
KİMƏ YAŞIL ÖRTÜK, KİMƏSƏ MƏŞQÇİ SKAMYASI
Ulduz-futbolçular niyə ulduz-məşqçi ola bilmirlər?
Müəllif: SƏNAN ŞƏFİZADƏ Bakı
İdmançı karyerasını başa vuranların çoxu sonradan özünü məşqçi kimi sınamaq qərarına gəlir. İdmançının məşqçiliyə başlaması daha çox futbolda rast gəlinən haldır. Amma ulduz-futbolçu heç də həmişə ulduz-məşqçiyə çevrilmir. Əvəzində o qədər də böyük, bəzən isə ümumiyyətlə, futbolçu karyerası olmayanlar sonradan dünyanın ünlü məşqçisinə çevrilir.
Ulduzlar skamyada sönür
Dediklərimizi təsdiqləmək üçün gəlin konkret misallara müraciət edək. XX əsrin ən tanınan futbolçularından biri Dieqo Maradonanı yada salaq. Futbolçu kimi adını dünya idman tarixinə yazan məşhur argentinalı məşqçilikdə çox vaxt tənqid olunur. Futbolda böyük uğurlar əldə edən Maradona məşqçi kimi hələ özünü təsdiqləməyib. O, Argentina yığmasını 2010-cu ildə keçirilən Dünya Çempionatına çıxarsa da, bu ona və komandaya çətinliklə başa gəldi. Belə ki, seçmə mərhələnin son turunda son saniyələrdə vurulan qol Argentinanın mundialda iştirakını dəqiqləşdirdi. Maradonanın məşqçilik bacarığına olan şübhələr 14 final mərhələsində Almaniyaya məğlubiyyətdən sonra daha gücləndi. Argentina 0:4 hesablı məğlubiyyətlə rüsvay oldu. Maradona uğurlu futbolçu karyerası olmayan Almaniya millisinin çalışdırıcısı Yoahim Lövə uduzdu. Bundan sonra isə Maradona millidən ayrıldı.
Dünya futbolunda Maradona qədər məşhur olan Pelenin də məşqçi kimi uğurlu olmadı. Futbol kralı elə buna görə də məşqçiliyə yaxın durmadı. Braziliya Futbol Federasiyasında rəhbər vəzifədə çalışan Pele təşkilatçı kimi sözünü dedi. Növbəti Dünya Çempionatının Braziliyada keçirilməsində onun əməyi danılmazdı.
Pelenin həmyerlisi «ağ Pele» adlandırılan Ziko da baş məşqçi kimi böyük uğurlardan kənarda qaldı. «Fənərbağça» və «Olimpiakos» klublarında məqsədə çatmayan Ziko, tezliklə vəzifəsindən ayrıldı. Hərçənd ağ Pele Türkiyə komandasıyla Çempionlar Liqasında uğurlu çıxış etməyi bacarmışdı.
Eyni sözləri Karl-Haynts Rummeninge, Georgi Hacı, Xristo Stoiçkov, Paollo Rossi, Salvatora Skilaçi və digərləri barədə də demək olar. Onlar da məşqçi kimi böyük uğurlara həsrət qaldı.
Bu məqamda bəzi istisnaları yada salmaq lazım gəlir: Frans Bekkenbauer və Xosep Qvardiola.
Bekkenbauer 1990-cı ildə Almaniya yığmasına dünya çempionluğunu qazandırıb. Amma sonradan məşqçilikdən uzaqlaşaraq rəhbər vəzifədə çalışmağı üstün tutub. Hazırda o, «Bavariya»nın fəxri prezidentidir. Qvardiolaya gəlincə, onun rəhbərliyi altında «Barselona» xariqələr yaradır. Kataloniyalılarla bütün mümkün titulları qazanan Qvardiola hələlik başqa klubda çalışmayıb. Yəni onun digər klubda da uğur qazanacağını heç kəs əminliklə söyləyə bilməz.
İndi sizə futbolçu kimi uğur qazanmayan, amma məşqçi kimi dünyada tanınan məşhurlardan danışacağıq. Təbii ki, bu siyahıya hazırda dünyanın ən güclü məşqçisi sayılan Coze Maurinyo başçılıq edir. Portuqal mütəxəssis «Portu» və «İnter»lə Çempionlar Liqasını qazanmaqla adını tarixə yazıb. Onun futbolçu kimi isə uğurlu karyerası yoxdur. Avtobioqrafik əsərində Maurinyo atası varlı olduğuna görə, futbolçu kimi üzərində işləmədiyini bildirib. Yəni digərlərinin zəhmət hesabına qazandığını o artıq atasından əldə etmişdi. Buna görə də Maurinyonun futbolçu kimi karyerası uğurlu alınmayıb.
Futbolçu kimi uğur qazanmayıb, amma məşqçi kimi sözünü deyənlərin sırasına Aleksa Ferqyuson, Arsen Venger, Fabio Kapello, Luis Felipe Skolari, Marçello Lippi və digərlərini daxil etmək olar.
Futbolçu kimi böyük uğurlara həsrət olan Yuri Romantsev uzun illər Moskva «Spartak»ını Rusiyanın əvəzolunmaz çempionu elədi.
Və ya futbolçu karyerası zəngin olmayan Fatih Terim «Qalatasaray» və Türkiyə millisindəki uğurları ilə vətənində «imperator» ləqəbini aldı.
Azərbaycanda da bu tendensiya özünü doğruldur. Futbolçu kimi heç kimə tanış olmayan Ağasəlim Mircavadov məşqçi kimi özünü göstərdi. Müxtəlif komandalarla dəfələrlə Azərbaycan çempionluğunun sevincini yaşayan Mircavadov «Neftçi» və «Xəzər-Lənkəran»la Birlik Kubokunu qazandı.
Şanlı futbolçu karyerası olan Vəli Qasımov isə hələ də məşqçi kimi özünü doğrultmaqda çətinlik çəkir. Rusiyada Azərbaycan layiqincə təmsil edən Nazim Süleymanov hazırda AZAL komandasının baş məşqçisi kimi çalışır. Demək olar ki, Süleymanov böyük məşqçilik karyerasının ilk uğurlarını qazanmağa yaxındı.
Futbolçu, sonradan isə məşqçi kimi sözünü deyənlər Qurban Qurbanovla Yunis Hüseynov oldu. Uzun illər millinin bombardiri olan, böyük azarkeş ordusunun sevgisini qazanan Qurban karyerasını başa vurandan sonra məşqçiliyə başladı. Özü də Qurbanovun ilk kişi «Neftçi» kimi çətin və daim çempionluğa oynayan komandada oldu. Çoxları onun bacarığına şübhə ilə yanaşsa da, ilk mövsümdə Qurban flaqmanla gümüş medal qazandı. Sonradan «Qarabağ»a baş məşqçi kimi yollanan Qurban Qurbanov burada tarix yazdı. Ağdamlılarla ölkə kubokunu qazanan gənc məşqçi 2 mövsüm ardıcıl avrokuboklarda böyük qələbələr qazandı. «Rusenborq» kimi güclü rəqibi sıradan çıxaran «Qarabağ» ilk mövsüm 2, sonradan isə 3 mərhələ adlamaqla yeni rekorda imza atdı.
Yunis Hüseynova gəlincə, yaşlı azarkeşlər onun yığmadakı gözəl oyunlarını yaxşı xatırlayır. Əsasən, uzaqdan zərbələrlə rəqib qapıçıları həyəcanlandıran Hüseynov keçmiş UEFA kuboku, indiki Avropa Liqasında mərhələ adlayan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Onun rəhbərlik etdiyi «Karvan» klubu Avroliqada mərhələ adlamaqla azarkeşlərə sevinc bəxş etmişdi.
Təəssüf ki, hazırda Yunis Hüseynov işsizdi.
Məsələ nədədir?
Beləliklə, nəticə hamıya aydındır. Ulduz-futbolçu çox vaxt ulduz-məşqçi ola bilmir. Futbolçu karyerası alınmayanlar isə əksər hallarda sözünü məşqçilikdə deyir.
Bu məsələdə əsas problem ulduz futbolçunun sonradan özünü məşqçi kimi deyil, elə ulduz-futbolçu kimi aparmasıdır. Lakin heyətdəki oyunçulara yuxarıdan-aşağı baxaraq, onlarla hətta bəzən diktator kimi davranmaq uğursuzluğun başlanğıcına çevrilir. Futbolçu karyerasında olan xüsusiyyətlər məşqçilikdə özünü doğrultmur. Keçmiş futbolçu isə özünü hələ də əlçatmaz oyunçu kimi aparmaqla səmimiyyəti korlayır.
Futbolçu kimi uğuru olmayanlara isə məşqçilik sahəsində özünü doğrultmaq bir qədər asan başa gəlir. Yetirmələriylə səmimi, mehriban davranan məşqçi, futbolçu kimi əldə edə bilmədiyi uğurları məşqçi kimi qazanmaq arzusunda olur.
Araşdırmalara görə, ulduz-futbolçular məşqçilik dönəmində uğursuzluq zamanı oyunçuları günahkar hesab edirlər. Şanlı keçmişi olmayan məşqçilər isə məsuliyyəti, ilk olaraq, öz üzərlərinə götürürlər.
Digər səbəb savadla bağlıdır. Ulduz-futbolçuların çoxu məşqçiliyə başlayarkən əlavə heç bir bilik, məlumat almaq istəmirlər. Onlar elə düşünür ki, hər şeyi bilirlər. Amma etiraf etmirlər ki, güclü futbolçu olmaq hələ güclü məşqçilik demək deyil. Yaxşı məşqçi olmaq üçün daim yeniliklərlə maraqlanmalısan. Çünki müasir futbol hər gün dəyişir və yenilənir.
MƏSLƏHƏT GÖR: