
QÜRBƏTDƏKİ HƏYAT
Keçmiş SSRİ əhalisinin miqrasiyası üzrə eksperti Janna ZAYONÇKOVSKAYANIN "R+"a müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Müasir dünyada miqrantlara münasibət getdikcə daha ziddiyyətli, məntiqsiz xarakter alır. Avropa və Asiya dövlətləri daima miqrasiya siyasətlərini getdikcə sərtləşdirir, əmək miqrantlarına qarşı inteqrasiya xarakterli tələbləri artırır, onların ölkədə qalma müddətini azaldır, işləmək hüququnu məhdudlaşdırır və s. Digər tərəfdən isə, xarici işçi qüvvəsinə tələbatı olanlar miqrantlar üçün kvotaları artırır, onların işədüzəlmə şərtlərini sadələşdirir, miqrantların inteqrasiyası üçün müvafiq strukturlar yaradırlar. Müasir miqrasiyanın, əslində, nə olduğu, bu sahədə yaxın gələcəkdə hansı dəyişikliklərin baş verə biləcəyi ilə bağlı suallarımızı keçmiş SSRİ əhalisinin miqrasiyası, yerləşməsi və əmək bazarı üzrə ekspert, Miqrasiya Tədqiqatları Mərkəzinin elm məsələləri üzrə direktoru Janna ZAYONÇKOVSKAYA cavablandırıb.
- Müasir miqrantlar, əslində, kimlərdir? Qlobal təhlükəsizlik üçün problem, terror mənbəyi, sosial gərginliyin səbəbi, yoxsa iqtisadi inkişaf, mədəniyyətlərin zənginləşdirilməsi üçün vacib resurs?
- Birmənalı olaraq, miqrasiya müsbət hadisədir. Bu, xüsusilə qazanc üçün başqa dövlətlərə üz tutan insanlar üçün belədir. Bəlkə də, miqrantların sayının sürətlə artması, hətta sərnişin nəqliyyatının imkanlarını aşması bununla bağlıdır. Dünya demoqrafik baxımdan daha təzadlı hal alır və hazırda biz bu təzadın pikini müşahidə etməkdəyik. Dünyada əhalinin sayı və artımı, işsizlərin sayı və s. bağlı təzad yalnız 2050-ci ildən sonra azalmağa başlayacaq. BMT-nin məlumatına görə, ildə 200 milyondan artıq insan bir ölkədən digər ölkəyə köçür. Daxili miqrasiya bu rəqəmə daxil deyil. Miqrasiya hər bir insan üçün həyatını müxtəlif aspektlərdə yaxşılaşdırmaq üçün əlçatan vasitədir: əməkhaqqı, təhsil, ailə ittifaqı, əlverişli iqlim. Yəni insan miqrasiya yolu ilə qayğılarını azaldır.
- Bu yaxınlarda ABŞ, Avstraliyada miqrantlar terror aktları törədiblər. Avropada isə miqrantlar müxtəlif terror təşkilatlarına qoşulurlar. Avropanın sağçı partiyaları miqrasiyanın qlobal təhlükəsizliyə təhdidə çevrildiyini iddia edir...
- Miqrantlar tərəfindən qlobal təhlükəsizliyə təhdid, əlbəttə ki, şişirtmədir. Amma miqrantlar yaşadıqları ölkələrə problemlər yarada bilirlər. Bunu 2001-ci ilin sentyabrında ABŞ-da Ümumdünya Ticarət Mərkəzinin binalarının terrorçular tərəfindən partladılması zamanı müşahidə etmişik. Amma belə hallardan heç kəs sığortalanmayıb, necə ki, insanlar sərxoş sürücülərin törətdikləri yol qəzalarından, yaxud asayiş pozulması ilə bağlı digər hallardan sığortalı deyillər. Miqrasiya isə getdikcə daha təhlükəsiz hal alan dünya üçün təhdid deyil. Tarixdən bilirik ki, bir dövlətin digərini işğal etdiyi zaman məğlub tərəfin əhalisi sadəcə məhv edilib, bununla da, qaliblər yaşamaq üçün özlərinə yeni məkanlar açıblar. İndi dünya daha sivildir. Kütləvi qırğın son olaraq İkinci Dünya müharibəsi zamanı baş verib və belə halların gələcəkdə də təkrarlanacağını istisna etmək olmaz. Amma xalqlar arasında qarşılıqlı münasibətlər indi daha sivil xarakter alır.
- Dünyada miqrasiya siyasətinə seleksiyalı yanaşmanın tərəfdarları artır. Məsələn, getdikcə ağırlaşan demoqrafik vəziyyət fonunda inkişaf etmiş ölkələrdə ayrı-ayrı iqtisadi sahələr miqrantların diqqətini cəlb edir. Azərbaycanda da miqrantların bundan sonra çalışmaq üçün icazə almalı olmadıqları sahələrin siyahısı açıqlanıb. Bu cür seleksiya siyasətinə münasibətiniz necədir?
- Hər bir ölkə miqrasiya siyasətinə fərqli yanaşır və bu zaman öz demoqrafik durumunu əsas götürür. Burada ümumi qaydalar yoxdur. Məsələn, gənclər arasında işsizliyin səviyyəsindən çox şey asılıdır. Məsələ ondadır ki, miqrantların əksəriyyəti gənclərdir. Nəticədə, əmək bazarında gənclər arasında rəqabət güclənir. Gənclər arasında işsizliyin səviyyəsi yüksəkdirsə, bu halda, təbii ki, dövlət miqrasiyaya müəyyən çərçivələr tətbiq etməkdə haqlıdır. Amma bu, vəziyyətin daim bu cür qalacağı demək deyil. Vəziyyət dəyişə bilər, belə hallarda miqrantlara düşmən kimi baxmaq lazım deyil, sadəcə miqrasiya hüquqi çərçivəyə salınmalıdır.
- MDB məkanının ən nəhəng cəlbedici zonası olan Rusiyanın miqrasiya siyasətini necə qiymətləndirirsiniz?
- Rusiyanın işçi qüvvəsi ilə bağlı real çatışmazlıq hiss etdiyi anlar olur. Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, ölkədə miqrantların sayı 10 milyondan çoxdur. Rusiyaya qısa müddətə gəlib mehmanxanalarda yaşayanlar buraya aid deyil. Bununla yanaşı, ölkədə hər gün, ən azı, 2 milyon vakansiya elan olunur. Rusiyada miqrasiyaya qarşı olan, miqrantlardan qorxan insanlar var. Amma hər kəs yemək, pensiya almaq və sair istəyir. Bu halda ölkədə kimsə işləməlidir, axı. İşçi çatışmazlığı hər kəsin yaşayış səviyyəsinin daha da pisləşməsinə səbəb olacaq.
- Bir sıra ölkələrdə miqrantlardan ölkəyə daxil olarkən HİV-QİÇS virusuna qarşı müayindən keçdiklərini təsdiqləyən arayış tələb olunur. Vaxtilə bu təcrübədən ABŞ, İran və digər dövlətlər də istifadə edib. Bəziləri isə hesab edir ki, miqrantdan sağlamlıq haqqında arayışın tələb olunması onun hüquqlarının pozulmasıdır. Belə fikirdə olanlarla dövlətin miqrantların səhhəti haqda məlumatlı olmasının vacibliyini düşünənlər arasında mübahisələr bitmək bilmir.
- Xeyir, miqrantın səhhəti ilə bağlı məlumatların tələb olunması onların hüquqlarının pozulması deyil. Bu yaxınlarda belə tələb Ebola virusunun tüğyan etdiyi Afrika ölkələri vətəndaşlarına qarşı da irəli sürülmüşdü. Afrikada epidemiya yayılan zaman bir sıra ölkələr Ebolaya yoluxma riski olan afrikalıların sərhəddən buraxılmaması haqda qərar qəbul etdi. Amma kütləvi miqrasiyanın yaşandığı yerlərdə - məsələn, Rusiyada miqrantların hər birinin müayinədən keçirilməsi çətindir. İnsan bu məsələdə istəyərsə, dövləti aldada bilər. O, öz problemini həll etmək üçün istənilən məhdudlaşdırıcı tədbirlərdən qaçmaq üçün yol tapacaq. Məsələn, bizim ölkəmizdə istənilən tibbi arayışı pula almaq mümkündür. Digər dövlətlərdə də korrupsiya üçün geniş imkanlar var.
- MDB ölkələrində miqrasiya ilə bağlı vəziyyəti dəqiq bilirsiniz. Bu dövlətlər miqrasiya siyasətlərində, ilk növbədə, nə kimi qərarlar qəbul etməlidirlər?
- Hər şeydən öncə dövlət öz vətəndaşlarının daha çox üz tutduqları ölkələrdəki vəziyyətilə maraqlanmalıdır. Bu ölkələrlə müxtəlif razılaşmalar vasitəsilə əməkdaşlıq edilməlidir. Bəzi MDB ölkələrinin səfirlikləri hətta öz miqrantlarını qəbul etmir, onlarla heç bir məsləhətləşmə aparmır, hüquqi yardım göstərmir. Dövlətlər digər ölkələrdə olan vətəndaşlarını real olaraq müdafiə etməlidirlər.
Miqrasiyaya gəlincə, dünyada miqrantlara qucaq açan üç əsas ölkə var: ABŞ, Rusiya və Almaniya. Bu vəziyyət hələ uzun müddət davam edəcək. İddialı ABŞ-da doğuş səviyyəsi aşağıdır və o, əhalisinin sayının azalmasına imkan vermək niyyətində deyil. Bu məqsədlə də Birləşmiş Ştatlar XXI əsrin ortalarınadək miqrantları qəbul etmək fikrindədir. ABŞ bu yolla əhalinin artım tempinin azalmasını əngəlləmək istəyir. Buna isə yalnız böyük miqrasiya yolu ilə nail olmaq mümkündür. Yəni Amerika ildə, təxminən, 1 milyon miqrant qəbul edəcək. Bəlkə də, onlarda qeyri-leqal miqrasiya ilə bağlı vəziyyət bir qədər sadədir. Çünki ABŞ, əsasən, dəniz sərhədləri ilə əhatə olunub və oraya gedib-çıxmaq asan deyil. Əvəzində Birləşmiş Ştatlarda qeyri-leqal yaşamaq çox asandır. Bəzi məlumatlara görə, orada qeyri-leqal miqrantların sayı Rusiyada olduğundan çoxdur. Almaniya isə miqrant axınına sərt nəzarət edir. Buna rəğmən, orada Şərqi Avropa ölkələrindən olan qeyri-leqal miqrantların sayı 3 milyona çatır.
Rusiyada miqrasiyaya dair sərt qanunlar var. Amma miqrant axınının tənzimlənməsi işi çox zəifdir. Ümumiyyətlə, dünyada miqrasiyanın səviyyəsi getdikcə artacaq. Bununla yanaşı, Çin istisna olmaqla, Cənub-Şərqi Asiyanın bütün ölkələrində əhalinin sayında ciddi artım müşahidə olunursa, Avropa İttifaqında demoqrafik durum çox pisdir. İtaliya, Almaniya, Polşa, Rusiya, Ukrayna, Yaponiya iki dünya müharibəsində ciddi itkilər veriblər və bu, onların demoqrafik durumlarına çox təsir göstərib.
- Bəs, azərbaycanlı miqrantlarla bağlı problemlərlə qarşılaşmısınızmı? Azərbaycanlı miqrantlarla digər postsovet ölkəsindən olan miqrantların problemləri arasında fərq varmı?
- Əlbəttə var. Mərkəzi Asiyadan olan miqrantların təhsil səviyyəsi aşağıdır, rus dilini pis bilirlər, şəhər həyatı haqqında çox az təsəvvürə malikdirlər. Bu, onların inkişafına çox mənfi təsir göstərir. Tacik və ya özbək məktəb bitiribsə belə, elektrotexnik ixtisasına yiyələnərək, MİS-də işləyirsə belə, əhali ona etibar etmir. Eyni sözləri Mərkəzi Asiya ölkələrindən olan müəllimlər haqqında da söyləmək olar. Özbəkistandan olan və rus dilini bilməyən müəllimi rus məktəbinə götürməzlər. Bu üzdən də, bu miqrantlar yalnız klassifikasiyasız işlə məşğul olurlar. Bu insanlar, əsasən, ticarət sahəsində fəhləlik edirlər. Rus dilini bilmək, məsələn, qırğızlara daha yaxşı iş yerlərinə iddia etmək imkanı verir. Qırğız xanımlar supermarketlərdə kassir, oğlanlar isə barlarda, restoranlarda ofisiant işləyirlər.
Azərbaycanlılara gəlincə, Rusiyada Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən qaçmış saysız-hesabsız azərbaycanlı işləyib. Onlar həmvətənlərinin açdıqları müəssisələrdə çalışıblar. Onların hələ də Rusiyada işlədikləri, yoxsa vətənə qayıtdıqları haqda məlumatlı deyiləm. İnsanlar, əsasən, ticarət sahəsində çalışırdılar. Biz Rusiyada ticarətçi özbək və ya tacik görməmişik. Şəhər həyatına təcrübəsi olan azərbaycanlılar isə ticarət və inşaat sahələrində kifayət qədər uğurla çalışırlar.
MƏSLƏHƏT GÖR: