
TƏŞVİŞƏ GƏRƏK YOXDUR
Rublun iflası Azərbaycandakı iqtisadi proseslərə qlobal təsir göstərməyib
Müəllif: Nurlanə QULİYEVA Bakı
Rublun kursunda 2014-cü il dekabrın 16-dan başlamış və 1998-ci ildən bu yana görünməmiş enib-qalxma KİV tərəfindən tamamilə məntiqi olaraq, Rusiya valyutasının növbəti "qara çərşənbə axşamı" adlandırılıb. Rubl doğrudan da inanılmaz bir gün yaşadı: gah ucuzlaşdı - 1 dollar 80, 1 avro isə 100 rubl oldu, gah da sürətlə bahalaşdı. Bütün bunlar Rusiya Mərkəzi Bankının bilavasitə qəbul etdiyi qərarların nəticəsidir. Qurum dekabrın 16-sı gecə gözlənilmədən faiz dərəcəsini birdən-birə 6,5% artıraraq, 10,5%-dən 17%-ə yüksəltdi.
Nəticədə əhali arasında təşviş və ajiotaj baş qaldırdı, valyutadəyişmə məntəqələrinə əsl "hücum" başladı, insanlar köhnə qiymətlərlə mümkün qədər çox mal almaq niyyəti ilə ticarət mərkəzlərinə axışdılar, ticarət birjalarında tam çaşqınlıq başladı və s. Təbii ki, təşviş Rusiya ilə qonşu olan, onunla bu və ya digər dərəcədə iqtisadi-ticari əlaqələrə malik ölkələrə də yayıldı.
Baş verənlərlə bağlı Azərbaycanda da müəyyən narahatlığın yaşanması tamamilə normaldır: ölkədə guya valyutadəyişmə məntəqələrinin dollar satmaqdan imtina etdiyinə, tezliklə ərzaq bazarında qıtlığın başlayacağına, Rusiyadakı əmək miqrantlarının kütləvi şəkildə geri qayıtmağa başlayacağına, bununla da əmək bazarında gərginliyin yaranacağına dair fikirlər yayılmağa başlandı. Bununla yanaşı, yerli ekspertlər əhalini sakitləşdirirlər - demək olar ki, bütün analitiklər Rusiyadakı böhranın Azərbaycana təsirinin cüzi olacağına əmindirlər. Bu fikrə dəstək sayıla biləcək sözlər dövlət başçısı İlham Əliyevin də dilindən səsləndi.
Əks-səda
Rusiya ətrafında azalmaq bilməyən gərginlik fonunda iqtisadi proqnozlar o qədər də təsəlliverici deyil. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin özü də böyük mətbuat konfransında bildirib ki, yaşanan böhran 2 il davam edə bilər. Bu, başadüşüləndir: ABŞ və Aİ Rusiyaya tətbiq olunan sanksiyalardan imtina haqda düşünmürlər. Əksinə, onlar yaxın zamanlarda yeni sanksiyaların tətbiqinə hazırlaşırlar. Üstəlik, neftin qiyməti də heç cür qaydaya düşmür. Bütün bunlarla yanaşı, Moskva bir də sanki dost olan ölkələr tərəfindən ard-arda sürprizlərlə qarşılaşır. Məsələn, Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda hökumətindən Rusiya ilə hesablaşmaların dollar və avro ilə aparılmasını tələb edib. "Qarşıya vəzifə olaraq, Rusiya ilə ticarətin rubl ilə deyil, enerjiyə görə etdiyimiz ödənişlər kimi, dollarla həyata keçirilməsi qoyulub", - deyə A. Lukaşenko qeyd edib. Dekabrın əvvəlində o, Rusiyanı Gömrük İttifaqının (Gİ) nomralarını pozmaqda günahlandırıb. Lukaşenko bu fikrini Moskvanın respublikanın bir sıra müəssisələrindən Rusiyaya mal tədarükünə qadağa qoyması ilə əsaslandırıb.
Moskva bununla avqustdan embarqo tətbiq etdiyi bir sıra ölkələrdən (Aİ, ABŞ, Norveç, Avstraliya və Kanada) ərzaq məhsullarının tədarükü kanallarının bağlanmasına nail olmağa çalışır.
Rusiyanın Gİ-dəki digər tərəfdaşı olan Qazaxıstan isə hələ ki, sakitliyini qoruyub-saxlayır. Hər halda, Qazaxıstan Milli Bankı rəhbərinin məsləhətçisi Oljas Xudaybergenov bildirib ki, onlar yaxın zamanlarda milli valyutanın devalvasiyasını həyata keçirmək niyyətində deyillər. O, rublun iflasının və neftin qiymətinin ucuzlaşmasının bunun üçün əsas olmayacağını söyləyib. "Təəssüf ki, neftlə bağlı bütün mənfi pronozlar doğruldu. Üstəlik, bu proqnozlar qiymətin daha da ucuzlaşacağını göstərir və bəziləri neftin 1 barelinin qiymətinin hətta 40 dollara düşəcəyini gözləyir. Mənim fikrimcə, bu vəziyyətdə tam "dib"ə enilməsini gözləmək lazımdır. Qiymətdəki enişi nəzərə alsaq, biz "dib"ə 1-2 ay ərzində çatacağıq, bundan sonra isə artıq qərarlar qəbul etmək lazım olacaq", - deyə Xudaybergenov qeyd edib.
Rusiyanın Gİ üzrə asiyalı qonşularından fərqli olaraq, ittifaqa üzvlüyə namizəd olan Ermənistan rublun devalvasiyasından ciddi şəkildə əziyyət çəkir. Bu ölkənin Rusiyadan nə qədər asılı olduğunu nəzərə alsaq, yaranmış vəziyyət tamamilə başadüşüləndir. Dramın kəskin şəkildə ucuzlaşması nəinki sıravi vətəndaşlar arasında, həm də sahibkarlar arasında ciddi təşvişə səbəb olub. Ermənistandakı əksər mağazalarda qiymətlər kəskin şəkildə artıb, bir sıra ticarət mərkəzlərində alış-verişi tamamilə dayandırıblar. Bir sıra mağazalarda yeni qiymətlərlə yanaşı, bir sıra ilkin tələbat mallarının satışına məhdudiyyətlər də tətbiq edilib. Məsələn, indi bir alıcı 10 kiloqramdan artıq şəkər tozu ala bilmir. Ermənistanın Rusiyada işləyən qohumlarından köçürmə yolu ilə rubl şəklində aylıq pul alan əksər sakini kifayət qədər çətin durumda qalıb.
Ermənistan Mərkəzi Bankı bir həftə ərzində vəziyyəti düzəltməyə çalışıb, bunun üçün bütün alətlərdən istifadə edib. Lakin hələlik ciddi nəticə yoxdur. Ermənistanın enerji və təbii resurslar naziri bildirib ki, milli valyutanın dəyərdən düşməsi elektrik enerjisinin tarifinə öz təsirini göstərəcək. Ekspertlər dramın bu cür kəskin ucuzlaşmasının qaz və elektrik enerjisinin bahalaşması ilə nəticələnəcəyini də proqnozlaşdırırlar.
Manat sabitdir
Azərbaycanda da Rusiyadan gələn həyəcanlı xəbərlər əhali arasında müəyyən narahatlıq yaradıb. Lakin bu dəfə yerli ekspertlərlə məmurların mövqeyi, demək olar ki, üst-üstə düşüb: narahatlığa əsas yoxdur, Rusiyada baş verənlər Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmir və ciddi təsirin olacağı gözlənilmir. "İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var", - deyə prezident İlham Əliyev bildirib. Manatın kursunun sabit olduğunu deyən dövlət başçısı bildirib ki, bu, Azərbaycanın iqtisadi gücünün, düşünülmüş siyasətinin, eyni zamanda, sosial siyasətin olduğunu göstərir. "İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır".
Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər ki, manatın kursu sabitdir və onun sabitliyini pozacaq hər hansı makroiqtisadi əsaslar yoxdur. "İqtisadiyyatın valyuta ehtiyatının kifayət qədər olması ilə ifadə edilən maliyyə buferi, həmçinin maliyyə sisteminin dayanıqlılığının göstəriciləri çox yüksəkdir. Dövlətin maliyyə və bank sistemi yüksək dayanıqlılıq göstəricilərinə malikdirlər və uzun müddət istənilən kənar amillərin təsirini önləmək iqtidarındadırlar. Azərbaycanın xarici borc problemi yoxdur. Əksinə, ölkə beynəlxalq səviyyəli kreditordur. Tədiyyə balansı müsbətdir və o, gələn il də belə qalacaq. İnflyasiyanın səviyyəsi çox aşağıdır. Dollarlaşma göstəriciləri də çox aşağıdır", - deyə AMB-dən bildiriblər.
Bundan başqa, AMB manatın sabitliyini qoruyub-saxlamaq üçün bütün imkanlara malikdir. Bunun üçün yalnız AMB-nin ehtiyatları kifayətdir. "Gələn il ixracın idxalı üstələməsi xarici valyuta təklifinin tələbdən artıq olması ilə nəticələnəcək. Başqa sözlə, valyuta bazarında tələblə təklifin balansı manatın sabitliyinin qorunub-saxlanması üçün əsas olacaq. Bu şəraitdə manatın kursu birmənalı olaraq, gələn il də sabit qalacaq. AMB bu sabitliyi dəstəkləmək üçün lazım gələrsə, bütün lazımi addımları atacaq. Odur ki, təşvişə heç bir əsas yoxdur", - deyə AMB-dən bildiriblər.
Bununla yanaşı, Rusiyadakı böhran, əlbəttə ki, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı seqmentlərinə təsir göstərə bilər. Hər halda, Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşlarının siyahısında 4-cü yerdədir və iki ölkə arasında ticarət dövriyyəsi 2014-cü ilin yanvar-noyabr aylarında 1,77 milyard dollar təşkil edib. Bu, ölkənin ümumi ticarət əməliyyatlarının 6,13%-i deməkdir. Azərbaycanın ümumi idxalında Rusiya idxalatçı ölkələr sırasında 14,39%-lə birinci yeri tutur. Azərbaycan mallarının ixrac olunduğu ölkələr sırasında isə Rusiya 600,7 milyon dollarlıq həcmlə 10-cu sıradadır (2,9%-lik payla). Azərbaycan parlamentinin iqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimlinin fikrincə, hər iki ölkənin qarşılıqlı ticarəti dollarla apardığını nəzərə alsaq, dolların rubla nisbəti ölkələr arasındakı ticarət dövriyyəsinə təsir göstərəcək.
Onun eyni komitənin üzvü olan həmkarı, deputat Rüfət Quliyev isə Azərbaycan üçün ən böyük idxalatçı olan ölkənin valyutasının qeyri-sabitliyinin yol açacağı fəsadları belə ifadə edib: "İndiki vəziyyət ona gətirib çıxaracaq ki, əsasən, ərzaq məhsulları və tez xarab olan məhsulların istehsalçıları üçün ticarət çətinləşəcək. Bizim ixeksporçularımız üçün də Rusiya bazarına çıxış çətin olacaq".
Bundan başqa, rublun iflası Rusiyada yaşayan azərbaycanlıların vətənə pulköçürmələrinin həcminə də müəyyən təsir göstərə bilər.
"Vətəndaşlarımızın onsuz da Yeni il ərəfəsində vətənə qayıtmış müəyyən hissəsi Rusiyaya dönməyə tələsməyəcək. Çünki dollarla hesabladıqda, onların qazancı, təxminən, yarıbayarı azalıb. Onlar, güman ki, koyukturanın dəyişməsini gözləyəcək və qışı evlərində keçirəcəklər. Nəticədə, nəinki Rusiyadan pulköçürmələrinin həcmi azalacaq, hətta bəlkə də pul axını müvəqqəti olaraq istiqamətini dəyişəcək. Yəni, bu dəfə vəsait Azərbaycandan Rusiyaya axmağa başlayacaq", - deyə öz növbəsində politoloq, deputat Rasim Musabəyov bildirib.
Qeyd edək ki, yaşananların fonunda Bakı Fond Birjası (BFB) dollar-rubl cütlüyü ilə əməliyyatları məhdudlaşdırıb. "Bu, beynəlxalq bazarlarda ABŞ dolları - Rusiya rublu (USD-RUB) valyuta cütlüyünün aşağı likvidliyi ilə bağlıdır", - deyə qurumdan verilən açıqlamada bildirilir.
Rublun iflasının Azərbaycanda müəyyən əks-səda doğurmasına rəğmən, ölkə iqtisadiyyatının fundamental sabitliyi və müstəqilliyi bu cür hallar üçün bufer rolu oynamağa, onun müxtəlif seqmentlərə təsirini önləməyə, ən başlıcası, vətəndaşların sosial rifahına bilavasitə mənfi təsir göstərməsinin qarşısını almağa qadirdir.
İLK MƏNBƏDƏN
"İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır".
İlham ƏLİYEV, Azərbaycan Prezidenti
MƏSLƏHƏT GÖR: