25 Dekabr 2024

Çərşənbə, 18:21

ONUN MUSİQİSİNİN ƏFSANƏSİ

Dahi Azərbaycan bəstəkarı Arif Məlikovun yaradıcılığı - musiqi ilə eksperiment

Müəllif:

06.01.2015

Milli klassik musiqi ilə az da olsa maraqlanan hər kəs Azərbaycan klassik musiqisində zirvə nöqtəsinin 1930-1940-cı illərdə yaşandığını söyləyəcək. Bu, aclığın, müharibənin, repressiyaların hökm sürdüyü ağır illər idi. Hər tərəfdə "həyat daha yaxşıdır, daha şəndir" kimi yalançı, riyakar şüarlar eşidilirdi. Bununla yanaşı, həmin illər Azərbaycan akademik mahnısının əməlli-başlı irəli sıçrayış etdiyi dövrdür. Azərbaycanda milli musiqi ilə bağlı klassik dərsliklərin əksəriyyəti məhz o zamanda yazılıb, milli musiqi məhz həmin illərdə tam strukturlaşıb. O dövrdə yeni bəstəkarlardan, musiqiçilərdən ibarət böyük bir nəsil meydana çıxıb, Azərbaycan musiqisində yeni səslər peyda olub. Onlardan biri də mükəmməl bəstəkar, müasir dövrdə də yaşayıb-yaradan Arif Məlikovdur.

 

Bakı eksperimenti

"Balet sahəsində biz dünyada hamıdan öndəyik". Bu, sovetlərdən qalma daha bir sitatdır. Amma bu dəfə fikir tamamilə doğrudur. Sovet baleti dünyada ən yaxşı və ən peşəkar balet idi. Ona nümunə kimi baxılırdı. Ötən əsrin 50-ci illəri və sonrakı iki onillik Azərbaycan baletinin çiçəklənmə dövrüdür. 1952-ci ildə o zamanadək Moskva və Leninqradda təhsilini başa vurmuş, Dmitri Şostakoviçin tələbəsi olmuş Qara Qarayev "Yeddi gözəl" şedevrini yazıb. Ümumilikdə, o dövr üçün akademik musiqi və balet sənəti sovet ziyalısı üçün yaradıcılığın tam ifadəsi üçün yeganə vasitə idi. Çünki həmin illərdə özünüifadə hər tərəfdən senzuraya məruz qalırdı. Məhz bu səbəbdən, siyasətdən tamamilə uzaq olan balet birdən-birə eksperimentlərin mərkəzinə çevrildi. Bu işə hələ 1930-cu illərdə Şostakoviç başlamışdı. Müttəfiq respublikaları arasında belə eksperimentlər, azad yaradıcılıq üçün əsas məkanlardan biri məhz Bakı idi. Burada yalnız baletlər yazılmır, həmçinin klassik musiqi interpretasiyaya, dəyişikliklərə məruz qalır. Misal kimi, Sergey Prokofyevin "Klassik simfoniya"sını göstərmək olar. Onun motivləri əsasında eyniadlı balet səhnələşdirilib. Bu cür əsərlər Azərbaycan musiqisində yaradıcı eksperimentləri daha da gücləndirirdi.

Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri" və gənc Azərbaycan bəstəkarlarının digər baletləri Bakıya böyük maraq yaradırdı. Amma güman ki, o dövrün milli baletində əsas hadisə gənc Arif Məlikovun "Məhəbbət əfsanəsi" idi. Qara Qarayevin tələbəsi bu möhtəşəm, bu gün də populyar sayılan bu baleti hələ 1960-cı ildə, cəmi 27 yaşında olarkən yazıb. Cəmi 1 il sonra o, dövrünün dahi xoreoqrafı Yuri Qriqoryeviç tərəfindən Marinskaya Teatrında səhnələşdirilib. Həmin hadisəni Arif Məlikov bu cür xatırlayır: "Baleti yazıb-bitirən kimi, təyyarəyə minib Leninqrada uçdum, Marinskaya Teatrına gələrək, onu təqdim etdim. Məni yaxşı qarşıladılar və müqavilə imzaladıq. Beləliklə, 1961-ci ildə "Məhəbbət əfsanəsi"nin premyerası oldu. Bu, əfsanəvi premyera idi".

Həqiqətən də, balet o qədər yaxşı alınmışdı ki, dahi Qriqoryeviç bəstəkarın nə yaşına, nə konservatoriyanı cəmi 3 il əvvəl bitirməsinə baxmışdı. O, əsəri dərhal teatrın proqramına daxil etmiş, xoreoqrafiyası ilə şəxsən məşğul olmuş, üstəlik, tamaşaya ən yaxşı sovet balet ustalarını cəlb etmişdi.

 

...tələbə olarkən

Qeyd edək ki, Qriqoryeviç və digər incəsənət xadimləri bu hadisədən bu gənc istedada hələ bir neçə il əvvəldən göz qoymuşdular. Bu, 1956-cı ildə Bakıda keçirilən bəstəkarların birinci qurultayında baş vermişdi. Qurultayda ən məşhur incəsənət xadimləri, dahi bəstəkarlar iştirak edirdilər. Qurultayın gedişində o zaman hələ konservatoriyanın tələbəsi olan Arif Məlikov xüsusi olaraq bu toplantı üçün yazdığı skripka və fortepiano üçün süitanı ifa etmiş, qurultay iştirakçıları gənc bəstəkarın istedadına valeh olmuşdular. Dmitri Şostakoviç isə mətbuata açıqlamasında gənc Məlikovun ünvanına təriflər yağdırmışdı. Bu, gələcəyin dahi bəstəkarının məşhurlaşdığı ilk an, sanki ilk "resenziya" idi.

Cəmi 4 il sonra Məlikovun librettosu Nazim Hikmətin "Fərhad və Şirin" povestinin motivləri əsasında hazırlanmış ilk baletində səhnəyə elə şəxslər çıxmışdılar ki, onların yalnız adı istənilən incəsənət həvəskarının qəlbini riqqətə gətirirdi. Moskvanın Böyük Teatrında səhnələşdirilən baletdə Maya Pliseskaya (Mehmene Banu), Natalya Bessmertnova (Şirin), Maris Liepa (Fərhad) və bir çox digərləri rol almışdılar. Demək olar ki, sovet və postsovet baletinin bütün məşhur aktyorları, heç olmasa, bir dəfə "Məhəbbət əfsanəsi" baletində oynayıblar. İndiyədək bu "Əfsanə" saysız-hesabsız şəhərlərdə, ölkələrdə səhnələşdirilib - Kiyev, Novosibirsk, Almatı, Daşkənd, Kişinyov, Frunze, Xarkov, Donetsk, Tartu, Çelyabinsk, Ulan-Ude, Çexoslovakiya, Bolqarıstan, Almaniya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, Misir. Siyahını uzatmaq da olar.

Məlikovun yaradıcılığı çoxşaxəlidir və yalnız baletlə məhdudlaşmır. Səhnədə bu qədər geniş imkanlara malik insanın romans yazmağa həvəs göstərməsi, ilk baxışdan, qeyri-adi təsir bağışlayır. Məlikovun, demək olar ki, bütün romansları Nazim Hikmətin şeirlərinə yazılıb. Yeri gəlmişkən, faktiki olaraq, sovet oxucusuna bu türk şairini məhz Arif Məlikov tanıdıb. Məhz Məlikovdan sonra Azərbaycan bəstəkarları Nazim Hikmətin yaradıcılığına müraciət etməyə başlayıblar. Məlikovun istənilən romansı kamera-vokal musiqisi baxımından bir şedevrdir. Bu gün Arif Məlikovun 81 yaşı var və o, yenə də işləyir, yaradır və biz ona möhkəm cansağlığı, məhsuldar yaradıcılıq arzulayırıq.



MƏSLƏHƏT GÖR:

734