RUSİYA və QƏTƏR SEVİNC İÇİNDƏ
FIFA-nın qərari ingiltərə və ABŞ-ı şoka saldi
Müəllif: Nadir XOSROVOĞLU Bakı
2018 və 2022-ci illərdə futbol üzrə Dünya Çempionatını qəbul edəcək ölkələrin adı artıq hamıya məlumdur. Xoşbəxtlər Rusiya və Qətər oldular. FİFA-nın bu qərarını bəziləri gözlənilməz, digərləri isə normal addım kimi qarşıladı. Sürixdə keçirilən səsvermə zamanı futbolun yaradıcıları sayılan İngiltərə cəmi 2 səs toplamaqla, mübarizəni artıq birinci turda dayandırmalı oldu. İkinci turdan sonra isə lazımi qədər - 13 səs toplayan Rusiyanın 2018-ci ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi edəcəyi dəqiqləşdi. İspaniyaPortuqaliya 7, HollandiyaBelçika isə 2 səslə məğlubiyyətini etiraf etdi. Təəccüblü məqam İngiltərənin cəmi 2 səslə ilk turdaca məğlubiyyəti oldu. Amma digər tərəfdən, bu məğlubiyyət gözlənilən idi. Belə ki, İngiltərə mətbuatının səsvermə ərəfəsində FİFA rəhbərliyini rüşvətxorluqda günahlandırması ali futbol qurumunu bərk qəzəbləndirmişdi.
Nüfuzlu BBC telekanalının «Panorama» verilişində ali futbol qurumunun ittiham olunması nəticəsiz qalmalı deyildi. İngilislər FİFA İcraiyyə Komitəsinin 3 üzvü - braziliyalı Rikkardo Teyşeyra, kamerunlu İssa Ayatu və paraqvaylı Nikolas Leosu Cənubi Afrika Respublikasında keçirilən Dünya Çempionatı zamanı yayım hüququnu rüşvətlə satmaqda ittiham edirdi. Bundan əlavə, “icrakom” üzvlərinin adı həm də 1998-ci ildəki mundial zamanı biletlərin alverçilərə ötürülməsində də çəkilirdi. Üstəlik, onların öz səslərini pul əvəzində digər ölkələrə satması və mötəbər yarışların məhz böyük pullar müqabilində ölkələrə verilməsi deyilirdi.
FİFA-nın məsələyə münasibəti özünü çox gözlətmədi. 1998-ci ildəki qalmaqalla bağlı hələ o zaman araşdırılma aparıldığı və deyilənlərin sübut olunmadığı açıqlandı. Afrikadakı mundialla bağlı faktların olmadığı bildirildi. Səslərin satılmasına gəlincə, FİFA rəhbərliyi araşdırma aparacağına söz verdi. Eyni zamanda, həmin şəxslərə 2018 və 2022-ci il dünya çempionatlarının ev sahibinin müəyyənləşməsi zamanı səsvermədə iştiraka qadağa qoyuldu.
İstənilən halda İngiltərə mətbuatı FİFA-nın imicinı ləkələməkdə davam etdi. Britaniya mediası uzun müddət qalmaqaldan istifadə edərək, ali futbol qurumuna qarşı qara piar aparmağa başladı. Sözsüz ki, İcraiyyə Komitəsinin digər üzvləri də bu məsələdən narazı olmaya bilməzlər. Üç nəfərlə yanaşı, onların da rüşvətxorluqda ittiham olunması aləmi qarışdırdı. Bəzi rəsmilər əvvəlcədən İngiltərənin namizədliyini dəstəkləməyəciyini bəyan etdi. Bununla FİFA rəsmiləri İngiltərə mətbuatına cavab verdilər. Əlbəttə ki, uduzan Böyük Britaniya oldu. Rusiya isə qalmaqala qarışmır, öz namizədliyi üçün yüksək səviyyədə təbliğat aparmaqla məşğul idi. İngiltərə mediası FİFA-ya təzyiq etməyə də cəhd etdi. Amma həmişə olduğu kimi, ali futbol qurumu onunla sərt şəkildə davranmağa icazə verməyəcəyini nümayiş etdirdi. Rusiyanın qələbəsi, həm də FİFA-nın İngiltərəni cəzalandırması oldu. Əksər “icrakom” üzvləri məhz İngiltərənin əleyhinə səsverməklə onlara cavab vermiş oldu.
FİFA-nın qərarı bütün Rusiyada bayram kimi qeyd olundu. Axı mundialı qəbul etmək hər ölkəyə nəsib olmur. İndiyə qədər futbol üzrə Dünya Çempionatına yalnız 16 ölkə ev sahibliyi edib. Qonşu ölkənin yarışı qəbul etməsini bir sıra amillərlə əlaqələndirmək olar. Rusiya 2014-cü ildə Qış Olimpiya Oyunlarını keçirəcək. Soçidə baş tutacaq mötəbər yarışdan sonra təşkilatçılar universiadaya ev sahibliyi edəcək. Sözsüz ki, bu iki mötəbər yarışdan sonra, futbol üzrə Dünya Çempionatını keçirmək o qədər çətin görünməyəcək. Üstəlik, Rusiya Federasiyasının rəhbərliyi FİFA qarşısında kifayət qədər ciddi təkliflər irəli sürüb. Hökumət Dünya Çempionatı zamanı iştirakçılara və nümayəndə heyətlərinə şəhərlərarası nəqliyyatdan pulsuz istifadə etməyə imkan yaradacaq. Yəni qonaqlar üçün xüsusi nəqliyyat ayrılacaq. Üstəlik, bütün ölkələr üçün mundial ərzində Rusiyaya gediş-gəliş vizasız həyata keçiriləcək. Mötəbər turnir zamanı azarkeş və iştirakçılarla problem yaşamamaq üçün Rusiya hökuməti viza işini yüngülləşməklə bütün diqqəti özünə cəlb edib. Oyunlar Rusiyanın 13 şəhərində keçiriləcək. Bunlar Yekaterinburq, Volqoqrad, Kazan, Kalininqrad, Krasnodar, Moskva, Rostov, Nijni-Novqorod, Samara, Sankt-Peterburq, Soçi, Saransk və Yaroslavldı. Mötəbər yarışı keçirmək Rusiyaya 50 milyard dollara başa gələcək. 3,8 milyard yeni stadionların inşasına və köhnə arenaların yenidən qurulmasına xərclənəcək. Turizm infrastrukturunun inkişafına Rusiya höküməti 11 milyard xərcləməyi planlaşdırır. Böyük məbləğ yeni yolların inşasına sərf olunacaq. 7771 km avtomobil, 2024 km isə dəmiryol xəttinin çəkilməsinə, ümumilikdə, 35 milyard lazım olacaq. Moskva və Soçidən başqa digər şəhərlərdəki hava limanlarında yeni eniş və uçuş zolaqları düzəldiləcək. Yeni terminalların yaradılmasına 1,4 milyard xərclənəcək.
Qonşu ölkənin yarışı yüksək səviyyədə keçirəcəyini indidən əminliklə söyləmək olar. «Axı Rusiya adi bir ölkə deyil, demək olar ki, bütöv bir qitədir və onların futbolda böyük irəliləyiş etməyi planlaşdırırlar. Onların çempionatla bağlı təqdimatını isə mən əla adlandırardım». Bunu hələ ilin əvvəlində FİFA prezidenti Yozef Blatter bəyan etmişdi.
Sürixdəki tarixi qələbədən sonra, FİFA prezidenti Yozef Blatterə minnətdarlıq edən Rusiyanın Baş naziri Vladimir Putin iki maraqlı məqama toxunub. İlk olaraq o, yarışın ən yüksək standartlara cavab verəcəyini deyib. Putin, hətta stadionların lazım olan vaxtdan daha tez istifadəyə veriləcəyinə söz verib. Baş nazir Rusiya mətbuatını təşkilati işlərlə yaxından maraqlanmağı xahiş edib. İstənilən tənqidə hazır olduqlarını deyən Putin bütün xalqın 2018-ci ildə dünya çempionatını bayram ab-havasında keçirmək üçün səfərbər olacaqlarını bildirib.
2018-ci ildə Dünya Çempionatının məhz qonşu Rusiyada keçirilməsi Azərbaycan azarkeşləri üçün də göydəndüşmə fürsət oldu. Sıravi azərbaycanlı artıq mundialı canlı izləmək üçün nə Avropa səfirliklərindən viza alacaq, nə də xəritədə Cənubi Afrika Respublikasını axtaracaq. Rusiya bizimlə qonşu olduğundan bu ölkəyə səfər etmək çox asan başa gələcək. Ona görə əksər azərbaycanlılar indidən 2018-ci ilin yayını Rusiyada keçirəcəyini dəqiqləşdirib.
2022-ci ildə təşkil olunacaq mundial isə Qətərə etibar olundu. Burada əsas mübarizə Amerika Birləşmiş Ştatlarıyla Yaponiya arasında olacağı proqnozlaşdırılsa da, yekun səsvermə Qətəri qalib etdi.
Qətərin 2022-ci ildə Dünya Çempionatını yüksək səviyyədə keçirməsinə yalnız hava mane ola bilər. Yayda ölkədə 50 dərəcə dözülməz istilərin olması təşkilatçıların işini çətinləşdirir. Adətən, belə havada küçəyə çıxmaq mümkün olmur. Kondisionerlərin gücü ofislər və iş yerlərində havanın temperaturunu yalnız 25 dərəcəyə salmağa kömək edir. Buna görə də iqlimlə bağlı problemin necə həll olunacağı maraqlıdır. Qətər mediası Dünya Çempionatını, ilk dəfə olaraq, qışda keçirməyi təklif edib. Bu ölkədə qış aylarında hava normal olur. Ona görə də onların fikrincə, mundialı yanvar və ya fevralda keçirmək mümkündür. Qeyd edək ki, Qətər mundialı qəbul edəcək ilk İslam ölkəsi kimi tarixə düşəcək. Deyilənə görə, mundial zamanı Qətərdə spirtli içkilərin qəbuluna icazə veriləcək.
Növbəti Dünya Çempionatı 4 ildən sonra Braziliyada olacaq. Cənubi Amerikaya yollanmaq hər bir azarkeşə nəsib olmayacaq. Amma düz, 8 ildən sonra mundial bizlərə lap yaxın olacaq. Dünya Çempionatı həmyerlilərimizin çoxluq təşkil etdiyi Rusiyada baş tutacaq. İndidən Moskvaya hazırlaşmaq olar.
MƏSLƏHƏT GÖR:





520

