
"Yerevan perspektivləri"
Müəllif: Redaksiya
Plasido Dominqonun ağlına da gəlməzdi ki, onun Ermənistan paytaxtında keçirilən konserti rəsmi Yerevan qarşısında kədərli perspektivlər açacaq. Dünyaca məşhur tenorun konsertinin "Yerevan perspektivləri" adlanmasını da rəmzi hadisə saymaq olar. Amma söhbət heç də konsertin özündən getmir - Ermənistan KİV-in yazdığına görə, o, yaxşı keçib. Amma məhz bu konsertdə Ermənistanın hakim komandası daxilindəki qarşıdurmanın əlamətləri açıq şəkildə özünü göstərib.
Hələ konsert başlanmazdan əvvəl yüksəkranqlı məmurlar, yumşaq desək, bir-birlərinin əhvalını korlamağa macal tapıblar. Yerevan meri Qagik Bəyləryanla Prezident Aparatının protokol xidmətinin əməkdaşı Aram Kandayan arasında insident baş verib. Protokola əsasən, merin xanımı prezidentlə yanaşı kürsüdə əyləşə bilməz. Bu üzdən xanımdan yerini dəyişməsi istənilib və bu, şəhər merini əsəbiləşdirib: o, öz emosiyalarına hakim ola bilməyib. Baş verənlərdən qəzəblənmiş mer Prezident Aparatının protokol xidməti əməkdaşını əzişdirib.
"Arminfo" xəbər verir ki, mer Qagik Bəyləryan bu insidentlə əlaqədar, dekabrın 8-də vəzifəsindən rəsmən istefa verib.
Daha doğrusu, bunu ondan tələb ediblər.
Yerevan merinin ardınca Ermənistan ədliyyə naziri Gevork Danielyan da istefaya göndərilib. O, səlahiyyətlərini icra etmədiyi üçün prezidentin sərəncamı ilə postundan kənarlaşdırılıb. İstefaya səbəb baş nazir Tiqran Sarkisyanın Danielyandan məhkəmə qərarlarının məcburi icrası xidmətinin rəhbəri Miqran Poqosyanı cəzalandırmasını istəməsinə baxmayaraq, nazirin tapşırığa əməl etməməsidir. Qeyd edək ki, Sarkisyan Poqosyanın işçilərinə yaraşmayan münasibət göstərdiyi üçün cəzalandırılmasını tələb etmişdi.
Bəlkə də bütün bunlardan sonra, erməni hakimiyyətinə yaxın ekspertlərin Serj Sarqsyanın guya cəzasızlıq və özbaşınalığa çox dözümsüz olması haqqında söylədiyi fikirlərlə razılaşmaq olardı. Amma sonradan Prezident Aparatının baş müsahibi Anait Zakaryanın dövlət vəsaitinin israf olunmasına görə vəzifəsindən kənarlaşdırılması prosesə daha dərindən yanaşılma zərurətini meydana çıxarıb.
Məsələn, "Jamanak" qəzeti son istefaları Serj Sarqsyana qarşı sui-qəsd planının ifşasının nəticəsi adlandırır. "Robert Köçəryan və Serj Sarqsyan müharibəyə başlayır?" başlıqlı məqalədə bildirilir ki, Sarqsyan özünə qarşı "saray çevrilişi"nin hazırlandığına dair xəbərlər alıb. Planın arxasında isə məhz R.Köçəryan dayanır. Məhz bu üzdən S.Sarqsyan bu planda iştirakından şübhələndiyi şəxslərin vəzifədən kənarlaşdırılmasına başlayıb. Qəzet yazır ki, Yerevan meri Q. Bəyləryan və ədliyyə naziri Q.Danielyanın istefaları "təmizləmə" prosesinin yalnız başlanğıcıdır.
Ermənistanın digər qəzeti - "Yerkir" isə öz mənbələrinə istinadən bildirir ki, istefaya göndəriləcək növbəti məmurlar - parlamentin spikeri Ovik Abramyan, həmçinin, bir sıra nazir və güc strukturlarının rəhbərləridir.
Ermənistanın adının çəkilməsini istəməyən yüksəkrütbəli məmuru "İnterfaks"a bildirib ki, ölkənin siyasi və media dairələrində iki bir-birinə zidd düşərgəyə parçalanma müşahidə olunur. "Kiçik bir qrup Yerevanın artıq sabiq merinin əməllərinə haqq qazandırmağa çalışır, bununla da dövlət idarəçiliyində "oğru yanaşması"nı təqdir edir. Digər hissə isə belə əməllərin yolverilməz olduğunu, onun presedent yarada biləcəyini düşünür", - deyə mənbə bildirib.
İstənilən halda, S.Sarqsyan idarəçiliyi özünün heç də ən yaxşı dövrünü keçirmir. Özü də məmur istefaları ilə əlaqəli səs-küylü qalmaqallar bunun göstəricilərindən yalnız biridir. Ermənistanda sosial-iqtisadi vəziyyət acınacaqlıdır. İnsanlar kütləvi şəkildə ölkəni tərk edir və bunu rəsmi statistika də təsdiqləyir. Hakimiyyət üçün vəziyyət heç də ürəkaçan deyil. Hətta düşünsək ki, heç kəs Sarqsyanı devirmək fikrində deyil, kriminal dövlət strukturundakı kadr təmizləmələri itməkdə olan reytinqin bərpası cəhdi kimi qiymətləndirilə bilər.
Bu çətin vəziyyətdə S.Sarqsyan üçün əsas "sehrli çubuq" isə Dağlıq Qarabağ problemidir. Xatırladaq ki, Qarabağ klanı Ermənistan hakimiyyətini məhz bu münaqişə vasitəsilə ələ keçirib.
KTMT-nin Moskvada keçirilən toplantısında S.Sarqsyanın Azərbaycan torpaqlarını hərbi yolla azad etməyə qərar verəcəyi təqdirdə, "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanıya biləcəklərini açıqlaması da təsadüf deyil. Bu məqamda bir fakta diqqət edilməlidir: Ermənistan prezidentinin belə "cəsarətli" bəyanat səsləndirdiyi vaxtda, onun ölkəsinin parlamenti "DQR"i tanımaqdan imtina edir. Müxalifətçi "İrs" partiyasının fraksiyası tərəfindən gündəliyə təqdim edilmiş "DQR-in müstəqilliyinin tanınması haqqında" qanun layihəsinə parlamentdəki çoxluq səs verməyə heç cəsarət etməyib. Sənədə Ermənistan parlamentinin 131 deputatından yalnız 13-ü səs verib.
Bütün bunlar bir daha göstərir ki, S.Sarqsyanın Dağlıq Qarabağla bağlı bəyanatları yalnız münaqişədəki status-kvonun və müvafiq olaraq, öz hakimiyyətinin qorunmasına hesablanıb.
"Serj Sarqsyanın bəyanatı göstərir ki, "A" - o, danışıqların davam etdirilməsini istəyir; "B" - müharibədən qorxur və bundan yayınmağa çalışır; "V" - hansısa konkret qərar qəbul etmək istəmir; nə sülh prosesinin irəli aparılması, nə də Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını da. Sonuncu addım sülh prosesini tam iflasa uğradardı. Əslində, Sarqsyanın bəyanatı istənilən yolla status-kvonun uzadılmasına cəhddir. Prinsipcə, bu status-kvo Ermənistanı tədricən ölümə aparır. Amma o, eyni zamanda, Ermənistan hakimiyyətini qəsb etmiş Qarabağ klanına məxsus rejimin mövcudluğunu uzatmağa da imkan verir", - deyə Azərbaycan parlamentinin deputatı, "Region+"un siyasi icmalçısı Rasim Musabəyov "1news" agentliyinə bildirib.
Beləliklə, Ermənistan hakimiyyəti hər tərəfdən çat verir. Qarabağ klanının Dağlıq Qarabağ münaqişəsinin uzadılması və Sarqsyanın "cəsarətli" bəyanatları vasitəsilə hakimiyyətdə nə qədər qala biləcəyi məlum deyil. Amma bir məqam tam aydındır: Qarabağ klanının "Yerevan perspektivləri" çox qaranlıq və pis görünür...
MƏSLƏHƏT GÖR: