Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
2014-cü il Azərbaycan idmanı və idmançıları üçün uğur ili kimi yadda qaldı. Azərbaycan idmançıları il ərzində müxtəlif beynəlxalq turnirlərdə, ümumilikdə, 805 medal qazandı. Bu göstərici 2013-cü illə müqayisədə 25 medal çoxdur. Qazanılan medallardan 275-i qızıl, 255 gümüş, 275-i bürünc əyarlıdır. 2014-cü il həm də gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşkilatçılığı baxımından əlamətdar hadisələrlə yadda qaldı. Avropanın bir neçə ölkəsində Bakı - 2015 Avropa Oyunlarının təqdimat mərasimi keçirildi. Yarışlarda istifadə olunan idman qurğularının inşası son mərhələyə çatdı.
Hər il olduğu kimi 2014-cü ilin yekununda da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin başçısı İlham Əliyev idmançılar, məşqçilər və federasiya rəsmiləriylə görüş keçirib. Azərbaycan Prezidenti 2014-cü ili idmanımız üçün uğurlu il kimi qiymətləndirdiyini bildirib: "Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir".
Dövlət başçısı xatırladıb ki, il ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir: "Onlardan ikisi Avropa Çempionatıdır - bədii gimnastika və taekvando üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq".
Prezident İlham Əliyev söyləyib ki, Avropa Oyunlarının keçirilməsi, eyni zamanda ölkəmizin gücünü göstərir: "Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. İdman aləmində isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər Azərbaycanın uğurlarından danışırlar. Ona görə bu Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir".
Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
İdmanda yüksək nailiyyətlər göstərən Elsevər Quliyev, Elvin Əhmədli, Əkbər Fərəcov və Cəsarət Əhmədov Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif edildilər. Respublikamızda idmanın inkişafında xidmətləri olan Rafiq Həsənova və Məmməd Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənədlər təqdim olundu.
2014-cü ildə güləşçilərimiz, gimnastlarımız, karateçilərimiz nəticələrini daha da yaxşılaşdırdı. "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsinə adladı, millimizin baş məşqçisi Berti Foqts istefa verdi.
Beləliklə, "R+" 2014-cü ilin idman hadisələrini xatırlayır.
Bakı - 2015
Avropanın 5 müxtəlif şəhərində Avropa Oyunlarının təqdimatı keçirildi. Təşkilatçılar yarışın sponsorlarını müəyyənləşdirdi. Mötəbər oyunları yayımlamaq üçün xarici TV-lərlə müqavilələr imzalandı. 2014-cü ildə Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin hazırlığına başlandı. 6000-dən çox idmançını qəbul edəcək Azərbaycanda idman qurğularının inşası son mərhələyə çatdı.
Futbol
Azərbaycanda ən çox sevilən idman növündə bir sıra dəyişikliklər baş verdi. Milli komanda "Avro - 2016"nın seçmə mərhələsində ardıcıl 3 görüşdə məğlub oldu. Uğursuzluqdan sonra baş məşqçi Berti Foqts istefa verdi. AFFA yığmanı müvəqqəti olaraq Mahmud Qurbanova tapşırdı. Onun rəhbərliyi altında yığmamız Norveçə məğlub oldu. İlin sonunda AFFA xorvat məşqçi Robert Prosineçkini yığmada baş məşqçi vəzifəsinə təsdiqlədi.
Avrokuboklarda ən çox oyunu "Neftçi" və "Qarabağ" keçirdi. Ağ-qaralar pley-off mərhələsində Serbiyanın "Partizan" klubuna uduzmaqla qrup mərhələsinin bir addımlığında dayandı. Ağdamın "Qarabağ" klubu isə ölkə futbolunda yeni səhifə açdı. Qrup mərhələsinə adlayan Qurban Qurbanovun komandası ilk dəfə səfərdə qələbə qazandı, ilk dəfə 6 xal topladı.
2014-cü ilin əsas idman hadisələrindən biri 2020-ci ildə keçiriləcək Avropa Çempionatıyla bağlı oldu. UEFA qrup mərhələsində 3 oyunun və 1 pley-off matçının Azərbaycan paytaxtında keçiriləcəyini rəsmən təsdiqlədi. Bu ölkə futbolunda Bakıda keçirilən ən böyük yarış olacaq.
Güləş
2014-cü il Azərbaycan Güləş Federasiyası üçün növbəti uğurlu illərdən biri olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Güləşçilərimiz 2014-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 27 qızıl, 22 gümüş, 16 bürünc - toplam 65 medal qazanıb. Bunların 28-i yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa və Dünya çempionatlarında, II Olimpiya Oyunlarında 13 qızıl, 9 gümüş, 6 bürüncə sahib çıxıblar. Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa və Dünya çempionatında 10 qızıl, 5 gümüş, 5 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər. Böyüklərdən ibarət yığma komandalarımız isə, 4-ü qızıl, 8-i gümüş, 5-i bürünc olmaqla, 17 medal qazanıblar. Güləşdə ilin əsas qəhrəmanı isə Hacı Əliyev olub. İdmançımız 2014-cü ildə həm Avropa, həm də dünya çempionluğunun sevincini yaşayıb.
Gimnastika
Ötən il Azərbaycan Gimnastika Federasiyası üçün uğurlu keçdi. Milli Gimnastika Arenasının açılışı ilin yaddaqalan hadisəsi oldu. Bu mükəmməl arenada yaradılmış şərait nəinki idmançılarımızın məşqləri üçün, həm də gimnastikanın 6 növü üzrə yerli və beynəlxalq yarışların təşkili üçün əlverişlidir. Təsadüfi deyil ki, dünyanın müxtəlif qitələrindən bura təlim-məşq toplanışlarına gəlirlər. Bədii gimnastika üzrə Azərbaycan Çempionatının təşkilindən sonra, iyun ayında burada gimnastikanın bu növü üzrə Avropa Çempionatı keçirildi və bu tədbir mütəxəssislər və Avropa Gimnastika İttifaqının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Bakıda bədii gimnastika üzrə məşqçilər üçün Beynəlxalq Gimnastika Federasiyasının (BGF) Akademiyası təşkil olundu.
Bu il gimnastlarımız öz medallarıyla bizi sevindirməyə davam etdilər. Belə ki, bədii gimnastika üzrə gənc gimnastlarımız ilk dəfə olaraq komanda hesabında Avropa Çempionatında bürünc medal qazandılar. Böyük gimnastlarımız da onlardan geridə qalmadı. Qrup hərəkətləri komandamız da ilk dəfə olaraq, Avropa Çempionatında 3 top - 2 lent ilə çıxışlarına görə gümüş medal qazandılar.
Qadın idman gimnastikasında Azərbaycan üçün ilk medalı Avropa Birinciliyində dayaqla tullanma hərəkətlərinə görə ikinci yerdə qərarlaşan Anna Pavlova gətirdi. O, həmçinin Dünya Kubokundan da ilk medalı qazandı. Sloveniyanın paytaxtında keçirilən yarışlarda müxtəlif hündürlüklü qollarda hərəkətlərinə görə o, qalib oldu.
Kişi idman gimnastikası üzrə Dünya Kubokundan ilk medalı isə Oleq Stepko gətirdi. Xorvatiyanın Osiek şəhərində təşkil olunan yarışda paralel qollardakı hərəkətinə görə o, 3-cü yerdə qərarlaşdı. Bolqarıstanın Borovets şəhərində aerobika üzrə komandamız fərqlənərək, ilk dəfə olaraq Dünya Kubokunun fəxri kürsüsünə (bürünc medal) yüksəldi.
Oleq Piunov və İlya Qrişunin də batut üzrə Dünya Kubokundan ilk medalımızı Portuqaliyada 3-cü olaraq əldə etdilər.
2014-cü il ərzində gimnastlarımız 42-si qızıl, 30-u gümüş və 42-si bürünc olmaqla 114 medal əldə etdilər. Bu medalların böyük hissəsi (68) bədii gimnastikanın payına düşür. Ötən il ölkəmizin bayrağı daha çox Jalə Piriyeva və Marina Durundanın şərəfinə qalxdı. Hesabında ən çox qızıl olan Marina Durunda Avropa Oyunlarının səfiri seçildi. Böyüklərdən ibarət yığma komandamız 2014-cü ili Beynəlxalq Gimnastika Federasiyasının qrup komandalarının reytinqində (çoxnövçülük) 3-cü yerdə başa vurdu.
Gələn il bizi gimnastikanın 6 növü üzrə yarışların keçiriləcəyi Avropa Oyunları, Dünya və Avropa Çempionatları və digər tədbirlər gözləyəcək.
Boks
Başa çatan ildə kişi boksçular arasında Avropa və Dünya Çempionatı olmadı. İlin ən yaddaqalan uğuru qadın boksuyla bağlıdır. Yelena Vıstropova Avropa Çempionatında qızıl, Dünya Çempionatında isə bürünc medala layiq görüldü.
Voleybol
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Dünya Çempionatında uğurlu çıxışla yadda qaldı. Millimiz qrupdan çıxaraq növbəti mərhələdə mübarizə aparmaq imkanı qazandı. Yekunda mükafatçılar sırasında yer almasaqda, komandamızın çıxışı müsbət qiymətləndirildi. Yığma mundialı 15-ci pillədə başa vurdu.
Taekvando
İdmanın bu növündə gənclərdən ibarət komanda bir sıra uğurlar qazandı. İdmançılarımız Qran-pri turnirlərində yaxşı nəticə göstərdi. İlin ən böyük uğuru Radik İsayevin böyüklərin Avropa Çempionatında qızıl medal qazanması oldu.
Cüdo
Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdoçuların Dünya Çempionatı Azərbaycan yığması üçün fiaskoyla yadda qaldı. Hacıağa Hacıəhmədovun rəhbərlik etdiyi komandamız Vətənə mükafatsız qayıtdı. Cüdoçu İlham Zəkiyev paraolimpiyaçıların Avropa Çempionatında 5-ci dəfə qızıl medala layiq görüldü.
Sambo
Avropa Oyunlarına daxil edilən sambo idman növündə ən böyük uğur Dünya Çempionatına təsadüf etdi. Amil Qasımov (74 kq) qızıl, Ağasif Səmədov (52 kq) gümüş, Emil Həsənov (68 kq) isə bürünc medala layiq görülüb.
Şahmat
SOCAR-Azərbaycan şahmat klubu Avropa Kubokunda maksimum nəticəylə çempionluq sevinci yaşadı. Təmsilçimiz 7 görüşdə 7 qələbə qazanmaqla rəqibləri üçün əlçatmaz oldu. Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr edilən blits turnirində qələbə qazandı. Teymur Rəcəbov Pekində keçirilən İntellektual Oyunlarda bir gümüş və bir bürünc medala sahib çıxdı. Azərbaycan millisi şahmat olimpiadasına uğurlu start götürsə də, yekunda 5-ci oldu. Bu millinin tarixində ən yaxşı nəticə kimi yadda qaldı.
Avtomobil yarışları
Bakı Kristal Zalında Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən "VI Challenge Azerbaijan" yarışında yüksək sürət, adrenalin, qeyri-adi tryuklar tamaşaçılara həyəcanlı anlar yaşatdı.
Gənclər və İdman Nazirliyi "Formula-1" ilə 7 illik müqaviləyə imza atdı. Bununla, Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra "Formula-1" yarışının "Qran-pri" mərhələsini keçirəcək ikinci ölkə olacaq.
Karate
Azərbaycan karateçilərinin 2014-cü ildə ilk böyük uğuru Finlandiyanın Tampere şəhərində böyüklərin 49-cu Avropa Çempionatına təsadüf etdi. Fərdi kumite yarışlarında Şahin Atamov (84 kq) və Niyazi Əliyev (67 kq) gümüş medalları, Nuranə Əliyevanın isə (50 kq) bürünc mükafatı ilə birlikdə ümumi nəticədə Azərbaycan medal qazanan ölkələr arasında 4-cü pilləyə yüksəlib. Komanda yarışlarına gəldikdə isə Azərbaycan karateçiləri bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2014-cü İLİN YEKUNLARINA GÖRƏ AZƏRABAYCANIN ƏN YAXŞI KOMANDALARI VƏ İDMANÇILARI (GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN RƏYİNƏ GÖRƏ)
İlin ən yaxşı yığma komandası
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması
İlin ən yaxşı futbol komandası
"Qarabağ"
"Qızıl onluq"
Hacı Əliyev (sərbəst güləş, dünya və Avropa çempionu)
Mariya Stadnik (qadın güləşi, Dünya Çempionatının bürünc mükafatçısı və Avropa çempionu)
Yelena Vıstropova (boks, Dünya Çempionatının bürünc mükafatçısı və Avropa çempionu)
Eduard Məmmədov (kikboksinq, dünya və Avropa çempionu)
Marina Durunda (bədii gimnastika, dünya kubokunun bürünc mükafatçısı)
Xetaq Qazyumov (sərbəst güləş, Dünya və Avropa çempionatının gümüş mükafatçısı)
Radik İsayev (taekvando, Avropa çempionu)
Fərid Mayılov (kunq-fu, dünya və Avropa çempionu)
Rəsul Cunayev (güləş, Dünya Çempionatının bürünc mükafatçısı və Avropa çempionu)
Elmar Qasımov (cüdo, Avropa Çempionatının gümüş mükafatçısı)
MƏSLƏHƏT GÖR: