"DÜNYA DEMOKRATİYASI"nın XÜSUSİ ÜSULLARI
ABŞ insan haqlarını öz geosiyasi maraqlarının təmini üçün alətə çevirib
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Beynəlxalq birlik ABŞ xüsusi xidmət orqanlarının yol verdikləri işgəncələrlə bağlı üzə çıxmış faktlardan hələ də şok yaşayır. Amerika Senatının kəşfiyyat məsələləri üzrə komitəsi tərəfindən açıqlanmış məruzədə MKİ-nin 2001-ci il terrorundan sonra həbs edilmiş şəxslərə qarşı yol verilmiş zorakılığın "xüsusi üsulları" təhlil edilib. O dövrdə məxfi həbsxanalarda şübhəli şəxslərə "uoterbordinq" (yəni insanı suda boğmaq, amma öldürməmək), günlərlə yuxusuz saxlamaq, edam imitasiyaları və həyat yoldaşlarının, uşaqlarının zorlanacağına dair hədələrlə işgəncələr veriblər. Məruzədə bildirilir ki, bu "son dərəcə yanlış olan" üsullar nəticəsində tez-tez ortaya saxta məlumatlar çıxıb: işgəncələrə məruz qalanlar zülmdən qurtarmaq üçün yalandan etmədikləri əməlləri boyunlarına alıb, yalandan ayrı-ayrı tanışlarının adlarını çəkiblər. Senatın Kəşfiyyat məsələləri komitəsinin sədri Dayann Faynstaynın bəzi məqamları etiraf etməkdən başqa yolu qalmayıb: "Xüsusi xidmət orqanları sərt davranış üsullarından istifadə ediblər. Onlar o qədər qəddar, vəhşi üsullardan istifadə ediblər ki, bəzən bunlar insanlara inanılmaz gələ bilər". Komitə sədri hesab edir ki, MKİ-nin bu əməlləri Amerika dəyərlərinə və tarixinə ləkədir.
MKİ-nin sabiq analitiki Reymond Makqovern isə Amerika xüsusi xidmət orqanlarının yol verdikləri işgəncə üsullarını gestapoda, faşist Almaniyasında geniş yayılmış üsullarla müqayisə edib.
Bununla yanaşı, məruzədə ən dəhşətli məqam 26 nəfərlə bağlı yazılanlardır. Məsələ ondadır ki, sonradan bu insanların günahlandırıldıqları terror əməllərinə aidiyyətlərinin olmadığı üzə çıxıb. Abd əl-Rahim əl-Naşiri həmin 26 nəfərdən biridir. Əl-Naşiridən 2000-ci ildə Amerikaya məxsus "Koul" esminesində terror aktının guya onun tərəfindən təşkil edildiyinə dair etiraf alınıb. O, düz 6 il işgəncələrə və təhqirlərə məruz qaldıqdan sonra azadlığa buraxılıb. Bu, əl-Naşiriyə əzab verənlərin yanıldıqlarını etiraf etmələrindən sonra mümkün olub...
Amerikalı senatorların məruzəsindəki daha bir maraqlı məqam: sənəddə bütün bu işgəncələrə şəxsən prezidentin - Corc Buşun icazə verdiyi ilk dəfə rəsmən etiraf olunur. Üstəlik, işgəncələrə Birləşmiş Ştatların ərazisində yol verilməyib. Terrorçuluqda ittiham olunanlar MKİ əməkdaşları tərəfindən başqa ölkələrin ərazilərindəki məxfi həbsxanalarda işgəncələrə məruz qalıblar. Misal kimi, Misiri, Əfqanıstanı, Tailandı, həmçinin Aİ üzvü olan Latviya, Litva, Rumıniya və Polşanı göstərmək olar.
Açıqlanan bu faktlar Avropanın ayrı-ayrı instansiyalarını əməlli-başlı sarsıdıb. Avropa Parlamentinin deputatları qurumun dekabrın 17-də keçirilən plenar sessiyasında Aİ-nin bir sıra ölkələrinin ərazilərində MKİ-nin məxfi həbsxanalarının olmasına dair məlumatların araşdırılmasını tələb ediblər.
Beynəlxalq birliyin gözündə Birləşmiş Ştatların imicinə bu ciddi zərbə ABŞ-ın özündə ara verməyən kütləvi etiraz aksiyaları fonunda dəyib. Amerikanın bir sıra şəhərlərində - Nyu-York, Boston, Çikaqo, Filadelfiya, Dallas, Los-Anceles, San-Fransisko, Ferqüsson və digər yerlərdə nümayişlər keçirilir. Aksiya iştirakçıları polis özbaşınalığına və irqi ayrı-seçkiliyə etiraz edirlər. Artıq etiraz dalğası ABŞ-ın 50 ştatından 37-ni bürüyüb. Hökumət iğtişaşların qarşısının alınması üçün yüzlərlə insanı həbs edib. Bununla yanaşı, ölkədə sosial problemlərin daha kəskin xarakter almaqda olduğu ortadadır. Birləşmiş Ştatlarda insan haqları sahəsində ciddi problemlərin olduğu aşkardır. Halbuki Vaşinqton məhz bu siyasi-ideoloji meydanda daim "hakim", demokratiya və "azad cəmiyyət" etalonu kimi çıxış etməyə çalışır.
Öz ölkələrində bu qədər ciddi nöqsanların olmasına baxmayaraq, ABŞ hökuməti digər dövlətlərə və xalqlara necə yaşamağın, hüquq müdafiəsi sahəsində necə davranmağın lazım olduğunu öyrətmək cəhdlərinə son qoymur. Vaşinqton ikili standartlara əsaslanan bu siyasətini Azərbaycana münasibətdə də nümayiş etdirir. "Demokratiya və insan haqları" mövzusunun arxasında gizlənən ABŞ Azərbaycanın daxili işlərinə getdikcə daha aşkar şəkildə qarışmağa çalışır. Amma Amerika insan haqlarının müdafiəsi cəhdlərində, həqiqətən, səmimidirsə, nədən erməni işğalçıları tərəfindən doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlının qayğısına qalmır? Cavab aydındır: insan haqları Birləşmiş Ştatların əlində çoxdan sadəcə öz maraqların təmini üçün alətə çevrilib. Bu mənada Vaşinqtonun "hüquq müdafiəçisi" siyasəti, təbii ki, Azərbaycanın maraqları ilə düz gəlmir. Bu mövzuda Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov kifayət qədər ətraflı danışıb: "Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsi, demokratik inkişaf istiqamətində böyük uğurlar əldə etməsi, fundamental azadlıqların təmin edilməsi istiqamətində ardıcıl siyasət aparması, onun beynəlxalq nüfuzunun artması və digər amillər ölkəmizi gözü götürməyən qüvvələri ciddi narahat edir".
A.Qasımov ABŞ-ın özündə insan haqları ilə bağlı problemlərin mövcud olduğunu, xüsusilə KİV-ə qarşı təqiblərin həyata keçirildiyini xatırladıb. Amerika hüquq-mühafizə orqanlarının mətbuat nümayəndələrinin internet yazışmalarına və telefon danışıqlarına nəzarət etdiyi heç kəs üçün sirr deyil. "Misal üçün, blogger Coş Volf San Fransiskodakı nümayişlərlə bağlı videomaterialları hüquq-mühafizə orqanlarına təqdim etmədiyinə görə, 2007-ci ildə 226 gün həbs cəzasına məhkum olunmuşdu", - deyə A.Qasımov xatırladıb.
Ferqüssonda bu yaxınlarda irqi ayrı-seçkiliklə bağlı baş qaldırmış etirazlar zamanı isə "20-ə yaxın jurnalist polis zorakılığını qeydə aldıqlarına görə həbs olunmuşdu".
Azərbaycanın Birləşmiş Ştatların təzyiqlərini prinsipial olaraq qəbul etmədiyi Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin yerli KİV-də dərc olunmuş məqaləsində də əksini tapıb. "İkili standartların dünya nizamı və müasir Azərbaycan" adlı məqalədə müəllif Ağ Evin sadiqlik göstərdiyi ikili standartlar konsepsiyasını tənqid edir: "ABŞ bu fakta necə göz yuma bilər ki, Ermənistan Azərbaycanın ərazisini işğal edərək burada, özü də qarşıdurma vəziyyətində olan iki qoşunun təmas xəttinin lap yanında 40 mindən çox hərbi qulluqçunun və minlərlə vahid döyüş texnikasının iştirakı ilə hərbi təlimlər keçirir? Bəs, nəyə görə ABŞ Ermənistanı bu təhlükəli provokasiyaya görə qınamır, halbuki Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın ünvanına az qala hər gün xəbərdaredici bəyanatlar səslənir? Ermənistanın ünvanına isə heç nə deyilmir. Məgər, bu, ABŞ-ın xarici siyasətində ikili standartların göstəricisi deyilmi?"
Həqiqətən də, Azərbaycan həqiqətlərini mənfi qiymətləndirməyə vərdiş etmiş Vaşinqton nədənsə cinayətkar rejimin nəzarətində olan Ermənistandakı durumu yada salmır. Halbuki Serj Sarqsyanın Ermənistanda hakimiyyət başına hansı qanlar bahasına qalxdığı hər kəsə aydındır. Məşhur "Qarabağ klanı"nın bu "cəsur" qəhrəmanının hesabında minlərlə dinc azərbaycanlının, həmçinin erməninin ölümü var. Yoxsa Vaşinqton 2008-ci ildə Ermənistanda prezident seçkisinin saxtalaşdırılmasından sonra baş verənləri, İrəvanda bu saxtakarlığa etiraz edən dinc sakinlərin başına gətirilənləri, polisin 10 dinc vətəndaşı öldürdüyünü, yüzlərlə nümayişçinin yaralandığını da unudub? Bəs, nədən ABŞ-ı Ermənistandakı siyasi məhbusların taleyi narahat etmir? Axı, onların mövcudluğunu Ermənistan parlamentinin insan haqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının bu yaxınlarda keçirilmiş iclasında bir daha dilə gətiriblər. Komissiyanın iclası siyasi məhbusların qohumları tərəfindən təşkil olunmuş və "Milyon maska marşı" adlandırılan etiraz aksiyası fonunda keçirilirdi. Birləşmiş Ştatlar isə nədənsə Ermənistanda baş verən bütün bu daxili reallıqları görmək istəmir.
Əvəzində Vaşinqton bu yaxınlarda Türkiyədə "Hizmət" hərəkatının tərəfdarlarının həbs olunmasına dərhal reaksiya verib. Yeri gəlmişkən, hərəkatın müsəlman təbliğçisi olan rəhbəri Fətullah Gülən, məhz ABŞ-da yaşayır. ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki Ankaranın "hökuməti açıq şəkildə tənqid edən kütləvi informasiya vasitələrinə təzyiqlər göstərməsindən" narahatlığını dilə gətirib. Ağ Evin bir sıra ölkələrdə insan haqlarının pozulduğunu görmədiyini, digər ölkələrdə isə bunu dərhal gördüyünü nəzərə alsaq, hansısa qənaətə gəlmək o qədər də çətin deyil: zaman keçdikcə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti ABŞ-ı qane etmir. Vaşinqtonun son zamanlar Türkiyə hökumətinin bu və ya digər addımları ilə bağlı tənqidlərini artırması da bununla əlaqədardır.
Ərdoğan isə öz növbəsində Türkiyədə son illər baş qaldırmış etiraz aksiyalarının ilhamverici qüvvəsinin məhz ABŞ və Aİ olduğuna dəfələrlə ehyam vurub. Deyəsən, "Hizmət" hərəkatı tərəfdarlarının davam edən etiraz aksiyalarına Qərbin reaksiyası Ərdoğanı ölkəsinin daxili işlərinə kənar müdaxilələrə imkan verməyəcəyini bir daha bəyan etmək məcburiyyətində qoyub.
"Biz diz çökməyəcək, yalan xəbərlərlə Türkiyəni yolundan döndərməyə çalışanlarla barışmayacağıq", - deyə prezident qeyd edib. Ankaranın demokratiya prinsiplərini pozduğuna dair ittihamları rədd edən Ərdoğan türk polisinin həyata keçirdiyi xüsusi əməliyyatın "azadlığın məhdudlaşdırılmasına yönəlmədiyini" bildirib. Əslində, Ankara bir daha ABŞ və Aİ-yə suverenliyinə hər hansı məhdudiyyətin tətbiqinə imkan verməyəcəyini göstərib.
Bu bir daha təsdiqləyir ki, insan haqları mövzusundan böyük dövlətlərin maraqları naminə istifadə etmək yolverilməzdir. Qərbin geniş tətbiq etdiyi bu yanaşma nəinki demokratik inkişaf baxımından son dərəcə vacib olan bu sahədə müsbət dəyişikliklərə kömək etmir, hətta dövlətlərarası münasibətləri də korlayır. Üstəlik bu, özünü demokratik dəyərlərin və insan haqlarının müdafiəçisi elan etmiş güclərin nüfuzunu qətiyyən artırmır.
MƏSLƏHƏT GÖR:






758

