14 Mart 2025

Cümə, 21:00

DİNOZAVRLARIN ACIĞINA

"Yazıq və məzlum" dövlətin "incimiş" başçısının rasist bəyanatlarının arxasında nə durur?

Müəllif:

01.12.2010

Ermənistan prezidenti Serj Sarqsyan bəyanatlarının hesabına, şübhəsiz, "Sümüksüz dil" nominasiyası üzrə keçirilən istənilən müsabiqədə qalib gələrdi. Güclü daxili və xarici təzyiqlərlə üzləşmiş Sarqsyan bu yaxınlarda erməni xalqı və beynəlxalq ictimaiyyətin diqqətini növbəti dəfə ölkəsindəki əsl vəziyyətdən, Yerevanın təcavüzkar xarici siyasətindən yayındırmağa çalışıb. Bunun üçün o, diqqəti "kənar düşmən"ə yönəltməyə cəhd göstərib.

S.Sarqsyanın növbəti dəfə dünyanın "ən qədim" və "əzabkeş" etnosu ilə bağlı tarixi sübut etməyə çalışmasında qəribə heç nə yoxdur. "Genetik və dilçilərdən ibarət böyük elmi qrup çətin və uzun tədqiqat aparıb. Tərkibində bir nəfər də erməninin olmadığı qrupun araşdırmasının son nəticəsinə görə, erməni dilinin, ən azı, 8 min illik tarixi var. Bu göstərir ki, biz xalq olaraq, ən azı, 8 min ildir mövcuduq", - deyə Ermənistan prezidenti qeyd edib.

Amma Sarqsyanın nöqteyi-nəzərindən belə "böyük tarixi ixtira" Azərbaycanın ünvanına konkret atmacalar olmadan tam sayıla bilməz: "Azərbaycanda növbəti antierməni faşizmi hökm sürməkdədir. Azərbaycanlılar xalq deyil. Onlar özləri kim olduqlarını bilmir - albanmı, türkmü. Bilmirlər xristiandılar, müsəlmandılar, yoxsa bütpərəst".

S.Sarqsyanın məntiqinə görə, erməni xalqı dinozavr və mamontlarla çiyin-çiyinə yaşayıb, amma xoşbəxtlikdən, buz dövründən sağ-salamat çıxa bilib. Belə çıxır ki, dünya çox tezliklə neandertallar və pitekantropların da əslində erməni olduğunu eşidəcək.

Əlbəttə ki, sağlam düşünə bilən istənilən insan xəstə təxəyyülün məhsulu olan belə "elmi ixtiralar"rı ciddi qəbul etməməyi məsləhət biləcək. Amma bədbəxtlik ondadır ki, "erməni qurdu" virusu digər dövlətləri də yoluxdurur və bütünlükdə beynəlxalq münasibətlər sistemində vəziyyətin gərginləşməsinə səbəb olur. 

Məsələn, "erməni soyqırımı" sinromu ilə xəstələnmə Türkiyə ilə Avropa İttifaqının münasibətlərinin inkişafına mane olur. Bir sıra ölkələrin ikili standartlardan çıxış etməsi isə vəziyyəti daha da ağırlaşdırır. Misal üçün, bir müddət əvvəl Berlin məhkəməsi Almaniyada yaşayan azərbaycanlı Həbib Abdullayevi 900 avro cərimə edib. Guya Abdullayev S.Sarqsyanı Almaniyaya səfəri zamanı təhqir edib. H.Abdullayev bu ilin iyununda S.Sarqsyanın Berlinə səfərinə etiraz olaraq təşkil edilmiş aksiya zamanı "Sarqsyan - terrorçu, qatil" şüarı səsləndirdiyi üçün təqsirli bilinib. Abdullayevin bu şüarı Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Ermənistan prezidentinin ünvanına təhqir kimi qiymətləndirilib. Almaniyanın qanunlarına hörmət etməklə yanaşı, vurğulamaq istərdik ki, Abdullayevin şüarında yenilik yoxdur və onun bu fikirlərini S.Sarqsyanın məşhur britaniyalı jurnalist Tomas de Vaalın "Qara bağ" kitabında təsdiqləyib. "Xocalıyadək azərbaycanlılar düşünürdü ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki şəxslərə əl qaldırmaq iqtidarında deyil. Biz bunu (stereotipi) sındıra bildik", - deyə Sarqsyanın etirafında bildirilir. 

Bu, terrorçuluq və dinc sakinlərin qırılmasının etirafı deyilsə, nədir?

Amma həm o zaman, həm də indi Ermənistan rəhbərinin faşist bəyanatları adekvat beynəlxalq reaksiya ilə üzləşmir. Halbuki hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da Sarqsyanın bu bəyanatını rasizm adlandırıb və beynəlxalq ictimaiyyətə müraciət edib: "Ümid edək ki, bu natiqlik bacarığı beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymətini alacaq. Vaxtilə Robert Köçəryanın ermənilərlə azərbaycanlıların etnik baxımdan bir-birinə zidd xalqlar olması haqda məşhur bəyanatı kimi".

Təbii ki, bu bəyanatdan sonra L.Ter-Petrosyan dərhal Azərbaycan "casusları" siyahısına salınıb.

L.Ter-Petrosyanın eks-prezident R.Köçəryanın vaxtilə Rusiya XİN-in Diplomatik Akademiyasında səsləndirdiyi şovinist bəyanatını xatırlatması bir daha sübut edir ki, burada söhbət heç də Ermənistan prezidentlərinin kim olmasından yox, sıralarında Ter-Petrosyanın özünün də olduğu erməniliyin məqsədyönlü siyasətindən gedir. Məsələ ondadır ki, ermənilik hansısa xalqla birlikdə olmaq istəmədiyini dünyaya çoxdan sübut edib. Məhz bu siyasətin nəticəsi olaraq, Ermənistan monoetnik dövlətə çevrilib. Bundan başqa, L.Ter-Petrosyanın prezidentliyi dövründə Azərbaycan torpaqlarının 20%-i işğal edilib, Ermənistan ordusu və erməni terrorçuları tərəfindən dinc azərbaycanlılara qarşı cəza əməliyyatları aparılıb, onlar öz doğma torpaqlarından qovulub, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədilib.

Bu cinayətlərdə həm R.Köçəryan, həm də S.Sarqsyan fəal şəkildə iştirak ediblər. Onlar məhz bu "xidmət"lərinə görə, L.Ter-Petrosyan tərəfindən dövlətdə aparıcı postlara təyinat alıblar. Yeri gəlmişkən, sonda elə onlar da L.Ter-Petrosyanı devirərək, ona əsl "ermənisayaq minnətdarlıq" ediblər.

Sarqsyanın Azərbaycanın ünvanına faşizmlə bağlı səsləndirdiyi ittihamlara qayıdaraq, həm beynəlxalq ictimaiyyətin, həm də Ermənistan prezidentinin özünün diqqətini bunun tam əksini sübuta yetirən lap yeni faktlara cəlb etmək yerinə düşər. Ermənistanda iki xalq arasında etibarı yaratmaq məqsədilə Azərbaycanla hər hansı əlaqələrin formalaşdırılmasına tərəfdar çıxan şəxslərə qarşı fiziki məhv çağırışları getdikcə daha çox eşidilməyə başlayır. Bu dəfə hədəfdə Yerevanda Azərbaycan filmləri festivalının təşkilatçısı, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyandır. Üstəlik, onun ünvanına hədə hansısa erməni "cəngavəri" tərəfindən deyil, Ermənistan Kinematoqrafçılar İttifaqının rəhbəri Ruben Gevorkyantsın dilindən səsləndirilib: "Başqa ölkələrdə Vanyan kimilərini çoxdan divara dirəyərək güllələyərdilər. Bu, antierməni elementidir və onun adının ətrafında belə səs-küyün qaldırılması məni əsəbləşdirir. Vanyanın istədiyi yalnız odur ki, onu küçədə tutsunlar və döysünlər. O, əsl siçovuldur. Siçovulları isə güllələmək lazımdır. Mən qəbahət iş görsəm, məni də güllələyin. Bilirəm ki, haqlıyam və məni güllələməyəcəklər. Onlar yer üzündən silinməlidirlər. Belələrinin erməni adlanmaq haqqı yoxdur". 

R.Gevorkyants bununla göstərib ki, faşizm virusu, az qala, bütün erməni elitasını yoluxdurub - ziyalılardan tutmuş (Gevorkyantsı belələrinə aid etmək olarsa), dövlət başçısınadək.

Baş aparan S.Sarqsyan beynəlxalq ictimaiyyətin yumşaqlığını hiss edərək, "uğur"unu daha da artırmağa çalışıb. Ermənistan ordusunun Azərbaycanın işğal altındakı torpaqlarında keçirilmiş növbəti hərbi təlimləri zamanı o, yenidən Bakını hədələyib: "Erməni tərəfi birinci hücum etməyə hazırlaşmır. Amma lazım gəlsə, əks-zərbə həlledici olacaq. Hərbi əməliyyatlara maksimum yaxınlaşdırılmış təlimlər digərləri üçün xəbərdarlıq olmalıdır: birdən lazım gələrsə, biz nəinki 1992-1994-cü illərdə baş verənləri təkrarlayacağıq (Ermənistan prezidenti Azərbaycan torpaqlarının 20%-nin işğalını nəzərdə tutur - red.), həm də  məsələni birdəfəlik həll edərək, qapadacağıq".

Aydındır ki, Ermənistan ordusundakı pozğunluğun fonunda bu hərbi ritorika birmənalı şəkildə təbliğat xarakteri daşıyır və daxili auditoriyaya hesablanıb. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət Sarqsyanın bu bəyanatına da reaksiya vermir. Onun bu açıqlamasına yalnız Vaşinqtondan həvəssiz və ikimənalı reaksiya gəlib. "Biz (ABŞ - red.) hələ də Minsk prosesində iştirak edirik. Tərəfləri dialoqa sadiq qalmağa, gərginliyi artıra biləcək ritorikadan çəkinməyə çağırmaq istərdim", - deyə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib.

Qarabağda keçirilmiş hərbi təlimdən dərhal sonra Sarqsyanın Ermənistanın hərbi gücünə dair iddialar səsləndirməsinə Moskvanın tam susqun reaksiyası fonunda ABŞ Dövlət Departamentinin, hətta belə reaksiyası da konkret iş təsiri bağışlayır. Amma ATƏT-in Minsk qrupunun Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlim keçirməsini pisləyən birgə bəyanatla çıxış etməsi daha yerinə düşərdi.

S.Sarqsyanın rasist və hərbi bəyanatlarına beynəlxalq ictimaiyyətin gözündə hansısa formada haqq qazandırmaq məqsədilə, Ermənistan süni gediş edib. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi Karen Nazaryan qurumun baş katibinə ünvanladığı məktubda hərbi ritorikaya görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa çalışıb. "Azərbaycan bütün güc və səylərini öz aressiv mövqeyinə haqq qazandırmağa yönəldərək, ermənilərə, Ermənistana və Dağlıq Qarabağa qarşı düşmənçi, irqçi nifrət siyasəti yürüdür. BMT üzvü olan Azərbaycan inadla BMT Nizamnaməsinə zidd siyasətini davam etdirir, beynəlxalq sülh və təhlükəsizliyə problem yaradır, əməlləri ilə xalqların bərabərliyi, öz müqəddəratını təyinetmə prinsiplərini pozur, regional əməkdaşlığa mane olur", - deyə məktubda bildirilir.

BMT Baş katibinə ünvanlanmış məktub bu fikirlərlə bitir:  "Bu məktub Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılacağı təqdirdə, minnətdar olaram". Qəribədir ki, Ermənistan artıq 17 ildir 4 qətnaməsini qulaqardına vurduğu qurumun nüfuz və nizamnaməsinə istinad edir.

Bütün dünyadan incimiş (nədən incidiyi bilinməyən - red.) Yerevanın şıltaqlığı bununla da bitmir. NATO-nın Lissabonda keçirilmiş növbəti sammitinin açılışına az bir vaxt qalmış S.Sarqsyan onun işinə qatılmaqdan imtina edib. Ermənistan prezidenti bu qərarını sammitin yekun bəyannaməsində Cənubi Qafqazdakı münaqişələrin ümumiləşdirilmiş formulu ilə əsaslandırıb. Sarqsyanın mətbuat katibi Armen Arzumanyan öz şefinin adından verdiyi açıqlamada deyib: "Ermənistan tərəfi münaqişələrin həllində ümumiləşdirilmiş formulların qəbuledilməzliyini dəfələrlə bəyan edib. ATƏT-in yalnız bir prinsipinin yer aldığı əvvəlki ümumiləşdirilmiş formulun qorunub-saxlanması pis nümunə ola, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqlar prosesinə əlavə çətinliklər yarada bilər. Bu, xüsusilə Azərbaycanın hərbi xərcləri analoqu olmayan dərəcədə artırdığı, bu ölkə rəhbərliyinin ermənifobiya dolu bəyanatlar səsləndirdiyi dövrdə daha da təhlükəlidir".

Sarkisyan sanki fala baxıbmış. NATO-nun Lissabon sammitində qəbul edilmiş bəyannamədə deyilir: "Cənubi Qafqaz ölkələri və Moldova Respublikasında regional münaqişələrin qalması əvvəlkitək alyans üçün  Avroatlantik məkanda təhlükəsizlik nöqteyi-nəzərindən ciddi narahatlıq predmeti olaraq qalır. Biz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünə dəstəyimizə sadiqik. Bu regional problemlərin qeyd olunan prinsiplər əsasında sülh yolu ilə həllinə dəstəyimizi də davam etdirəcəyik".

Növbəti dəfə Azərabaycan da daxil olmaqla, ölkələrin mövcud sərhədlərinin möhkəmliyini göstərən bu birmənalı bəyannamə, şübhəsiz, Ermənistanı məyus edib. Acı Lissabon həbini hansısa formada az da olsa erməni ictimaiyyəti üçün şirinləşdirməyə çalışan S.Sarqsyan sanki nüfuzlu beynəlxalq təşkilatların gözündə özünübərpaya çalışmalı idi. Amma əksər ekspertlərin fikrincə, fərqli taktika seçmiş Sarqsyan ATƏT-in Astana sammiti öncəsi dünya ictimaiyyətinə təzyiq göstərməyə çalışır. Qeyd edək ki, məhz bu tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi sənədin qəbul olunacağına ümidlər böyükdür.

Başqa sözlə, Ermənistan əvvəlcədən bu sammit çərçivəsində mümkün irəliləyişin, konstruktiv dialoqun qarşısını almağa, mövcud status-kvonu saxlamağa çalışır. ATƏT sammiti ərəfəsində Ermənistan KİV-də Sarqsyanın Astanaya yollanmayacağına dair xəbərlərin yayılması da təsadüf deyil.


MƏSLƏHƏT GÖR:

384