
ƏSAS ODUR, ŞANS ƏLDƏN VERİLMƏSİN
Rəşad Sadıqov: "Türkiyənin "Avro-2012"yə getməsi üçün əlimizdən gələni edəcəyik"
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Müasir Azərbayjan futbolunun ən tanınmış simalarından biri Rəşad Sadıqovdur. Uzun müddət "Neftçi"nin şərəfini qoruyandan sonra "Qarabağ"ın uğurları üçün çalışan müdafiəçi hazırda legioner həyatı yaşayır. "Qarabağ"la uğurlu Avrokubok mövsümündən sonra Sadıqov Türkiyə superliqasından gələn təklifi müsbət dəyərləndirdi. Bununla belə, komandanın artıq keçmiş baş məşqçisi Rza Çalımbay Sadıqova "Əskişəhərspor"da özünü göstərmək üçün şans vermədi. Millimizin kapitanı isə sözünü Avropa çempionatının seçmə mərhələsində Azərbaycan-Türkiyə görüşündə dedi. Yığmamızın qələbə topunun müəllifi matçdan sonra hər iki ölkədə əsl qəhrəmana çevrildi. Təsəvvür edin, bütün kanallar, qəzetlər və jurnallar yalnız Sadıqovdan danışdı. Türkiyə telekanalları onu canlı telefon bağlantısına çıxarır və karyerası barədə məlumat alırdı. Türkiyə üzərində qələbədən sonra, Sadıqovun klubdakı işləri də axarına düşdü. "Əskişəhərspor"un yeni baş məşqçisi Bülənt Uyğun "Karabükspor"la oyunda futbolçumuza şans verdi. Həm komandası 2:1 hesabıyla qələbə qazandı, həm də Sadıqov özünü yaxşı tərəfdən göstərdi. Daim medianın diqqət mərkəzində olan futbolçuya zəng vuranda əhvalı o qədər də yaxşı deyildi. Çünki son matçda Sadıqov ciddi zədələnmişdi. Söhbətə də elə bundan başladıq.
- Deyəsən, zədən ciddidir?
- Matç zamanı başımdan zədə aldım. Artıq həkimlər bir neçə tikiş qoyublar. Hələlik, növbəti matçda oynayacağım sual altındadı. Son sözü həkimlər deyəcək. İstənilən halda komandada dəyişiklik göz qabağındadı. Hər oyuna qələbə üçün çıxırıq. Tezliklə turnir cədvəlindəki vəziyyətimiz yaxşılaşajaq.
- Yeni baş məşqçi Bülənt Uyğun gələndən sonra işlərin yaxşı gedir.
- Mənim işim futbol oynamaqdır. Əvvəlki məşqçimiz Rza Çalımbay mənə etimad göstərmirdi. Amma Bülənt Uyğun gələndən sonra vəziyyət dəyişdi. Son matçda 90 dəqiqə oynadım, komandamız da qələbə qazandı. Əsas "Əskişəhərspor"un uğurudu. Eyni zamanda Azərbaycan-Türkiyə matçından sonra mənə şans veriləcəyi gözlənilirdi.
- Həmin oyundan sonra Türkiyədə yaman populyar olmusan?
- (Gülür) Türkiyə ilə oyun bizim futbolçularımız üçün əla fürsət oldu. Qələbədən sonra Türkiyə mediası futbolçularımızı diqqətdə saxlayır. Düz deyirsiniz, jurnalistlərdən çoxlu zənglər gəlir. Amma hamısı sevindiricidir. Bilirəm ki, qoldan sonra məndən daha yaxşı oyun gözləyəcəklər.
- Maraqlıdır, Azərbaycan-Türkiyə matçından sonra "Əskişəhərspor"un baş məşqçisi Bülənt Uyğun sənə nə dedi?
- Sadəcə, qələbə münasibətilə təbrik etdi. Media bu qələbəni hələ də gündəmdə saxlayır. Amma biz futbolçular artıq unutmuşuq. İndi bütün fikrim Türkiyədəki çempionat oyunlarındadı. Digər yığma üzvləri də klubdakı matçlara hazırlaşır.
- Yerli qəzetlərin birində sən "Türkiyəni "yıxan" adam" kimi təqdim olunmusan...
- Bunların hamısı bir zarafatdır. Türkiyə mətbuatı daim maraqlı başlıq axtarışındadır. Ola bilsin, sadəcə, başlıqdır. Türkiyə yığmasına böyük hörmətimiz var. Onlar Avropa və dünya çempionatında qələbə qazananda biz çox sevinirik.
- "Fanatik" qəzeti "Sadıqov Türkiyəyə vurduğu qola sevinmədi" yazıb. Doğrudan, sən həmin qola sevinməmisən?
- Əslində, bu mənim xarakterimdir. Çalışıram, qoldan sonra çox sevinməyim. Qol sevincimi matçdan sonra qeyd eləyirəm. Axı qoldan sonra oyun davam edir və nəticə dəyişə bilər. Ona görə də sevincimi final fitindən sonraya saxlayıram.
- "Azərbaycansayağı" künc zərbəsindən əvvəllər də qol vurmusan?
- Avrokuboklarda Avstriyanın "Rid" və Slovakiyanın "Nitra" komandalarına künc zərbəsindən qol vurmuşam. Həmin vaxt "Neftçi"də oynayırdım. "Azərbaycansayağı" künc zərbəsi bizim gizli silahımızdı. Onu heç məşq etmirik. Bütün futbolçular onu necə yerinə yetirməyi yaxşı bilir. Künc zərbəsindən sonra 1 və ya 2 futbolçu topu buraxır, belədə qapıçının fikri yayınır. Cərimə meydançasındakı futbolçu isə qapıya zərbə endirir.
- Türkiyəyə məğlubiyyətdən sonra "Avro-2012"yə getmək şansını çətinə saldı...
- Azərbaycanda qardaş ölkənin çoxlu azarkeşləri var. Onların beynəlxalq yarışlarda qələbəsinə daim sevinmişəm. Amma bu oyunda biz layiqli qələbə qazandıq. İstənilən halda ay-ulduzluların qrupdan çıxmasını arzulayıram. Buna görə onlara kömək edəcəyik. Yəni Türkiyənin qrupda əsas rəqiblərindən sayılan Avstriya və Belçikadan xal almaqla qardaş komandaya kömək ola bilərik. Bunun üçün seçmə mərhələnin növbəti oyunlarında da belə əzmkarlıq nümayiş etdirmək lazımdı.
- Avstriyaya 0:3 məğlubiyyətdən 4 gün sonra Türkiyə üzərində qələbə. 4 gün ərzində millidə nə dəyişdi?
- Elə bilirsiniz, biz yaxşı oynamaq istəmirik? Hər bir futbolçumuz xalqımızı qələbəylə sevindirmək istəyir. Avstriya ilə oyundan sonra kəskin tənqid atəşinə tutulduq. Biz futbol oynamağı bajardığımızı sübut etmək istəyirdik. Üstəlik, Azərbaycan-Türkiyə matçında olan möhtəşəm azarkeş dəstəyini vurğulamamaq çətindir. 25 min fanat bizi qələbəyə səsləyirdi. İndi media ilə birləşərək, futbolumuz haqqında fikirləşməliyik. Qələbənin davamı gəlməlidir.
- Türkiyə üzərində qələbədən sonra millinin futbolçularının xarici klublara keçməsi nə dərəcədə realdır?
- Yığma üzvlərinin legioner həyatı yaşamasını hamımız arzulayırıq. Amma birdən-birə güclü kluba keçmək o qədər də yaxşı olmaz. Türkiyə klublarının hazırda 2-3 futbolçumuzla maraqlandığını söyləyə bilərəm. Bunu heç kim bilmir. Futbolçuların adını çəkməyəcəyəm. Əgər danışıqlar baş tutsa, qışda transfer zamanı onlar Azərbaycanı tərk edəcək.
MƏSLƏHƏT GÖR: