
"PARLAQ TƏZADLAR ÖLKƏSİ"
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Cənubi Qafqazın ən güclü dövləti, Içərişəhər və Bakıdakı yenitikililər haqqında
Müəllif: Namiq MAYILOV Bakı
Herbert Kvelle Azərbaycanda yenidir. Almaniyanın Bakıdakı səfiri vəzifəsinin icrasına cəmi bir neçə ay əvvəl - bu ilin avqustunda başlayıb. Kvelle təcrübəli diplomatdır. O, 20 ildən artıq müddətdə Almaniyanın Xarici İşlər Nazirliyində, həmçinin, bu ölkənin Los-Anceles, Pretori, Havana, Varşava, Londondakı diplomatik nümayəndəliklərində çalışıb. Azərbaycanla Almaniya arasında münasibətlərin həm ikitərəfli formatda, həm də Avropa İttifaqı çərçivəsində inkişafına mühüm əhəmiyyət verir.
Bu müsahibənin səhifəyə yerləşdirildiyi vaxt səfirin 1819-cu ildə Baden-Vyurtemberqdən olan insanların saldığı Helendorf şəhərinin yerləşdiyi ərazidəki Gəncə və Göy göl rayonunda olmasını rəmzi hadisə kimi qələmə vermək olar. Səfirin fikrincə, Azərbaycanla Almaniya arasında münasibətlərin başlanma tarixini məhz o dövrdən hesablamaq lazımdır.
- Cənab Kvelle, Sizi Azərbaycana səfir təyin olunmanız münasibətilə təbrik edirik. Ölkəmiz haqqında ilk təəssüratlarınız necədir?
- Təşəkkür edirəm. Azərbaycana səfir göndərildiyimdən şadam. Çünki özüm də məhz burada işləmək istəyirdim. Ölkənizin böyük regional əhəmiyyəti var və Azərbaycan iqtisadi baxımdan Cənubi Qafqazın ən güclü dövlətidir.
Azərbaycan haqqında təəssüratlarıma gəlincə, hələlik bu haqda heç nə deyə bilmərəm. Çünki hələ yalnız Bakıda, yaxın şəhərlərdə (Sumqayıt, Qobustan) və İsmayıllıda (səfirlə söhbətimiz onun Gəncə və Göygölə səfərlərindən əvvəl olub - red.) olmuşam. Amma Azərbaycanla bağlı müəyyən gözləntilərim artıq doğrulub. Azərbaycan parlaq təzadlar ölkəsidir. Burada müasir nailiyyətlər qədim ənənələrlə birgə yaşayır. Qədim şəhər (İçərişəhər) möhtəşəm yenitikililərlə əhatə olunub. Ola bilsin, bu heç də hamının xoşuna gəlmir. Amma ölkənizin müstəqillik əldə etməsindən sonrakı inkişaf tempini göstərir.
Azərbaycanı həm də dünyəvi dövlət kimi tanıdım. Ölkədə əksəriyyət təşkil edən müsəlman əhali yüksək dini tolerantlıq nümunəsi göstərir.
- Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəmində hansı məsələlər durur? Səfir kimi hansı istiqamətlərin inkişafına üstünlük verəcəksiniz?
- Təxminən, 200 il əvvəl müasir Baden-Vyurtemberqdən olan ilk alman köçkünlər Azərbaycanın qərb bölgəsinə gəlib. Burada onları ürəklə qarşılayıblar və həmin şəxslər özlərinə yeni vətən tapıblar. Bu tarixi əlaqələr ikitərəfli əlaqələrdə bizim üçün əvvəlkitək başlanğıc nöqtəsi sayılır.
Almanların və alman məhsullarının da Azərbaycanda yaxşı nüfuzu var. Ölkənizdə Almaniyaya münasibətdə mənfi fikrə rast gəlməmişəm. Bu, səfirin yaşaması və fəaliyyətini xoş edir.
Mədəniyyət və təhsil sahəsində Azərbaycanda alman dilinin inkişaf etdirilməsi haqqında düşünürəm. Alman dilini daha yaxşı bilmək Almaniyada təhsilin davam etdirilməsi imkanlarını xeyli artırır. Biz gənc azərbaycanlıların ixtisasının artırılmasına məmnuniyyətlə dəstək verəcəyik ki, gələcəkdə onlar Azərbaycan siyasəti, iqtisadiyyatı və mədəniyyətində vacib rol oynaya bilsin. Burada söhbət yalnız akademik (universitet) təhsilindən getmir. Ölkədə texniklərdən, sənətkarlardan tutmuş, sürətlə inkişaf etməkdə olan mehmanxana, restoran biznesində ixtisaslı personaladək bir çox sahəyə aid mütəxəssislərə böyük tələbat var. Almaniyanın peşəkar təhsil sistemi hesabına bu sahədə ölkənizə təklif edə biləcəyimiz çoxlu şeylər var. İqtisadi əlaqələrə gəlincə, ağla, ilk növbədə, energetika gəlir. Almaniya və Avropa İttifaqının digər dövlətləri xammal baxımından yoxsuldur və xaricdən enerji təchizatından asılı vəziyyətdədir. Bu asılılıq isə təbii ki, təchizatçı ölkənin maraqlarına cavab verir. Məhz Aİ-Azərbaycan münasibətlərində qarşılıqlı tələbatın ödənməsi üçün əla imkanlar görürəm. Bu, hər iki tərəfə maksimum səmərə gətirər. Almaniyanın enerji konsernləri burada müxtəlif layihələrdə iştirak edir. Yeri gəlmişkən, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinher əvvəl Baden-Vyurtemberqin baş naziri olub. O, əslən Azərbaycana gəlmiş ilk alman köçkünlərinin vətənindəndir və prezident İlham Əliyevin dəvəti ilə Azərbaycanda olan zaman dəfələrlə bu faktı dilə gətirib.
Prezident İlham Əliyev etimadnaməmi qəbul edən zaman mənə deyib ki, Azərbaycan neft və qaz sektoru ilə yanaşı, xaricilərin köməkliyilə iqtisadiyyatın digər sahələrini də inkişaf etdirmək istəyir. Buradakı tərəfdaşlarıma daim deyirəm ki, Bakıda Almaniya-Azərbaycan ticarət palatasının yaradılması çox ləngiyib. Ticarət palatası Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün ideal alət olardı. Fərəhli haldır ki, bütün rəsmi şəxslər məni əmin edirlər ki, ticarətdə transparentliyə və xüsusilə də, hüquqi zəmanətlərə (buraya gömrük və vergi aspektləri daxildir) böyük önəm verirlər.
Almaniya iqtisadiyyatının onurğa sütunu olan kiçik və orta müəssisələr üçün xaricdə biznesin yaradılması, xüsusilə investisiya yatırılması qərarlarının qəbulunda bu, həlledici faktordur.
Siyasi əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Çünki Aİ ilə Azərbaycan arasında inkişaf edən assosiativ danışıqların getdiyi vaxt siyasi dialoqun vacibliyi daha da artır. Almaniya Aİ-nin ən çox əhalisi olan və güclü iqtisadiyyata malik dövlətidir. Azərbaycanlı dostlar Almanyianın siyasi nüfuzundan da danışır. Odur ki, biz Azərbaycanla dialoqa son dərəcə ciddi yanaşırıq; məsələn: Aİ-Azərbaycan aktiv planının ikinci prioriteti olan demokratik inkişafın möhkəmləndirilməsi məsələsinə. Bu, hörmətə əsaslanan, amma eyni vaxtda mövcud nailiyyətlər, çatışmazlıqlar haqda açıq və aydın danışıqlar tələb edən məsələdir. Yaxşı əməkdaşlığımız bundan yalnız qazanardı.
- Bildiyiniz kimi, Azərbaycan qonşu Ermənistanla müharibə şəraitindədir. Münaqişə artıq 20 ilə yaxındır davam edir və sülh danışıqları hələ də heç bir nəticə verməyib. Almaniyanın bu problemlə bağlı mövqeyi necədir və o, münaqişənin həllinə hansı köməkliyi göstərə bilər?
- Dağlıq Qarabağ münaqişəsi ondan bilavasitə əziyyət çəkmiş insanlara daim əzab verir. Problem bütünlükdə regionun inkişafına maneədir. Bu problemin dondurulmuş münaqişə olduğuna dair fikrə mən bir qədər şübhə ilə yanaşıram. Çünki təmas xəttində daim insidentlər qeydə alınır, hər iki tərəfdən ölən və yaralananlar olur. Cənubi Qafqazda sülh və sabitliyin olması Avropanın marağındadır. Bu səbəbdən Almaniya Azərbaycanla Ermənistan arasında ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları tam dəstəkləyir. ATƏT-in mexanizmi sülh razılaşması axtarışında daha ağlabatan uğur vəd edir. Madrid prinsipləri ərazi bütövlüyü və xalqların müqəddəratını təyinetmə prinsipləri arasında tarazlıq yaratmaq üçün yaxşı bazadır.
Almaniyanın məsələ ilə bağlı mövqeyi isə hər zaman aydın olub: bizim üçün Azərabycanın BMT-yə qəbulunadək mövcud olmuş sərhədləri qüvvədədir. Qəti mövqeyimiz ondan ibarətdir ki, Bundestaqın 2009-cu ilin mayında qəbul etdiyi qətnamədə də əksini tapıb. Çox ümid edirəm, ATƏT-in himayəsi ilə keçirilən danışıqlarda uzunmüddətli tərəqqiyə nail olunacaq.
Eyni zamanda düşünürəm ki, hər iki ölkənin ictimaiyyətinin vaxtında münaqişənin həlli prosesində iştirakı, sülh şəraitində yaşamağın üstünlüklərini anlaması vacibdir. Bilirəm ki, danışmaq real iş görməkdən asandır. Amma tarixi təcrübə göstərir ki, hökumətlər arasında razılaşma yalnız o halda mümkün və davamlı olur ki, onun arxasında xalqlar dayansın. Fikrimcə, barışıq və qarşılıqlı anlaşma üçün şəraitin yaradılması hökumətin məsuliyyətinə aid məsələdir. Bu işə başlamaq isə heç zaman gec deyil.
- Fikrinizcə, Azərbaycanın Aİ-yə üzvlüyü perspektivi necədir?
- Bildiyimə görə, Azərbaycan indiyədək heç zaman Avropa İttifaqına üzv olmaq istəyini dilə gətirməyib. Demək, bu məsələ hazırda gündəmdə deyil. Amma şəxsən mən bu il Azərbaycanla Aİ arasında assosiativ danışıqların başlanması faktını çox alqışlayıram. Bu, ölkələrimizi yaxınlaşdıracaq. Bu danışıqların inkişaf edəcəyinə ümidliyəm. Əlbəttə ki, burada elə sahələr olacaq ki, irəliləyiş və anlaşma digərləri ilə müqayisədə daha tez əldə ediləcək. Uğurlu danışıqların gedişində Azərbaycan Aİ-yə üzv olmaq fikrinə düşərsə, birlik bu məsələyə ciddi yanaşmalıdır. Amma mən buna müəyyən gələəcyə aid məsələ kimi baxıram.
- Son sual bilavasitə ikitərəfli münasibətlərə aid olmasa da, münasibətlərimiz kontekstində aktualdır. Azərbaycanla Almaniya milliləri arasında Kölndə keçirilmiş son futbol qarşılaşmasını necə qiymətləndirirsiniz? Alman mütəxəssis Berti Foqtsun Azərbaycan millisinin baş məşqçisi kimi ümumi fəaliyyətini necə xarakterizə etdiyinizi bilmək də maraqlı olardı...
- Təəssüf ki, qeyd etdiyiniz qarşılaşma zamanı Almaniyada olsam da, matçı yalnız televizordan izləyə bilmişəm. Amma 3 dəfə Tofiq Bəhramov adına stadionda olmuşam, Küveytə və Türkiyəyə qarşı oyunlara baxmışam. Türkiyəyə qarşı alınmış 1:0 hesablı qələbə yalnız Azərbaycan üçün yox, həm də Almaniya üçün əla nəticə oldu. Bu qələbə Almaniyanın seçmə qrupda liderliyini möhkəmləndirməsinə kömək etdi. Odur ki, təbriklər və təşəkkürlər, Azərbaycan!
CAR-da keçirilmiş Dünya Çempionatında Argentina yığmasını 4:0 hesabı ilə məğlub etmiş komandaya böyük hesabla uduzmaq üçün heç də utandırıcı deyil. Mən səbirsizliklə iyunun 7-də Bakıda keçiriləcək növbəti qarşılaşmamızı gözləyirəm. Azərbaycan yığması Türkiyə ilə qarşılaşmada göstərdi ki, o, kritik məqamlarda özündə güc toplaya bilir. Düşünürəm, o artıq Qərbi Avropa səviyyəsinə yaxınlaşıb. Ola bilsin, bu, Berti Foqtsun rəhbərliyi ilə keçən ağır məşqlər nəticəsində mümkün olub. O, Almaniyada hər kəsin tanıdığı peşəkar və təcrübəli məşqçidir.
MƏSLƏHƏT GÖR: