14 Mart 2025

Cümə, 21:00

ALMAN DƏQİQLİYİ və AZƏRBAYCAN QONAQPƏRVƏRLİYİ

Bu keyfiyyətlərin ahəngi iki ölkə arasında əməkdaşlığın inkişafına kömək edəcək

Müəllif:

01.12.2010

Almaniya müasir dünyada layiq olduğu hörmət və nüfuza malik dövlətdir. Alman keyfiyyəti, alman dəqiqliyi (oxu: məsuliyyəti) yəqin ki, AFR-i dünyaya tanıtdırmış əsas "brend"lərdən idi. Şübhəsiz, bu, bir tərəfdən,  ölkənin obyektiv üstünlüklərini əks etdirsə də, digər tərəfdən, piar və siyasi texnoloqların fəaliyyətinin sonucudur.  Nəticədə, dünyada alman şirkətləri etibarlı, işinin öhdəsindən yüksək səviyyədə gələn tərəfdaş kimi tanınır. Alman keyfiyyəti haqqında təsəvvür insanlarımızın beynində o qədər dərinə gedib ki, bir çoxları avtomobil alarkən seçim üzərində əməlli-başlı düşünür: yeni Koreya avtomobili, yoxsa işlənmiş alman maşını?

1945-ci ildə müharibədən məğlub çıxmış bu ölkə xarabaya çevrilmiş, Sovet tanklarının tırtılları altında viranə qoyulmuş, aviasiyası tərəfindən bombardman edilmişdi. Bu gün həmin hadisələrin üzərindən 75 il keçib və biz tamamilə  fərqli Almaniya görürük - Avropa İttifaqının iqtisadi lokomotivi və siyasi özəyi, ən öndə gedən texnologiyaların ixracatçısı, nəhayət, dünyanın siyasi düzənində  getdikcə daha vacib  rol oynamağa çalışan dövlət. Onun BMT Təhlükəsizlik Şurasının daimi üzvünə çevrilmək istəyi də, məhz bundan xəbər verir.

Bütün bunlarla yanaşı, Almaniya itirilmiş demokratik dəyərləri də bərpa etməyə nail olub, Avropanın məşhur dəyərlərinin hökm sürdüyü əsas mərkəzlərdən birinə çevrilib. Bu dəyərlərin əsasını isə hüquqi demokratik dövlət prinsipi təşkil edir.

Bu dövlətin yaşadığı 2 dağıdıcı dünya müharibəsindən sonra belə sürətlə bərpa olunmasının səbəbləri nədir? Belə bir fikir var ki, alman iqtisadiyyatının belə sürətli inkişafı "Marşall" planı əsasında ABŞ-ın Qərbi Almaniyaya maddi dəstəyilə əlaqədardır. Doğrudur, bu, qismən həqiqətdir: SSRİ ADR-in bərpası və inkişafına fəal dəstək verdiyi kimi, Qərb də AFR-in dirçəlişi yolunda səyini əsirgəməyib. AFR və ADR o zaman sanki iki düşmən tərəfin "piştaxta"sı idi: kapitalist və  sosialist "piştaxtası". Praktik olaraq, sosialist blokunun iflası ilə Almaniyanın dirçəlişi başladı. Bu, yalnız tarixi və siyasi səbəblərlə deyil, həm də xeyli dərəcədə iqtisadi  faktorlarla bağlı idi: mövcudluğunun son illərindən ciddi iqtisadi problemlərlə üzləşmiş SSRİ üçün ADR-i saxlamaq həddindən artıq "bahalı məşğuliyyət" idi. "Yetim qalmış" ADR-in total müasirləşməyə ehtiyacı var idi və o, bunu öz gücünə həyata keçirə bilməzdi. Bu proses hələ də davam edir və "yeni ərazi" (AFR-də sonradan onlara birləşmiş 5 şərq ərazisini belə adlandırırlar) hələ də əməkhaqqı və yaşayış səviyyəsinə görə, Qərb ərazilərindən geri qalırdı.

 

Bir qədər inteqrasiya, miqrantlar və Tilo Sarasin haqqında

Bir çox digər Qərb dövlətlərində olduğu kimi, Almaniyada da miqrantlarla bağlı problem kifayət qədər ciddidir. Yəqin ki, "inteqrasiya" və "inteqrasiya problemləri" son zamanlar burada ən çox istifadə olunan ifadələr sırasındadır.

XX əsrin 60-cı illərində Almaniyada ucuz işçi qüvvəsinə son dərəcə ciddi ehtiyac duyulurdu. Sürətlə inkişaf edən alman iqtisadiyyatının tələbatının ödünilməsi üçün bu, vacib idi. Həmin dövrdə Türkiyə, Yunanıstan, Yuqoslaviya, İspaniya, İtaliya və sair ölkələrdən insanlar ilə müvafiq müqavilələr imzalanır, Almaniya hökuməti, ilk növbədə, "rotasiya" prinsipini əsas götürürdü: qeyd olunan ölkələrin vətəndaşları müqavilələri bitənədək Almaniyada işləməli, razılaşmanın müddəti sona çatdıqda vətənlərinə dönməli, onları yeniləri əvəzləməli idi. Reallıqda isə hər şey bir qədər fərqli alındı: iqtisadi baxımdan özünü doğrultmadığı üçün "rotasiya" prinsipindən imtina edildi. Hər dəfə yeni gələn işçilərə uzun-uzadı təlim keçilməli olurdu və bu, Almaniya  müəssisələrinə baha başa gəlirdi. Nəticədə, miqrantlar burada daimi yaşayış hüququ və ailələrini də oraya dəvət etmək imkanı qazanırdı. Nəticə: AFR stastistika xidmətinin məlumatına görə, 2009-cu ilə 82 milyon əhalisi olan ölkədə "miqrant keçmişli" insanların sayı 16 milyona çatır. Onların, təxminən, 7 milyonu isə hələ də əcnəbi vətəndaşdır. Söhbət, ilk növbədə, türk qastarbayterlərindən gedir. Məhz onlar AFR-də ən genişmiqyaslı immiqrant "ordu"larından birinə malikdir.

Bir müddət əvvələdək Almaniya hökumətində inteqrasiya problemləri ilə bağlı susmağa, "multimədəni" cəmiyyət modelinə üstünlük verməyə çalışırdılar. Bu, bir cəmiyyətdə müxtəlif millətlərin özünəməxsusluğunun, inkişaf imkanlarının qorunması ilə birgə yaşamasını nəzərdə tutur.

Əlbəttə ki, liberalizmə əsaslanan bu layiqli cəhdləri həyata keçirmək son dərəcə çətin oldu. Almanlar miqrantların mədəniyyətinin müəyyən hissəsini qəbul etdi. Müsbət məqam kimi mətbəxi göstərmək olar. Məsələn, Berlin türkünün hazırladığı dönər Avropada, az qala, 1 nömrəli fast-fuda çevrildi. Mənəvi dəyərlərdən söhbət gedən zaman isə ortaya gizlədilməsi çətin olan kifayət qədər problem çıxır. Bəlkə də bu, miqrantların sayının çoxluğu və ya, avropalılarla Anadoludan olan dərin inanclı türklərin dəyərlərindəki müəyyən antaqonist hallarla bağlıdır. Bu məsələ ətrafında uzun-uzadı diskussiya aparmaq, kimin günahkar, kimin haqlı olması üzərində baş sındırmaq olar. 

Amma olan olub. Almaniya kansleri Angela Merkel  bir müddət əvvəl yüksək tribunadan alman cəmiyyətinin multimədəni modelinin iflasa uğradığını açıq şəkildə bəyan edib. Bu bəyanata Tilo Sarasinin "Almaniya: özünüləğv" kitabı ilə bağlı yaranmış qalmaqal da səbəb olub. Qeyd edək ki, Sarasin Sosialist Partiyasının sabiq üzvü və Federal Bankın İdarə Heyətinin keçmiş sədridir. O, kitabında Almaniya əhalisinin sayının azalması, eyni zamanda, müsəlman ölkələrindən miqrant axınının artmasına əsaslanaraq, Berlinin inteqrasiya siyasətini sərt tənqid edib. Özü də bu əsərində, müəllif ziddiyyətlər və xalqların genetik fərqliliyi haqqında təxribatçı fikirlərə yer verib. Misal kimi isə o, yəhudiləri göstərir: Sarasinin fikrincə, bu millət "yəhudi geninə" malikdir. Sonradan bu ifadələrə görə üzrxahlıq etməsinə baxmayaraq, belə bir fikir səsləndirməklə, Sarasin öz siyasi karyerasını məhv etdi. 

Buna rəğmən, bu kitab yuxarıda qeyd olunan bəzi məqamlar istisna olmaqla, kütlə arasında ciddi dəstək alıb və intensiv diskussiyalara təkan verib. Öz yazılmamış qanunları olan yarıkriminal getto və "dövlətin içində dövlət", heç də alman cəmiyyətinin can atdığı şeylər deyil. Bu mənada tam aydın fikir mövcuddur: bu problemi aradan qaldırmaq üçün effektiv inteqrasiya siyasəti yürüdülməlidir. Amma "bu siyasət necə olmalıdır" sualına hələ də birmənalı cavab yoxdur.

 

Almaniya - Azərbaycan: ikitərəfli əməkdaşlığın vəziyyəti

Almaniyanın müharibədənsonrakı inkişafı mövzusuna dönərək qeyd edək ki, bu dövrdə almanların çətinlikləri aradan qaldırmasında Qərbin bu dövlətə verdiyi pullardan daha çox, vəsaitin rasional xərclənməsi kömək edib. Məhz bu, ölkənin dirçəlməsindən sonrakı inkişafında da ciddi rol oynayıb. Yəqin ki, bu məsələdə bizim də onlardan öyrənməli olduğumuz məqamlar var: çoxmilyardlıq neft və qaz layilələrini reallaşdıran Azərbaycan nəhəng vəsaitlər qazanır, sonradan həmin pulları infrastrukturun yaxşılaşdırılmasına, sosial standartların yüksəldilməsinə xərcləyir. Bununla yanaşı, sərmayə qoyulan vəsaitdən götürəcəyimiz faydalı əmsalın daha çox olması üçün, bu gəlirərin effektli və rasional bölüşdürülməsi vacibdir və dövlətimiz qarşısında duran əsas məsələlərdən biri də məhz budur.

Qonşu Ermənistanın təcavüzkar siyasəti üzündən müdafiə sahəsinə nəhəng vəsaitlər xərcləyən, milyonluq qaçqın ordusunu saxlayan Azərbaycan iqtisadiyyatının xarici təhsilli güclü mütəxəssislərə ehtiyacı var. Bu yerdə Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzerin "Trend"ə müsahibəsindən sitat gətirmək yerinə düşər: "Nəzərə almaq lazımdır ki, alman şirkətləri Azərbaycana gələn və burada istehsala başlamaq istəyən zaman onlara ixtisaslaşmış işçi qüvvəsi lazım olacaq. Bu olmasa, demək, investisiya da olmayacaq. Bu istiqamətdə iş aparılması Azərbaycan üçün çox vacibdir. Bizdə  - Almaniyada, praktik olaraq,  faydalı qazıntı yoxdur. Bizdə nə neft, nə də qaz var. Amma ixtisaslı mütəxəssislərimiz kifayət qədərdir. Onlara nəhəng investisiyalar qoyulur. Azərbaycan zəngin ehtiyatlara malikdir, amma onlar nə vaxtsa tükənəcək. Ən vacib kapital ixtisaslaşdırılmış işçilərdir və bu işdə də investisiya tələb olunur. Almaniya universitetləri ilə kooperasiya Azərbaycandan gənc insanların təhsil və təcrübə ardınca Almaniyaya və əksinə yollanmaları üçün imkan açır. Bu, Baden-Vyurtemberqlə Azərbaycan arasında əməkdaşlığın ən vacib məqamlarından biridir".

Otto Hauzer məhz Almaniyanın adi insanlar üçün "Mercedes" istehsalı ilə tanınan ən varlı bölgəsi olan Baden-Vyurtemberqlə əməkdaşlıq haqqında təsadüfən danışmayıb.  Azərbaycanla bu ərazi arasında tarixi əlaqələr hələ 190 il əvvəl, ilk şvab köçkünlərinin Azərbaycanda Helenendorf və Annenfeld şəhərlərini inşa edən zaman yaranıb.

Hazırda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı, bundan əvvəl isə Baden-Vyurtemberqin baş naziri olmuş Günter Ottinger 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfər etmişdi. Həmin səfər iki ölkə arasında iqtisadi  tərəfdaşlığın inkişafına yeni impuls oldu. 2009-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi, təxminən, 1,6 milyard avro idi. Azərbaycandan Almaniyaya neft, əks istiqamətdə isə heç birinin digərinə nisbətən üstünlük təşkil etmədiyi müxtəlif məhsullar ixrac olunur.

Siyasi nöqteyi-nəzərindən Azərbaycanla Almaniya arasında münasibətlər rəvandır. AFR işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Azərbaycan ərazisi sayır, bu, Almaniya Xarici İşlər Nazirliyinin saytında da açıq şəkildə yazılıb. Berlin Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq səyləri də dəstəkləyir.

Azərbaycan Aİ-nin qapısını döymür, bununla da başqalarının borcunu ödəməkdən bezmiş alman vergiödəyiciləri və siyasətçilərini qıcıqlandırmır. Azərbaycanda xarici kapitala maneə yoxdur, ölkədə fəaliyyət göstərən Almaniya şirkətlərinin sayı artır. RWE enerji konserni "Nabukko" layihəsinin 5 bərabər əhəmiyyətə malik səhmdarından biridir. Almaniyanın bir müddət əvvəl təyinat almış Azərbaycandakı səfiri Herbert Kvellenin sözlərinə görə, iki ölkə arasında, demək olar ki, ideal ikitərəfli münasibətə yeganə mənfi təsir göstərən məqam ayrı-ayrı, fərdi insan haqlarının pozulmasıdır. Səfir Azərbaycanda belə hallara rast gəlindiyini düşünür.

Amma bəzi tənqidi məqamlara baxmayaraq, Almaniyanın hakim elitası və diplomatik nümayəndəliyi Azərbaycandakı daxili siyasi vəziyyətə qiymət verərkən, özlərini ənənəvi olaraq çox nəzakətli aparırlar və və münsiflər məhkəməsi kimi davranmağı düşünmürlər. Çünki onlar anlayırlar ki, Azərbaycan öz öhdəliklərini ayrı-ayrı dövlətlər önündə deyil, beynəlxalq təşkilatlar  qarşısında götürüb.

Bu mövqe Bundestaqın deputatı Manfred Qrundun (XDİ) Azərbaycandakı parlament seçkisi zamanı ölkəmizə müşahidəçi qismində etdiyi səfər vaxtı da təsdiqlənib. Məlum olduğu kimi, seçki müşahidəçiləri müxtəlif olur və getdikləri ölkənin onların fəaliyyətinə reaksiyası da birmənalı deyil. Elə seçki günü MSK onlardan bəzilərinin seçki prosesinə açıq müdaxilə etməkdən belə, çəkinmədiyini açıqlamışdı. Müşahidəçilərin müəyyən hissəsi əvvəlcədən bədbin əhval-ruhiyyədə olur, prosesi yararsız elan etməyə hazırlaşır. Digərləri əksinə, seçkiyə, az qala, əvvəlcədən, müsbət qiymət verməyə çalışır.

Azərbaycana qısamüddətli müşahidəçilər kimi gəlmiş Almaniya Bundestaqının deputatı Qrund və onun Avstriyadan olan həmkarı Karl Ollinger bunların heç birinə aid deyildilər. Klassik "alman düşüncəsi"nə malik praqmatik siyasətçilər olan bu şəxslər özləri üçün "qızıl orta" müəyyənləşdiriblər. Seçki prosesinə də onlar bu praqmatiklə yanaşıb, "xoş olanı, xeyirli olanla birləşdirək" şuarını əsas götürüb.

Həqiqətən də, paytaxtın parıldayanadək təmizlənmiş seçki məntəqələrini gəzmək, seçki komissiyalarının onsuz da əziyyət çəkən üzvlərinə əlavə əziyyət vermək nəyə gərəkdir? Ondansa avropalı üçün ekzotik Qafqaz ölkəsində gəzmək və eyni zamanda, Azərbaycanın rayonlarındakı seçki prosesini qiymətləndirmək daha yaxşı olmazmı? Qrund ilə əvvəlcədən telefonla danışan zaman onun Azərbaycanın mənzərəli regionlarından birində olmaq istəyindən xəbər tutan bu məqalənin müəllifi düşünmədən Qubanı seçdi: məqsəd əcnəbi qonağa böyük Qafqazın gözəlliyini nümayiş etdirmək idi. ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosundan olan həmkarlarımız isə özlərinə xas peşəkarlıqla bu səfərin təşkilinə yardımçı oldular.

Bir müddət əvvəl istifadəyə verilmiş Quba magistralı müşahidəçiləri, sözün yaxşı mənasında, təəccübləndirdi. Hər halda, onlar postsovet ölkələrində müntəzəm səfərlərdə olurlar və bərbad yolları öz gözləri ilə görüblər.

Quba və onun ətrafında bir neçə seçki məntəqəsinə baş çəkən deputatlar təşkilatçılıq səviyyəsindən razı qalmışdılar. Deputatların "Əminliklə demək olmaz ki, Almaniya və ya Avstriyada səsverməni bundan yaxşı təşkil edə bilərdik" fikri seçki komissiyasının üzvlərində böyük məmnunluq yaradıb. Onlar eyni fikirləri məntəqənin çıxışında qarşılarına çıxan yerli televiziyanın sualına cavabında da təkrarlayıblar.

Qubanın canlı tarixi, təxminən, 4 min əvvələ gedib-çıxan qədim dağ kəndi Xınalıqda seçki bir qədər fərqli keçib. Söhbət heç də yalnız ondan getmir ki, burada Abşeronun qəmgin peyzajı, Bakı mikrorayonlarının beton qutularının depressiv görüntüsü ilə müqayisədə Xınalıqda proses dəniz səviyyəsindən 2300 metr hündürlükdəki qarlı dağların əhatəsində baş tutub. Qeyd etmək lazımdır ki, dövlət başçısının diqqəti nəticəsində bir neçə il əvvəl Xınalığa yeni asfalt yol çəkilib. "Yeni yol"dan danışarkən qeyd edilməlidir ki, bunadək orada "köhnə yol" adında da heç nə olmayıb. Əvvəllər kəndin sakinləri yağış və qar səbəbi ilə mövsümi blokadada yaşayırdısa, artıq belə problem yoxdur.

Seçkinin təşkili məsələsinə qayıdaraq qeyd edək ki, məntəqədə "yoxlama" aparan xarici qonaqları ən çox maraqlandıran o idi ki,  "sivilizasiya"dan bu qədər uzaqlıqda yerləşən məntəqədə seçki neçə keçiriləcək. Xınalığın coğrafi vəziyyəti seçki prosesinin təşkili səviyyəsinə heç bir təsir göstərməmişdi: o, Avropa standartlarına uyğun şəkildə keçirilirdi və bu, müşahidəçilərin xüsusi qiymətləndirmə balında da əksini tapdı.

Qonaqları Xınalıq sakinlərinin danışıq dilinin tam unikal olması, dünyanın heç bir yerində bu dildə danışılmaması da xeyli təəccübləndirib. 4 min il ərzində insanların xüsusiyyətlərini qoruyub-saxlaması faktının özü qonaqlara fantastik görünürdü. 

Daha bir sevindirici məqam buranın əhalisinin öz xüsusiyyətlərini qoruyub-saxlaması ilə yanaşı, demokratik proseslərdən də kənarda qalmamasıdır. Xınalıqdakı seçici fəallığının yüksək olması da bunu bir daha nümayiş etdirib.

Təbii ki, kənd sakinləri əsl qafqazlı qonaqpərvərliyini qonaqlara nümayiş etdirməyi də yaddan çıxarmamışdı: bütün müşahidəçilər kənd evlərinin birində nahara və çay süfrəsinə dəvət olundular. 

Nahar almanların sevdiyi kimi, əvvəlcədən planlaşdırılmış olmasa da, əsl azərbaycansayağı keçdi - səmimi və hərarətli.



MƏSLƏHƏT GÖR:

557