
"ÜMİD" ÜMİDLƏRi DOĞRULTDU
Müəllif: Redaksiya
Görünür, vaxtilə Azərbaycanın Xəzərdəki qaz yataqlarından biri əbəs yerə "Ümid" adlandırılmayıb - ondan gözləntilər böyük idi. Və yataq Azərbaycan geoloqlarının ümidlənrini tam doğrultdu. Noyabrın 24-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) rəsmən elan etdi ki, ilk sınaq quyusunun qazılması nəticəsində yeni strukturda, minimum, 200 milyard kubmetr qazın, 30 milyon ton qaz-kondesatın olduğu təsdiqlənib.
Beləliklə, bu, Azərbaycanda müstəqillik dövründə "Şahdəniz"dən sonra aşkar edilmiş ikinci nəhəng qaz yatağıdır.
Elə həmin gün ARDNŞ rəhbərliyi ilə görüş keçirən ölkə prezidenti İlham Əliyev bunu "böyük tarixi hadisə" adlandırıb. Axı, söhbət yalnız aşkar edilmiş ehtiyatın həcmindən getmir. Uzun fasilədən sonra Azərbaycan ilk dəfədir, nəhəng neft-qaz yatağında kəşfiyyat və qazıntı işlərini özü-öz hesabına aparıb. "1990-cı illərin əvvəllərində bizim böyük maliyyə imkanlarımız yox idi, xarici investisiyalardan asılı idik. Amma Azərbaycana xarici investisiyaları cəlb etdik, milli maraqlarımızı tam təmin etməyi bacardıq", - deyə prezident bildirib.
Bəli, "Ümid"in şəxsi resurslar hesabına qazılması qərarı riskli idi. Amma Azərbaycan geoloqlarının təcrübə və bilikləri uğurun təminatı oldu. Dövlət başçısının sözlərinə görə, bu hadisə yalnız Azərbaycanda deyil, ondan kənarda da böyük maraq yaradıb: "Bu həm də ondan xəbər verir ki, Azərbaycan nəhəng qaz ölkəsinə çevrilib. Biz artıq dünyada neft ölkəsi kimi tanınmışıq. Növbəti mərhələdə - əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi də sözünü deyə biləcək və artıq deyir".
Yeri gəlmişkən, "Ümid"də karbohidrogen ehtiyatı daha çox ola bilər və bu, ikinci sınaq quyusunun qazılmasından sonra bilinəcək. Amma hadisə yalnız bu baxımdan əhəmiyyətli deyil. Yataqdakı ilk quyunun perspektivliliyi göstərir ki, bu strukturda bir qədər aşağıda yerləşən "Babək"də ehtiyat "Ümid"dəkindən iki dəfə artıqdır. Yəni, "Ümid"də 200 milyard kubmetr qaz ehtiyatı varsa, "Babək"də bu rəqəm 400 milyard kubmetrə çata bilər.
Eyni nikbinliklə işi davam etdirmək qalır. Üstəlik, bu işə şəxsən prezident İlham Əliyev dəstək verir. Neft hasilatı ilə yaxından tanış olan prezident hesab edir ki, ARDNŞ yataqların, xüsusilə "Babək"in işlənməsini özü davam etdirməlidir. "Xatırlayıram ki, əvvəl bu yataqlar eyni bolokda yerləşirdi - "Ümid - Babək". Bu yataqlara xarici şirkətlərin marağı da çox böyük idi. Yataqları qoruyub-saxlamamız və indi bu işi özümüzün görməyimiz çox yaxşıdır. Əlbəttə ki, "Babək"də də bütün işləri özümüz görməliyik. "Ümid" yatağının aşkarlanması çox nəhəng qaz yataqlarının aşkarlanmasına aparıb çıxaracaq", - deyə İ.Əliyev qeyd edib.
Bütün bunlar, əlbəttə ki, Azərbaycanın dünyanın enerji xəritəsindəki rolunu gücləndirir, onu nəhəng qaz təchizatçısına çevirir. "Ümumilikdə, əldə edilmiş nəticələrə əsasən, əminliklə deyə bilərəm ki, əgər bizim 2 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatımız varsa, demək, ən azı, 2 trilyon kubmetr perspektiv ehtiyatımız da olacaq", - deyə ARDNŞ-nin birinci vitse-prezidenti bildirib.
Yeri gəlmişkən, Azərbaycanın ixrac imkanlarının artdığını bp şirkətinin bəyanatı da təsdiqləyir. Qurum bildirir ki, "Şahdəniz-2" layihəsi çərçivəsində ildə əlavə 16 milyard kubmetr qazın nəqli üçün dəyəri 3 milyon dollar olan yeni qaz xəttinin çəkilişi planlaşdırılır. "bp-Azerbaijan" şirkətinin prezidenti Rəşid Cavanşirin sözlərinə görə, yeni qaz kəməri 400 kilometr uzunluğunda olacaq, Azərbaycan-Gürcüstan sərhədinədək uzanacaq. Gürcüstan ərazisində isə 2 güclü kompressor yaradılacaq. Yeni qaz kəməri bu ölkənin ərazisində mövcud olan Cənubi Qafqaz boru xəttinə (SCP) qoşulacaq. Qeyd edək ki, hazırda SCP ilə "Şahdəniz" yatağının birinci fazası çərçivəsində hasil olunan qaz ixrac edilir.
Gələcəkdə yeni nəhəng yataqların, xüsusilə "Ümid"in istismarına başlanılması ilə ixrac boru xətlərinin sayının daha da artacağı istisna olunmur. Başlıcası isə, bununla Azərbaycanın regionda və dünyada iqtisadi əhəmiyyəti də artacaq.
MƏSLƏHƏT GÖR: