5 Dekabr 2025

Cümə, 22:26

SÜLH İSTƏYİRSƏNSƏ, MÜHARİBƏYƏ HAZIR OL!

Azərbaycanın müdafiə sənayesi istehsal həcmini artırır

Müəllif:

15.12.2010

Azərbaycan hökuməti bilavasitə ölkə daxilində hərbi istehsalın lokallaşdırılmasını yaxın onillik üçün əsas vəzifələrdən biri elan edib. Artıq təxminən, 20 ildir ölkəmiz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, üstəlik, təcavüzkar dünya siyasətinin bir sıra nəhəng oyunçuları tərəfindən fəal şəkildə dəstəklənir, onlar Yerevanı müasir silahlarla təchiz edir. Bu çətin vəziyyətdə dövlətimiz yalnız xarici ölkələrdən silah almağa bel bağlaya bilməz - həm onun bahalığına, həm də Dağlıq Qarabağda müharibə bərpa olunacağı təqdirdə, hərbi texnika istehsalçısının özünü necə aparacağını proqnozlaşdırmağın çətinliyinə görə. 

Odur ki Azərbaycanın öz dövlət təhlükəsizliyini tam təmin etmək üçün müdafiə istehsalının bilavasitə ölkə daxilində lokallaşdırılması tələb olunur.

 

Müdafiə sifarişləri üçqat artıb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasından keçən 5 il ərzində ölkədə mövcud olmuş ixtisaslı müəssisələrin kökündən yenilənməsində, müasir silah, döyüş sursatı və avadanlıqların istehsalı sahəsində böyük işlər görülüb. Bu sahədə mükəmməl nailiyyətlər olmadan bu gün təhlükəsizliyimizin tam təminini təsəvvür etmək mümkünsüzdür. Hər il dekabrın 17-də müdafiə sənayesi sahəsində çalışanların peşə bayramının dövlət səviyyəsində qeyd olunması da təsadüf deyil.

2016-cı ilədək hərbi sənayenin inkişafına dair Dövlət Proqramı çərçivəsində MSN hələ sovet dövründə yaradılmış sənaye müəssisələrinin bərpası və yenilənməsini də həyata keçi-rəcək. Onların fəaliyyəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacı olan istiqamətlərə yönəldilir. 2008-ci ilin iyununda «Alov» zavodu işə düşüb. Ötən ilin martında bu sahədə bir neçə yeni obyekt də açılıb - təcrübə istehsalı üçün Elmi-Tədqiqat İnstitutu, «Cihaz» radiomontaj zavodu və elektron-hesablama maşınlarının istehsalı ilə məşğul olan müəssisə. Elə həmin ilin yazında müasir «Dalğa» elm-istehsalat müəssisəsi, həmçinin, «Üfüq» və «İqlim» müəssisələrində «Şərq» birliyinə daxil olan yeni istehsal istiqamətləri fəaliyyətə başlayıb. Ümumilikdə, müdafiə sifarişlərinin istehsalı üçün hazırda 20 müəssisə işləyir.

«Bu gün MSN müdafiə təyinatlı məhsulların istehsalı ilə məşğul olacaq 10 müəssisədə müasirləşdirmə işlərini başa vurmaq üzrədir. Yaxın vaxtlarda onlardan 8-i istismara veriləcək. Qurum 535 ədəd xüsusi dəzgah və avadanlıq alıb. Onların quraşdırılması qrafik üzrə gedir», - deyə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin istehsalın artımı ilə bağlı təqdim etdiyi statistika heyrətləndiricidir. Ötən 4 ildə Dövlət Büdcəsindən MSN-ə 414 milyon manatdan artıq vəsait ayrılıb. Yeni istehsal müəssisələrinin yaradılması və müasir texnologiyaların tətbiqi nəticəsində 2006-cı ildən 2009-cu ilədək müdafiə sahəsində istehsalın həcmi 2,8 dəfə artıb. Bilavasitə hərbi texnikanın istehsalında isə bu rəqəm 46-dır. Artıq bu ilin ortalarında ölkədə 413 adda hərbi texnika və döyüş sursatı istehsal edilib. Bu, 2 il əvvəllə müqayisədə düz, 6 dəfə çoxdur.

Tendensiya davam etdiriləcək: dövlət müdafiə sifarişi proqramına əsasən, bu ilin sonunadək 108 yeni məhsulun yaradılması nəzərdə tutulub. Bunun üçün 82 milyon manatdan artıq vəsait xərclənəcək. Beləliklə, bu il ölkədə müdafiə məhsulları istehsalının həcmi ötən illə müqayisədə 3,2 dəfə artırılacaq.

Gələn il isə müdafiə sənayesinə ayrılacaq vəsaitin həcmi daha da artacaq: bu məqsədlə 2011-ci ilin Dövlət Büdcəsindən 1,239 milyard manatın ayrılması nəzərdə tutulur. Ümumilikdə, ordunun saxlanması və təminatına 2,511 milyard manatdan artıq vəsait ayrılacaq.

 

HSK üçün yaxşıların yaxşısı seçilir

Son 5 ildə Azərbaycanda atıcı silahlar, yaxın məsafədə döyüş vasitələri, müəyyən qədər artilleriya silahı istehsal olunub, həmçinin, müxtəlif kalibrli döyüş sursatlarının, mühəndis, döyüş və təlim mərmilərinin, mühəndis xidməti və kəşfiyyat üçün xüsusi vasitələrin istehsalına başlanılıb. Bu il müasir zirehli maşınların yığımına start verilib, MSN müxtəlif növ minaatanların, qumbaraatanların, snayper tüfənglərinin, optik nişangahların;  mina, mərmi yığıcıları, aviasiya bombaları, müxtəlif odlu silahlar üçün trenajorların; tank və piyada zirehli maşınları üçün tırtılların, müxtəlif növlü patronlar, qumbaralar və digər məhsulların istehsalına da başlayıb.

Maraqlıdır ki, söhbət yalnız ixrac olunan hərbi texnikanın yığılmasından deyil, həm də silah sistemlərinin istehsalı üçün tələb olunan texnologiyaların alınması, həmçinin, tamamilə yerli mütəxəssislər tərəfindən yaradılmış silah nümunələrinin də təqdim edilməsindən gedir. Onların sırasında böyük kalibrli (14,5 mm) «İstiqlal» snayper tüfəngini göstərmək olar. Ötən il bu silahın bazasında yeni - 12,7 mm kalibrli tüfəng yaradılıb. Qarşıdakı illərdə 23 və 30 mm kalibrli snayper tüfənglərinin hazırlanması da nəzərdə tutulub. Üstəlik, bütün bu məhsulların ixracı üçün yaxşı imkanlar da var. Xüsusilə «İstiqlal» snayperinin lisenziyalaşdırılaraq Türkiyədə istehsalı nəzərdə tutulub.

Bu ilin sentyabrında Cənubi Afrikanın Keyptaun şəhərində təşkil olunmuş «Africa Aerospace Defence-2010» müdafiə sərgisində MSN Azərbaycan mühəndislərinin daha bir əl işini təqdim edib. Söhbət 60 mm kalibrli «Dual Purpose Mortar» minatanlardan gedir. Bu iki təyinatlı, qısalüləli silah yaxın məsafədə döyüş üçün daha effektiv vasitə sayılır. Onun yüngül çəkisi isə silahdan dağlıq ərazilərdə də rahatlıqla istifadə olunmasına imkan verir.

Tezliklə Azərbaycanda yaxın məsafədə döyüş üçün nəzərdə tutulmuş daha bir effektiv silahın istehsalına da  başlanılacaq. Bu, 40 mm kalibrli barabanlı qumbaraatandır. Onun üçün döyüş sursatları Türkiyənin Makina və Kimya (MKEK) şirkətlərinin dəstəyilə hazırlanacaq.

2008-ci ildə MSN-nin «Telemexanika» zavodu 5x45 və 7x62 kalibrli patronlar üçün birgə giliz istehsal edib. Elə bu şirkətin dəstəyilə yaxın gələcəkdə müxtəlif elektron avadanlıqlarının gecəgörmə cihazlarının və s. istehsalına başlanacaq.

 

Öz gücünə arxalanaraq

Ümumilikdə, Türkiyə müəssisələrinin müdafiə sənayemizin istehsalına dəstəyini qiymətləndirmək çətin olardı. Məhz bu əməkdaşlıq sayəsində MSN NATO standartlarına cavab verən üç tapança - «İnam», «Zəfər» və «Zəfər-K»nı istehsal etməyi bacarıb. Yenə də bu dəstək sayəsində xüsusi əməliyyatlarda istifadə olunan tapança-pulemyotların istehsalına hazırlıq görülür.

Mülki sektor üçün isə artıq optik nişangahların, ovçu tü-fəngləri üçün güllələrin istehsalı başlanıb. Yaxın gələcəkdə 16 və 12 mm kalibrli yivsiz lüləli tüfənglər də istehsal ediləcək.

Ölkənin hərbi sənaye kompleksinin yeni inkişaf istiqaməti Türkiyənin «Roketsan» şirkəti və Azərabaycanın «İqlim» müəssisəi  ilə birlikdə 107 və 122 mm kalibrlik çoxlüləli raket qurğularının istehsalını nəzərdə tutur. Bir müddət əvvəl əldə edilmiş razılaşmaya əsasən, yaylım atəşi sistemi üçün detallar «İqlim»də, raket komponentləri isə Türkiyənin «Roketsan» zavodunda hazırlanacaq. Bu raketlərin yüksək aerodinamik göstəriciləri var. Onların mühərriki az tüstüləyən yanacaqla işləyir. 107 mm kalibrli raket 11 kilometrədək, 122 mm kalibrli raket isə 40 kilometrədək məsafədəki hədəfə iki ayrı-ayrı başlıq daşımağa qadirdir.

Türkiyənin «Aselsan» şirkəti isə MSN ilə birlikdə Azərbaycan zirehli maşınlarının müasirləşdirilməsi, onların üzərində optik cihazlar və nişangahın kompüterləşdirilməsi layihəsi üzərində işləyir.

Türkiyənin daha bir şirkəti - «Yonca Onuk Ortaklıgı» Azərbaycanla birlikdə hərbi gəmi tikintisilə maraqlanır. Bu ilin sonunadək «Azon» zavodunda türkiyəli istehsalçılarla birlikdə maskalanma şəbəkələrinin istehsalına başlanacaq. Daha uzaq perspektivdə Türkiyə şirkətlərinin Azərbaycanda ATAK vertolyotlarının istehsalında iştirakı da istisna olunmur.

Cənubi Afrikanın “Paramount Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində bu ildən etibarən  «V» formalı korpuslu «Matador» və «Marauder» zirehli maşınlarının istehsalına başlanıb. Onlar tankəleyhinə minalardan daha yaxşı qorunmaq üçün xüsusi sistemə malikdir. Bu maşınlar 17 kiloqram trotil ekvivalentində partlayışın dalğasına dözür. Mina partlaması maşının yalnız təkərlərini sıradan çıxarır. Heyət üzvlərinin isə qəlpə və partlayışın akustikasından müdafiəsi yüksək səviyyədə təmin olunub. Bu gün 20 belə zirehli maşın istehsal olunaraq, silahlı qüvvələrin istifadəsinə verilib.

Bütün bunlarla paralel olaraq, MSN müəssisələrində Azərbaycan Ordusunun ağır texnikasının özəyini təşkil edən sovet zirehli texnikasının müasirləşdirilməsi də həyata keçirilir. Söhbət xüsusilə T-55, T-64 tanklarının, BTR-70 və digər zirehli texnikanın modernləşdirilməsindən gedir. Onlar müasir texnika, gecəgörmə cihazları, naviqasiya və rabitə, döyüşaparma sistemi ilə təchiz edilir. Xüsusilə İsrailin «Elbit Systems» şirkəti ilə əldə edilmiş razılaşmaya əsasən, bu qurum Azərbaycan Ordusunun T-72 markalı tanklarının modernləşdirilməsilə məşğul olacaq. Nəticədə, bu tankların nəzarət-atış sistemi dəyişdiriləcək, oraya aktiv müdafiə sistemi quraşdırılacaq. Yaxın bir neçə ildə Azərbaycan İsrailin texniki dəstəyilə pilotsuz uçuş aparatlarının istehsalına da başlamağı  planlaşdırır. Bu gün onlar kəşfiyyat və aviazərbələrin endirilməsi işində daha effektiv vasitədir. Bu qurğular rəqibin Hava Hücumundan Müdafiə sistemindən asanlıqla yayına bilir.

MSN-nin yaxın gələcək üçün olan planları arasında reaktiv yaylım atəşi sisteminin, zirehli texnika, vertolyot, atış və yüngül silahlar, müxtəlif idarəolunan döyüş sursatlarının (həmçinin aviabombalar) istehsalı, digər hərbi və xüsusi ləvazimatların hazırlanması var. Bunun üçün nazirlik dünyanın 20-dən artıq ölkəsində aviasiya, naviqasiya, cihazqayırma və digər sahələrdə fəaliyyət göstərən təxminən 60 şirkətlə əməkdaşlıq edir.

MSN müdafiə xarakterli məhsulların nomenklaturasını genişləndirməklə yanaşı, yeni növdə mülki məhsulların istehsalını da mənimsəyir. Hərbi zavodlar neft-qaz sənayesi üçün armaturlar, terminallarda qaz qəbulu sistemi, avtomatlaşdırılmış informasiya-nəzarət sistemi, tənzimləyici və ölçü mərkəzləri, müxtəlif perforatorlar, traktorlar üçün tırtıllar, rəqəmsal işıqforlar, akkumlyatorlar və s. istehsal edir. Yalnız bu ilin əvvəlindən nazirliyin müəssisələrində 19,3 milyon manatlıq mülki təyinatlı məhsullar istehsal edilib. MSN üçün yeni fəaliyyət istiqaməti kimi ölkədə kosmik texnika və texnologiyanın istehsalı göstərilir. Xatırladaq ki, bir müddət əvvəl «Azərbaycan Respublikasında kosmik sənayenin inkişafı Dövlət Proqramı» qəbul edilib və Milli Aerokosmik Agentlik yaradılıb.

Beləliklə, 6-7 ildən sonra Azərbaycan kənardan silah gətirmək kimi təhlükəli asılılıqdan qurtulacaq, əsas silah və döyüş sursatı istehsalını özü təşkil edə biləcək.



MƏSLƏHƏT GÖR:

498