
BAŞ TUTMAYAN TRANSFERLƏR
Azərbaycan futbolçularına xaricdə oynamağa nə mane olur?
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Hər bir idmançının arzusu ölkəsini vətəndən kənarda layiqincə təmsil etməkdi. Bunun üçün müxtəlif yarışlarda böyük qələbələr qazanan idmançılarımız daim Azərbaycanın adını uca tutmağa çalışır.
Amma digər idmanlardan fərqli olaraq, idmanın şahı sayılan futbolda legioner həyatı yaşamaq mümkündür. Güləş, cüdo və digər növlərdən fərqli olaraq futbolçular xarici ölkə çempionatlarında forma geyməklə həm təcrübəsini artıra, həm də ölkəni layiqincə təmsil edə bilər. Təəssüf ki, hazırda Azərbaycan futbolçularından yalnız üçü xarici ölkə çempionatlarında çıxış edir. Mahir Şükürov Rusiyanın yüksək dəstəsində "Anci", Rəşad Sadıqov Türkiyə superliqasında "Eskişehirspor"un formasını geyir. İlqar Qurbanov isə Türkiyənin aşağı liqasında oynamaqla təsəlli tapır. Hər il transfer dövründə futbolçularımıza Türkiyə, Rusiya klubları tərəfindən maraq göstərildiyi məlum olur. Amma idmançılarımızın transferləri baş tutmur. "Neftçi"nin futbolçusu Fərid Quliyevi Türkiyə klubları istəsə də, o flaqmanda qalmağı seçdi. Fərhad Vəliyev, Kamran Ağayev və digərlərinin də hansı səbəbdən başqa ölkəyə getmək istəməməsini araşdıranda maraqlı məqamlar ortaya çıxır.
Azərbaycan futbolunda şanlı legioner həyatı yaşayan futbolçularımız olub. Vəli Qasımov Rusiya, İspaniya və Portuqaliya çempionatında çıxış etməklə adını tarixə yazdırıb. Nazim Süleymanov Rusiyada "Alaniya"nın heyətində uğurlu illər keçirib. Qurban Qurbanov, Samir Əliyev, Kamal Quliyev və digərləri Rusiya, Ukrayna çempionatında oynayıblar. Elə Mahir Şükürov da rəqabətdən çəkinməyərək "Anji"də oynamağa razılıq verdi. O qədər də böyük məvacib almayan müdafiəçimiz Mahaçqala təmsilçisinin heyətində əsl ulduzu çevrilib. Daim start heyətdə yer alan futbolçumuzun səviyyəsində də irəliləyiş hiss olunur. Azərbaycanın ən təcrübəli futbolçularından sayılan Rəşad Sadıqov haqda da eyni sözləri demək olar. Türkiyə superliqasında çıxış edən "Eskişehirspor"la 2 illik müqavilə imzalayan Sadıqov ilk gündən ona olan ümidləri doğrultmaqdadır.
Eyni zamanda, bir çox Azərbaycan futbolçusunu xaricdən gələn təkliflər maraqlandırmır. Halbuki onlar xarici klublarda oynamaqla çox şey qazana - brincisi, təcrübəsini artırmaqla milli komandaya daha çox xeyir verə, ikincisi, səviyyəsini yüksəltməklə daha güclü klublarda oynamaq imkanı qazana, və nəhayət, Azərbaycanı təmsil etmək və bununla da idmanımızın inkişafında daha fəal iştirak edə bilərlər.
Düzdür, sadalanan arqumentlərə çoxlu sayda əks arqumentlər də saymaq olar. Amma fakt ondan ibarətdir ki, bu gün azərbaycanlı futbolçular xarici ölkələrə getməkdə maraqlı deyil. Səbəb sadədir - xaricdə qazandığı pulu elə vətəndə qazanan futbolçu özünə əziyyət vermək istəmir. Məhz bu amilə görə də oyunçularımız karyeralarını daha güclü çempionatda deyil, Azərbaycan premyer-liqasında keçirməklə kifayətlənir.
Ümummyyətlə isə futbolçularımızın xaricdə oynamaq istəməməsinin səbəbləri müxtəlifdir. Birincisi, onların bir çoxu əcnəbi klubda rəqabətə dözməyərək ehtiyatda oturmaqdan qorxur. İkincisi, artıq deyildiyi kimi, Azərbaycan premyer-liqasından fərqli olaraq, xarici klublar futbolçularımıza daha az pul təklif edir. Üçüncüsü, onların xarici dil problemi var - əksər futbolçularımız yalnız rus dilində danışa bilir. Dördüncüsü, xarici klublarda məşqlər daha gərgin keçir və hər futbolçu buna tab gətirmir. Və nəhayət, mentalitetə uyğun olaraq əksər futbolçularımız qohumlar və dostlardan kənarda qala bilmir.
Bəziləri bizi qeyri-obyektivlikdə suçlaya bilər. Amma dediklərimiz faktdır. İnanmırsınızsa, sadaladığımız problemlərə əsasən baş tutmayan transferlərə nəzər salın:
- 2008-ci il. "Xəzər-Lənkəran"ın futbolçusu Kamran Ağayevin Kiyevin "Dinamo" komandasına transferi iki məqama görə alınmadı. İlk olaraq Ağayev Ukraynada birinci deyil, ikinci qapıçı olacaqdı. Yəni, onu Kiyev klubunun əsas qapıçısıyla ciddi rəqabət gözləyirdi. Digər tərəfdən "Xəzər-Lənkəran"ın maddi tərəfdən daha yaxşı təklifi transferin baş tutmasına problem yaratdı.
- 2009-cu il. Hazırda "Neftçi"nin şərəfini qoruyan və daha çox ehtiyatda oturmaqla vaxt keçirən Fərid Quliyevin Türkiyənin aşağı liqa təmsilçisinə transferi baş tutmadı. Qardaş ölkənin komandası birillik müqaviləyə görə 150 min avro təklif edirdi. Amma Fərid doğmalarından ayrı düşmək istəmədiyini əsas gətirməklə təklifi bəyənmədi.
- 2010-cu il. "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev Türkiyənin aşağı liqası təmsilçisinə rədd cavabı verdi. Səbəb maddi problemlə əlaqədar idi. Fərhad qardaş ölkədə eyni məvacibə oynamaq istəmədi.
- 2010-cu il. Hollandiyanın "Tvente" klubunun əsas heyətində şans verilməyən Vaqif Cavadova əvəzedicilərdə oynamaq təklif olundu. Amma hücumçu əvəzedicilərdə oynamağı özünə rəva bilməyərək, "Bakı" klubuyla müqavilə imzaladı.
Futbolçularımızın xarici klublara maraq göstərməməsindən ən çox milli komandamız uduzur. Lakin transfer zamanı düzgün seçim etmək də vacibdir.
Hazırda "Neftçi"nin gənc futbolçusu Araz Abdullayevin İngiltərənin "Everton" klubuna transferi müzakirə olunur. Flaqman rəsmiləri keçidin baş tutduğunu vurğuladığı halda, əks tərəf hələ düşündüyünü bildirir. Arazın transferi baş tutsa, bu Azərbaycan futbolu üçün böyük reklam olacaq. Lakin hadisələri qabaqlamayaq. Görək axırı necə olacaq.
MƏSLƏHƏT GÖR: