14 Mart 2025

Cümə, 20:58

MAYYALAR YANILIBLAR?

Yoxsa onların təqvimi yanlış yozulub?

Müəllif:

01.12.2010

Meksikada, Qvatemalada, Belizdə hindi xalqı yaşayır, sayca, təqribən, 600 min nəfərdir. Dini mənsubiyyətlərinə görə, katolikdirlər. Mayyaların əcdadları  Amerikanın ən qədim sivilizasiyalarından birinin nümayəndələridir.

 

Mayyalar kimlər olub?

Tarixdə  ən müəmmalı xalqlardan biri olan mayya haqqında məlumatlar Mərkəzi Amerikanın cəngəllikləri arasında qalmaqdadır. Mayyalar kimlərdir? Onlar haradan gəlmədirlər? Bizim indiki nəslimiz üçün hər hansı məlumat  saxlayıblarmı?

200 il bundan əqdəm, yəni 1773-cü ildən onların məşhur Palenke şəhərinin xarabalıqları aşkara çıxarılandan sonra, alimlər və yazıçılar bütün bu suallara  cavab axtarırlar. Qazıntı işləri davam etdirilən bu şəhər, əhatəsində olduğu cən-gəlliklərin təsirindən yoxa çıxmaq təhlükəsi altındadır. Bu möhtəşəm şəhərin ağ əhəng daşından tikilmiş  piramidaları, məbədləri, sarayları Yeni Dünyanın, hətta Renessans  möcüzələrindən biri  kimi heyranlıq doğurur.

Mayyaların tikdikləri binaların divarlarını bəzəyən  yazılar tədricən oxunmağa başlanandan sonra,  şəhərin tarixi zənginlikləri əsrimizin ikinci yarısından lazımi qaydada dəyərləndirilib. 

Müasir adamlardan fərqli olaraq,  mayyaların şəxsi mülkiyyətini yaşayış üçün zəruri olan əşyalar təşkil etmişdir. Mayyalar primitiv əmək alətlərindən istifadə etmklə əkinçiliklə məşğul olur, qarğıdalı və bir sıra digər dənli bitkilər becərirdilər. Eyni zamanda, onların təmtəraqla geyinmiş  hökmdarları torpağın münbitliyini artırmaq üçün öz üzərlərində qəribə və  qorxunc ayinlər icra edirdilər. Mayya cəmiyyəti  silklərə ayrılırdı. Belə ki, hökmdarlar  və  kəndlilər cəmiyyətdə öz yerlərini bilirdilər, lakin Avropanın həmin cəmiyyətləri arasında bir sıra  nəzərəçarpacaq fərqlər də var idi. 

Mayyalar təcrübəli astronomlar idilər. Onlar inanırdılar ki, Günəşin beşinci epoxasında yaşayırlar, müasir insanlar meydana gələnə qədər əvvəlki dörd günəş epoxası ərzində dörd insan irqi  bir-birini əvəz etmişdir.  Bütün bu mədəniyyətlər güclü kataklizmlər nəticəsində  məhv olmuş, yalnız az sayda insan salamat qalmışdır. Onlar da görüb-bildiklərinii özlərindən sonra gələnlərə danışmışlar. Mayya xronologiyasına görə, müasir epoxa eramızın 3114-cü ilinin 12 avqustunda başlamışdır və mayyanın 22 dekabr 2012-ci ilində başa çatmalıdır. Həmin vaxtda, yaşadığımız Yer kürəsi mayyaların qabaqcadan verdiyi məlumata görə, yenidən öz mənzərəsini dəhşətli zəlzələlər nəticəsində  dəyişməlidir. 

Mayya xalqı haqqında çox-çox kitablar yazılmışdır. Lakin indiyədək heç kim mayyalıların təqvimlərinin mənşəyinin və göstərilmiş tarixin haradan götürüldüyünün izahını verməmişdir. Lakin mayyaların təqviminin quruluşu və mayyaların vaxtın bu qədər mürəkkəb hesablanma sistemlərini yaratmağa nəyin səbəb olduğu hələ də qaranlıq qalmaqdadır.

Müasir standartlara görə, mayyaların sivilizasiyası primitiv kimi dəyərləndirilməlidir. Onların mexanizmləri, avtomobilləri yox idi. Lakin onların başqa anlamda nailiyyətləri yetərincə olub. Bu yaxınlarda aparılmış tədqiqatlar göstərib ki, mayyalar özlərinin psixi qabiliyyətlərini inkişaf etdirə bilirmişlər. Onların psixi qabiliyyətlərinin genişliyini indimizdə də təsəvvürə gətirmək çətindir.

Avstraliya aborigenləri kimi,  onlar da insanın yuxuda gördüyü  hər bir şeyin gələcəyi qabaqcadan  görməyə  və hazırda olanları yozmağa imkan verdiyinə inanırdılar. Mayyalar həm də teleskopun və digər müasir  cihazların yoxluğu şəraitində  planetlərin və ulduzların hərəkət trayektoriyalarını son dərəcə dəqiqliklə  hesablaya bilirdilər. Bununla birlikdə, mayyalar son dərəcə dindar adamlar idilər və orta əsr xristianları kimi, onlar da özlərinin şəhvət hisslərini cilovlamağın vacibliyinə inanırdılar, yeri gələndə, canlarından keçməkdən də qorxmurdular, bütün bunları göylərə qalxmaq istəyi  üçün edirdilər. 

Mayya sivilizasiyasının məhv olmasının sirrini  alimlər tam açıqlaya bilməyiblər. Bu sivilizasiya 1000 ildən artıq bir müddətdən qabaq yoxa çıxıb. Onlardan sonra piramidalar, unikal yazıları Mərkəzi və Cənubi Amerikanın səhralıq yerlərində aranda, habelə cəngəlliklərində unudulub qalmışdır. 

İki yüz ildir arxeoloqlar bu sivilizasiyanın  məhv olması səbəblərini öyrənmək üçün müxtəlif hipotezlər irəli sürürlər. Bəziləri deyir ki, bəşər tarixinin ən maraqlı sivilizasiyalarından birinin yoxa çıxmasının səbəbi 150 il ərzində viranqoyucu quraqlıqlar olmuşdur. Qərib dənizinin cənub hissəsinin çöküntülərində tədqiqatlar üçün qazılmış  şurfların (quyuların) köməyi ilə aydınlaşdırılmışdır ki,  təqribən, 810, 860,  və 910-cu illərdə üç güclü quraqlıq baş vermişdir. Mayyalar həmin vaxtlarda özlərinin bəzi şəhərlərinidən çıxıb getmişlər. Professor Herald Xauqun fikrincə, yüz il ərzində yağıntıların azalması  regionda resursların ümumi çatışmazlığına səbəb olmuşdur. Bu çatışmazlıq sonralar güclü quraqlıqlar nəticəsində daha da dərinləşmişdir.

Mayya xalqı üçün su çox mühüm təbii resurs idi. Mayyalar yağış suyunu min bir əziyyətlə rezervuarlara toplayırdılar. Bu məqsədlə geniş kanal şəbəkələri  və suvarma sistemləri yaratmışdılar. Kiçik kəndlərdə çox illərdən bəri davam edən quraqlıq adamların qırılması ilə nəticələnməsə də, əhali sıxlığı böyük olan şəhərlərdə bir neçə il davam edən quraqlıq öldürücü təsir göstərirdi. 

Yazılanlara görə, mayya sivilizasiyasının məhvinə bir səbəb də güclü dövlətlərdən asılı mayya qrupları arasında  uzunsürən müharibələrin, miqrasiyaların, epidemiyaların, intensiv əkinçiliyin, yaxud bu amillərin bir yerdə təsiri olmuşdur. 

Mayyaların məxsusi hesablama sistemləri mövcud imiş. Onlar xəritəyə ulduzların və planetlərin hərəkətini köçürə bilirdilər. Mayyaların geniş ticarət əlaqələri var idi. Bütün bunlarla bərabər, mayyalar qanalmaya insanları qurban verməyə əsaslanan dini mərasimlər də  icra edirdilər. Mayya tarixi iki minilliyi  əhatə etmişdir. 250 və 750-ci illərdə mayya əhalisi artaraq, 3-13 mln nəfərə çatmışdı. 

 

Dünyanın sonu?

 

Son vaxtlar İnternet saytlarında Vanqanın uzaqgörənlik deyimləri, Nostradamusun təbiət hadisələrindən bəhs edən şeirləri, ən başlıcası, mayyaların sirli təqvimləri əsasında insanların narahatlığına səbəb olan məlumatlar verilməkdədir. Xalq arasında yayılmış əfsanəyə görə, 2012-ci ildə Nibira adlı planet Yer kürəsi ilə toqquşmaqla bütün insan sivilizasiyasına son qoyacaqdır. Amerikanın Milli Kosmik Agentliyi (NASA) xalqların narahatlığına son qoymaq üçün  Dünyanın axırı haqqında 12 başlıca sualı cavablandırmışdır. Cavabları NASA Astrobiologiya İnstitutunun baş elmi işçisi Devid Morrison imzalayıb. "Nə üçün dünyanın axırı 2012-ci ilin dekabrında olacaqdır?" sualı belə cavablandırılıb: "Qədim şumerlər dünyanın axırı barədə qabaqcadan xəbər veriblər. Bu məlumat barədə fantast Zakariə Sitçin hələ 1976-cı ildə nəşr olunmuş   "12 planet" kitabında söhbət açıb. O göstərib ki, guya rəsmi elmə məlum olmayan şumer manuskriptləri tapıb. Həmin manuskriptlərdə Nibiru planeti haqqında danışılır. Həmin planet Günəş ətrafında dövr edir. Onun tam dövrə vurması üçün 3600 Yer ili tələb olunur. Ona görə də onu heç kim görə bilməmişdir. Əslində, mistifikasiya olan bu məlumatlar yaxınlarda  başqa bir əfsanənin yaranmasına əsas verib. Qədim mayyaların təqviminə uyğun olaraq,  2012-ci ilin dekabr ayı bizim kainatın mövcudluğunun axırıncı ayıdır. Bu aydan sonra əyyam sona yetəcəkdir. Hindilərin hesablamalarına görə, bu vaxt 20 dekabr və 23 dekabra düşür. Bu il hindi uzaqgörücülüyünün yaranmasına həm də "2012" adlı  film- fəlakət  səbəb olub. Filmin süjeti mayya təqvimində təyin edilmiş  dünyanın axırına həsr edilib". 

Nibiru adı Babil astroloqlarının əsərlərində də çəkilir və tədqiqatçılar tərəfindən Marduk səcdəgahı ilə əlaqələndirilir. Bu barədə  eramızdan əvvəl, təqribən, 668 və 627-ci illərdə yaradılmış  "Enuma eliş" əsatirində də xatırlanır. 

Belə ki,  şumerlərin sivilizasiyası mövcud idi və ona görə də öz mədəniyyətlərinin bütün abidələrini xeyli əvvəl - eramızdan əvvəl 13 və 14-cü əsrlərdə yaratmışdılar. Sitçinin, guya ki, həmin Niburu planetini şumerlərin kəşf etməsi barədə fərziyyəsi heç bir elmi məntiqə əsaslanmır. Doğrudur, şumer sivilizasiyası  güclü bədii ədəbiyyata, kənd təsərrüfatında qabaqcıl texnologiyalara, hərtərəfli şəhər infrastrukturuna və çox geniş inkişaf etmiş   ədəbi abidələrə malik idi. Lakin təəssüflər olsun ki, şumerlərin astronomiya sahəsində kəşflərini sübuta yetirən sənədlər  dövrümüzə çox az miqdarda gəlib çatmışdır. Qətiyyətlə demək olar ki, şumerlərin Neptun, Uran və Pluton haqqında təsəvvürləri  yox idi. Onlar, ümumiyyətlə, planetlərin Günəş ətrafında fırlanması  barədə təsəvvürlərə  malik deyildilər. Heliosentrizm haqqında ilk ideyalar Şumer sivilizasiyası yoxa çıxandan 2 min il sonra meydana gəlmişdi. 

1983-cü ildə NASA-nın kosmosa spektrin infraqırmızı hissəsində astronomik tədqiqatlar aparılması üçün göndərdiyii İRAS adlı  aparatın 10 aylıq uçuşu zamanı aşkara çıxarılan və əvvəllər ultrabənövşəyi şüalanma mənbələri məlum olmayan  çox sayda (təqribən, 350 min) obyektlərin heç biri bizim Günəş sistemimizin sərhədlərində böyük Nibiru obyekti deyildi, uzaq qalaktikalar idi. Ümumiyyətlə götürüldükdə, Nibiru  uydurma bir şeydir. Astrofizikanın indiki inkişafı dönəmində görünməyən, yaxud kəşf edilməyən 10-cu planet ola bilməz. 

Dünyanın axırının görücülərinin isnad etdikləri Mayya təqvimi gələcəyin deyil,  keçmiş vaxtın uçotunu aparmaq üçün yaradılıb. Bəli, hindi təqvimi indiki təqvimimizdən xeyli  mürəkkəb olub və etiraf edək ki, ilin uzunluğunu da xeyli dəqiq müəyyənləşdirib. Amma bu, hər hansı proqnoz vermək üçün yetərli deyil. Dünyanın axırı haqqında əsassız ehtimalın səbəbi Mayya təqviminin  2012-ci ildə başa çatmasıdır. Xalq arasında Kəhkəşanın daxilindəki geniş buludluqlar halqasını tutqun yarıq adlandırırlar. Həmin halqa qalaktikanın mərkəzini bizim üçün görünməz edir. İnsanlara qalaktika yarığının  təsiri bununla da məhdudlaşır. İnternetdə yazılanlardan oxuyuruq ki, 2012-ci ildə Günəşdə bütün tarixboyu görünməmiş qasırğalar olacaq və Yerdə maqnit qütblərinin yerdəyişməsi ilə sonuclanacaq. 

Doğrudan da Günəşin aktivliyi  11 ildə bir dəfə  maksimum həddə çatır. Bu zaman  güclü Günəş partlayışları və koronal kütlə  partlayışları  müşahidə edilir. Və bu, insanların həyatı üçün təhlükə törətmir.  Təhlükə açıq kosmosda, yaxud Ay səthində işləyən astronavtlar üçün törənə bilər. Bəzən Günəşdə baş verən güclü partlayışlar  radioverilişləri bir müddət korlaya, yaxud peyklərdəki elektronikanı xarab edə bilər. 

Maqnit sahəsi məsələsinə gəldikdə  demək lazımdır ki, maqnit sahəsi  insanları həm də Günəş partlayışlarından qoruyur. Lakin Yerin maqnit qütblərinin yaxın vaxtlarda dəyişəcəyini söyləmək üçün heç bir əsas yoxdur. Alimlərin proqnozlarına görə, maqnit qütblərinin yerdəyişməsi halları, təqribən, 400 ildə bir dəfə baş verir. 

Deyilənlərə görə , 2012-ci ildə Yerin meteoritlə toqquşması gözlənilir. Lakin Yerin iri səma obyektləri ilə toqquşma halları çox nadir hadisədir. Belə toqquşma hadisəsi 65 milyon il bundan əvvəllər baş vermiş və dinozavrların qırılması ilə nəticələnmişdir. 


MƏSLƏHƏT GÖR:

567