14 Mart 2025

Cümə, 21:51

SƏRT RƏQABƏT ŞƏRAİTİNDƏ

Ç.Hüseynzadə: "London Olimpiadası əvvəlkilərdən daha çətin və rəqabətli yarış olacaq"

Müəllif:

01.11.2010

İlin sonuna cəmi iki ay qalır. Deməli, artıq ilin idman yekunlarına nəzər salıb təhlillər aparmaq lazımdır. Xüsusən də ona görə ki, gələn il London Olimpiadasına vəsiqələr uğrunda yarışmalı olajağıq.  

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın perspektivlərinə nikbin yanaşır, qeyd edək ki, onun buna əsasları da var. 

2010-cu il Azərbaycan idmanı üçün uğurlu olub. Güləşçilər, atletlər, boksçular, gimnastlar və digər idmançılarımız dünya və Avropa çempionatınlarından vətənə medallarla qayıdıblar. Təbii ki, uğursuzluqlar da olub. Hərçənd, bu sınaqlar da idmançılarımızın bərkiməsinə kömək edib. 

İş qrafikinin gərgin olmasına baxmayaraq, Milli Olimpiya Komitəsinin vitse-prehidenti Çinqiz Hüseynzadə "Region Plus"un suallarını məmnuniyyətlə cavablandırdı. Amma müsahibəyə Meksikada başa çatan Milli Olimpiya Komitələri Assosiasiyasının 17-ci Baş Assambleyasının nəticələrindən başladıq.

- Çingiz müəllim, Meksikada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının 17-ci Baş Assambleyası barədə danışardınız. Həmin tədbirdə 2012-ci il London Yay Olimpiya Oyunlarıyla bağlı hesabat da dinlənilməliydi.

- Milli Olimpiya Komitələri Assosiasiyasının 17-ci Baş Assambleyasında milli olimpiya komitələri və hökumətlər arasında razılaşma, dopinqə qarşı mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında olimpiya hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzular müzakirə olundu. Eyni zamanda, Sinqapurda keçirilən yeniyetmələrin ilk Olimpiya Oyunlarının təşkilatçılığı barədə danışıldı. 2012-ji ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı hesabat dinlənildi. Dünyanın bütün ölkələrindən məsul nazirlər assambleyada təmsil olundu. Tədbirdə mənimlə yanaşı, gənclər və idman naziri Azad Rəhimov da iştirak etdi. 

- Maraqlıdır, London Olimpiadasının təşkilat komitəsinin hesabatı necə qarşılandı?

- Növbəti Olimpiya Oyunları da yüksək səviyyədə keçiriləcək. Hesabat yaxşı qarşılandı. Orada qeyd olunan məsələlər təşkilatçıların işə ciddi yanaşmasından xəbər verir. Londonla yanaşı, Soçidəki qış olimpidasının təşkilat komitəsi də görülən işlərlə bağlı danışdı. İlk dəfə olaraq iclas ölkələrin idman nazirlərinin iştirakıyla keçirildi. Bunda əsas məqsəd yerli olimpiya komitələrinin idman nazirlikləriylə bir yerdə işləməsinə köməkdi. Gələcəkdə də iclaslarda nazirlərin dəvət olunajağı gözlənilir.

- 2010-cu ildə Azərbaycan idmanının nailiyyətlərini necə qiymətləndirirsiniz?

- Sevindirici haldır ki, Azərbaycan idmanı sürətlə inkişafa davam edir. Sözsüz ki, bu ilin ən böyük uğuru yeniyetmələrin Sinqapur Olimpiadasında qazanılan nəticədir. 5 qızıl və 3 gümüş medal yeniyetmələrimizin böyük uğurundan xəbər verir. Bu o deməkdir ki, idmanımızın gələcəyi parlaq olacaq. Eyni zamanda, 2010-cu ildə güləşçilər bizi sevindirdi. Dünya və Avropa çempionatında qazanılan medallar pəhləvanlarımızın düzgün yolda olduğunu təsdiqlədi. Güləşçilərimiz hazırda dünyanın ən güjlü pəhləvanları sırasındadır. Yüngül atletikada ilk dəfə Avropa Çempionatında medal qazandıq. Üstəlik, avarçəkmədə, boksda uğurlarımız oldu. Bakıda təşkil edilən gənclərin boks üzrə dünya birinciliyində də medal qazandıq. Gimnastlarımız müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etdi. Əsas bu inkişafın davam etməsidir.

- Kollektiv idman növlərində, yəqin ki, voleybol xüsusi qeyd olunmalıdır...

- Sizinlə razıyam. Voleybol üçün 2010-cu il yeni dirçəliş mövsümü oldu. Hazırda ölkəmizdə 5-6 güclü voleybol klubu fəaliyyət göstərir. Onların heyətində həm yerli, həm də əcnəbi idmançılar var. Güclü klubların olması isə güclü çempionat deməkdi. Hazırda keçiriləcək Azərbaycan çempionatı qitənin ən güclü voleybol turnirləri sırasındadı. Çoxlu sayda ulduz idmançılar Azərbaycan çempionatında iştirak edəcək. Bu həm rəqabətin artması, həm də klubların güclənməsi deməkdi. Ən əsas isə qalib komanda Avropada ölkəmizi layiqinjə təmsil edəcək. Basketbolda da irəliləyiş var. Amma inanıram ki, bu və digər idman növlərinin ən böyük uğurları hələ irəlidədir. 

- Bakı 2016-cı il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürmüşdü. 2020-ci ildə təşkil olunacaq olimpiada ilə bağlı da eyni addım atılacaq?

- Bu barədə danışmaq hələ tezdir. Çünki hazırda namizəd ölkələrin qeydiyyatı başlanmayıb. 2020-ci ildə Yay Olimpiya Oyunlarını keçirmək istəyən şəhərlərin qeydiyyatı 2011-ci ildə başlayacaq. Qalib şəhər isə 2013-cü ildə müəyyənləşəcək. Ona görə indidən qəti qərar söyləmək çətindir. Həmin ərəfədə biz öz qərarımızı verəcəyik.

- Sizcə, Olimpiada kimi mötəbər yarışı keçirmək Bakı üçün çətin olmayacaq ki?

- Əgər Azərbaycana Olimpiya Oyunları keçirmək həvalə edilərsə, bu zaman biz geniş işlərə başlaya bilərik. Respublikamızda olan bütün mütəxəssislər bu prosesə cəlb edilərək ümumi işə töhvə verəcək. Bizim mütəxəssislər Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssislərinin təcrübəsindən yararlanacaq. Bunun üçün əvvəlcə 2020-ci ildə keçiriləcək Olimpiadayla bağlı yekun qərarımızı verməliyik.

- Yay Olimpiya Oyunlarını keçirmək həddən artıq çətindir. Ola bilər ki, Bakı yeniyetmələrin olimpiadasını keçirmək iddiasını ortaya qoysun. Bu bir növ yay olimpiya oyunlarına hazırlıq xarakteri daşıya bilər...

- Sinqapurda keçirilən yeniyetmələrin ilk Olimpiadasından sonra bu barədə bəzi müzakirələr aparılıb. Yeniyetmələrin növbəti böyük yarışı 2014-cü ildə Çində olacaq. 2018-ci illə bağlı isə düşünmək olar. Əlbəttə, Bakı öz namizədliyini irəli sürə bilər. Bunun üçün orada tələb olunan bəzi tələblərlə tanış olmaq lazımdır. Bundan sonra artıq biz yekun qərar qəbul etməliyik. İstənilən halda Bakının yeniyetmələrin olimpiadasını keçirmək iddiası gələn il müəyyənləşəcək. 

- Təbii ki, Azərbaycan idmançılarının əsas məqsədi 2012-ci ildə keçiriləcək London Olimpiadası ilə bağlıdır...

- Azərbaycan artıq bütün dünyada həm də idman ölkəsi kimi tanınır. Hər bir olimpiada isə ölkənin idman qüdrətinin nümayişidi. Son olimpiadalar ölkəmizdə idmanın sürətli inkişafını göstərir. London Olimpiadası əvvəlkilərdən daha çətin və rəqabətli yarış olacaq. Çünki idman dayanmadan inkişaf edir. Rəqiblər üzərlərində çalışır. Bizim idmançılarımızın da ən böyük arzuları məhz Olimpiada ilə bağlıdır. Dünya və Avropa çempionatlarında qazanılan nəticələr bizləri sevindirir. Amma Olimpiada yarışların ən güclüsü və möhtəşəmidir. 2011-ci ildən lisenziya xarakterli turnirlər başlayır. İnanıram ki, bütün yarışlarda idmançılarımız uğurlu çıxış edəcəklər. London Olimpiadasına gəlincə, komandamızın böyük nəticələr əldə etməsi üçün durmadan çalışırıq. Londonda Azərbaycan idmanında yeni adların parlayacağına əminəm. 


MƏSLƏHƏT GÖR:

480