dövlət başçısının sərəncamına əsasən "Qarabağ" futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb. Üstəlik, Azərbaycan Prezidenti klubun Futbol Akademiyasının inşası üçün torpaq ayrılmasına göstəriş verib.
Sözsüz, "Qarabağ"ın uğurlu çıxışında baş məşqçi Qurban Qurbanovun böyük əməyi var. Son günlər bütün diqqətini Azərbaycan çempionatına yönəldən mütəxəssisdən R+un suallarına cavab verməyi xahiş etdik. İşinin çox olmasına baxmayaraq Qurban QURBANOV məmnuniyyətlə bizə vaxt ayırdı.
- İlk olaraq sizi Avroliqadakı uğurlu çıxış etdiyinizə görə təbrik edirik. Yəqin, təbriklər çox olub...
- Sözün düzü, biz işimizlə məşğul oluruq. Azərbaycanı Avropada yaxşı təmsil etməyə çalışdıq. Son matçda qələbə qazanmaq istəyirdik, amma alınmadı.
- Dövlət başçısı İlham Əliyev "Qarabağ"ı qəbul edən zaman uğurlarınızı yüksək qiymətləndirdi. Prezidentlə görüş, yəqin ki, böyük stimul olacaq...
- Vaxt tapıb komandanı qəbul etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısından xoş sözlər eşitmək hər birimiz üçün çox sevindiricidir. Cənab prezident "Qarabağ"ın oyunlarını izlədiyini və nəticələrdən xəbərdar olduğunu söylədi. Prezident həm sevincli idi, həm məyus. Son matçda vurduğumuz qolun sayılmamasına görə məyus olmuşdu. Qəbul zamanı dövlət başçısı bizi "İnter" üzərində qələbə münasibətilə təbrik etdi. O dedi ki, hakimlər saymasa belə, "Qarabağ" bu görüşdə qalibdir. Prezidentin komandanı qəbul etməsi futbolçuları daha da həvəsləndirəcək. Dövlət başçısının diqqəti sayəsində ölkədə idman inkişaf edir. Biz də çalışmalıyıq ki, futbolumuz daha böyük uğurlar qazansın. Çox xoş hisslərlə ayrıldıq görüşdən. Cənab prezidentlə görüşümüz bizim məsuliyyəti də artırır. Biz uğurlarımızı davam etdirməliyik.
- Ölkədə hələ də "Qarabağ"-"İnter" matçından danışırlar. Riçard Almeydanın qolu, hakimin onu hesaba almaması - bu anları unutmaq üçün nə qədər vaxt lazımdır?
- Dəqiq söyləmək çətindir. Mən hələ unutmamışam. Oyundan sonra matçın bütöv videoyazısına baxmışam. Qol epizoduna gəlincə bəlkə 40 dəfə təkrar baxmışam. O hisslər barədə danışmaq çətindir. Həmin anı yenidən yaşamaq istəməzdim, eyni zamanda o hissləri sözlə ifadə etmək çətindir.
- Həmin epizoda baxmısınız deyirsiniz, əminliklə söyləmək olar ki, qol idi? Şəxsən biz orada təmiz qol olduğunu gördük..
- Matçdan sonra "İnter"in futbolçuları da yaxınlaşıb söylədi ki, Almeydanın qolu qaydalar çərçivəsində idi. Təkrar layiqli qol vurduğumuzu göstərir. Amma bizim nəsə deməyimiz mənasızdır. Artıq qərar verilib. Həmin anda baş hakim məsuliyyəti üzərinə götürməliydi.
- Deməli, "Qarabağ"ın layiqli qələbəsini "oğurladılar". 34 min azarkeşin sevinci əlindən alındı...
- "Qarabağ" gərək o oyunu unutsun. Yoxsa gələcəkdə bizə problem yarada bilər. Azarkeşlərimizin hər birinə sizin vasitənizlə təşəkkür edirəm. Cari mövsüm bizi heç vaxt tək qoymadılar. Bütün oyunlarda sona qədər dəstək oldular. Heç vaxt istəməmişəm ki, onların qarşısında komandam uduzsun. Azarkeşlərimiz ən böyük qələbələrə layiqdir. Hər zaman demişəm ki, doğma meydanda "Zalsburq" üzərində 2:1 hesablı qələbəmizdə onların payı böyükdür. Həmin matçda azarkeşlərimiz bizə möhtəşəm dəstək oldu. "İnter"lə oyunda sona qədər ümidimiz var idi, lakin sonda alınmadı. Çox istərdik ki, xalqımızı sevindirək.
- Həmin gün dünya üzrə bukmeyker kontorlarında "Qarabağ"ın qələbəsinə 251 milyon dollar pul qoyuluşu edilmişdi. Bu hal oyuna təsir edə bilər? Eyni zamanda UEFA-nın Rusiya-Ukrayna hadisələrinə görə ikincilərə dəstək olduğu deyilir...
- Hakim səhv etdi deyə bilmirəm. Çünki epizodu görürdü. Yan xətt hakimi və qapının arxasındakı köməkçi hər şeyi görürdü. Bizim əlimizdə fakt yoxdur. Belə halda danışmaq çətindir. Həmin an baş hakim məsuliyyəti üzərinə götürməliydi. Amma o bunu edə bilmədi. Qolun qaydalar çərçivəsində vurulduğunu bütün komandamız təkrarlayırdı. Hakim qərarında qəti oldu. Bəlkə də belə olmalı idi.
- Demək olar ki, 14 saniyə biz 116 finalın həyəcanını yaşadıq. Bu anlarda hamı düşünürdü ki, qol vurmuşuq və qalib "Qarabağ"dır.
- Bu saniyələrdə 116 final haqda düşünmürdük. Hamı qələbəni fikirləşirdi. Biz "İnter"ə qalib gəldiyimiz üçün sevinirdik. Təəssüf ki, sonradan hər şey dəyişdi. Biz çox üzüldük. Son olaylara görə toparlanmaq vacibdir. Uzun müddət həmin oyun azarkeşlərin və futbolçuların yaddaşında olacaq.
- Amma "Qarabağ" tarixi uğura çox yaxın idi. Növbəti mövsüm belə imkan olmaya bilər...
- Futbolda hər bir nəticə mümkündür. Hakim qərarı qəbul edib. İndi bu barədə təhlil aparmaq nəticəsizdir. UEFA hakim səhvlərinə görə nəticəni dəyişmir. Futbolçular düşünə bilər ki, bu mərhələyə yenə gəlməyəcəyik. Amma unutmaq lazımdır. Yalnız bu halda uğurlu çıxışı davam etdirmək olar.
- 2014-cü ili ümumilikdə "Qarabağ" üçün uğurlu saymaq olar. Başa çatan ili necə qiymətləndirirsiniz?
- Məncə pis alınmadı. Uzun fasilədən sonra "Qarabağ" çempionluq sevinci yaşadı. Avroliqada əsas məqsəd qrup mərhələsinə vəsiqə qazanmaq idi. Sevindirici haldır ki, məqsədimə çatdıq. Son oyuna kimə 116 final mərhələsinə adlamaq şansımız var idi. Şansımızı sona qədər saxlamaq yaxşı haldır. Çempionatda da liderliyi davab etdiririk. Komandamız fasiləyə birinci pillədə yollana bilər. Bu mənada 2014-cü ili uğurlu saymaq olar.
- Azərbaycan millisi üçün bu ili uğurlu saymaq olmaz. Yeni seçmə mərhələdə bütün oyunlarda məğlub olmuşuq...
- Milli üçün, həm müsbət, həm də mənfi məqamlar var. İl ərzində yaxşı oyunlarımız da var idi. Məğlubiyyət də oldu. Əsas odur ki, 2015-ci il uğurlu olsun. Yeni baş məşqçiyə uğur arzulayıram. Biz hamımız Azərbaycan millisinin uğur qazanmasını istəyirik.
- Gələcəkdə Qurban Qurbanovu Azərbaycan millisində görmək imkanımız olacaq?
- (gülür) "Qarabağ"da olduğum zaman da millinin uğurları üçün çalışırıq. Hər bir klubumuz çalışır yığmaya hazır futbolçu versin. Hazırda bütün fikrim "Qarabağ"la bağlıdır.
- "Qarabağ" bu uğurları 2015-ci ildə də davam etdirə biləcək?
- Azarkeşlər bizdən hər zaman qələbə istəyir. Onlar başa düşür ki, qələbə qazanmağa imkan var və ona görə belə tələb irəlis sürür. Bu il həm "Qarabağ", həm də "Neftçi" Avroliqada pley-offda çıxış etdi. Bu hal ölkə futbolunun irəlilədiyini göstərir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bizi dəstəkləyir. İnanıram ki, bu uğurları təkrarlamaq mümkündür. Daha da irəli getmək olar. Sadəcə, işləmək və çalışmaq lazımdır. Biz gərək bu ilki uğurları unudaq. Yeni mövsümdə də Azərbaycan çempionatı və avrokuboklar var. "Qarabağ" adi komanda deyil. Bu komandada işləmək böyük məsuliyyətdir.
MƏSLƏHƏT GÖR: