
LONDONA AZ QALIB
Aliyə qarayeva: "olimpiadada medal qazanandan sonra karyeramı başa vuracağam"
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
"Azərbaycan gimnastı Aliyə Qarayeva Berlində keçirilən Qran-prinin final mərhələsinin bürünc mükafatçısı olub. Azərbaycan Gimnastika Federasiyasıının mətbuat xidməti məlumat verir ki, 2010-cu il mundialının bürünc mükafatçısı topla hərəkətlərdə 3-cü yeri tutub. O, hakimlərdən 27.9 bal alaraq, yalnız iki Rusiya idmançısı - Yevgeniya Kanayeva və Darya Dmitriyevadan geri qalıb".
Bu, Aliyə Qarayeva və onun digər komanda yoldaşlarının uğurlu çıxışları barədə xəbərlərdən yalnız biridir. 2010-cu ildə Azərbaycan bədii gimnastlarının belə nəticələri çox olub. Lakin onlar əldə olunanlarla kifayətlənmək fikrində deyillər və iddialı olmağa haqları da var.
Bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri Aliyə Qarayeva nikbindir. Deyir ki, gimnastlarımızın imkanları genişdir, elə onlar üçün yaradılan şəraitə də qibtə etmək olar.
- Deyəsən, 2010-cu il ümumilikdə, bədii gimnastikamız üçün uğurlu oldu.
- Azərbaycanda bütün idman növləri arasında yaxşı mənada rəqabət var. Həmişə güləşçilər Avropa və dünya çempionatından vətənə çoxlu sayda medalla qayıdırdı. Bu il gimnastilar da yaxşı ənənənin əsasını qoydu. Qazanılan qələbələrə baxmayaraq, hədəflərimiz qalmaqdadı. Hər qələbədən sonra yeni qazanılacaq uğur haqda düşünürük.
Əlbəttə, idmançılarımız dünya və Avropa çempionatlarında möhtəşəm çıxış etdi. Heç vaxt Azərbaycan gimnastları mötəbər turnirlərdə bu sayda medal qazanmamışdı. Xüsusilə çöxnövçülükdə əldə olunan nailiyyətləri qeyd etmək istərdim. Qazandığımız bürünc medal qızıla bərabər sayıla bilər. Çünki gimnastikada rəqabət çox artıb. İddialı komandaların sayı çoxalıb. Ona görə mükafatçılar sırasına düşmək əvvəlkindən çətindir.
- Yəqin ki, rəqabətdə Rusiya komandasının da öz yeri var?
- Rusiya bədii gimnastikada dəbi diqtə edən ölkədir. Bu idman növündə, demək olar ki, əsas favoritdir. Onların çox güclü və səviyyəli idmançıları var. Amma əmin olun, Azərbaycan komandası Rusiyanın əsas rəqiblərindən sayıla bilər. Dünya Çempionatında da lentlə mübarizədə qızıl və gümüş medal Rusiya idmançılarına qismət oldu. Bürüncü isə Azərbaycan qazandı.
- Ona görə də bu bürüncü qızıla bərabər saymaq olar?
- Rusiya iştirak etdiyi turnirlərdə komandaların əksəriyyəti qızıl medaldan əlini üzür. Çünki əgər Rusiya gimnastları iştirak edirsə, deməli, birinci olacaqlar. Gimnastika bu ölkədə uzun illərdən yaranan ənənənin sayəsində güclü inkişaf yolu keçib. Belə rəqiblərin əhatəsində bürünc medal qazanmaq çox böyük qələbədir.
- 2010-cu ildə qrup hərəkətləri üzrə komandamız üçün də yaxşı keçdi...
- Qrup hərəkətləri üzrə komandamız hər yarış daha yaxşı çıxış etməklə tamaşaçıları sevindirir. Bu komandadan gələcəkdə böyük nailiyyətlər gözləmək olar. İnanıram ki, London Yay Olimpiya Oyunlarına qədər komanda daha da güclənəcək.
- Yeri qəlmişkən, London Olimpiadasına hazırlıq necə gedir?
- Yay Olimpiya Oyunlarına hazırlıq plan üzrə gedir. Hər il mötəbər yarışlarda təcrübəmiz artır. Ən böyük arzularımdan biri məhz olimpiadayla bağlıdı. Çox istərdim ki, Azərbaycan üçün medal qazanım. Azərbaycanda idmana çox böyük qayğı var. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva bizlər üçün hər şəraiti yaradıb. Ən güclü komandalar belə bizə yaradılan şəraitə qibtə edə bilər. Ona görə də qazanılan uğurlar qanunauyğundur. Çünki, idmançı yüksək səviyyədə hazırlıq keçdiyi zaman uğura məhkumdur.
- Olimpiadada medal qazanmaq şanslarımız necədir?
- Olimpiadada çox güclü rəqabət olur. Ona görə adi bir səhv hər şeyi korlaya bilər. Əvvəlcədən proqnozlaşdırmaq istəməzdim. Amma olimpiadada medal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycan artıq gimnastikadada medal qazanmalıdı. Arzum reallaşsa idmandan ayrılmaq barədə düşünmək olar.
- Deyəsən, karyeranı başa vurmaq fikrin var?
- London Yay Olimpiya Oyunları zamanı 24 yaşım olacaq. Gimnastikada bu az yaş hesab olunmur. Bilirsiniz ki, bədii gimnastika idmançılar karyeralarını erkən başa vurur. Ona görə getmək barədə düşünmək lazımdır.
- Amma idmandan tam getmək məcburi deyil axı. Əksəriyyət idmançı karyerasını başa vurur, məşqçiliyə başlayır. Aliyə Qarayeva məşqçi ola bilərmi?
- Sözün düzü, təklif olsa, özümü sınaya bilərəm. İstərdim ki, özümün gimnastika məktəbim olsun. Orada uşaqlara idmanın bu növünün sirrlərini öyrədim. Bu halda idmandan tam ayrılmayacağam.
MƏSLƏHƏT GÖR: