QƏRB MÖVQELƏRİNİ İTİRİR - BƏLKƏ DƏ MÜHARİBƏ OLMAYACAQ
Müəllif: Redaksiya
Noyabrın 12-də Seulda "Böyük İyirmilik" növbəti sammitini başa vurdu. İştirakçıların fikrincə, toplantının əsas nəticəsi o oldu ki, iştirakçılar hamı üçün yaxın gələcəyin fəaliyyət planını qəbul etdilər. Rusiya prezidenti Dmitri Medvedevin bildirdiyi kimi, "iyirmilik"in ilk nəticəsi yalnız bəyannamənin imzalanması yox, hər bir üzv üçün ayrılıqda və "iyirmilik" üçün birgə fəaliyyət planının qəbuludur. "Biz hər şey haqda razılığa gəldik. Doğrudur, bəyannamənin ayrı-ayrı elementləri ilə bağlı mübahisələr var idi. Amma bu normaldır. Açıq deyim ki, "iyirmilik" daxilində hamının razılaşmaya hazır olması presedentsiz haldır. İri valyuta rezervlərinə malik dövlətlər bir-birinə diqqətlə qulaq asmağa və valyutanın kursunda manipulyasiyalara yol verilməməsi üçün bütün cəhdlərini birləşdirməyə hazırdırlar", - deyə Rusiya prezidenti bildirib.
Bununla da o, təhlilçilərə düşünmək üçün kifayət qədər geniş mövzu verib.
Güman ki, "Böyük İyirmilik" "Böyük Yeddilik"i kölgədə qoymaqdadır. Yalnız ona görə yox ki, iyirmi yeddidən böyükdür. Həm də ona görə ki, bu gün ənənəvi "böyük" (daha doğrusu, güclü) iqtisadiyyatlar inkişaf etməyə və möhkəmlənməyə macal tapmış "kiçik"lərin (və ya zəiflərin) səsinə də qulaq asmalı olur.
Diqqət yetirin: obrazlı şəkildə desək, indi dollar və avro güclənməkdən və ya zəifləməkdən qabaq yuana, iena və ya rubla tərəf "boylanmalı" olacaq. Əsas odur ki, "valyuta müharibəsi" olmasın.
İyirmilik daxilində "razılıqla bağlı presedenti olmayan hazırlığı", həmçinin "G-20" üzvlərinin ilk dəfə rəsmi bəyanatla kifayətlənməyərək konkret fəaliyyət planı qəbul etməsini də bu istəklə əlaqələndirmək olar.
Hətta, baş verənlər, müəyyən mənada, qeyri-adi təsir bağışlayır. Doğrudur, indi nə Qərb, nə də Şərq vərdiş etdiyimiz kimi deyil. Əvvəllər qlobal problemlərdən çıxış yollarını Qərbdə axtarırdılarsa, indi Çin, Hindistan, Yaponiya, Koreya, Türkiyə, Rusiya kimi dövlətlərin səsi də daha güclü eşidilməyə başlayıb. Bununla əlaqədar olaraq, "The Independent" yazır: "Avropa və Şimali Amerika "iyirmilik" forumuna İkinci dünya müharibəsindən sonrakı ən güclü tənəzzül nəticəsində düşdükləri ciddi borc içərisində qatılmışdı. Asiya və Afrikanın böyük hissəsində isə elə bil ki, heç bir böhran baş verməyib".
Britaniyanın baş naziri G-20 tribunasından çıxışı zamanı zarafatla qeyd edib ki, Seula belə uzun yolu, yalnız, yaxşıca yatmaq üçün qət edib. O, üçüncü uşağının dünyaya gəlməsindən sonra yuxusuzluqdan əziyyət çəkdiyini söyləyib və indi evdən uzaqda olduğu bir neçə gündə bunun əvəzini çıxmaq fikrində olduğunu deyib.
Zarafat öz yerində, amma Britaniya hökumətinin başçısı bu dəfə əvvəlkitək qayğısız görünmürdü. Səbəbsə eynidir. "The Independent" Devid Kemeronun ixrac müqavilələrinin imzalanmasına nail olmaq üçün, Çinin ətrafında dövrə vurduğunu yazır.
ABŞ prezidenti Barak Obama isə yatacaq halda deyildi. O, Seula xarici ticarətdə müsbət balansın bərpasına nail olmaq kimi konkret məqsədlə gəlmişdi. Söhbət ixracın artırılması və ehtiyat valyuta kimi dolların imicini xilas etməkdən gedir. NTV telekanalının məlumatına görə, Vaşinqton ilk növbədə Çin və Almaniya ilə müqayisədə öz ticarət balansını mənfi saldodan xilas etmək üçün yenidən çap dəzgahını işə salıb. O, dünya iqtisadiyyatına əlavə 600 milyard dollar buraxmağı düşünür.
Almaniya artıq bu addımın köməyinin olmayacağını bəyan edib. Kansler Angela Merkel isə yeni "sabun köpükləri" yaratmamağa çağırıb.
Amma ABŞ-ın siyasəti daha çox dünya iqtisadiyyatının digər nəhəng oyunçusunu - Çini narahat edir. Buna baxmayaraq, Obama, deyəsən, Pekini sakitləşdirməyi bacarıb. O, bildirib ki, "ABŞ və Çin iqtisadi məsələlərin müzakirəsində ölü nöqtədən tərpənə biliblər".
"Dünyanın iki aparıcı iqtisadi mərkəzi kimi, bizim xüsusi öhdəliklərimiz var. Möhkəm iqtisadi balansın dəstəklənməsi, dayanıqlı iqtisadi artıma nail olunması üçün həmin öhdəliklərə əməl olunması vacibdir", - deyə B.Obama Çin rəhbəri Xu Tszintao ilə görüşündə bildirib.
Beləliklə, "Böyük İyirmilik"in Seulda keçirilən sammiti qlobal iqtisadiyyatdakı durumu bir qədər aydınlaşdırıb. Amma maliyyə maraqlarının toqquşması və müvafiq olaraq, "valyuta müharibəsi"nin baş qaldırması təhlükəsi riski yenə də qalmaqdadır. Əsas məsələ - ölkələrin qısamüddətli rəqabət üstünlüyü əldə etmək məqsədilə öz valyutasını süni şəkildə zəiflətməsinə son qoyması məsələsi yenə də həllini tapmayıb. Məsələn, Çin lideri Xu Tszintao bildirib ki, onun ölkəsi yuanın kursunu formalaşdıran mexanizmlərdə islahatların aparılmasını müntəzəm şəkildə davam etdirəcək.
Hər halda, Rusiya prezidenti D.Medvedev hesab edir ki, Seul sammiti son böhran sammiti oldu. "Növbəti toplantı postböhran sammiti olacaq. O, 1 il sonra Fransada keçiriləcək", - deyə Medvedev qeyd edib.
Rusiya prezidentinin proqnozunun özünü doğruldub-doğrultmayacağını söyləmək çətindir. Aydın olan odur ki, dünyanın iqtisadi mərkəzi Qərbdən Şərqə doğru dayanmadan hərəkət edir. "İyirmilik"in Seul sammiti isə bunun bir daha nümayişi oldu.
MƏSLƏHƏT GÖR:

463

