Müəllif: Zərifə BABAYEVA Bakı
Yeni il ilin əsas hadisəsidir və o, hər zaman insanlara ürəkdə arzu, niyyət tutmaq şansı verir. Yola saldığın ildə arzularına çata bilməmisən? Eybi yox, faciə deyil. Qarşıda hələ "köhnə" Yeni il var. Bu dəfə də alınmadı? Qarşıdan Çin Yeni ili gəlir. Yeri gəlmişkən, əgər ili onun adını daşıdığı heyvanın "səlahiyyətlərinin icrasına başlaması" ilə hesablasaq, onda əsl Yeni il elə çinlilərindir. Bundan sonra isə artıq Novruz bayramına az qalır. Beləliklə, Yeni il həyatına emosionallıq qatmaq üçün əla bəhanədir.
Pozitiv dalğada
Çoxunuz deyəcəksiniz ki, sözdə asan gəlir, amma çətin məsələdir. Lakin bizimlə razılaşın ki, idmanla məşğul oluruqsa, bədənimizi, əzələlərimizi işlədiriksə, ilk günlərdə ağırlıq hiss edirik. Amma inadkarlıq sonda bizi istəyimizə çatdırır. Sonrakı məşqlər artıq bizə o qədər də yorucu gəlmir. Eyni şey düşüncə üçün də keçərlidir. Fikir versəniz görərsiniz ki, pessimizm insana komfort üçün zəruridir, yəni, bu zaman ona heç nə etmək lazım gəlmir. Axı, uğursuzluq haqda düşünərək əllərini yanına salıb oturmaq, uğura nail olmaq üçün əlindən gələni etməkdən asandır. Məhz bu üzdən, beynimizin də əzələlərimiz kimi, məşqə ehtiyacı var. Bəli, yolun başlanğıcı hər zaman ağır olur, amma zaman keçdikcə, vəziyyət asanlaşır. Psixoloji baxımdan insan güclənir: hər şeyə görə Yaradana şükür etməyi, bağışlamağı, iztirab çəkənləri anlamağı, yaxınlarına yardım etməyi, taledən gileylənməməyi öyrənir, həyatdakı çətinlikləri mətinlə aşır və yenidən şükür edir... Həyatın bütün sınaqlarına görə Allaha şükür etməyi, onlardan dərs çıxarmağı öyrənmək vacibdir. Elə bayramın məğzi də bundadır. O, sadəcə, insanın təqvim əsasında bir mərhələdən başqa mərhələyə keçməsi deyil. İnsan bütün ömrüboyu pozitiv dalğada qala və illər boyu bunu özü ilə daşıyaraq sonradan gələcək nəsillərə ötürə bilər. Övladlarınıza da təslim olmamağı, ruhdan düşməməyə öyrətmək lazımdır. Və təbii ki, yenə də hər zaman Allaha şükür etmək vacibdir.
Keçi bizə nə verəcək?
Odur ki, qarşıdan gələn il Şərq təqviminə görə Keçi ilidirsə, yalnız onu qarşıladığımız günlərdə xoşbəxtliklə kifayətlənməməliyik. Çünki 2015-ci ildə keçi bütün il boyunca göy olacaq. Onu da unutmayaq ki, keçi ilə bağlı bir çox müsbət proqnozlarla tanış olmalıyıq. Əksər astroloji proqnozları və amilləri nəzərə alsaq, başa çatmaqda olan At ilindən fərqli olaraq, Keçi ili daha sakit, daha sülh şəraitində keçəcək. İl, demək olar ki, bütün bürclərdən olan insanlar üçün xoş keçəcək, bir çox sahələrdə müsbət dəyişikliklər baş verəcək. Özü də bu, adi fərziyyə yox, faktdır. Çünki bunun üçün kainatın özü də "səy göstərəcək". Sən demə, Yeni illə birlikdə Yupiter planeti də öz yerini tutacaq. Astroloqların sözlərinə görə, Yupiter ideal havadardır. Bu planetin təsirləri maksimum müsbət olacaq və onun dövründə bir çox yaxşı, müsbət hadisələrin baş verəcəyini gözləmək olar. Yeni ildə bir neçə planet zodiak bürclərini dəyişəcəyindən, bir çox insanların düşüncəsi də dəyişəcək, prioritetlər, fikirlər və baxışlar fərqli olacaq. Dəyişikliklərin dəb, iqtisadiyyat, siyasət kimi sahələrdə də müşahidə olunması mümkündür. Həqiqətən də, haute coutur (fr. yüksək dəb) təmsilçilərinin müəyyən mənada gender simasını itirmiş dəbə baxışlarını dəyişməsinin vaxtı çoxdan yetişib. Bəlkə, nəhayət, kişilər üçün dəb mərdliyi, qadınlar üçün isə zərifliyi ilə fərqlənsin? İqtisadçılar da dünyada qiymətlərin süni şəkildə yüksəldilməsinə və ya aşağı salınmasına son qoymalıdırlar. Siyasətçilərə gəlincə, onların da dünya geosiyasətində intriqalardan imtina etmələrinin vaxtıdır. Bəlkə də Keçi ilində, nəhayət, həyəcan içərisində olan ürəklərimizə bir sakitlik gətirdi.
Maddi baxımdan Keçi ili bütün bürclərdən olan insanların xeyrinə işləyəcəksə belə, daha çox uğuru tənbəllik etməyən, hədəflərinə nail olmaq üçün səyləri davam etdirənlər qazanacaqlar. Bu, heç də müsbət düşüncə konsepsiyasına zidd deyil. Bundan başqa, astroloqlar insanları meydana çıxan problemlərin həllində və gözlənilməz hallarla üzləşərkən cəsarətli olmağa, lakin kəskin nəticələr çıxarmamağa, həyatlarını köklü şəkildə dəyişə biləcək qərarlar qəbul etməməyə çağırırlar.
Bir "əmma" da var. Proqnozların əksəriyyətinin nikbin olmasına baxmayaraq, qarşıdakı ildə problemlər də yaşanacaq. Bu, sağlamlıqla bağlıdır. Keçi ilində insanlar mütləq səhhətlərinə diqqət yetirməlidirlər. Odur ki, profilaktik tədbirlərin görülməsi, vaxtında müayinələrdən keçilməsi, daha çox məsləhətdir. Bununla yanaşı, il ərzində insanlar gərək hər şeyə nikbinliklə və müsbət yanaşsınlar. Bu halda il əyləncəli və şən keçəcək. Biz də elə buna hazırlaşırıq.
Müdrik Azərbaycan fəlsəfəsi
Yeni il yaza hazırlaşmaq üçün ən yaxşı bəhanədir. Bu, nəinki müsbət düşünməyə, həm də ciddi şəkildə qənaətə imkan verən ideal zaman konsepsiyasıdır. Adi misal: özünüzə yaz və ya yay geyimini qışda almaq qərarına gəlsəniz, onu daha ucuz, real qiymətə əldə edəcək, yayda olduğu kimi, artıq pul ödəməyəcəksiniz. Məhz buna görə, dünyaca tanınmış kuturyelər yazda və yayda qış kolleksiyasının, payızda və qışda isə yay kolleksiyasının nümayişinə hazırlaşırlar. Nəyisə əvvəlcədən etməyə çalışmaq da müsbət düşünmək qədər vacibdir. Bütün məsələlərə rasional yanaşmada pis heç nə yoxdur. Azərbaycan mifologiyası bu haqda bizə nə deyir? Keçi ən rasional heyvandır. Sadəcə bunu çox az adam bilir.
Azərbaycan fəlsəfəsinə görə, keçi orta dünyanın, yəni, insanların dünyasının rəmzidir. Onu atlar, öküzlər, qoçlar, marallar və s. də təcəssüm etdirir. Keçilərin və maralların rəmzi şəklindən Azərbaycan xalq yaradıcılığının demək olar ki, bütün sahələrində istifadə olunur. Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Ümid Aysel Azərbaycanın bir çox abidələrində onlara rast gəlindiyini xatırladır. Keçi təsvirləri "Həyat ağacı"nın hər iki tərəfində günəş rəmzi olaraq svastikanı əvəz edir, Novruz rituallarında əsas personajlardan biri sayılır və s.
Odur ki, biz istər qışda olsun, istərsə də yazda, Yeni ili bayram etməyə hazırlaşarkən, Azərbaycanın dünya fəlsəfəsinə görə, Xeyirin Şər üzərindəki qələbəsinə nə qədər yaxın olduğumuzu özümüz də anlamırıq. Rəmzlərə inansaq, keçi azərbaycanlılara yalnız 2015-ci ildə deyil, hər zaman mərhəmət göstərəcək. Demək, artıq indidən qəlbimizdə yaza hazırlaşa bilərik.
Bir az da ciddi yanaşsaq...
Rəmzlər, rəmzlər, rəmzlər... İnsan hara nəzər yetirsə, orada saysız-hesabsız rəmzlər görür. Rəmzlərə danışmaq imkanı verilsəydi, onlar, şübhəsiz, belə deyərdilər: "Bizə etinasızlıq göstərməyin! Biz sizə heç kimin aça bilməyəcəyi sirləri aça bilərik. Biz qədim bilikləri sizə çatdırmamız üçün əcdadlarımızdan aldığımız dərin mənalar daşıyırıq".
Beləliklə, Keçi xoş gəlir!
Köhnə il hələ başa çatmayıb və demək, hələ 2015-ci ilin rəmzi olan oyuncağı əldə etməyə vaxtımız qalır. Onu yolkadan asmaq və ya bayram masasının üzərinə qoymaq olar. Bu jestlə Keçinin havadarlığını qazanmaq olar.
Qarşıdan gələn ilin evlərə uğur, sağlamlıq və xoşbəxtlik gətirəcək daha bir vacib rəmzi zınqırovdur. Bayram əhvalına və müsbət düşüncəyə etinasızlıq göstərməyin. Onu özünüzə, həmçinin uşaqlarınıza və yaxınlarınıza hədiyyə edin. Hər halda, bizə daim bayram əhval-ruhiyyəsində olmağa heç nə mane olmur. Yeni il arzusu tutmamısınızsa, onu fevralda da tuta bilərsiniz. Bu, Novruz bayramında da mümkündür. Novruz bayramından yaya isə elə də çox vaxt qalmır. Xoşbəxt olun və Yeni iliniz mübarək!
MƏSLƏHƏT GÖR: